YAY TƏTİLİ DƏ ÖYRƏDİR




Adətən valideynlər övladlarının yay tətilindən sonra öyrəndiklərini unudub-unutmayacaqları ilə bağlı narahat olurlar. Bu narahatlıq təsadüfi deyil. Təhsil psixologiyası sahəsində aparılan araşdırmalar göstərir ki, uzun müddət akademik fəaliyyətlə məşğul olmayan uşaqlarda müəyyən bilik və bacarıqların zəifləməsi müşahidə olunur. Alimlər bu fenomeni “yay geriləməsi” (summer learning loss və ya summer slide) adlandırırlar.

ABŞ-də təhsil üzrə tədqiqatçı Harris Cooper və həmkarlarının apardığı meta-analiz göstərib ki, yay tətili ərzində bir çox şagird əvvəlki tədris ilində qazandığı akademik biliklərin müəyyən hissəsini itirir. Xüsusilə riyaziyyat bacarıqlarında geriləmə daha çox nəzərə çarpır. Oxu bacarıqları isə əsasən, uşağın yay ərzində nə qədər kitab oxumasından və intellektual fəaliyyətlə məşğul olmasından asılı olaraq dəyişir.

Lakin bu o demək deyil ki,  valideynlər yay tətilini ikinci məktəb semestrinə çevirməlidirlər. Əksinə, müasir pedaqoji yanaşmalar göstərir ki, uşağın dincəlməsi onun zehni inkişafı üçün ən az öyrənmək qədər vacibdir. Əsas məsələ istirahətlə öyrənmə prosesi arasında balans yaratmaqdır.

Neyropsixoloqlar bildirirlər ki, beyin də əzələlər kimi istifadə edilmədikdə zəifləyə bilir. Bununla belə, beyinin məlumatı tamamilə “silməsi” baş vermir. Daha çox həmin biliklərə çıxış zəifləyir. Qısa və müntəzəm təkrarlar isə həmin məlumatların yenidən aktivləşdirilməsinə kömək edir.

Araşdırmalar göstərir ki,  saatlarla dərs oxumaqdansa, qısa, lakin davamlı məşğələlər daha effektiv nəticə verir. Buna görə də mütəxəssislər yay aylarında gündə 15-20 dəqiqəlik öyrənmə fəaliyyətini kifayət qədər faydalı hesab edirlər. Bu müddət uşağın diqqətini yormur, eyni zamanda beyinin “öyrənmə ritmini” qoruyur.

Təhsil üzrə mütəxəssislər hesab edirlər ki, uşaqlar real həyat situasiyalarında daha səmərəli öyrənirlər. Buna görə də yay aylarında dərsləri kitablardan çox gündəlik həyatın içinə yerləşdirmək məqsədəuyğundur. Məsələn, marketdə alış-veriş zamanı qiymətlərin toplanması, endirim faizlərinin hesablanması və ya büdcənin planlaşdırılması uşağın riyazi düşünmə bacarıqlarını inkişaf etdirir. Psixoloqlar hesab edirlər ki, bu cür praktiki tapşırıqlar məktəbdə öyrənilən biliklərin gündəlik həyatla əlaqəsini gücləndirir.

Səyahətlər isə coğrafiya və tarix dərslərini canlı şəkildə öyrənmək üçün ideal fürsətdir. Gedilən rayonların təbiəti, tarixi abidələri, iqlimi və yerli adət-ənənələri haqqında söhbətlər uşağın məlumat bazasını genişləndirir və öyrənmə prosesini maraqlı macəraya çevirir.

Yay geriləməsi ilə bağlı aparılan tədqiqatların əksəriyyəti göstərir ki, kitab oxuyan uşaqlar yeni dərs ilinə daha hazırlıqlı başlayırlar. Xüsusilə sərbəst seçilmiş bədii kitablar uşağın həm söz ehtiyatını, həm də mətn anlama bacarığını inkişaf etdirir.

Mütəxəssislər valideynlərə uşaqları məcbur etmək əvəzinə, onların maraq dairəsinə uyğun kitablar seçməyi tövsiyə edirlər. Dinozavrları sevən uşaq üçün həmin mövzuda ensiklopediya, futbol həvəskarı üçün idman hekayələri, macəra sevənlər üçün isə yaşına uyğun romanlar oxumaq motivasiyanı artırır.

Hər gün cəmi 20 dəqiqə kitab oxumaq belə uzunmüddətli perspektivdə uşağın akademik uğurlarına müsbət təsir göstərə bilər.

Uşaq psixologiyası sahəsində aparılan tədqiqatlar göstərir ki, oyun zamanı öyrənilən biliklər daha uzun müddət yadda qalır. Bunun səbəbi oyunun beyində müsbət emosiyalar yaratması və motivasiyanı artırmasıdır. Şahmat strateji düşünməni və diqqəti inkişaf etdirir. Stolüstü söz oyunları lüğət ehtiyatını genişləndirir və düzgün yazı bacarığını möhkəmləndirir. Maliyyə mövzulu oyunlar isə hesablamanı, planlaşdırmanı və qərarvermə bacarıqlarını gücləndirir.

Rəqəmsal texnologiyalar da düzgün istifadə edildikdə faydalı ola bilər. Təhsil mütəxəssisləri ekran vaxtının kiçik hissəsinin xarici dil, məntiq və ya problem həlletməyə yönəlmiş öyrədici tətbiqlərə ayrılmasının uşaqlar üçün müsbət nəticə verdiyini bildirirlər.

Psixologiyada “yazaraq öyrənmə effekti” adlanan yanaşmaya görə, əl ilə yazmaq məlumatın daha yaxşı yadda qalmasına kömək edir. Yay tətilində uşağın hər gün bir neçə cümlə yazması həm yazı sürətini, həm də fikir ifadə etmə bacarığını qoruyur. Bunun üçün xüsusi tapşırıqlara ehtiyac yoxdur. Sadəcə rəngarəng bloknot alıb onu “Tətil gündəliyi” elan etmək kifayətdir. Uşaq həmin gün gördüyü maraqlı hadisəni, izlədiyi filmi və ya etdiyi gəzintini qısa şəkildə qeyd edə bilər. Bu proses həm yaradıcılığı inkişaf etdirir, həm də yazı vərdişini canlı saxlayır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, yay tətilində həddindən artıq akademik təzyiq əks nəticə verə bilər. Uşaq dərsi cəza kimi qəbul etdikdə onun öyrənməyə marağı azala və məktəbə münasibəti mənfi istiqamətdə dəyişə bilər.

Buna görə valideynlərin əsas məqsədi qiymət yox, maraq yaratmaq olmalıdır. Kiçik nailiyyətləri tərifləmək, səhvləri isə öyrənmənin təbii hissəsi kimi qəbul etmək uşağın daxili motivasiyasını gücləndirir. Psixoloqlar qeyd edirlər ki, müsbət emosiyalarla öyrənilən məlumat daha uzun müddət yadda qalır.

ABŞ-nin “National Bureau of Economic Research” jurnalında dərc olunan araşdırmalara görə, yay tətilində biliklərin müəyyən hissəsinin unudulması normal hal hesab olunur. Mütəxəssislər bildirirlər ki, bu geriləmənin qarşısını almaq üçün gündə cəmi 15-20 dəqiqə kitab oxumaq, qısa təkrarlar etmək, riyazi bacarıqlardan gündəlik həyatda istifadə etmək və yazı vərdişini qorumaq kifayət qədər faydalı ola bilər. Ən əsası isə odur ki, tətil öz mahiyyətini itirməsin. Çünki uşağın zehni inkişafı üçün istirahət, oyun, ailə ilə keyfiyyətli vaxt keçirmək və yeni təcrübələr qazanmaq da dərslər qədər vacibdir. Balanslı yanaşma həm uşağın psixoloji rifahını qoruyur, həm də onun öyrənməyə olan marağını növbəti tədris ili üçün canlı saxlayır.