DİNOZAVR HƏVƏSKARLARI DAHA AĞILLIDIR?




Bir çox valideynlər övladlarının müəyyən mövzulara həddindən artıq maraq göstərdiyinin şahidi olurlar. Bəzən uşaq günlərlə yalnız dinozavrlar, kosmos, qatarlar, heyvanlar və ya avtomobillər haqqında danışır, film izləyir, kitab oxuyur, suallar verir və oyuncaqlar toplayır. Uzun müddət bu cür maraqlar sadəcə uşaqlıq həvəsi kimi qəbul edilsə də, son iyirmi ildə aparılan elmi tədqiqatlar göstərir ki, belə intensiv maraqlar uşaqların idrak inkişafı ilə sıx bağlı ola bilər.

Xüsusilə dinozavrlara böyük maraq göstərən uşaqlar haqqında yayılan “onlar daha yüksək IQ-yə malik olurlar” fikri diqqət çəkir. Bəs elm bu barədə nə deyir?

Amerikalı alimlər J.M. Aleksandr və K.E. Consonun apardığı “Kiçik uşaqlarda konseptual maraqların inkişafı” (“The Development of Conceptual Interests in Young Children”) adlı araşdırma göstərir ki, bəzi uşaqlar kiçik yaşlardan müəyyən sahələrə qarşı dərin və davamlı maraq formalaşdırırlar. Alimlər bu maraqları “konseptual maraqlar” adlandırırlar. Dinozavrlar, kosmos, heyvanlar, qatarlar və texnika kimi sahələr buna misal ola bilər. Araşdırma zamanı 4-6 yaşlı 200-dən çox uşaq iki il ərzində müşahidə edilib. Nəticələr göstərib ki, uşaqların bir hissəsi seçdikləri sahə haqqında sistemli şəkildə məlumat toplayır və bu marağı uzun müddət qoruyub saxlayır.

Lakin bu araşdırmada birbaşa olaraq “dinozavr həvəskarı olan uşaqların IQ-su daha yüksəkdir” kimi nəticə çıxarılmır. Tədqiqat daha çox göstərir ki, belə uşaqlar müəyyən sahədə dərin bilik əldə edir, diqqəti uzun müddət saxlaya bilir və öyrənməyə yüksək motivasiya nümayiş etdirirlər. Başqa sözlə, məsələ yalnız zəka göstəricisi deyil, həm də öyrənmə davranışları ilə bağlıdır.

Bu mövzuda daha əvvəl aparılmış “Konseptual sahələrdə güclü maraqların erkən yaranması ilə əlaqəli amillər” (“Factors associated with the early emergence of intense interests within conceptual domains”) adlı araşdırmada isə alimlər 211 məktəbəqədər yaşlı uşağın maraqlarını və idrak xüsusiyyətlərini öyrəniblər. Nəticələr göstərib ki, konseptual maraqları olan uşaqlar – məsələn, dinozavrlar və ya heyvanlar haqqında xüsusi biliklər toplayan uşaqlar – müəyyən idrak testlərində daha yüksək nəticələr əldə edirdilər. Eyni zamanda ailə mühiti, valideynlərin ünsiyyəti və uşağın sərbəst oyun imkanları da bu maraqların inkişafında mühüm rol oynayıb.

Mütəxəssislər qeyd edir ki, yüksək maraq ilə idrak inkişafı arasında əlaqə olsa da, burada səbəb-nəticə münasibəti tam aydın deyil. Ola bilər ki, daha yüksək idrak qabiliyyətinə malik uşaqlar müəyyən sahələrə daha çox maraq göstərirlər. Başqa tərəfdən, dərin maraq da uşağın öyrənmə və düşünmə bacarıqlarını inkişaf etdirə bilər.

Dinozavrlarla maraqlanan uşaqlar niyə diqqət çəkir? Bunun əsas səbəbi onların çox vaxt “kiçik ekspertlərə” çevrilməsidir. Amerikalı psixoloq Mişel Çi (Michelene Chi) və həmkarlarının araşdırmaları göstərib ki, bəzi uşaqlar dinozavrlar haqqında o qədər geniş məlumat toplayırlar ki, bu sahədə onların bilikləri bir çox böyüklərdən daha çox olur. Hətta müəyyən məntiq və təsnifat tapşırıqlarında dinozavr bilikləri olan uşaqlar böyüklərlə eyni səviyyədə nəticə göstərə bilirlər.

Bu hadisə “sahəyə xas ekspertlik” adlanır. Uşaq müəyyən mövzuda çox məlumat topladıqca yaddaşı güclənir, məlumatları qruplaşdırmağı öyrənir və səbəb-nəticə əlaqələri qurur. Məsələn, dinozavrları sevən bir uşaq onların yaşadığı dövrləri, qidalanma xüsusiyyətlərini, növlərini və ölçülərini müqayisə etməyi öyrənir. Bu isə təsnifat, məntiqi düşünmə və analiz bacarıqlarını inkişaf etdirir.

Aleksandr və Johnsonun apardığı başqa bir araşdırmada bağça yaşlı uşaqlara dinozavrlar haqqında xüsusi proqram tətbiq olunub. Tədqiqat göstərib ki, uşaqların sahə üzrə bilikləri artdıqca onların strateji düşünmə qabiliyyətləri də inkişaf edir. Maraqlıdır ki, yüksək IQ göstəricisinə malik uşaqlar ümumi strategiyalardan daha yaxşı istifadə etsələr də, dinozavrlar haqqında geniş biliklərə malik uşaqlar konkret problemlərin həllində daha uğurlu olublar.

Son illərin araşdırmaları da maraq və öyrənmə arasındakı əlaqəni təsdiqləyir. 2025-ci ildə aparılan başqa bir tədqiqat göstərib ki, dinozavr sərgisini ziyarət edən və bu mövzuya yüksək maraq göstərən uşaqlar məlumatları daha yaxşı yadda saxlayır və daha çox fakt xatırlayırlar. Başqa sözlə, maraq yaddaşı gücləndirən amillərdən biridir. Son araşdırmalarda müəyyən olunub ki, valideynlərin uşaqlarla dinozavrlar və elm mövzularında söhbət etməsi onların marağını və elmi fəaliyyətlərdə iştirakını artırır. Bu nəticə bir daha göstərir ki, uşağın marağını dəstəkləyən ailə mühiti idrak inkişafı üçün vacibdir.

Pedaqoqların fikrincə, valideynlər uşaqların bu cür maraqlarını sadəcə hobbi kimi deyil, öyrənmə imkanı kimi qiymətləndirməlidirlər. Əgər uşaq dinozavrlara maraq göstərirsə, ona kitablar almaq, muzeylərə aparmaq, birlikdə sənədli filmlər izləmək və suallarına cavab vermək faydalı ola bilər. Bu cür fəaliyyətlər uşağın təkcə biliklərini deyil, həm də dil, yaddaş, məntiq və tədqiqat bacarıqlarını inkişaf etdirir.

Beləliklə, “dinozavr həvəskarı olan uşaqlar daha yüksək IQ-yə malikdir” fikri tam şəkildə elmi fakt kimi təsdiqlənməsə də, tədqiqatlar göstərir ki, belə uşaqlar çox vaxt yüksək idrak fəallığı, güclü yaddaş, uzunmüddətli diqqət və öyrənməyə böyük həvəs nümayiş etdirirlər. Ən vacib nəticə isə budur: uşağın güclü marağı onun gələcək öyrənmə potensialının açarı ola bilər. Bəlkə də bu gün dinozavrlar haqqında saysız-hesabsız suallar verən bir uşaq sabahın alimlərindən, mühəndislərindən və ya tədqiqatçılarından biri olacaq.