AZƏRBAYCANIN TIMSS 2019 NƏTİCƏLƏRİNİN İDRAK SAHƏLƏRİ BAXIMINDAN TƏHLİLİ


İZZƏT ABBASLI Azərbaycan Respublikasının Təhsil İnstitutu, Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin mütəxəssisi. E-mail: [email protected] | https://orcid.org/0000-0003-4602-9688




Təhsil sahəsində uğurların artmasının bünövrəsində, ilk növbədə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi dayanır. Bu yolla dünyanın bütün ölkələri həm təhsil sistemini müqayisəli şəkildə qiymətləndirir, həm də nəticələrə əsasən təhsildə yeni yanaşmalar meydana gəlir. Azərbaycan da dünyada keçirilən önəmli şagird qiymətləndirmə proqramlarında iştirak edir. Bunlardan biri olan TIMSS (Trends in International Mathematics and Science Study) riyaziyyat və təbiət elmləri üzrə ümumi orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq tədqiqatdır. Qeyd edək ki, TIMSS 2019-da ölkəmizi təmsil edən 4-cü sinif şagirdlərinin nəticələrində 2011-ci il ilə müqayisədə xeyli artım müşahidə edilmişdir. Məqalədə idrak sahələri baxımından riyaziyyat və təbiət elmləri üzrə şagirdlərin nəticələrinin müxtəlif istiqamətlərdə təhlili əks olunmuşdur.

GİRİŞ

Riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə olan TIMSS (Trends in International Mathematics and Science Study) 60 ildən bəri müxtəlif sahələrdə beynəlxalq qiymətləndirmələr həyata keçirən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IEA) təşkil etdiyi tədqiqatlardan biridir (Mullis, & Martin, 2017). 1995-ci ildən etibarən hər dörd ildən bir keçirilən bu tədqiqat dördüncü və səkkizinci sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə müvəffəqiyyət dərəcəsini ölçür, eyni zamanda onların demoqrafik, sinifdaxili və digər tipli şərti amillərlə əlaqəsini araşdırır. Sayca yeddinci qiymətləndirmə olan TIMSS 2019-da, Azərbaycan da daxil olmaqla, 60-dan çox ölkə iştirak etmişdir. Bu, ölkəmizin müvafiq qiymətləndirmədə 2011-ci ildən sonra ikinci iştirakıdır. Qiymətləndirmədə Azərbaycanı yalnız dördüncü sinif şagirdləri təmsil etmişdir (edu.gov.az. n.d.).

Yuxarıda da qeyd olunduğu kimi, 2 əsas fənn (riyaziyyat və həyat bilgisi) üzrə şagirdləri qiymətləndirən TIMSS tədqiqatında istifadə olunan suallar 2 hissəyə bölünür: Məzmun sahələrinin qiymətləndirilməsi; İdrak sahələrinin qiymətləndirilməsi.

Müəyyən bir məlumatı öyrəndikdə müxtəlif idrak prosesləri fəaliyyətə başlayır. Öyrənilən bilik və bacarıqların mənimsənilmə səviyyəsi idrak proseslərinin fəaliyyətindən asılıdır. Məhz bu səbəbdən, TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edən ölkələrin dördüncü və səkkizinci sinif şagirdlərinin hədəf fənlər (riyaziyyat və həyat bilgisi) üzrə mövzuların mənimsənilməsinin müvəffəqiyyət göstəricilərini araşdırarkən bacarıqların ölçülməsinə xüsusi yer ayırır.

Hər bir ölkə üzrə müvəffəqiyyət dərəcəsini hərtərəfli müəyyənləşdirə bilmək üçün TIMSS qiymətləndirmə vasitələrində təqdim olunan suallar şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə öyrəndiklərini tətbiq etmək, bu mövzularda verilmiş məsələləri həll etmək, müxtəlif vəziyyətlərdə analitik və məntiqi düşüncədən istifadə etmək bacarıqları nəzərə alınaraq tərtib olunmuşdur. Azərbaycan şagirdləri təbiət elmləri üzrə verilmiş sual və məsələləri cavablandırarkən ümumtəhsil məktəblərində tədris zamanı istifadə olunan “Həyat bilgisi” fənni üzrə öyrəndikləri bilik və bacarıqlardan istifadə edirlər. Riyaziyyat üzrə qiymətləndirmə dərsliklər çərçivəsində tədris edilən bilikləri ehtiva etdiyi halda, şagirdlər tədqiqatın təbiət elmlərinə dair hissəsində məktəbdə qazandıqları biliklərlə yanaşı, gündəlik həyatda qazandıqları təcrübələrdən də istifadə etməli olurlar. Lakin bütün bu bilik və bacarıqlar hər nə qədər genişmiqyaslı olsa da, onlar həm riyaziyyat, həm də təbiət elmləri üzrə 3 əsas kriteriya – bilmə, tətbiqetmə və əsaslandırma (təhliletmə) kimi idrak səviyyələri vasitəsilə dəyərləndirilir.

  • Bilmə – tapşırıqda verilən faktların, proseslərin düzgün mənimsənilməsi (40%).
  • Tətbiqetmə – verilən məlumatlar üzrə sualların cavablandırılması və məlumatların müqayisəsi (40%).
  • Əsaslandırma – mürəkkəb məzmunların analizi (20%).

Göstərilən istiqamətlər şagirdlərin məzmun üzrə biliklərindən kənara çıxıb, səriştələr üzrə qiymətləndirmə aparılmasına yönəlib. İdrakın səviyyələri ilə yaxından tanış olaq.

Bilmə. Bu sahə üzrə suallar şagirdlərin əsas mövzunu, prosesi və anlayışları mənimsəməsi istiqamətinə yönəlmişdir. Əsas riyazi məzmun və anlayışları qavramadan şagirdlərin riyazi məsələləri analiz edib, öz fikirləri ilə əsaslandırması çətin, hətta qeyri-mümkün olar (timssandpirls.bc.edu.com. n.d.). Yəni şagird məzmunu nə qədər yaxşı başa düşərsə, məsələlərin həll yolunu da o qədər asan və effektiv tapar. Beləliklə, TIMSS-in riyaziyyat üzrə bilmə sahəsindəki sualları şagirdlərin müvafiq mövzuları və anlayışları qavramasını ölçür. Bilmə sahəsi xatırlama, tanıma, hesablama, nəticə çıxarma, ölçmə və sıralama üzrə sualları əhatə edir (Çilingir & Artut, 2016). Cədvəl 1-də bilmə sahəsi üzrə bacarıqların izahı əks olunmuşdur.

Cədvəl 1 Bilmə sahəsinin tərkib hissələri

Tətbiqetmə. Bu kriteriyaya aid sualların əsas məqsədi şagirdlərin problemi həll etmək üçün mənimsədikləri məlumat və anlayışlardan istifadə etmək bacarığını ölçməkdir. Müxtəlif məlumatların istifadəsinə yönəlmiş tətbiqetmə sahəsində şagirdlər suallarda qeyd olunan faktlar, anlayışlar və proseslərlə yaxından tanış olmalıdırlar. Tətbiqetmə səviyyəsinə uyğun bəzi suallarda təhsilalanlardan riyazi biliklərindən istifadə edərək verilənə ekvivalent ifadə yaratması istənilir. Ekvivalent ifadə yarada bilən riyazi düşünmə bacarığı bu fənn üzrə uğurlu yanaşmaya zəmin yarada bilər. Problem həlletmə bacarığının əsas götürüldüyü tətbiqetmə üzrə suallarda şagirdlərə həm real həyatla, həm də birbaşa riyaziyyatla əlaqədar tapşırıqlar təqdim edilir. Cədvəl 2-də tətbiqetmə sahəsinin tərkib hissələri izahı ilə birgə verilmişdir.

Cədvəl 2 Tətbiqetmə sahəsinin tərkib hissələri

Əsaslandırma. Məntiqi düşünmə tələb edən əsaslandırma sahəsi çoxşaxəli və mürəkkəb məsələlərin həllini özündə ehtiva edir. Şagird verilmiş situasiyanı müşahidə və analiz edərək, hadisələr arasında məntiqi əlaqə qurmalı, yeni strategiyalar tətbiq edərək, həll yolu təklif etməli və fikrini əsaslandırmalıdır. Bu sahəyə isə analiz, sintez, qiymətləndirmə, nəticəçıxarma, ümumiləşdirmə və təsdiqləmə bacarıqları daxil edilir (Cədvəl 3).

Cədvəl 3 Əsaslandırma sahəsinin tərkib hissələri

Bu məqalənin əsas məqsədi TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatının riyaziyyat və təbiət elmləri üzrə idrak səviyyələrinin araşdırılmasıdır. Qiymətləndirmə alətlərinin koqnitiv strukturunu təşkil edən 3 əsas idrak sahəsi – bilik, tətbiqetmə və əsaslandırma (təhliletmə) Azərbaycan şagirdlərinin nəticələri əsasında təhlil olunacaq və milli dərslikdən verilmiş müvafiq nümunələrlə qarşılaşdırılacaqdır.

“RİYAZİYYAT” FƏNNİ ÜZRƏ İDRAK SƏVİYYƏLƏRİNƏ DAİR NƏTİCƏLƏR

Diaqram 1 “Riyaziyyat” fənnindən idrak sahələri üzrə göstəricilər

İdrak sahələri baxımından Azərbaycanın TIMSS 2019 nəticələri diaqram 1-də əks olunmuşdur. Ümumi baxıldıqda, təhsilalanların hər
bir idrak sahəsi üzrə topladıqları orta bal göstəricisi bir-birindən ciddi şəkildə fərqlənmir. Belə ki, şagirdlərin ən yuxarı göstəricisi tətbiqetmə tələb edən suallarda müşahidə olunduğu halda (519 bal), bilmə və əsaslandırma lazım olan suallar üzrə göstəricilər bir qədər az, müvafiq olaraq 513 və 506 bal təşkil edir. Qeyd etmək lazımdır ki, 2011-ci ildə eyni idrak səviyyələri üzrə olan suallarda şagirdlərin orta bal göstəricisi daha aşağı olmuşdur. Diaqram 2-dən də aydın olduğu kimi, şagirdlər 2011-ci ildə ən yüksək balı riyaziyyatın bilmə sahəsi üzrə hazırlanan suallardan toplamışdır (473 bal). Müvafiq olaraq şagirdlərin tətbiqetmə sahəsindəki orta göstəricisi 457 bal, əsaslandırma sahəsində isə 445 bal təşkil etmişdir. Nəticələrə əsasən şagirdlər hər iki ildə əsaslandırma tələb edən suallarda daha çox çətinliklə qarşılaşmışlar. Ən böyük irəliləmə isə tətbiqetmə və əsaslandırma sahəsində qeydə alınmışdır. Belə ki, əsaslandırma sahəsində 2011 və 2019-cu illər arasında bal artımı 61, tətbiqetmə sahəsində isə 62 bal təşkil etmişdir.

Diaqram 2 “Riyaziyyat” fənnindən idrak sahələri üzrə 2011 və 2019-cu illərin nəticələri arasındakı fərq

Cədvəl 4 Ölkələrin TIMSS 2019 nəticələrinin müqayisəsi

Bundan başqa, Azərbaycanın hər idrak sahəsi üzrə nəticələrinin digər ölkələrin nəticələri ilə müqayisəsi də vacib amillərdən biridir. Riyaziyyat üzrə nəticələrinə görə Azərbaycan TIMSS-də iştirak edən ölkələr arasında 28-ci yerdə durur. Cədvəldə müvafiq olaraq TIMSS 2019-da ən yüksək bal ortalamasına malik olan ilk 5 ölkə Sinqapur, Honkonq, Koreya, Yaponiya və Çin olmuşdur. Cədvəlin növbəti hissəsində isə nəticələri Azərbaycandan yüksək və aşağı olan ölkələr qeyd olunmuşdur. Türkiyə, İsveçrə, Almaniya, Polşa və Avstraliyanın göstəriciləri çox az fərqlə Azərbaycandan yüksək olsa da, Bolqarıstan, İtaliya, Qazaxıstan, Kanada və Slovakiya ölkəmizdən aşağı sıralarda durur. Azərbaycanın TIMSS göstəricilərinə digər aspektdən yanaşmaq üçün cins tərkibi üzrə nəticələri də müqayisə etmək olar (Diaqram3). Bilmə tələb edən sualları oğlan və qızlar eyni səviyyədə cavablandırdıqları halda, tətbiqetmə və əsaslandırma suallarında qızların daha üstün nəticə əldə etdikləri müşahidə olunur.

Diaqram 3 Cins tərkibi üzrə nəticələr

TIMSS-də suallar 3 idrak sahəsi üzrə hazırlanmışdır. Belə ki, şagirdlər, ilk mövzunu mənimsəyir, ona dair detalları öyrənir, mövzudakı
fikirləri müqayisə və analiz edir, daha sonra isə müvafiq olaraq, öz fikirlərini əsaslandıra bilirlər. Eyni strategiya Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 4-cü sinif riyaziyyat kitablarında da tətbiq olunur. Yəni şagirdlərin tədris olunan mövzularla əlaqədar bilik və bacarıqlarının qiymətləndirilməsi üçün təqdim olunan tapşırıqları bilmə, tətbiqetmə və əsaslandırma idrak səviyyələri üzrə qruplaşdırmaq mümkündür. Növbəti bölmədə dərsliklərin hər bir idrak səviyyəsinə uyğun tapşırıq nümunəsi analiz edilmişdir. 

DƏRSLİKLƏRİN İDRAK SƏVİYYƏSİ ÜZRƏ ANALİZİ

Ümumi təhsil müəssisələrinin 4-cü sinif “Riyaziyyat” dərsliyində hər bölmə üzrə verilən tapşırıqları idrak prosesinin sahələrinə uyğun siniflərə bölmək olar. Məsələn, ilkin olaraq üçbucaqlar bölməsinin sadə həndəsi fiqurların təsnifatını aparmaq tələb edən tapşırıqlarına nəzər salaq. İlk tapşırıq nümunəsi təhsilalanların bilmə bacarıqlarını qiymətləndirmək məqsədilə hazırlanmışdır (tapşırıq 1). Bu tapşırıq şagirdlərdən üçbucaqların tərəf və bucaqlarını bilməyi və onları fərqləndirməyi tələb edir. Sadə idraki mərhələ hesab edilən bilmə səviyyəsində olan sualda şagirdlər sadəcə üçbucaqlar bölməsindən öyrəndiklərini qeyd etməlidirlər. Müqayisə üçün, eyni düşünmə səviyyəsi tələb olunan və TIMSS 2011-də şagirdlərə təqdim olunan digər suala nəzər salaq (tapşırıq 2). Bucaqların ölçülərinin təxmin edilməsi istənilən bu sualda da şagirdlər bilmə üzrə bacarıqlarını nümayiş etdirməlidirlər. Çünki hər iki sualda şagirdlərin bilmə idrak sahəsinə aid olan xatırlama, tanıma, sinifləndirmə və ölçmə bacarıqları qiymətləndirilir.

Tapşırıq 1. 4-cü sinif “Riyaziyyat” dərsliyi. Üçbucaqlar (səh. 95)

Tapşırıq 2. TIMSS 2011 riyaziyyat üzrə ictimailəşdirilmiş suallar bölməsi

4-cü sinif “Riyaziyyat” dərsliyinin tətbiqetmə səviyyəsində hazırlanan tapşırıq nümunəsinə baxaq (tapşırıq 3). Şagirdlər üçbucaqlar və dördbucaqlılar haqqında biliklərindən istifadə edərək modelləşdirmə tətbiq etməlidirlər. Tətbiqetmə səviyyəsinə uyğun olan tapşırığın hər iki sualı şagirdlərin həm qeyd olunan həndəsi fiqurlar üzrə biliklərini, həm də bu biliklərdən istifadə edərək modelyaratma bacarıqlarını qiymətləndirir.

Tapşırıq 3. 4-cü sinif “Riyaziyyat” dərsliyi. Ümumiləşdirici tapşırıqlar (səh 99)

Müvafiq olaraq, TIMSS 2011-in ictimailəşdirilmiş sualları arasında olan və şagirdlərin tətbiqetmə səviyyəsi üzrə bacarıqlarını qiymətləndirən sual nümunəsinə baxaq (tapşırıq 4). Qeyd olunan sualda şagirdlərdən üçbucaqlar haqqında biliklərindən istifadə edərək, modelləşdirmə etmələri tələb olunur.

Tapşırıq 4. TIMSS 2011 riyaziyyat üzrə ictimailəşdirilmiş suallar bölməsi

Təhsilalanların əsaslandırma bacarığını ölçən tapşırığın məqsədi ədədlər arasındakı əlaqəni müəyyənləşdirmək və eyni  strategiyadan istifadə edərək yeni ədədlər yaratmaqdır (tapşırıq 5).

Tapşırıq 5. 4-cü sinif “Riyaziyyat” dərsliyi. Ümumiləşdirici tapşırıqlar (səh 20)

Digər nümunədə isə TIMSS-in eyni idrak səviyyəsi üzrə sualı əks olunmuşdur. Bu tapşırıqda da analiz və sintez edərək, riyazi anlayışlar arasında əlaqə qurulması tələb olunur (tapşırıq 6).

Tapşırıq 6. TIMSS 2011-in riyaziyyat üzrə ictimailəşdirilmiş suallar bölməsi

TƏBİƏT ELMLƏRİ ÜZRƏ İDRAK SƏVİYYƏLƏRİNƏ DAİR NƏTİCƏLƏR

TIMSS 2019 dövründə 4-cü sinfin təbiət elmləri üzrə beynəlxalq orta balı 494-dür. Müqayisə oluna bilən nəticələrə əsasən bilik üzrə beynəlxalq orta bal 510, tətbiqetmə üzrə 509, əsaslandırma üzrə isə 510 olmuşdur. Azərbaycanın TIMSS 2019 üzrə idrak səviyyələrinə dair nəticələri bir-birindən fərqlənsə də, bu o qədər də çox deyildir. Belə ki, şagirdlərimizin təbiət elmləri nailiyyəti üzrə orta balı 427 olduğu halda, diaqram 4-dən də göründüyü kimi, bilik üzrə 425, tətbiqetmə üzrə 419, əsaslandırma üzrə isə 430 bal təşkil etmişdir. Ən aşağı nəticə tətbiqetmə tələb edən suallardan, ən yuxarı nəticə isə əsaslandırma lazım gələn suallardan əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, 2011-ci ildəki nəticələrimizdə idrak səviyyələri üzrə ən zəif göstərici əsaslandırma, ən yüksək göstərici isə bilik tələb edən suallarda müşahidə edilmişdir. 2019-cu ilə dair tendensiyada şagirdlərimizin daha yüksək idrak fəaliyyəti tələb edən suallarda uğurlu olmasını müsbət hal saysaq da, 2011-ci il ilə müqayisədə 20 ballıq geriləmə təbiət elmlərinə dair biliklərin
mənimsənilməsi sahəsində narahatlıq doğuran amil olaraq qalır. Bu onu göstərir ki, şagirdlərimizin bu sahə üzrə öyrənmə ehtiyacları
daha da artmışdır. 

Diaqram 4. Təbiət elmləri üzrə idrak sahələlərinə dair orta bal

Azərbaycanın təbiət elmləri üzrə idrak səviyyələrinə dair nəticələrini nəzərdən keçirdiyimiz zaman oğlan və qız şagirdlərin  nailiyyətlərindəki fərqlər maraq doğurur. Belə ki, diaqram 5-ə diqqət yetirsək, qızların hər üç idrak sahəsi üzrə oğlanlardan yaxşı nəticə göstərdiklərini görmək mümkündür. Lakin bütün hallarda hər iki cinsə mənsub şagirdlər ən yüksək göstəriciləri əsaslandırma, ən zəifi isə tətbiqetmə idrak sahəsində nümayiş etdirmişlər.

Diaqram 5. Gender amili üzrə orta bal fərqi

Şagirdlərin idrak səviyyələri üzrə bacarıqlarının ölçülməsi məqsədilə bir mövzu üzrə müxtəlif səviyyəli sualların verilməsi təkcə TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatına xas olan təcrübə deyil. Eyni yanaşmanı milli dərsliklərimizdə hər bir mövzunun sonunda təqdim olunan sual və məsələlərin qoyuluşunda da görmək mümkündür. TIMSS nailiyyət kitabçalarında və 4-cü sinif “Həyat bilgisi” dərsliyində bənzər mövzuda idrak səviyyələri üzrə verilmiş sualların nəzərdən keçirilməsi hər iki təcrübə arasındakı uzlaşmanı müqayisə etməyə imkan verir. Təbiət elmləri üzrə idrak səviyyələrinə dair nəticələri daha yaxşı anlamaq məqsədilə hər bir meyara ayrı-ayrılıqda nəzər salmaq, eləcə də TIMSS və milli məzmundan götürülmüş nümunələr əsasında müqayisəli təhlil etmək məqsədəmüvafiqdir. 

Bilik   

Bu idrak sahəsi üzrə verilmiş sual və məsələlər şagirdin faktlar, əlaqələr, proseslər, anlayışlar və vasitələr haqqında biliklərini qiymətləndirir. Dəqiq və faktlarla zənginləşdirilmiş biliyə malik olan şagirdlər daha mürəkkəb idraki proseslər üçün möhkəm zəmin yaratmış olurlar. Beyin təbiət elmləri üzrə bilik kateqoriyasına dair sualları cavablandırarkən aşağıdakı fəaliyyət növləri üzrə aktivləşir:

  • xatırlama;                                                                                                                Tapşırıq 7. 4-cü sinif “Həyat bilgisi” – 23.                                                                                                                                       TƏBİƏTDƏKİ ƏLAQƏLƏR (səh 92)

  • təsvir etmə;
  • nümunələr sadalama.

Biliyə dair idraki prosesin reallaşmasına əyani surətdə şahid olmaq üçün nümunələrə nəzər salaq (tapşırıq 7-8).

Tapşırıq 8. TIMSS 2011 – 4-cü sinif təbiət elmləri üzrə ictimailəşdirilmiş suallar bölməsi

Gördüyümüz kimi, həm milli dərslikdə, həm də TIMSS praktikasında biliyə dair bacarıqları ölçmək üçün tərtib olunmuş suallarda şagird sadə idraki prosesləri həyata keçirməlidir. Onlar əvvəlcə canlıların xüsusiyyətləri barədə öyrənilmiş informasiyanı tapmalı, hazır qidalanma zəncirini beynində müəyyənləşdirib, canlıların bu zəncirdə hansı yerdə dayandığını bilməlidir. Belə olduğu təqdirdə verilmiş cavabların içindən düzgün olanı asanlıqla tapacaqdır.

                   Tapşırıq 9. 4-cü sinif “Həyat bilgisi” – 23. TƏBİƏTDƏKİ ƏLAQƏLƏR (səh. 92)

Tətbiqetmə

Bu idrak sahəsindəki bacarıqları ölçən suallar şagirdlərdən təbiət elmlərinin tədrisi boyunca rast gəlinən faktlar, əlaqələr, proseslər, məfhumlar, avadanlıq və metodlar haqqında biliklərini tətbiq etmələrini tələb edir. Tətbiqetmə zamanı şagird aşağıdakılardan istifadə edə bilər:

  • müqayisə etmə/qarşılaşdırma/qruplaşdırma;
  • əlaqələndirmə;
  • modelləşdirmə;
  • informasiyanın şərh edilməsi;
  • izahetmə.

Tapşırıq 10. TIMSS 2011 – 4-cü sinif təbiət elmləri üzrə ictimailəşdirilmiş suallar bölməsi

Yuxarıdakı nümunələrdə (tapşırıq 9-10) canlıların qida zənciri və aralarındakı qarşılıqlı əlaqə verilmişdir. Milli dərslik nümunəsində verilmiş məsələdə aydın cavab yoxdur. Şagird özü orqanizmlərin müxtəlif qruplarının qidalanma xüsusiyyətlərini təsvir, istehsalçılar, istehlakçılar və çürüdücü orqanizmlərin həyat fəaliyyətinin xüsusiyyətlərini isə müqayisə edir, canlı və cansız təbiətin qarşılıqlı əlaqəsini müəyyənləşdirir, canlı orqanizmlər arasındakı qarşılıqlı əlaqənin təhlilini aparır və qiymətləndirir, informasiyanı dəyişdirir, qidalanma zəncirinin müəyyən edilməsi üçün meyarları müstəqil şəkildə seçir.

TIMSS nümunəsində isə şagird suala cavab verməmişdən əvvəl diaqramı təhlil etməli, canlılar arasındakı qida zəncirinin yönünü müəyyənləşdirməli, həmçinin yırtıcı və qurban canlılara aid olan xüsusiyyətləri bilməlidir.

Tapşırıq 11. 4-cü sinif “Həyat bilgisi” dərsliyi – 23. TƏBİƏTDƏKİ ƏLAQƏLƏR (səh. 89)

Əsaslandırma

Bu idrak sahəsindəki suallarda şagirdlərdən verilmiş məlumatları təhlil etmək, nəticə çıxarmaq və gəldikləri nəticədən tamamilə başqa anlayışlarda istifadə etmək üçün mülahizə yürütmələri istənilir. Digər idrak səviyyələrindən fərqli olaraq, əsaslandırma tələb edən sualların cavablandırılmasında elmi faktların birbaşa tətbiqi nəzərdə tutulmayıb. Şagird cavabını birdən çox yolla formalaşdıra, mövzudan kənar biliklərə müraciət edə, fərqli fərziyyələr irəli sürə bilər. Əsaslandırma tələb edən əsas metodlar aşağıdakılardır:

  • təhliletmə;
  • sintezetmə;
  • sualların tərtibi/hipotez irəli sürülməsi;
  • tədqiqataparma;
  • dəyərləndirmə;
  • nəticəçıxarma;
  • ümumiləşdirmə;
  • arqumentin dəlillərlə əsaslandırılması.

Tapşırıq 12. TIMSS 2011 – 4-cü sinif təbiət elmləri üzrə ictimailəşdirilmiş suallar bölməsi

Yuxarıda göstərilmiş hər iki nümunəyə (tapşırıq 11-12) baxdıqda, sualın formalaşdırılma metod və prinsiplərində fərqliliklərin olduğunu müşahidə edə bilərik. Milli dərslikdəki sual daha ümumi və çoxşaxəli olsa da, şagirdi nəzəri müstəvidən çıxmağa bir o qədər də vadar etmir.
TIMSS təcrübəsində isə heyvanlar arasında əlaqə daha dar prizmaya gətirilərək, şagirdi əsaslandırma aparmağa çox sadə və effektiv şəkildə sövq edir. Nəticədə, şagird öz şəxsi mülahizələrini heyvanlar arasında əlaqələrə dair bilikləri ilə qarşılaşdıra bilir, fərziyyəsini irəli sürməkdə daha əmin davranır.

Digər bir məsələ isə iki idrak sahəsindən fərqli olaraq, milli dərsliklərdə və TIMSS təcrübəsində əsaslandırmaya dair mövzuların yetərincə uzlaşmamasıdır. TIMSS qiymətləndirməsində 4-cü sinif şagirdləri üçün test kitabçalarına salınan mövzular milli “Həyat bilgisi” dərsliyindəki 26 mövzudan cəmi 12-nə uyğun gəlir. Şagirddən öz fikrini əsaslandırması istənilən sualların sayı olduqca azdır və bu tip suallar, demək olar ki, digər mövzulardan alınmış məlumatlarla əlaqələndirmə tələb etmir. Lakin buna baxmayaraq, şagirdlərimizin TIMSS 2019-cu ildən ən yüksək nəticəni məhz əsaslandırma idrak sahəsində göstərməsi dilemma doğurur. Milli dərslikdə tətbiqetməyə dair kifayət qədər sual olduğu halda, bu sahə və əsaslandırma göstəriciləri arasında 11 ballıq fərq mövcuddur. Şagirdlərimizin əsaslandırma tipli suallardakı uğurunu daha çox intuitiv cavablandırma ilə izah etmək olar.

NƏTİCƏ

TIMSS-in əsas koqnitiv prinsipləri olan bilik, tətbiqetmə və əsaslandırma prizmasından Azərbaycanın nəticələrinə nəzər saldıqda, bir
sıra ziddiyyətlərin mövcudluğu diqqəti cəlb edir. İlk növbədə, burada hər hansı bir amil və ya qanunauyğunluğun əsas təsiredici rol oynamadığını düşünmək olar. İlkin proqnoz kimi şagirdlərimizdən gözlədiyimiz ən bəsit tendensiya, asan sayılan bilik və tətbiqetmə prinsipli sualları daha çox sayda düzgün cavablandırıb, əsaslandırmada daha zəif nəticə göstərmələridir. Yəni orta bal artımının sadədən mürəkkəbə doğru davam etməsi məntiqli olardı. Lakin yuxarıdakı təhlillərdə şahid olduğumuz kimi, yerli dərslikdə təqdim olunan biliklərlə TIMSS-in ümumi məzmunu arasında boşluqların olması şagirdlərin dəqiq informasiyanın birbaşa işlənilməsini tələb edən bilik və tətbiqetmə sahəsində daha az uğur nümayiş etdirməsinə səbəb olmuşdur.

Digər bir məsələ isə milli dərslikdə və TIMSS qiymətləndirməsində təqdim olunan sualların idrak səviyyəsinə uyğunluğunu əhatə edir.
Yuxarıda təqdim olunmuş suallardan da göründüyü kimi, milli “Həyat bilgisi” dərsliyində idrak səviyyəsinə aid hər üç sual daha ümumi xətlərə malik olub, şagirddən nəzəri biliklərini istifadə etməsini tələb edir. Təhsilalanlar bu tipli sualları cavablandırarkən beynini daha çox akademik məzmunda işlədir, cavabları məktəbdənkənar həyat təcrübələrindən götürmək üçün az imkan əldə edirlər. TIMSS təcrübəsində isə suallar daha spesifik tərtib olunur, şagirdlərin həm cari mövzuda nəzəri biliklərindən istifadə etmələrini, həm də şəxsi müşahidə və məlumatlarına əsaslanmalarını reallaşdırır. Sualların daha sadə tərtibatı şagirdlərdə cavablandırma potensialına dair özünəinamın artmasına kömək edir. 

Təbiət elmləri üzrə qiymətləndirmə kriteriyalarında idrak səviyyələrinə dair nüansları nəzərə aldıqda belə bir qənaətə gəlmək mümkündür:

  • Əgər TIMSS qiymətləndirməsinin növbəti dövründə ölkə olaraq nəticələrimizin yüksəlməsini istəyiriksə, onda həyat bilgisi dərsində keçirilən mövzularda təbiət elmlərinə daha çox yer verilməlidir;
  • Hər bir mövzunun sonunda verilən sual və tapşırıqlar spesifik çərçivədə, eyni zamanda digər mövzularda öyrənilmiş bilikləri əhatə edəcək məzmunda tərtib olunmalıdır;
  • Həyat bilgisi üzrə təqdim olunmuş mövzular və suallar şagirdlərə tənqidi və intuitiv düşünmə bacarıqlarını aşılamalıdır.

TIMSS 2019-da ölkəmizin nəticəsi “Riyaziyyat” fənni üzrə uğurlu hesab olunsa da, şagirdlərin idrak prosesinin sonuncu mərhələsi olan əsaslandırma sahəsində topladıqları balın aşağı olması 4-cü sinfin “Riyaziyyat” dərsliyində daha çox bilmə və tətbiqetmə səviyyəsinə uyğun tapşırıqlara üstünlük verilməsi ilə əlaqələndirilə bilər. Tətbiqetmə sahəsində yüksək nəticə göstərilməsi, eyni zamanda həm tətbiqetmə, həm də əsaslandırma sahəsində əvvəlki qiymətləndirmə ilə müqayisədə artım müşahidə olunması isə sevindirici haldır. 

Şagirdlərin TIMSS-də uğur qazanması üçün idrak sahələrinin hər biri üzrə bacarıqlarını möhkəmləndirməsi, tədris olunan mövzuların və tapşırıqların həmin sahələr əsasında hazırlanması vacib amildir.

İstifadə edilmiş ədəbiyyat

1 Azərbaycan Respublikası Təhsil Nazirliyi. Beynəlxalq qiymətləndirmə. https://edu.gov.az/az/page/355
2 Bayramova, S., Həşimova, A. (2019). Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün Həyat bilgisi fənni üzrə dərsliyin metodik vəsaiti. Azərbaycan Respublikası Təhsil Nazirliyi. «Aspoliqraf LTD» MMC. Bakı, Azərbaycan https://www.trims.edu.az/noduploads/book/quot-hayat-bilgisi-quot-fanni-uzra-4-cu-sinifucun-metodik-vasait.pdf
3 Çilingir, E., Artut, P.D. (2016). Investigation by cognitive domains of the questions from TIMSS 2011 and Math. International Periodical for the Languages, Literature and History of Turkish or Turkic Volume 11/21 Fall, p. 79-94.
4 DOI: http://dx.doi.org/10.7827/TurkishStudies.11174
5 Kitablar (n.d.) Tədris Resurslarının idarə Olunmasının Məlumat Sistemi. Götürülmüşdür: https://www.trims.edu.az/site/resource.php?id=889 
6 Kitablar. (n.d.). Elektron Dərslik Portalı. Götürülmüşdür: https://www.e-derslik.edu.az/portal/book.php?id=365 
7 Mehdiyeva, G. (2019). Ümumtəhsil məktəblərinin 4-cü sinfi üçün Həyat bilgisi fənni üzrə dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyi. «Aspoliqraf LTD» MMC. Bakı, Azərbaycan. https://www.trims.edu.az/noduploads/book/quot-hayat-bilgisi-quot-fanniuzra-4-cu-sinif-ucun-darslik-1565181300-141.pdf
8 Mullis, I.V., & Martin, M.O. (2017). TIMSS 2019 Assessment Frameworks. International Association for the Evaluation of Educational Achievement. Herengracht 487, Amsterdam, 1017 BT, The Netherlands.
9 Selected results from TIMSS 2019. https://TIMSSandpirls.bc.edu/TIMSS2019/ 
10 TIMSS and PIRLS International Study Center. International Association for the Evaluation of Educational Achievement (IEA). TIMSS 2019 Assessment Frameworks https://timssandpirls.bc.edu/timss2019/frameworks/
11 V.A.S., Lee, J.R. (2017). Chapter 2: TIMSS 2019 Science Framework. IEA. TIMSS&PIRLS International Study Center. Lynch School of Boston College. https://TIMSS2019.org/wpcontent/uploads/frameworks/T19-Assessment-Frameworks-Chapter-2.pdf