TƏHSİLİN KEYFİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR
Keyfiyyətli peşə, xidmət və məhsul əldə etməyin əsasında keyfiyyətli təhsil dayanır. Təhsildə keyfiyyət əldə etmək üçün lazımi şərtlər yerinə yetirilməlidir. Təhsil olmadan keyfiyyətə, keyfiyyət olmadan da istehsal və xidmətdə inkişafa nail olmaq mümkün deyil. Bu məqalədə təhsilin keyfiyyətinə təsir edən amillər və keyfiyyətli təhsilin istehsala təsiri məsələsi araşdırılır. Təhsil vasitəsilə insanlara keyfiyyətli bilik və bacarıq, iş və peşə etikası, məhsuldarlıq ruhu, yeniliklərə uyğunlaşmaq və özünü yeniləmək kimi xüsusiyyətlər qazandırılmalıdır. İstehsal və xidmətlərin keyfiyyətli olmasının əsasında keyfiyyətli təhsil durur. Bəs bu cür təhsil hansı yollarla təmin edilə bilər? Təhsil və tədrisdə hansı çatışmazlıqlar mövcuddur və onları necə aradan qaldırmaq lazımdır? Öyrənməyə həvəsləndirmək və öyrənmə keyfiyyətinin artırılmasına hansı yollarla nail olmaq mümkündür? Məqalədə bu sualların cavabına diqqət yetirilir, təhsilin milli-mənəvi dəyərlərə, müasir dövrün tələblərinə uyğun inkişafı ilə bağlı elmi-pedaqoji müddəalar irəli sürülür.
GİRİŞ
Dünyada baş verən sürətli dəyişiklik və dinamik inkişafla yalnız keyfiyyətli təhsilə nail olan cəmiyyətlər ayaqlaşa bilər. Bu dövr, istehsal və xidmətlərin davamlı olaraq dəyişən istehlakçı seçimlərinə necə indekslənə biləcəyinin diqqətlə araşdırıldığı bir dövrdür. İnsan resurslarımızı təhsil yolu ilə planlı şəkildə inkişaf etdirməklə istehsal və xidmətdəki keyfiyyəti də artırmaq olar.
Sürətlə qloballaşan dünyada insanlar keyfiyyətli məhsul və xidmətləri asanlıqla əldə edə bilirlər. Buna görə də keyfiyyətsiz məhsullar dünya bazarından, yaxşı təhsil almamış keyfiyyətsiz işçi qüvvəsi isə iş bazarından kənarlaşmağa məcbur qalır. Ona görə də ixtisasların və peşələrin sürətlə dəyişməsi, insanların ehtiyaclarının da buna uyğun olaraq yenilənməsi istər-istəməz işçi qüvvəsinin keyfiyyətinin, dünyagörüşünün artırılmasını tələb edir. Bunun tək yolu təhsil vasitəsilə keyfiyyətə çatmaqdır.
Keyfiyyət anlayışı. Dünyada keyfiyyət baxımından məşhur olan yaponlar keyfiyyəti “daim yaxşılaşdırma”, ya da yaponca “kaizen” olaraq ifadə edirlər (İmai, 1994). Belə ki, onlar bir məhsulu, yaxud xidməti tələb edənin istəyini ən yüksək səviyyədə qarşılamağa çalışır və keyfiyyət dedikdə müştəri məmnuniyyətini əsas götürərək işi daim yaxşılaşdırma cəhdini nəzərdə tuturlar (Sayle, 1991). Keyfiyyət anlayışını müxtəlif şəkildə açıqlamaq mümkündür. Keyfiyyət:
- məhsul, yaxud xidmətin potensial ehtiyacları ödəmək qabiliyyətinə əsaslanan xüsusiyyətlərinin cəmidir.
- müştərinin qane olmasıdır: məhsul və xidmətin yaxşı olması mövzusundakı məmnunluq dərəcəsidir.
- səmərəlilikdir: işlərini yerinə yetirmək üçün lazımi təhsil almış və ehtiyac duyduqları ləvazimatlarla təmin edilən işçilərdən alınır.
- çevikdir: tələblərə cavab vermək üçün dəyişməyə hazır və istəkli olmaqdır.
- effektiv olmalıdır: işləri tez və dəqiq yerinə yetirməkdir.
- bir proqrama uyğunlaşmaq və işləri vaxtlı-vaxtında görməkdir.
- mütəmadi inkişafı əhatə edən bir prosesdir.
- sərmayədir: çünki bir işi ilk dəfədə düzgün yerinə yetirmək, sonrakı səhvi düzəltməkdən daha ucuzdur.
- qüsursuzluq axtarışına sistemli bir yanaşmadır.
- istehsalçı ilə istehlakçını qovuşduran bir məmnuniyyətdir.
Keyfiyyətli təhsil anlayışı. Təhsil prosesinin ən vacib tərəfi onun keyfiyyətidir. Təhsilin keyfiyyəti təhsil işçilərinin öz bilikləri, bacarıqları və davranışları ilə cəmiyyətin ehtiyac və tələblərinə gözlənilən səviyyədə cavab verə bilməsidir (Bayrak, 2001). Yaxşı təhsil almayan və ixtisaslı peşə sahibi olmayan işçi qüvvəsi ilə keyfiyyətli xidmət və keyfiyyətli məhsullar istehsal etmək mümkündürmü? İxtisassız texniki heyət ilə keyfiyyətli məhsullar hansı fabrikdə istehsal oluna bilər? Yaxşı təhsil almayan bir tibbi heyət ilə hansı keyfiyyətli səhiyyə xidməti təmin edilə bilər? Buna bənzər misallar çoxdur. Bunun üçün bütün dünya bu gün təhsildə keyfiyyət əldə etməyə çalışır. Çünki təhsildə ən yaxşı keyfiyyətə sahib olan millət keyfiyyətli peşəkar insani və ixtisaslı mütəxəssisin istehsal etdiyi keyfiyyətli məhsul və xidmətləri əldə etmiş olur (Kayadibi, 1997).
KEYFİYYƏTLİ TƏHSİLƏ TƏSİR EDƏN FAKTORLAR
1. İxtisaslı müəllim yetişdirmək. Uğurlu və keyfiyyətli təhsil əldə etmək üçün əsas amillərdən biri müəllimdir. İxtisaslı müəllim yetişdirmək keyfiyyət əldə etmək istəyən ölkələrin qarşısında duran mühüm vəzifələrdən biridir. Təhsildə keyfiyyət, səmərəlilik və effektivlik peşəkar müəllim heyətində, müəllimlikdə professional peşə keyfiyyəti isə elmi prinsiplərə əsaslanan müəllim hazırlığı modelinə əsaslanır. Çünki hər sahədə xidmət keyfiyyətinin artırılması peşəkar keyfiyyətin artırılmasından asılıdır. Bütün bunlar müasir dövrün tələblərinə uyğun peşəkar müəllim yetişdirmək üçün elmi və praktiki əsaslara söykənən xüsusi bir “müəllim hazırlığı” proqramının tərtib edilməsini və ölkənin bütün ali təhsil müəssisələrində müəllimlik ixtisası üzrə təhsil alan tələbələrə tədris edilməsini zəruri edir.
2. Məktəblərin sayı. Əhalinin artımına paralel olaraq məktəblərin ehtiyacı qarşılayacaq sayda olmaması təhsilin keyfiyyəti baxımından mənfi haldır. Məktəblərin kifayət qədər olmaması şagirdlərin sayının çox olduğu siniflərin yaranmasına səbəb olur və dərs mövzusunun tədris prosesi üçün nəzərdə tutulan müddətdə öyrədilə bilməməsi kimi mənfi nəticə doğurur. Müəllim materialı tədris prosesində mənimsətməlidir. Amma şagird sayının həddən artıq çox olması bu işə mane ola bilər. Məsələn, 30 şagirdin olduğu bir sinifdə hər şagirdə təqribən 1,5 dəqiqə vaxt düşür. Hazırda təhsildə fərdi yanaşmaya böyük ehtiyac duyulduğunu nəzərə alaraq siniflər üzrə şagird sayının tənzimlənməsi səmərəli nəticə verə bilər. Əks halda, şagird sayının sıx olduğu siniflərdə tədris prosesini tam şəkildə həyata keçirmək mümkün olmadığından, keyfiyyət aşağı düşür.
3. Təhsil proqramları və metodlar. Müasir dövrdə təhsil və tədris proqramlarının inkişaf etdirilməsinə son dərəcə önəm verilir. Tədrisin səmərəli nəticə verə bilməsi üçün yüksək səviyyədə hazırlanmış proqramlara və inkişaf etdirilmiş metodlara ehtiyac var. Yaxşı hazırlanmış proqram və düzgün qurulan metodik iş təhsildə keyfiyyətin əsas ünsürlərindəndir. Təlim və tədrisdə istənilən hədəflərə və keyfiyyətə effektiv proqramlarla çatmaq mümkündür. Buna görə də effektiv bir təlim və tədris proqramında vacib olan məqamlara qısaca nəzər salaq:
a) Təhsil proqramı milli olmalıdır. Hər millət uşağını öz dəyərləri əsasında tərbiyə edərək gələcəyə hazırlamağa çalışır. Millətlər öz varlığının qorunması üçün təhsilin dəyərini və yerini çox yaxşı bildiyinə görə, gənc nəsilləri öz tarixindən, mədəniyyətindən və əslindən uzaqlaşdıran təsirlərə xüsusi həssaslıq göstərir (Kayadibi, 1994). Əsl təhsil proqramı şagirdlərə milli birlik duyğusu verməlidir. Bunun üçün təhsil və tədris proqramları milli mədəniyyətə, milli-mənəvi dəyərlərə uyğun olmalı və mövcud olduğu cəmiyyətə, onun adət-ənənələrinə ziddiyyət təşkil etməməlidir.
b) Təhsil proqramı elmi olmalıdır və texnoloji inkişafdan faydalanmalıdır. Mütəmadi olaraq dəyişən dünyada təhsil proqramları və metodları da yeniliklərə uyğun hazırlanmalıdır. Elmin qaydalarını və qanunlarını pozan bir təhsil proqramı istədiyi hədəfə çata bilmir və çağdaş olmaqdan uzaqdır. Həmçinin təhsil proqramları texnoloji yeniliklərlə uyğunlaşdırılmalıdır.
c) Təhsil proqramları faydasız və lazımsız məlumatlardan təmizlənməlidir. Hər bir ölkənin təhsilinin qarşısında duran müəyyən məqsədlər var. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
— Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
— milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
— sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini, ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq (Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu, 2009).
Təhsil proqramı bu məqsədlərin reallaşmasına fayda verməyən əlavə məlumatlardan təmizlənməlidir. Beləcə şagird beyni yararsız məlumat anbarı olmaqdan qurtulmuş olur.
d) Təhsil proqramları tətbiqə yönəlmiş olmalıdır. Bu proqramlar şagirdlərə nəzəri bilik verməklə yanaşı, onlara müəyyən həyati bacarıqlar da qazandırmağa imkan verməlidir. Məsələn, tənqidi təfəkkür və problem həlletmə, məhsuldarlıq və hesabatlılıq, çeviklik və uyğunlaşma bacarığı və s. bu qəbildən hesab edilə bilər. Bacarığa yönəlməyən təhsilin əsasında sadəcə əzbərçilik dayanar.
4. Təlim və tədris yanlış tətbiqlərdən azad olmalıdır. Təlim və tədrisdə daşlaşmış yanlış tətbiqlər var. Keyfiyyətə çatmaq üçün bunlardan uzaqlaşmaq vacibdir. Bunun üçün hansı tədbirləri görmək daha yaxşı olar:
a) Əzbərçiliyə son qoymaq lazımdır. Şagirdləri sinifdən-sinfə keçmək üçün kitabdakı məlumatları əzbərləməyə məcbur etmək onları passivləşdirir və tətbiqdən kənar qaldıqları üçün bacarıqsız şəxslərə çevirir. Əzbərçilik şagirdin mühakimə gücünü azaldır, sağlam düşüncəsinin inkişafına mane olur, sərbəst təşəbbüs qabiliyyətini kütləşdirir və həyatda uğursuz olmasına yol açır. Buna görə şagirdin mühakimə qabiliyyətini artırıb doğruları seçməsinə, tədqiqat apararaq öyrənməsinə bələdçilik edilməlidir. Əzbərləmək ilə yadda saxlamaq eyni şey deyil. Çox vaxt əzbərləyənin əzbərlədiyi mövzunu qavramadığı, başa düşmədən mexaniki olaraq əzbərlədiyi müşahidə olunur. Müasir təhsil sistemləri əzbərə əsaslanan tədrisdən sürətlə uzaqlaşırlar. Bu öyrənmə tərzinə təhsil proqramlarında da yer verilməməlidir. Şagirdə müəllimin bələdçiliyi ilə öz-özünə öyrənmə vərdişi qazandırılmalıdır.
b) Əsas məqsəd imtahan deyil, öyrənmə olmalıdır. Mövcud təhsil sistemləri imtahanı şagirdin qarşısına bir qayə kimi qoyur. Bəzi müəllimlərin bunu şagirdə əsas hədəf kimi göstərmələri də doğru deyil. Şagirdin məqsədi imtahan deyil, öz həyatında istifadə edə biləcəyi faydalı məlumatları öyrənmək olmalıdır. Şagird öyrənməyi hədəfləsə bunun nəticəsində imtahanı da uğurla verə bilər. Müəllimlər şagirdə əsas məqsədin öyrənmək və bacarıq qazanmaq olmasını aşılamalıdır. Təhsil proqramlarında isə əzbərçilik deyil, öyrənmək hədəf olmalıdır.
c) Təhsil müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Təhsildən gözlənilən şagirdləri azad, elmi düşüncəyə sahib, hadisələri araşdıran, görünən səbəblərin xaricində də səbəb-nəticə axtaran fərdlər kimi yetişdirməkdir. Tədris prosesində sadəcə müəllimin dediklərini yadda saxlayan, imtahanda bunları təkrar edən şagird azad və elmi düşüncə bacarığı qazana bilməz. O, başqalarına itaət etməkdən və onların söylədiklərini təkrarlamaqdan başqa bir şey əldə etməz. Halbuki təhsildə məqsəd şagirdin bacara bilmədiyi şeylərə nəzər salıb onu alçaltmaq deyil, bacardıqlarını vurğulayıb, onu cəsarətləndirərək şəxsiyyət yetişdirməkdir.
d) Təhsildə texnologiyadan istifadə edilməlidir. Kompüter, internet və bənzər texnologiyalar müasir təhsilin əvəzolunmaz vasitələrinə çevrilib. Ancaq köhnə vərdişləri texnologiyaya əsaslanan təhsil ilə dəyişdirmək lazımdır. Təhsildə texnologiyadan istifadə əzbər və imtahan məqsədli tədrisin qarşısını da alır.
e) Şagirdin maraq dairəsi nəzərə alınaraq dərs keçilməlidir. Şagirdlərin maraq göstərdiyi sahələrə daxil olmayan mövzuları məcburi şəkildə öyrətmək onları dərsdən bezdirir. Kurikulum proqramları hazırlanarkən şagirdlərin mövzulara maraq duyub-duymayacağı düşünülməlidir. Dərsi doldurmaq üçün hər mövzu proqrama qoyularsa şagird bunları öyrənmək istəməz, dərslərdən bezər və məktəbə qarşı həvəsdən düşər. Məcburi şəkildə öyrəndiklərini real həyatda istifadə etməyəcəyi üçün unudar. Həmçinin müəllim dərs keçərkən verdiyi məlumatları həyata uyğun şəkildə izah edərək şagirddə maraq oyatmalıdır. Şagird “bu məlumatın nə faydası var, nə üçün bunu öyrənməyə məcbur edilirəm” şəklində düşüncələrə qapılmamalıdır. Bununla yanaşı, dərsliklər də həyata uyğun şəkildə hazırlanmalıdır. Şagirdlər real həyatla əlaqəsi olmayan kitabı oxumağa maraq duymurlar.
f) Valideynlərlə əməkdaşlıq edilməlidir. Təhsil prosesində məktəb rəhbərliyi müəllimlər və valideynlərlə mütəmadi olaraq əməkdaşlıq etməlidirlər. Şagirdin məktəbdəki, evdəki və ətrafdakı davranışları, uğur qrafiki, istiqamətləndirmə, qabiliyyətlərinin müəyyənləşdirilməsi, peşə seçimi və bütün problemləri bu əməkdaşlıq ilə müəyyənləşdirilməlidir. Bu əməkdaşlıq təhsildə uğur və keyfiyyətə nail olmaq üçün mühümdür. Buna görə məktəblərdə “ata-ana məktəbləri” adı ilə valideynlərə də maarifləndirici təlimlər keçirilməsi tövsiyə olunur.
5. Ömürboyu təhsil. Artıq dünyada “ömürboyu təhsil” sloqan halına gəlib. Aparılan müşahidə və təhlillər göstərir ki, bir insanın sadəcə gənclik dövründə öyrəndiyi bilik və bacarıqlarla peşəsini uğurla davam etdirə bilməsi mümkün deyil. Texnologiya o qədər sürətlə dəyişir ki, bəzi ixtisas sahələrində bir il əvvəlki informasiya əsasında işləmək fayda vermir. Müasir dövrdə geniş məlumat bazası və qloballaşan dünyanın çevik və mobil informasiya əldə etmək baxımından getdikcə kiçilməsi nəzərə alınmalıdır. Yeni iş modelləri, dəyişən, təkmilləşən ixtisaslar müasir dünyanın tələblərindəndir.
6. Cəmiyyətdə təlim və tədrisə üstün dəyər olaraq yer verilməsi. Elm və sənət özünə rəğbət edilən cəmiyyətlərdə inkişaf edir. Elm, texnologiya və sənəti üstün dəyər olaraq görən və buna görə təhsilə önəm verən cəmiyyətlər məhsuldarlıq və keyfiyyətə nail ola bilirlər.
7. Ümumtəhsil müəssisələrində peşə seçimi işinə geniş yer verilməsi. İxtisas seçiminin qabiliyyət və bacarıqlara uyğun olması uğuru, məhsuldarlığı və keyfiyyəti artırır. Qabiliyyətinə və bacarığına uyğun peşə seçimi etməmiş şəxslərin sevmədikləri peşələrin təhsilini alması uğursuzluğa, keyfiyyətsizliyə və məzun olduqdan sonra isə öz ixtisasına uyğun işləməməsi kimi mənfi nəticələrə yol açır. Məhz buna görə də ümumtəhsil müəssisələrində peşə seçimi işi səmərəli şəkildə təşkil edilməlidir. Bu işdə pedaqoji prosesin iştirakçılarının və valideynlərin rolu böyükdür. Burada aşağıda qeyd olunan amillər xüsusilə nəzərə alınmalıdır:
— Peşə seçimində şüurluluq. Peşə seçimində məktəblilərin şüurluluğu təmin olunmadan müvəffəqiyyətli nəticəyə nail olmaq mümkün deyil. Şagirdin maraq göstərdiyi peşənin mahiyyətini, çətinliklərini, tələblərini, ona yiyələnməyin mümkünlüyünü, gələcək perspektivlərini şüurlu olaraq dərk etməsi peşə seçimində kortəbiiliyin, təsadüfiliyin qarşısını alır, onlarda bu sahəyə inamlı münasibətin yaranmasına, peşə planının və həyat yolunun dəqiqləşməsinə və əqidənin formalaşmasına səbəb olur. Təcrübə göstərir ki, peşə seçimi məhz şüurlu surətdə yerinə yetirildikdə seçilən peşə fərəh mənbəyinə çevrilir və onun sahibi bu sahədə müvəffəqiyyətlə fəaliyyət göstərə bilir. Bu baxımdan da məktəbdə və ailədə aparılan peşə seçimi işlərində şüurluluq prinsipinin gözlənilməsi vacibdir.
— Peşə seçimində yaş xüsusiyyətləri. Təlim və tərbiyə üçün xarakterik olan bu prinsipin peşə seçimində də nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Psixologiya və fiziologiya elmləri sübut edir ki, məktəbli şəxsiyyətində hər bir yaş dövrü onların yetkinləşməsi ilə xarakterizə olunur. Müəllim kiçik yaşlı məktəblilərin peşə maraq və münasibətlərinin keçici, dəyişkən olmasını, yeniyetmələrin peşələrin romantikasına daha çox maraq göstərməsini, müəyyən sahə üzrə bacarıq və qabiliyyətlərinin tam formalaşmamasını, gənclərin isə peşə seçməyə daha realist, bəzən praqmatik mövqedən yanaşmasını və qabiliyyətlərinin qabarıq şəkildə üzə çıxmasını, bu sahədə özünütərbiyə meylinin güclənməsini yaddan çıxarmamalı, peşə seçimi işində hər bir yaş dövründə nəyə istinad etməyi, nəyə əsaslanmağı bilməlidir.
— Peşə seçimində fərdi xüsusiyyətlər. Peşə seçimi işində heç də az əhəmiyyət kəsb etməyən bu prinsip hər bir şagirdin fərdi xüsusiyyətlərini — maraqlarını, temperamentini, bacarığını, qabiliyyətlərini və digər bir sıra xüsusiyyətlərini nəzərə almağı tələb edir. Burada ən əvvəl hər bir şagirdin psixoloji, intellektual, fiziki və mənəvi inkişaf səviyyəsi, maraqların qabiliyyətlərə müvafiqlik səviyyəsi və şəxsiyyətin digər xarakterik cizgiləri nəzərə alınmalıdır. Hər bir şagirdin öz səviyyəsinə, gücünə, qabiliyyətinə müvafiq peşə seçməsi üçün bu prinsipə ciddi riayət olunmalı və peşə seçimi işinin diferensial şəkildə, fərdi xüsusiyyətləri nəzərə almaqla aparılmasına nail olunmalıdır. Həyata keçirilən tədbirlərin hər bir şagirdə həm maraqlı, həm də gərəkli olmasını təmin etmək üçün bu, olduqca vacibdir.
— Şəxsiyyətin imkan və qabiliyyətlərinin seçilmiş peşənin tələblərinə uyğunluğu. Hər bir peşənin tələb etdiyi müəyyən amillər, göstəricilər var ki, onları nəzərə almadan peşə seçimi işini müvəffəqiyyətlə aparmaq mümkün deyil. Peşə seçimində hər iki tərəfin göstəriciləri bir-birinə uyğun gəlməlidir. Başqa sözlə desək, peşənin verdiyi tələblərə şəxsiyyət (şagird) psixoloji, fiziki, əqli, mənəvi və s. cəhətdən müsbət cavab verməlidir. Həyatdan götürülmüş çoxlu misallar, nümunələr göstərmək olar ki, şagird tələb etdiyi keyfiyyətləri nəzərə almadan müəyyən peşəni seçir, sonradan onun imkan və qabiliyyətləri bu peşənin tələblərinə uyğun gəlmədiyi üçün o ya təhsilini yarımçıq qoyur, ya da peşəsini, ixtisasını dəyişməyə məcbur olur. Buna görə də bu prinsipin başlıca tələbi ondan ibarətdir ki, ixtisas seçimindən əvvəl seçiləcək peşənin tələb etdiyi bir sıra keyfiyyətlər və peşə seçən şəxsin bütün psixo-fizioloji xüsusiyyətləri dərindən öyrənilməli, onlar müqayisə edilməli və ondan sonra müəyyən qərara gəlinməlidir. Burada fəaliyyət sahəsi — açıq hava və ya qapalı mühit, yerin altı və ya gərgin sosial mühit, xüsusi rejim və ya yüksək fiziki sağlamlıq tələb edilən şərait və s. amillərlə paralel surətdə şagirdlərin psixo-fizioloji xüsusiyyətləri — sağlamlığı, fiziki dözümlülüyü, psixoloji keyfiyyətləri, qabiliyyəti, nitqi, təfəkkürü və s. nəzərə alınmalıdır.
— Peşə seçimində müstəqillik və sərbəstlik. Peşə seçimi elə bir məsələdir ki, burada şagirdlərin müstəqilliyinə və seçim qarşısında sərbəstliyinə əsaslanmaq lazımdır. Əks halda seçilən peşə nə onun sahibinə, nə də cəmiyyətə fayda gətirməz. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində deyilir: “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Buna görə də şagirdlərin bu Konstitusiya hüququndan düzgün istifadə edə bilməsi üçün onlara peşə seçimi prosesində elə bir mənəvi-psixoloji şərait yaradılmalıdır ki, şagird sevdiyi, maraq göstərdiyi, qabiliyyət və bacarığına müvafiq olan peşəni sərbəst, müstəqil surətdə seçə bilsin. Belə olduqda şagirdlərə öz imkanlarını dəfələrlə ölçüb-biçməyə, qabiliyyətlərinə müvafiq əmək sahəsi seçməyə imkan yaranar və seçilən peşə daha çox uğur qazandırar.
— Peşə seçimində kadrlara olan tələbatın nəzərə alınması. Bu prinsipin əsas mahiyyəti respublikamızın iqtisadiyyatının başlıca inkişaf istiqamətlərini nəzərə almaqla əmək bazarına tələbatların formalaşdırılmasıdır. Əks halda, yəni tələblə təklifin, hazırlıqla tələbatın uyğunsuzluğu yaranır ki, bu da iqtisadiyyatda kadrların düzgün yerləşdirilməməsinə, işsizliyin artmasına, bir sıra zəruri sahələrdə kadr çatışmazlığına və ya əksinə, tələb olmayan sahələrdə kadr “bolluğuna” gətirib çıxarır. Buna görə də peşə seçimi prosesində kadrlara olan sosial tələbat nəzərə alınmalı və işin bu istiqamətdə aparılmasına diqqət artırılmalıdır. Şagirdlər yaşadıqları regionun, ölkənin iqtisadiyyatı ilə dərindən tanış edilməli, kadr tələbatı haqqında müntəzəm məlumatlar almalıdırlar1.
NƏTİCƏ
Müasir dünyada bir keyfiyyət yarışı gedir. Bu yarış həm də istehlakçını məmnun etmək yarışıdır. Keyfiyyətli məhsul istehsal edən dövlətlər dünya ticarət bazarlarında, keyfiyyətli işçi qüvvəsi olan ölkələr isə dünya əmək bazarlarında üstünlük təşkil edir. Bu keyfiyyətin əsasında isə təhsil dayanır. Keyfiyyətli təhsil vacib olan şərtlərin yerinə yetirilməsindən və lazımi infrastrukturun hazırlanmasından asılıdır. Təhsilin keyfiyyətə çatması üçün müəllimlərin ixtisaslı mütəxəssis kimi yetişdirilməsi zəruridir. Müasir dövrün təhsil sistemlərinə uyğun, ehtiyacları ödəyə bilən, şagirdlərə həyata uyğun faydalı məlumatlar verə bilən təhsil proqramları hazırlanmalıdır.
Təhsil milli-mənəvi dəyərlərə uyğun şəkildə proqramlaşdırılmalı, yad ünsürlərdən təmizlənməlidir. Həmçinin azərbaycançılığa, dövlətçiliyə sədaqət, vətənpərvərlik mövzularına ciddi şəkildə diqqət yetirilməlidir.
Müasir dünyada texnoloji inkişafa uyğunlaşmaq lazımdır. Təhsildə əzbərçilik yerinə bacarıq qazandırmağa, müəllim mərkəzli təlim əvəzinə şagird mərkəzli təlimə üstünlük verilməlidir. Peşə seçimi şagirdlərin maraq, qabiliyyət və istedadlarına uyğun aparılmalıdır. Qeyd olunan bu və buna bənzər xüsusiyyətlərə diqqət yetirilməsi təhsildə keyfiyyəti təmin etmək üçün səmərəli olar.
İstifadə edilmiş ədəbiyyat
1 Bayrak, S. (2001). “Eğitim ve Kalite İlişkisi”. Türk Yurdu, c.17, sayı: 123, s.40.
2 http://www.e-qanun.az/framework/18343
3 İmai, M. (1994). Kaizen: Japonyanın Rekabetteki Başarısının Anahtarı. Brisa, s.2-3.
4 Kayadibi, F. (1994). Eğitim ve Öğretimin Kalkınmadaki Önemi. Diyanet Dergisi. Cilt: 30, Sayı: 3, Ankara, s. 79.
5 Kayadibi, F. (1997). “Din ve Kalite”. Diyanet Dergisi, Kasım,sayı: 83, s.16.
6 Nəzərov, İ.Q., Bəylərov, E.B., Kərimova, E.M., Həşimova, A.Q., Quliyeva, R.E., Hüseynova, T.Ə., Əhmədova, G.Q., Tahirli, G.İ. (2021). “Ümumi təhsil müəssisələrində peşəyönü xidmətinin təşkili”. ARTİ, Bakı, s.7-10.
7 Sayle, A.J. (1991). Meeting ISO 9000 in a TQM World, Britisch Library Cataloguing in Publication Data, Great Britain, p.99.