“ELMİN VƏ TƏHSİLİN GÜCÜNƏ GÜVƏNƏNLƏRDƏN OLUN!”
“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltanın jurnalın 100 illik yubiley tədbirindəki çıxışı
Salam, hər vaxtınız xeyirli olsun, hörmətli cənab nazir, hörmətli rektorlar, hörmətli millət vəkilləri, əziz qonaqlar, jurnalımızın redaksiya heyətinin və redaksiya şurasının dəyərli üzvləri, dəyərli müəlliflər, dəyərli həmkarlar, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri, əziz doktorantlar, tədqiqatçılar və “Azərbaycan məktəbi” jurnalının dəyərli kollektivi!
Bir əsr boyu Azərbaycan təhsilinin yol yoldaşı olmuş “Azərbaycan məktəbi” jurnalının yubiley tədbirində jurnalın 10-cu baş redaktoru olaraq hər birinizi salamlamaq böyük şərəfdir.
Buradan sizə bir sual ünvanlamaq istəyirəm: Təhsil olmasa, elm inkişaf edərmi və elm olmasa, təhsili davam etdirmək olarmı?
Təbii ki, bu sualın cavabı hər kəsə aydındır. Və o cavab həm də “Azərbaycan məktəbi” jurnalının əhəmiyyətini çox gözəl vurğulayır.
Çünki Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayev əksər çıxışlarında təhsilin tədqiqatəsaslı olmasının əhəmiyyətini vurğulayır. “Azərbaycan məktəbi” jurnalı məhz həmin tədqiqatları, təhsilə töhfə vermək məqsədilə aparılan araşdırmaları və onların nəticələrini işıqlandıran bir mənbədir.
Jurnalımızın möhtəşəm yüz ili, yəni keçdiyi tarixi yol barədə görkəmli alimlərimizin danışmaq haqqı daha çoxdur.
Mən isə öz növbəmdə qeyd etmək istəyirəm ki, 1924-cü ildə jurnalımız savadsızlığın ləğvi, maarifçiliyin genişləndirilməsi məqsədilə “Yeni məktəb” adı ilə işıq üzü görməyə başlayanda onun missiyasında qeyd olunmuşdu: “Məktəbin ən mühüm, ən ümdə vəzifəsi budur: azad, fədakar və müşfiq, yəni şəfqətli insan yetişdirmək”. Gördüyünüz kimi, məqsədlər dəyişmir. Süni intellekt, inkişaf etmiş texnologiyalar dövründə təhsilin insani keyfiyyətlər, mənəvi dəyərlər aşılamaq, onların keşiyində durmaq vəzifəsi daha da aktuallaşır. Nazir müavini Firudin Qurbanov da çıxışlarında təhsilalanların və təhsilverənlərin insani keyfiyyətlərinin əhəmiyyətini vurğulayır. Çünki bütün sahələrdə peşə bacarıqlarını əvəz eləyən süni intellekt insanın rifahına və sağlamlığına xidmət edən şəfqəti, səmərəli ünsiyyəti, insan sevgisini əvəz edə bilmir.
Ulu öndər Heydər Əliyev deyirdi: “İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədi Azərbaycan vətəndaşını hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır”.
Odur ki, yüksək insani keyfiyyətlərə və səriştələrə malik nəsillər yetişdirmək, Azərbaycan vətəndaşı hazırlamaq üçün təhsilin və müəllim peşəsinin əhəmiyyəti həmişə böyük olub, get-gedə daha da artır.
Təsadüfi deyil ki, 1930-cu ildən jurnalımız “Müəllimə kömək” adı ilə işıq üzü görməyə başlayıb. Bu ad jurnalımızın məramını çox gözəl ifadə edir.
Tanınmış amerikalı təhsil mütəxəssisi, 60-dan çox kitabın, həmçinin bestsellerlərin müəllifi Tod Vitaker deyir ki, müəllim peşəsi gözəldir, çünki əhəmiyyətlidir, çətindir, çünki hər gün əhəmiyyətlidir.
“Azərbaycan məktəbi” məhz müəllim peşəsinin hər gün əhəmiyyətli olduğunu anlayan, daim özünü inkişaf etdirməyə hazır olan müəllimin, təhsil prosesi iştirakçısının jurnalıdır, onlara dəstək olmaq missiyası daşıyır.
Bu dəstəyin arxasında da elm dayanır, elmi əsaslar, alim və tədqiqatçılarımızın elmi araşdırmaları, yerli və beynəlxalq təcrübə dayanır.
Jurnalımız 80 ildən çoxdur ki, “Azərbaycan məktəbi”dir. Bu illər ərzində o həqiqətən bir məktəb rolunu oynayıb. Yeni məktəb olmaqla, müəllimə kömək etməklə yanaşı, yeni-yeni araşdırmaçıların, təhsil tədqiqatçılarının inkişafına töhfə verib. Təhsilin bütün pillə və səviyyələrində gedən proseslər, yeniliklər, islahatlar, mütərəqqi addımlar burada öz əksini tapıb.
2021-ci ildə mənə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın yaradıcısı Andeas Şleyxerin “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabını ingilis dilindən Azərbaycan dilinə tərcümə etmək nəsib oldu. Elm və Təhsil Nazirliyinin və T-Nework təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının birgə layihəsi idi. Bildiyiniz kimi, həmin kitab dünya təhsili haqqında çox dəyərli əsərdir. Kitabda dünya ölkələrində təhsilin səviyyəsinin iqtisadiyyata, ümumi daxili məhsulun səviyyəsinə təsirinə qədər müxtəlif məsələlər təhlil olunur. Və orada səslənən maraqlı fikirlərdən biri belədir ki: heç bir məktəbin keyfiyyəti onun müəllimlərinin keyfiyyətindən yüksək ola bilməz.
Eyni fikri “Azərbaycan məktəb” haqqında da demək olar: bizim jurnalımızın keyfiyyətini sizin məqalələrin keyfiyyəti müəyyən edir. Odur ki, mən “Azərbaycan məktəbi” jurnalı ilə əməkdaşlıq edən bütün elm və təhsil xadimlərinə, alimlərimizə, ziyalılarımıza, doktorantlarımıza təşəkkür edirəm.
Hazırda Azərbaycan şərəfli zəfər tarixini, Qarabağa böyük qayıdış dövrünü yaşayır. Qələbəmiz yeni təhsil ocaqlarının yaranmasına, Azərbaycanın təhsil xəritəsinin genişlənməsinə yol açıb.
Cənab nazir Emin Əmrullayevin də vurğuladığı kimi: xalqımızın böyük qələbəsində, təbii ki, Azərbaycan təhsil işçilərinin uzunmüddətli bir əməyi var.
“Azərbaycan məktəbi” jurnalı da həmin qalib təhsil işçisinin yanında qürurla addımlayır. Təhsilin və elmin yeni çağırışlarına cavab vermək missiyası daşıyır.
Bizim 100 yaşımız Azərbaycanda yaşıl dünya naminə həmrəylik ilinə təsadüf edir.
Elm həmişə ucsuz-bucaqsız tədqiqat mənbəyi kimi təbiətə arxalanır. Təhsil də inkişaf etmək, təkmilləşmək üçün ətraf mühitin verdiyi imkanlara güvənir. Təhsil təbiətdən, təbiət təhsildən güc alır. Odur ki, dünyanın iqlimini, sərvətlərini, yaşıllığını qorumaq, onunla düzgün rəftar etmək və düzgün rəftar etməyi öyrətmək təhsilin üzərinə düşür. Axı təbiət biz özümüzük. Hər birimiz təbiətin sənət əsəri olmaqla hər bir təhsilalanı da təbiətin şah əsərinə çevirmək təhsilin işidir.
“Azərbaycan məktəbi” olaraq biz bu il oxucularımızı yaşıl dünya çağırışlarını şüardan şüura keçirməyə səsləmişik!
Cənab Prezident İlham Əliyev vurğulayır ki: “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.
“Azərbaycan məktəbi” jurnalının da qarşısında təhsilimizin inkişafına uyğun şəkildə inkişaf etmək və ən müasir tələblərə cavab vermək vəzifəsi durur!
Bu şərəfli yolda növbəti 100 ildə də hamıya uğurlar arzulayıram.
Yubiley tədbirinin keçirilməsinə görə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəhbərliyinə, eləcə də İctimaiyyətlə əlaqələr şöbəsinə, Təhsil TV-nin əməkdaşlarına, dəstəyinə görə, “Azərbaycan müəllimi” qəzetinin rəhbərliyinə və kollektivinə, T-Network platformasına təşəkkür edirəm.
Jurnalın fəaliyyətinə hər zaman dəstək olan Azərbaycan Respublikası Təhsil İnstitutunun rəhbərliyinə və kollektivinə sonsuz minnətdarlığımı bildirirəm.
Eyni zamanda jurnalın 100 yaşı münasibətilə bütün elm və təhsil ictimaiyyətini, alimlərimizi, ziyalılarımızı, müəllifləri və oxucuları, jurnalın kollektivini təbrik edirəm!
Dahi Nizami deyirdi:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eləyə bilməz.
Azərbaycan təhsili və Azərbaycan məktəbi ilə elmin və təhsilin gücünə güvənənlərdən olun!