BULLİNQLƏ MÜBARİZƏ EDƏN FİLMLƏR
“Azərbaycan məktəbi” indiyədək uşaqlar arasında “bullinq”lə bağlı problemlərə bir neçə dəfə toxunub. Bu dəfəki yazı isə problemin kino və sənədli filmlərdə təsvirinə həsr olunub. Fikrimizcə, bəşəriyyət üçün aktual sayılan problemin sənət vasitəsilə diqqətə çatdırılması onun həlli yönündə müəyyən rol oynaya bilər. Düzdür, ən istedadlı rejissorun təxəyyülü belə aqressiv insanın psixikasının düşünə biləcəyi bütün zorakılıq spektrini əhatə edə bilməsə də, bəzən ekranda izlənən filmlər problemin qarşısını almaqda təsirli vasitəyə çevrilir. Bullinqlə bağlı çəkilən xeyli sayda film olsa da, biz onlardan yalnız böyük rezonans doğuranlarının üzərində dayanmaq istəyirik:
“Telekinesis”
Rejissor Kimberli Pirsin (ABŞ) 2013-cü ildə ekranlaşdırılan “Telekinesis” filminin qəhrəmanı təkcə sinif yoldaşlarının zorakılığından deyil, həm də anasının törətdiyi məişət zorakılığından əziyyət çəkir. O, uşaqlıqdan bəri baxışlarının və düşüncələrinin gücü ilə cisimləri hərəkət etdirmək üçün fövqəltəbii qabiliyyətlərə sahibdir, lakin hələlik bu bacarıqları haqqında heç kimə danışmır. Onun bu bacarığını üzə çıxaran, yəni “kasanı daşıran son damla” isə sinif yoldaşlarının axmaq zarafatı olur. Qəhrəmanın telekinez enerjisi ilə hadisələrin gedişini necə dəyişidiyini öyrənmək üçün “Telekinesis” filminə baxmaq lazımdır.
“Məni içəri burax”
Jon Ajvide Lindqvistin eyniadlı romanı əsasında isveçli rejissor Tomas Alfredsonun çəkdiyi filmdə zorakılıq dünyasının bütün dəhşətləri göstərilib. Sinif yoldaşlarının zorakılığından əziyyət çəkən 12 yaşlı uşağın yeganə simsarı qonşuluqda yaşayan vampir qızdır. O dostunun fövqəltəbii bacarıqlarından istifadə etməklə daha cəsarətli olmağı, özünü müdafiə etməyi öyrənir. Bu film uşaqlara hətta vampirlərlə də dostluğun və mehriban qarşılıqlı ünsiyyətin mümkünlüyü mesajını çatdırır.
“Yalançı qızlar”
Rejissor Mark Uotersin (ABŞ) 2004-cü ildə ekranlara çıxan “Yalançı qızlar” komediyası bullinqin səbəb olduğu dramatik səhnələri unutdurur. Bu film evdə təhsilin çətin sosiallaşmaya səbəb ola biləcəyini proqnozlaşdırır. Baş qəhrəman sivilizasiyadan uzaq vəhşi təbiəti öyrənən zooloq valideynlərinin sayəsində demək olar ki, bütün dərsləri evdə öyrənib. Buna görə də, o adi məktəbə gedəndə liderlik uğrunda mübarizənin qəddar qanunları ilə rastlaşır. Film yeniyetmələrin ilk məhəbbətlərindən bəhs edən məzəli səhnələrlə doludur.
“Lusiyadan sonra”
“Sinifdə yeni şagird” sindromu məktəbdə zorakılıqdan bəhs edən bir çox filmlərin mövzusudur. Yeni mühit şagird üçün həmişə narahatlıqlarla doludur. 2012-ci ildə ekranlaşdırılan Mişel Frankonun (Meksika) rejissoru olduğu “Lüsiyadan sonra” filmi də hər şeyin “çox yaxşı olmadığı” bir hadisədən bəhs edir. Baş qəhrəmanın psixoloji vəziyyəti anasının ölümü ilə ağırlaşır. Bu azmış kimi məktəbdə onun münasibətlərini əks etdirən xoşagəlməz video məktəbdə yayılır. Bundan sonra məktəbdə baş qəhrəmanın təqibi başlayır. Filmin yaradıcıları yeniyetmələrə hətta bu qədar ağır situasiyada belə işıq ucunun olduğu mesajını ötürürlər. Filmin qəhrəmanının bu situasiyadan necə çıxdığını öyrənmək üçün mütləq filmə baxmaq lazımdır.
“Məktəb atıcısı”
Bütün sinfin boykotla zorakılıq etdiyi yeniyetmə vəziyyətdən çıxmaq üçün ən son yola əl atır. Filmin mövzusu zorakılıq qurbanının ümidsizliyə qapılıb, əlinə silah alıb cinayətkarların fiziki cəhətdən məhv edilməsi haqqındadır.
Bu film diqqəti fərq qoymadan atılan güllələrdən zorakılıqla əlaqəsi olmayan insanların əziyyət çəkə biləcəyinə yönəldir. Zorakılığın qurbanı olan atıcı sağ qalsa da, onu uzun müddətli həbs cəzası gözləyir. Film müəllifləri hesab edirlər ki, belə filmlər və kliplər orta və yuxarı sinif şagirdlərinə göstərilsə, bu, zorakılığın qarşısının alınmasında təsirli ola bilər.
“Zorakılıq”
“Zorakılıq” - 2020-ci ildə S. Madinin rejissorluğu ilə çəkilən qısametrajlı filmdir.
Film təkcə zorakılıq haqqında deyil, həm də ailə ənənələrinin uşaqların tərbiyəsinə təsirindən bəhs edir. Valideynlər iş yerində problemlərlə üzləşdiyi kimi məktəb kollektivindəki uşaqlar arasında da oxşar problemlər yarana bilər. Əlverişsiz şəraitdə hansı amillərin zorakılığa səbəb ola biləcəyini öyrənmək üçün filmə baxmaq lazımdır. “Zorakılıq” bu problemə diqqəti cəlb etməyə çalışan “Urpaq Endowment” ictimai fondunun layihəsidir.
“Biz sadəcə zarafat edirik”
Bir çox zorakılıq faktlarında uşaqların əksəriyyəti əslində zarafat etdiklərini, heç kəsi incitmək istəmədiklərini bildirirlər. Bu sənədli filmdə də həmin arqument səslənir. Hər kəsin icazə verilənlərin sərhədlərini anlamaması və insanların müxtəlif dərəcədə həssaslıq qabiliyyətinə malik olması fikri “Biz sadəcə zarafat edirik” sənədli filmində aydın şəkildə nümayiş etdirilir. Qeyri-adekvat davranan bir çox insan etdiklərinin sadəcə bir zarafat olduğuna inanır.
Bu halda nə etməli? Bu filmdə psixoloqlar bullinq xarakterli real hadisələri təhlil edir və təcavüzün öhdəsindən gəlmək və zorakılığın qurbanı olan uşaqlara kömək etmək barədə tövsiyələr verirlər.
Təqdim olunanlar yeniyetmələr arasında zorakılıq halları haqqında filmlər olsa da, mövzu böyüklər üçün də aktual ola bilər. Onlar problemə öz baxışlarını dəyişməklə övladlarının tərbiyəsində tətbiq edə, zorakılığın, hətta intiharlara səbəb olan qısnamaların və ailələrdə təzyiqin aradan qaldırılması üçün müəyyən addımlar ata bilərlər.