Uşaq hansı kitabı oxusun?




Daim özünü təkmilləşdirən, yeniliklərə və dəyişiklərə açıq şəxsiyyətlər yetişdirmək istəyən valideynlər övladlarının ibtidai məktəb illərindən mütaliə vərdişinə yiyələnməsi üçün səy göstərirlər. Əgər siz də bu valideynlərdənsinizsə, uşağınızla kitab mağazalarını gəzməzdən öncə kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş kitab siyahılarına göz gəzdirsəniz yaxşı olar.

 

Mütəxəssislərin araşdırmalarına görə, ibtidai məktəb dövründə oxunan kitabların seçimində diqqətli olmaq lazımdır. Bu yaşda ana dilindən səmərəli istifadəyə diqqət yetirmək yenicə oxumağa başlayan uşaqlarda dildən düzgün istifadə bacarığının inkişafına kömək edir.

Valideynlər müxtəlif mədəniyyətlərdən olan uşaq kitablarının yaxşı tərcümə olunduğundan əmin olmalıdır. Uşaqların dərs çıxara biləcəyi, tərbiyəvi və ibrətamiz hekayələr azyaşlılarda bu anlayışların formalaşmasına kömək edir.

Zəngin Azərbaycan ədəbiyyatı ilə yanaşı, müxtəlif mətbuat orqanlarının fərqli meyarlara görə kiçik yaşlı məktəblilər üçün hazırladığı xarici ədəbiyyat siyahıları var. Bizm hazırladığımız siyahıya azərbaycanlı oxuculara çox yaxşı tanış olan müəllif və kitablarla yanaşı, dünyada məşhur olub ölkəmizdə az tanınan müəlliflərin kitabları da daxildir:

- Antuan de Sent-Ekzüperi, “Kiçik şahzadə”

- Səməd Behrəngi, “Kiçik Qara balıq”

- Çarlz Dikkenss, Oliver Tvist

- Conatan Svift, Qulliverin səyahəti

- Astrid Lindqren, “Balaca və damda yaşayan Karlson”

- Fernts Molnar, “Pal küçəsinin uşaqları”

 

“Kiçik Şahzadə” – ilk dəfə 1943-cü ildə nəşr olunan bu kitab bir uşağın gözü ilə böyüklərin dünyasından danışır. Sahara səhrasında  Kiçik Şahzadə ilə qarşılaşan pilotun hekayəsi iyirmi yeddi fəsildən ibarətdir. Kiçik Şahzadə öz planetini və qızılgülünü tərk etdikdən sonra onların altı fərqli planetdə yaşadıqlarının şahidi olur. Kiçik Şahzadə səfər etdiyi planetlərdəki insanların yetkin həyat tərzini təsvir edir. Padşahın planetində avtoritet, rəssamın planetində sosial təcrid, sərxoşun hər şeyi unutmaq ümidsizliyi, biznesmenin planetə məqsədsiz sahiblik etmək istəyi, fənər planetində vəzifə həvəsi və coğrafiyaçının elm duyğusu var. “Kiçik Şahzadə” müxtəlif yaşlı oxucuların sevimli kitabları arasındadır.

“Kiçik şahzadə” öz əməlləri ilə uşaqlara planetə, yəni yaşadığın məkana necə qulluq etməyi göstərir. Baş qəhrəman öz planetində baobabları daim alaq otlarından təmizləyir. Müəllif burada alleqorik dillə alaq otlarını pis düşüncə, əməl və insan tənbəlliyi  kimi göstərib. O, oxucuya deyir ki, təbiətdə və cəmiyyətdə olan alaq otlarına qarşı həmişə mübarizə aparmaq lazımdır. Əks halda, onlar artaraq bütün planeti zəbt edəcək.

“Balaca qara balıq” - Balıq nənənin öyüd-nəsihəti ilə başlayan kitab yeni yerlər görmək istəyən balaca qara balığın hekayəsidir. Balaca qara balıq, anasının ona buradan başqa yer olmadığını deməsinə, digər balıqların da onu buradan kənara çıxmamağa çağırmasına baxmayaraq, yaşadığı hövzəni tərk etmək qərarına gəlir. Daha sonra macəralı səyahətə çıxan balaca qara balığın başına gələnlər oxuculara axıcı bir dillə təqdim edilir. S.Behrənginin bu ölməz əsəri illərlə İranda qadağan olunmuş ədəbiyyat siyahısına salınıb.

Böyüklərin yalvarışına, qonşuların məzəmmətinə əhəmiyyət verməyən balaca balıq durğun mühiti tərk etmək üçün özündə cəsarət tapır. Maneələri dəf edərək  dənizə çatır. Bu onun həsrətində olduğu geniş, azad dünyadır. Kitab uşaqlara mübarizlik, məqsədəyönlülük və hədəflərdən əl çəkməmək duyğuları aşılayır.

 

“Oliver Tvist”

Uşaq evində böyüyən Oliver Tvist yemək tapmaq üçün küçələrə düşür. O, bir qarın çörək üçün düzəldiyi iş yerində pis rəftara dözməyib oranı tərk edir. Sonra Feqinin və dəstəsinin əlinə keçən Oliver buradan xilas olmaq üçün çox macəralarla üzləşir. Oliver Tvist gözlənilməz bir həyatla üz-üzədir. Cazibədar bir macəra romanı olan əsər sosial ədalətsizliyin yaratdığı acınacaqlı vəziyyəti təsvir edir.  

Oliver həyatın ona qarşı amansızlığına baxmayaraq, mehribanlıq və dürüstlüyündən əl çəkmir. Dostu Çarlinin oğurluqdan əl çəkməsinə və əsl insan olmasına kömək edən Oliver həm də balaca oxucular üçün rol model sayıla bilər. Nə qədər çətin olsa da, işıq həmişə var.

“Qulliverin səyahəti”

 

Dörd fərqli səyahəti təsvir edən əsərdə Qulliver sıra ilə cırtdanların, nəhənglərin və elm adamlarının yaşadığı uçan adada olur. Kitabın dördüncü fəsli utopik ölkəyə səyahətdən bəhs edir. “Houyhnhnm”lər vicdanlı və sağlam bir sivilizasiya, “Yahoo” lər isə vəhşi cəmiyyətdir. Ölkəsinə qayıdan Qulliver buradakı adamların davranışlarına dözə bilmir və iki at alıb onlarla vaxt keçirir.

Qulliverin yeni dünyalar kəşf etməsi, onun sakinləri , yeni qanun və mədəniyyətləri ilə tanış olması uşaqları bilmədikləri sahələri, yerləri araşdırmağa sövq edir. Svift oxucularını Qulliver kimi dünyanı daha yaxşı bir yerə çevirmək cəhdlərindən əl çəkməməyə çağırır.

“Balaca və damda yaşayan Karlson”Heç bir qurğusu olmayan, amma havada rahat şəkildə uçan Karlson damda tüstü bacasının arxasında yerləşən balaca evcikdə yaşayır.

Psixoloqların təsbitinə görə,  “Karlson sindromu”  3-7 yaşlı uşaqların xəyali dosta ehtiyac duyduqlarını göstərən psixoloji xüsusiyyətdir. Uşağınızın xəyali dosta olan ehtiyacını real dostla – kitablarla ödəyə bilərsiniz.

Kitab uşaqlara dostluğu, möcüzələrə inanmağı və bağışlamağı öyrədir.

 

 “Pal küçəsinin uşaqları”

 

Birinci dünya müharibəsindən sonra Budapeştdə dağıdılan şəhərin bərpasına başlanılır. Yaşadıqları məhəllədəki boş torpaq sahəsində oynayan uşaqlar oyun meydançası uğrunda mübarizə aparır. Kitab iki uşaq dəstəsi - “Pal küçəsinin oğlanları” və “Qırmızı köynəklilər” arasındakı torpaq mübarizəsindən bəhs edir. Müəllif namus, fədakarlıq, qorxaqlıq və xəyanət kimi mövzulara tooxunur.

Müəllif  oxucularına dostluq, qarşılıqlı yardım və birlikdə mübarizənin sonda qələbə ilə nəticələnəciyini  çatdırmaq istəyib.