PEDAQOJİ FƏALİYYƏTİN ƏNƏNƏYƏ ÇEVRİLMƏSİ




Akademik Hüseyn Əhmədov Azərbaycan təhsil və pedaqoji fikir tarixinin öyrənilməsinə mühüm töhfələr verən alimlərdəndir. Belə alimlərin elmi irsinin dəyəri yalnız yazdıqları əsərlərlə deyil, yetişdirdikləri müəllim və tədqiqatçılarla, formalaşdırdıqları elmi ənənələrlə və tədqiqatlarının sonrakı nəsillərə təsiri ilə ölçülür.

2026-cı ildə 100 illiyi qeyd olunan görkəmli alimin irsini öyrənmək, araşdırmaq, təbliğ etmək də pedaqogika elminə böyük töhfədir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyi, ADPU, Qərbi Azərbaycan İcması, Azərbaycan Respublikasının Təhsil Şurası və ADPU-nun Qərbi Azərbaycan Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan təhsil və pedaqoji fikir tarixi” Respublika elmi-praktik konfransının da məqsədi bu olub.

Tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, tədqiqatçılar və pedaqoji sahənin mütəxəssisləri iştirak ediblər. Onlar alimin Azərbaycan pedaqoji elminin inkişafı, məktəb və pedaqoji fikir tarixinin araşdırılması, müəllim hazırlığı və elmi-pedaqoji kadrların yetişdirilməsi istiqamətində yorulmaz fəaliyyətindən danışıblar.

Konfrans iştirakçıları qeyd ediblər ki, Hüseyn Əhmədovun pedaqoji fəaliyyət üç əsas xətt üzrə formalaşıb: müəllim hazırlığı, pedaqogika elminin inkişafı və Azərbaycan məktəb-pedaqoji fikir tarixinin öyrənilməsi. O, bu istiqamətləri bir-birindən ayırmadan, vahid pedaqoji düşüncə sistemi daxilində birləşdirib. Məhz buna görə akademikin elmi-pedaqoji irsi bu gün də Azərbaycan pedaqogikasının tarixini və inkişaf istiqamətlərini öyrənən tədqiqatçılar üçün mühüm mənbələrdən biri olaraq qalır.

Konfransda edilən çıxışlarda, təqdim olunan məqalələrdə də vurğulanıb ki, Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyəti bir neçə istiqaməti əhatə edib. Uzun illər ali pedaqoji məktəbdə müəllim kimi çalışması, pedaqoji kadrların hazırlanmasında, dərslik və tədris proqramlarının tərtib edilməsində iştirakı, pedaqogikanın nəzəri məsələlərinin, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin araşdırılması onun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Alimin pedaqoji fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri nəzəri biliklə müəllimlik praktikasını bir-birindən ayırmaması olub. O, pedaqogikanın nəzəri məsələlərini araşdırmaqla yanaşı, həmin biliklərin gələcək müəllimlərə çatdırılmasına və onların peşə hazırlığında tətbiqinə xüsusi əhəmiyyət verib.

Hüseyn Əhmədovun uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetindəki fəaliyyəti onun pedaqoji irsinin mühüm istiqamətlərindən birini təşkil edir. O, burada müəllim kimi çalışmaqla yanaşı, Pedaqogika kafedrasının inkişafında, tədris prosesinin təşkilində və elmi-pedaqoji kadrların hazırlanmasında iştirak edib.

Onun pedaqoji fəaliyyətində tələbəyə yalnız hazır biliklərin ötürülməsi deyil, pedaqoji düşüncə tərzinin formalaşdırılması mühüm yer tutub. Gələcək müəllimin məktəb və təhsil problemlərinə elmi yanaşması, pedaqoji hadisələri tarixi və nəzəri baxımdan dəyərləndirməsi onun tədris fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Bu yanaşma H.Əhmədovun müəllim hazırlığına dair baxışlarında da özünü göstərib. O, gələcək müəllimin yalnız fənnini bilməsinin kifayət etmədiyini, pedaqogikanın nəzəri əsaslarını, məktəbin inkişaf tarixini və milli pedaqoji irsi də mənimsəməsinin vacibliyini ön plana çəkib.

Alimin pedaqoji fəaliyyətində ən mühüm istiqamətlərdən biri Azərbaycan məktəb və pedaqoji fikir tarixinin öyrənilməsi və tədrisi olub. Onun təşəbbüsü ilə 1970-ci illərdə “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” adlı xüsusi kursun proqramı hazırlanıb. Proqramın Azərbaycan və rus dillərində nəşri və ali məktəblərdə istifadəsi müəllim hazırlığı sistemində bu istiqamətin möhkəmlənməsinə imkan verib. Sonrakı mərhələdə həmin kurs əsasında “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” dərsliyinin hazırlanması da H.Əhmədovun pedaqoji fəaliyyətinin mühüm nəticələrindən sayılır.

Hüseyn Əhmədovun pedaqoji fəaliyyətinin başqa bir istiqaməti pedaqogikanın nəzəri və metodoloji problemlərinin araşdırılması olub. O, tərbiyə məsələlərinə yalnız nəzəri anlayış kimi yanaşmayıb, məktəb və ailə mühitində onun necə həyata keçirilməsi məsələsini də araşdırıb. Müəllimin şəxsi nümunəsi, valideynlərin tərbiyə prosesində rolu və uşağın mənəvi keyfiyyətlərinin formalaşdırılması bu araşdırmaların mövzusu olub.

Alimin “Pedaqogikaya giriş”, “Pedaqogikada qanun və qanunauyğunluq” və başqa əsərlərində pedaqogikanın elmi əsasları və nəzəri məsələləri sistemləşdirilib.

H.Əhmədovun pedaqoji fəaliyyətində tarixi-pedaqoji irsin öyrənilməsi xüsusi əhəmiyyət daşıyıb. O, Azərbaycan maarifçilərinin və pedaqoji fikir nümayəndələrinin irsini araşdıraraq onların ideyalarının təhsil tarixindəki yerini müəyyənləşdirməyə çalışıb.

N.Tusi, A.Bakıxanov, M.F. Axundzadə, H.Zərdabi, S.Ə.Şirvani, F. Köçərli, M.Sidqi, C.Məmmədquluzadə və başqa şəxsiyyətlərin pedaqoji görüşlərinin tədqiqi onun elmi fəaliyyətində mühüm yer tutub.

Bu araşdırmaların pedaqoji baxımdan əhəmiyyəti ondan ibarət idi ki, tarixi şəxsiyyətlərin təlim və tərbiyə ilə bağlı fikirləri gələcək müəllimlərin təhsilinə daxil edilirdi. Beləliklə, pedaqoji irs yalnız elmi tədqiqat predmeti kimi qalmır, həm də müəllim hazırlığının məzmununa çevrilirdi.

H.Əhmədovun Azərbaycan məktəb tarixinin öyrənilməsindəki fəaliyyətinin mühüm nəticələrindən biri “XIX əsr Azərbaycan məktəbi” fundamental araşdırmasıdır. Bu əsərdə həmin dövrdə məktəbin inkişafı, dünyəvi təhsil müəssisələrinin yaranması, müəllim hazırlığı, qadın təhsili, maarifçilik hərəkatı və pedaqoji fikir məsələləri geniş şəkildə tədqiq edilib.

H.Əhmədovun pedaqoji fəaliyyətini onun “Azərbaycan məktəbi” jurnalında dərc olunan yazılarından da izləmək mümkündür. Böyük alim 1955-2019-cu illər ərzində Azərbaycan pedaqoji mətbuatının əsas elmi tribunalarından olan jurnal ilə sıx əməkdaşlıq edib. Onun 2019-cu ildə dərc olunan “Azərbaycan məktəbi” jurnalının sələfləri və pedaqoji mətbuat tarixindəki xidmətləri” məqaləsində pedaqoji mətbuatın müəllimlərin elmi-pedaqoji və metodik hazırlığının yüksəldilməsində rolu xüsusi vurğulanır və pedaqoji fikir tarixinin öyrənilməsi təhsil praktikasının mühüm tərkib hissəsi kimi təqdim edilir.

H.Əhmədovun pedaqoji fəaliyyətinin mühüm nəticələrindən biri onun ətrafında formalaşan elmi-pedaqoji məktəbdir. Uzun illər ali məktəbdə fəaliyyət göstərən alim çoxsaylı tədqiqatçı və pedaqoji kadrların yetişməsində iştirak edib. Onun pedaqoji fəaliyyəti həm də elmi varisliyin formalaşdırılmasına yönəlib.

Alimin yetişdirdiyi tədqiqatçılar pedaqogikanın müxtəlif istiqamətlərində araşdırmalar apararaq onun yaratdığı ənənəni davam etdirirlər. Beləliklə, pedaqoji fəaliyyət bir müəllimdən başqa müəllimə, bir tədqiqatçıdan o birinə ötürülən elmi ənənəyə çevrilib.