DÜNYAYA “ZƏRİF MÜHƏNDİSLƏR” LAZIMDIR




11 oktyabr Beynəlxalq Qızlar Günüdür.

Bu əlamətdar gün 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd edilir.

Beynəlxalq Qızlar Gününün məqsədi qızların üzləşdiyi problemlərin həlli, onların səlahiyyətlərinin genişləndirilməsi, hüquqlarının həyata keçirilməsinin zərurəti barədə məlumatlılığı artırmaqdır.

BMT sənədlərində göstərilir ki, bu gün 600 milyondan çox yeniyetmə qızın səlahiyyətlərinin artırılmasına sərmayə qoymaq onların hüquqlarının təmin edilməsinə, iqlim dəyişikliyi ilə mübarizədə, siyasi münaqişələrin həllində, iqtisadi artıma təkan verməkdə, xəstəliklərin qarşısının alınmasında və davamlı inkişafda daha ədalətli və firavan gələcək vəd edir.

BMT-nin 2024-cü ildə Qızlar Günü üçün mövzusu “Qızların gələcəyə baxışı”ıdır.

Bu mövzu qızların gücü və gələcəyə baxışları ilə dəstəklənən tədbirlərə ehtiyacı əks etdirir. Beynəlxalq qurumların açıqlamasında qeyd olunur ki, hazırda qızların bir çoxunun hüquqlarından məhrum edilməsi, imkanlarının məhdudlaşdırılması və gələcəklərinin təhlükə altına alınması davam edir.

  • BMT-nin son statistikasına görə, hər 10 qızdan 4-ü orta məktəbi bitirə bilmir.
  • Aşağı gəlirli ölkələrdə yeniyetmə qızların və gənc qadınların təxminən 90 faizi internetdən istifadə etmədiyi halda, əks cinsin nümayəndələrinin internetə çıxışı iki dəfə çoxdur.
  • Qlobal miqyasda 5-14 yaşlı qızlar eyni yaşda olan oğlanlara nisbətən ev işlərinə daha çox vaxt sərf edirlər.
  • Hər 4 yeni HİV infeksiyasından 3-ü qızların payına düşür.
  • Ailə qurmuş 15-19 yaşlı hər 4 yeniyetmə qızdan 1-i həyatında ən azı bir dəfə fiziki və ya cinsi zorakılığa məruz qalıb.
  • COVID-19 pandemiyasından əvvəl, mütəxəssislər növbəti onillikdə 100 milyon qızın uşaq yaşda nikaha girməsi riski ilə bağlı xəbərdarlıq edirdilər. İndi risk altında olan qızların sayı 10 milyon artıb.

Yeniyetmə qızlar bir çox kontekstlərdə onlara təsir edən qərarlarda söz sahibi deyillər. Nəticədə qızların spesifik ehtiyaclarına cavab verməyən proqram və xidmətlər onların tam potensialının reallaşdırılmasına mane olur. Qlobal miqyasda təxminən 1 milyard qız və qadın sürətlə dəyişən əmək bazarlarında uğur qazanmaq üçün lazım olan bacarıqlara malik deyil. 15-19 yaşlı hər 10 oğlandan 1-inin, eyni yaşda olan qızların isə hər 4-dən 1-nin nə işi, nə də təhsili və ya peşəsi var.

Bu ürək açmayan statistikaya baxmayaraq, beynəlxalq institutların son araşdırmaları göstərir ki, qızlar böhran qarşısında nəinki cəsarətlə dayanır, eyni zamanda gələcəyə inam və qətiyyətlə baxmağa davam edirlər. Qızlar stereotiplər və istisnaların yaratdığı sərhəd və maneələri uğurla aşırlar. Onlar sahibkar, novator və qlobal hərəkat liderləri kimi daha yaxşı bir dünya yaradırlar. Hər bir qızın qorunduğu, hörmət edildiyi, bərabər hüquq və imkanların verildiyi bir dünya haqqında öz baxışlarını reallaşdırmaq üçün qızlar konkret addımlar atırlar. Lakin bu işdə onlar tək qala bilməzlər. Qızların yanında müttəfiqləri olmalıdır. Dünyada 1,1 milyarddan çox qızın sonsuz potensialı var. Düzgün dəstək, resurslar və imkanlarla liderliyə nail olan qızların ailələri və gələcəyinin daha parlaq olduğunu zaman təsdiqləyib.

Odur ki, beynəlxalq qurum və fondlar qızların təhsili, peşəyönlü bacarıqlara yiyələnməsi ilə bağlı qlobal layihələr həyata keçirirlər. Gələcək işçi qüvvəsinin elm, texnologiya, mühəndislik, riyaziyyat (STEM) və sosial sahibkarlığa diqqət yetirəcəyi proqnozlaşdırılır. Dünya üzrə iş yerlərinin 90 faizindən çoxu rəqəmsal komponentə malikdir, lakin qızların, xüsusən də yeniyetmə qızların kişilərin üstünlük təşkil etdiyi bu sahələrdə uğur qazanmaları üçün seçimləri məhduddur. Statistikaya görə, hazırda qadınlar ali təhsil səviyyəsində elm, texnologiya, təhsil və riyaziyyat (STEM) məzunlarının yalnız 35 faizini təşkil edir. Buna cavab olaraq həm BMT İnkişaf Proqramı, həm də UNICEF qızların gələcək həyatına təsir etməli olan layihələr həyata keçirirlər.

UNICEF “Skills4Girls Portfolio” layihəsi hazırda 20-dən çox ölkədə qızların XXI əsrin əmək bazarında tələb olunan bacarıqlarının formalaşdırılmasına yönəlib. “Skills4Girls” 2019-cu ildən bəri 9,5 milyondan çox qızın həyatına təsir edib. Məqsəd 2025-ci ilə 11,5 milyon yeniyetmə qıza çatmaqdır.

“Skills4Girls” əslində UNICEF-in 2022-2025-ci illər üzrə Gender Fəaliyyət Planında hədəflənən prioritetdən biri kimi qızların təhsilinə və bacarıqlarına investisiya qoyuluşu sayıla bilər. Layihə problem həll etmək, danışıqlar aparmaq, özünə hörmət və ünsiyyət kimi həyat bacarıqlarına əlavə olaraq, STEM, rəqəmsal texnologiyalar və sosial sahibkarlıq kimi sahələrdə qızların bacarıqlarını inkişaf etdirir.

Azərbaycanda da 11 Oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə bir sıra layihələr həyata keçirilir. Bu layihələrin məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, onların müasir təhsil imkanlarından faydalanmasına yardım göstərməkdir. 2021-ci ildən Ailə, Qadın və Uşaq Problemləri Komitəsi qızların təshilinə dəstək layihəsi həyata keçirir. 2022-ci ildən Təhsilin İnkişafı Fondu ilə birgə davam edən layihə “Gənc qızların təhsilinə dəstək” adlanır. Mətbuata ötürülən statistikaya görə, ötən il 55 qızın təhsilinə dəstək göstərilib. Bundan başqa Təhsilin İnkişafı Fondunun “Zərif mühəndislər” adlı inkişaf layihəsi, “Parla” qızların təhsilinə və inkişafına dəstək təqaüd proqramı və Azərbaycanın ilk riyaziyyatçı alimi “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramını reallaşdırır. Bu ilin sentyabrında layihənin ilk məzunlarına sertifikatlar təqdim olunub.

 

Zemfira Məmmədqızı