MƏŞHUR FİZİKİN KİTABI AZƏRBAYCAN DİLİNDƏ İLK DƏFƏ NƏŞR OLUNDU




Məşhur amerikalı fizik, Nobel mükafatı laureatı Riçard Feynmanın müəllifi olduğu “Altı dərsdə fizika” kitabı Azərbaycan dilində ilk dəfə nəşr olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı redaksiyasının nəşrə hazırladığı kitabın baş redaktoru Arzu Soltan, məsul redaktoru və layihə rəhbəri Tariyel Süleymanovdur. Kitabı ingilis dilindən Yalçın İslamzadə tərcümə edib.

XX əsrin ən nüfuzlu fiziklərindən olan Riçard Feynman (1918-1988) kvant elektrodinamikasının inkişafındakı xidmətlərinə görə 1965-ci ildə Nobel mükafatına layiq görülüb.

Feynman 1961-1963-cü illərdə Kaliforniya Texnologiya İnstitutunda fizikanın tədrisinə dünya miqyasında təsir göstərən mühazirələr oxuyub. “Altı dərsdə fizika” kitabında onun məşhur “Fizika mühazirələri”ndən seçilmiş ən asan anlaşılan mühazirələri toplanıb. Bu klassik mühazirələrdə Feynman oxucuya atomlar, fundamental fizika, fizikanın digər elmlərlə əlaqəsi, enerji, qravitasiya və kvant mexanikası mövzularını izah edir. Parlaq və qeyri-adi zəkası ona mövzuları tənliklər və texniki jarqonlardan istifadə etmədən təqdim etmək imkanı verir.

Maraqlı nümunələr və illüstrasiyalarla zəngin olan “Altı dərsdə fizika” kitabı fizikanın əsaslarına bütün zamanların ən böyük elm adamlarından birinin qələmə aldığı ideal girişdir.

Kitab ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, fizika fakültələrinin tələbələri və fizika müəllimləri üçün nəzərdə tutulub.

“Azərbaycan məktəbi” jurnalının kitabxanası seriyasından nəşr olunan bu kitab təhsil müəssisələrinin kitabxanalarına hədiyyə ediləcək.