“AĞILLI TELEFON” HANSI YAŞDA ALINMALIDIR?




Bu sual uzun müddətdir ki, həm valideynlərin, həm də pedaqoqların diqqət mərkəzindədir. Azyaşlıya telefon alınması zərurəti adətən valideynlərin  məktəb yaşına çatan övladları ilə ardıcıl təmasda olmaq istəyindən yaranır.

Smartfonlardan istifadə yaşı valideynlərin beynində hər zaman sual işarəsi yaradır. Dövrümüzün məşhur  insanları və texnologiya dünyasının yaradıcıları ağıllı telefonlardan erkən yaşda istifadə etməyi tövsiyə etmirlər. Məsələn,  Bill Qeytsin yanaşmasına görə smartfondan 14 yaşdan əvvəl istifadə olunmamalıdır.

İnkişaf üzrə mütəxəssislər və psixoloqlar hesab edirlər ki, texnoloji cihazlar intellekt, inkişaf və xüsusilə də sosiallaşma ilə bağlı problemlər yaradır. Odur ki, xüsusilə 6 və daha kiçik yaşlı uşaqların smartfonlarla birbaşa təmasını yolverilməz sayırlar. Əgər telefondan təhsil məqsədilə istifadə olunursa, onda onunla işləmək üçün  gün ərzində yalnız bir saata yaxın vaxt ayrıla bilər.

Məktəb mühitində uşaqların daim müəllim nəzarətində olduğunu nəzərə alsaq, əslində onlara ağıllı telefon alınmasını təxirə salmaq olar. Ekspertlərin fikrincə, uşaqlara smartfon almaq üçün yaş həddi ən azı 12 olmalıdır. Bu halda valideynlər uşaqlarla telefondan istifadə ilə bağlı riayət olunmalı qaydaları müzakirə etməlidirlər. Əsas odur ki, qaydalar birtərəfli qaydada müəyyənləşdirilməsin, qarşılıqlı müzakirənin nəticəsində qoyulsun.

Məlum olduğu kimi, telefon uşaqların diqqətini yayındıran amildir. Sosial mediadan, dostlardan və müxtəlif proqramlardan gələn bildirişlər uşaqların diqqətini yayındırır. Bu səbəbdən məktəbə telefon aparan uşağın dərs saatlarında telefondan istifadə etməməsi vacibdir. Bundan əlavə, internetdə filtrləmə funksiyalarından istifadə etmək faydalı olardı. Telefonun uşağın yaşına uyğun istifadəsi üçün gündəlik vaxt limitinin təyin edilməsi də vacibdir. Övladlarınızın təhlükəsizliyi üçün onların telefon istifadəsi tarixçəsini yoxlamaq faydalı ola bilər. Bu cür yoxlamaların nəzarət üçün deyil, əslində onların təhlükəsizliyi üçün vacib olduğu uşaqlara izah edilməlidir.

Niderland araşdırma şirkətləri 11-15 yaşlı uşaqlar arasında aparılan sorğunun nəticələrinə istinadən bildirirlər ki, telefonlar valideynlərdə təhlükəsizlik hissini artırır, uşaqları isə müstəqil qərarlar verməyə sövq edir. Eyni zamanda telefonlar musiqi dinləmək, ailə üzvləri və dostlarla əlaqə saxlamaqla təcrübələrini bölüşmək üçün bir vasitədir.

BBC-nin paylaşdığı bir araşdırmada, yeniyetməlik dövründə sosial mediadan istifadənin daha sonrakı yaşlarda həyatdan məmnunluqla əlaqəli olduğu göstərilib.

Tədqiqatçılar 10-21 yaş arası 17000-dən çox iştirakçının məlumatlarını təhlil edərkən belə qənaətə gəliblər ki, qızlar üçün 11-13, oğlanlar üçün 14-15 yaşlarında sosial mediadan istifadə bir ildən sonra həyatdan məmnunluğu azaldır. Bu yaşda sosial mediadan daha az istifadə edən qrupun həyatdan məmnunluq göstəriciləri daha yüksək olub.

Mütəxəssislər ailələrlə məsləhətləşmələrdə  bildiriblər ki, sosial medianın uşaqlara və yeniyetmələrə təsirinə yaşdan başqa digər amillər də təsir edə bilər. Burada uşaqların inkişafı, fərqli ailələrdə yaşaması, sosial mediadan fərqli istifadə kimi bir çox başqa parametrlər də var.

Smartfonların düşünüldüyü qədər zərərli olmadığını söyləyən başqa tədqiqatda isə əsas diqqəti yaşa deyil, telefondan necə və hansı məqsədlə istifadə olunmasına yönəldiblər.

Onlar smartfon işlədən uşaqların valideynlərinə bir neçə tövsiyə veriblər:

  • Uşağınızın izlədiyi məzmun nəzarətdə saxlanmalı və yaşına uyğun seçilməlidir;
  • Telefon müəyyən şərtlərlə istifadə olunmalıdır. Məsələn, müəyyən saatdan sonra, yemək zamanı, ev tapşırığı bitmədən istifadə etməmək;
  • Hələ smartfonu olmayan azyaşlıların böyüklərin telefonundan istifadəsinə də məhdudiyyətlər qoyulmalıdır;
  • Telefonda təhsil məzmunu seçilməlidir. Övladınızın oynadığı oyunları və baxdığı filmləri daha çox siz seçməlisiniz. Təəssüf ki, internetdə çoxlu dezinformasiya və zərərli məzmun mövcuddur. Buna görə də, uşağınız hansısa sayta və ya məzmuna baxmazdan öncə siz onu diqqətlə izləsəniz, yaxşı olar.
  • Oyunları yükləyərkən, açarkən və telefondan istifadə edərkən övladınıza müvafiq məlumatları verin ki, o, yanlış məzmuna daxil olmasın.

Bu tövsiyələr uşaqların yaşına uyğun olmayan materiallarla rastlaşmasının, mənəvi zədə almasının qarşısını ala bilər.