“RUH ÜÇÜN DƏRMANLAR”
Kitabın xəstəliklərin müalicəsində bir vasitə olduğunu bilirsinizmi?
Bu dəfəki yazımız biblioterapiya haqqındadır.
"Biblioterapiya" latınca "kitab" mənasını verən “biblio” və Avropa dillərində müalicə kimi tərcümə olunan "terapiya" sözlərindən yaranıb. Beləliklə, psixoterapiya və ədəbiyyatşünaslığın vəhdətindən yaranan biblioterapiya kitab terapiyası deməkdir.
Biblioterapiya art-terapiya sahələrindən biri olmaqla tibbdə və psixoterapiyada köməkçi terapevtik vasitə kimi çıxış edir. Həkimlərin fikrincə, xüsusi seçilən ədəbiyyatın köməyi ilə insanlara psixoloji yardım etmək mümkündür.
Bir insanın vəziyyətindən asılı olaraq ona klassik və ya müasir, macəra və ya dedektiv, şeir və ya nəsr ədəbiyyatı tövsiyə oluna bilər.
Biblioterapevtik təsir insanın özünü əsərin müəyyən personajları ilə müqayisə etməyə, empatiya duyğularının yaranmasına yardım edir. Nəticədə insan emosional sərbəstlik qazanır və həyata daha optimist baxır.
Mütaliə insanın sosiallaşmasına və başqaları ilə münasibətlərinə faydalı təsir göstərir. Psixoterapevtlərin qənaətinə görə, biblioterapevtik effekt təkcə oxucu ilə əsərin personajlarının xarakterinin üst-üstə düşməsi hesabına deyil, həm də onların ziddiyyət təşkil etdiyi halda da əldə edilir. Bu da insanın öz xarakterini daha yaxşı anlamasına kömək edir.
Bu gün biblioterapiyanın üç əsas sahəsi var:
- Biblio tədqiqatlar – biblioterapiya xəstəlik və ya fiziki ağrılar haqqında düşüncələrdən yayındırmaq üsulu kimi.
Xəstənin mütaliəsi üçün xüsusi təlimat yoxdur və o, kitab seçimində sərbəstdir.
- Biblioterapiya psixoterapiyanın elementi kimi. Burada proses psixoterapevt və ya psixiatr tərəfindən aparılır.
- Biblioterapiya nevroz və somatik xəstəliklərin müalicəsində köməkçi kimi çıxış edir. Prosesdə həm psixoterapevt, həm də biblioterapevt iştirak edir.
Biblioterapiya fərdi və qrup şəklində aparıla bilər. Fərdi formada proses insanın ehtiyac və imkanlarına uyğunlaşdırılır, söhbət və kitab müzakirələrinin qrafiki tərtib edilir.
Qrup biblioterapiyası oxu klubunun fəaliyyət göstərdiyi kitabxanada və ya insanların müəyyən müddət ərzində qaldığı sanatoriyalarda tətbiq olunur. Müvafiq olaraq, fərdlər üçün 5-7, qrup terapiyalarında isə 2-3 kitab tövsiyə olunur.
Daha yaxşı nəticə əldə etmək üçün bəzən biblioterapiya, musiqi terapiyası və art-terapiya eyni vaxtda istifadə olunur.
Biblioqraf və həkimlərin ümumi rəyinə görə, əslində biblioterapiya çox qədim tarixə malikdir. Belə ki, qədim Misir fironu II Ramzesin kitabxanasının girişinə “Ruh üçün dərmanlar” yazılıbmış. Əlbəttə ki, bu, hələ müasir formada biblioterapiya deyildi, lakin artıq o dövrdə də oxumağın insan ruhuna və bədəninə müsbət müalicəvi təsirini anlayırdılar.
Orta əsrlərdə tibb müəssisələrində kitablardan istifadənin tarixi sübutları indiyədək qorunub saxlanılıb. Məsələn, XIII əsrdə Qahirə xəstəxanasında xəstələrə Quran oxumaq tövsiyə olunurdu və bu mütaliə müalicə prosesinin tərkib hissələrindən biri sayılırdı.
XVIII əsrdə Avropada psixiatriya klinikalarındada blioterapiyadan istifadə olunurdu. Güman edilirdi ki, uydurulmuş süjetlə tanışlıq əsəbləri sakitləşdirməyə və gələcək normal həyata qayıtmağa yardım edəcək.
“Biblioterapiya” terminini ilk dəfə 1916-cı ildə amerikalı ilahiyyatçı və tədqiqatçı Samuel MakHord Krothers (1857-1927) işlədib.
Biblioterapiyada – fərqli janrlar fərqli məqsədlər üçün tövsiyə olunub:
- Dedektiv və macəra ədəbiyyatı - təşvişdən və narahat ruh halından xilas olmaq;
- Sevgi lirikası - problemlərdən qaçmaq, enerjini yüksəltmək və öz yolunu tapmaq;
- Yumoristik və satirik ədəbiyyat - müsbət emosiyalara sahib olmaq və psixoloji müdafiəni gücləndirmək;
- Elmi fantastika ədəbiyyatı – təfəkkür və təxəyyülü stimullaşdırmaq;
- Tarixi ədəbiyyat – həyatda öz məqsədlərinə nail olmaq yollarını tapmaq;
- Mənəvi və dini ədəbiyyat – tolerantlığı və xeyriyyəçiliyi təbliğ etmək;
- Heyvanlar haqqında ədəbiyyat - sakitlik və sülh üçün;
- İncəsənət haqqında ədəbiyyat - müsbət emosiyalar almaq və ətrafımızdakı dünyanın gözəlliyinə heyran olmaq;
- Klassik bədii ədəbiyyat çox yönlü və müxtəlif təsirlərə malikdir;
- Dövri mətbuat – analitik və tənqidi təfəkkürün inkişafı və öz vəziyyətinin düzgün qiymətləndirilməsi üçün;
- Atalar sözləri, aforizm topluları, folklor – keçmiş nəsillərin müdrikliyindən yararlanmaqla vəziyyəti yüngülləşdirmək;
- Nağıllar – uşaqlarla işləmək üçün;
- Konkret bir məsələ ilə bağlı xüsusi kitab topluları - əlillər, ağır xəstəliyə qalib gəlmiş insanların həyat hekayələri və s.
Kitabın insan sağlamlığına müsbət təsiri ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Həmin araşdırmalardan birinə görə, gündə 6 dəqiqə kitab oxumaq infarkt riskini azaldır, insultdan sonra sağalma prosesini sürətləndirir. Mütəxəssislərin fikrincə, insult keçirmiş mütaliə həvəskarları kitab oxumayanlara nisbətən daha tez sağalırlar.
Tədqiqatçılar müəyyən ediblər ki, mütaliə Alzheymer kimi xəstəliklərin inkişaf riskini 40 faizə qədər azaldır. Oxuma prosesində iştirak edən beynin hər iki yarımkürəsi, frontal lobları, başqa orqanlarla yanaşı, ürəyin fəaliyyəti və nəfəsalma qabiliyyətinə də təsir göstərir. Məhz buna görə də mütaliə ürək və tənəffüs sisteminin yaxşı işləməsi üçün zəruri sayılır.
E.I. Blauvelt və Ş.İ. Helvitz uşaqlar arasında depressiya və narahatlıq hallarının müalicəsinin əsas istiqaməti kimi biblioterapiyanı “əlverişli psixoloji yardım mənbəyi” kimi vurğulayıblar.
Həkimlərin fikrincə, biblioterapiya yeniyetmələrin müalicəsində daha təsirlidir. Depressiyadan əziyyət çəkən uşaqların tez-tez qarşılaşdıqları şəxsiyyətlərarası problemlərin həlli üçün ailə biblioterapiyası da yaxşı nəticələr verir. Burada sağlamlaşmış ailə münasibətləri, uşaqlarda depressiya və narahatlığın azalması müşahidə olunur.
Pedaqoji psixologiya istiqamətində araşdırmaların müəllifi E.I. Blauvelt biblioterapiyada məktəblilərə aşağıdakı əsərləri oxumağı tövsiyə edib: O.de Balzakın “Qobsek”, C.Oruellin “Heyvan ferması”, C.Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”, H.X. Andersenin nağılları və s.
Odur ki, kitablara sadəcə mütaliə vasitəsi kimi deyil, həm də sağlamlığa müsbət təsir edən bir yol kimi baxmaq lazımdır.