KRALLAR MƏKTƏBİ




İsveçrənin Rolle şəhərində yerləşən və dünyada “krallar məktəbi” kimi tanınan Institut Le Rosey 1880-ci ildən bu günə qədər qlobal elitar təhsilin simvolu olaraq qalmaqdadır. Tarixi ənənələrin, beynəlxalq mədəniyyətin və müasir pedaqoji metodların sintezini yaradan bu məktəb həm təhsil modeli, həm də yetişdirdiyi nəsillərlə dünya təhsil mühitində xüsusi yer tutur. Le Rosey təkcə bahalı internat məktəbi deyil, həm də çoxmədəniyyətlilik, liderlik və hərtərəfli inkişaf fəlsəfəsini bir araya gətirən unikal təhsil ekosistemidir.

Institut Le Rosey 1880-ci ildə Paul-Emile Carnal tərəfindən təsis edilib. Məktəb ilk gündən varlı və nüfuzlu ailələrin övladları üçün nəzərdə tutulsa da, zamanla təkcə zənginlik deyil, qlobal liderlik potensialı olan gənclərin inkişafına fokuslanmağa başlayıb. Məktəbin adı Rolle ərazisində yerləşən XVI əsrə aid Chateau du Rosey malikanəsindən götürülüb. XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa aristokratiyasının övladları burada oxumağa başlayanda Le Rosey “beynlxalq aristokrat məktəbi” kimi tanınmağa başlayıb.

XX əsrin ortalarında məktəb iki mühüm addım atıb:

  1. Co-educational modelə keçid - məktəbə həm oğlan, həm qızların qəbul edilməsi;
  2. İki kampus sistemi - yay və payız aylarında Rolle kampusunda, qışda isə Alp dağlarında yerləşən Gstaad kampusunda təhsil.

Bu iki yenilik Le Rosey-ni digər internat məktəblərdən fərqləndirib və dünyanın müxtəlif ölkələrindən şagird axınını artırıb.

Məktəbin iki kampusu onun ən fərqli xüsusiyyətlərindən biridir:

  • Rolle kampusu göl kənarındakı yeri, idman kompleksləri, musiqi və incəsənət mərkəzləri, müasir laboratoriyaları, Gstaad kampusu isə qış idmanları üçün geniş imkanlar, dağ həyatı və dağda internat mədəniyyəti ilə fərqlənir.

Bu model təkcə fərqli fiziki məkan deyil, həm də şagirdlərdə adaptasiya, çeviklik və yeni mühitlərə uyğunlaşma bacarığı yaradır.

Bu gün Le Rosey dünyada ən kosmopolit şagird kontingentinə malik məktəblərdən biridir. Burada şagirdlərin milli tərkibinə ciddi məhdudiyyət var - bir ölkədən olan şagirdlərin sayı 10 faizi keçə bilməz. Bu tələbin məqsədi məktəbin mədəniyyətlərarası balansını qorumaq və heç bir millətin məktəbdə dominantlıq etməsinə imkan verməməkdir.

Məktəbdə 7-18 yaş arası təxminən 400 şagird təhsil alır və şagird-müəllim nisbəti 5:1 olaraq müəyyənləşib. Bu, fərdi yanaşma və yüksək akademik dəstəyi təmin edir.

Le Rosey-nin tədris sistemi ingilis və fransız dillərində olmaqla ikidilli formatda qurulub. Şagirdlər ya fransız, ya da ingilis beynəlxalq bakalavriatı istiqamətində davam edə bilirlər. Məktəbin kurikulumu üç əsas pillədən ibarətdir:

  1. Akademik proqram
  • International Baccalaureate Diploma Programme (IBDP) - dünyanın ən mürəkkəb və prestijli orta məktəb proqramlarından biri;
  • French Baccalaureate - Fransız akademik məktəb sisteminə əsaslanan dərinləşdirilmiş proqram.

Şagirdlər minimum iki xarici dil öyrənməlidir, lakin çoxları üç və ya dörd dil seçir. Bu, beynəlxalq mədəniyyətlərin təbii şəkildə qarışığı olan mühiti daha da gücləndirir.

  1. İncəsənət proqramı

Le Rosey “təhsilin üç sütunu” - akademiya, idman və incəsənət fəlsəfəsini müdafiə edir. Buna görə:

  • teatr və səhnə sənətləri,
  • rəssamlıq,
  • musiqi (orkestr, fərdi dərslər, ansambl),
  • dizayn və yaradıcı sənətlər geniş şəkildə tədris olunur.

Məktəbin özünəməxsus incəsənət kompleksi Paul and Henri Carnal Hall Avropanın müasir məktəbləri içində ən inkişaf etmiş mədəniyyət mərkəzlərindən biridir.

  1. İdman proqramı

Məktəbdə 25-dən çox idman növü ilə məşğul olmaq mümkündür. Rolle kampusunda su idmanları, tennis, futbol, yelkənli qayıq, atçılıq mərkəzi fəaliyyət göstərir. Gstaad isə qış idmanlarının - xizək, snoubord, dağ yürüşləri - mərkəzidir.

Le Rosey-nin kurikulumu şagirdi yalnız akademik deyil, həm də emosional, mədəni və fiziki baxımdan inkişaf etdirmək üçün nəzərdə tutulub. Buna görə məktəb “holistic education” hərtərəfli təhsil yanaşmasını müdafiə edir.

Le Rosey-də akademik göstəricilər qədər sosial liderlik bacarıqları da önəmlidir. Məktəb qlobal və multikultural mühitdə ünsiyyət qura bilən tələbələr yetişdirir; bu da sonradan siyasət, diplomatiya, biznes və incəsənətdə özünü göstərir.

Bir çox məktəbdə akademik nəticələr əsas prioritet olsa da, Le Rosey-də incəsənət və idman akademik səviyyə qədər ciddi qəbul edilir. Bu yanaşma  XXI əsrin təhsil standartları üçün nümunəyə çevrilib.

Məktəb şagirdlərin güclü tərəflərinə uyğun fərdi təhsil trayektoriyaları yaradır. Bu model daha sonra bir çox beynəlxalq IB məktəblərində tətbiq olunmağa başlayıb.

Le Rosey-ni məşhurlaşdıran burada təhsil alan tanınmışlardır. Bu məktəbdə oxuyanların siyahısı dünyanın siyasi, iqtisadi və mədəni tarixinin çox hissəsini əhatə edir. Bura monarxların övladları İspaniya kralı Xuan Karlos I, Belçika kralı II Albert, İran şahı Məhəmməd Rza Pəhləvi, Monako şahzadəsi Rainer III, Rotşild, Rokefeller və digər qlobal biznes sülalələrinin təmsilçiləri, tanınmış moda və incəsənət xadimlərinin övladları da daxildir.

Bu siyahı Le Rosey-nin yetişdirdiyi kadrların qlobal təsirini göstərir: məktəbin məzunları təkcə varlı ailələrdən deyil, həm də öz sahələrində qlobal dəyişikliklər yaradan insanlardan ibarətdir.

Le Rosey-nin missiyası da elə budur. Məqsəd təkcə ağıllı tələbələr yetişdirmək deyil, həm də özünü dərk edən, dünyaya açıq, liderlik potensialı olan, mədəniyyətlər arasında körpü qura bilən şəxslər formalaşdırmaqdır.

Zemfira Məmmədqızı