SÜNİ İNTELLEKT NƏ VAXT, HARADA VƏ NECƏ FAYDALIDIR




Təxminən üç il əvvəl ChatGPT təqdim olunduqdan sonra süni intellekt (AI) texnologiyalarının təhsilə təsiri geniş müzakirə olunmağa başladı. Müzakirələrdə, əsasən, bu suala cavab axtarılırdı: süni zəka fərdi təhsil üçün lazımlı alətdir, yoxsa akademik “vicdansızlığa” aparan yoldur?

Bəzi təhsil mütəxəssisləri hesab edirlər ki, süni intellektdən istifadə tənqidi düşüncə qabiliyyətinin azalmasına səbəb olacaq. Onların arqumentinə görə, təhsilalanlar süni intellekt alətlərindən çox erkən istifadə edərlərsə, onlar tənqidi düşüncə və problem həll etmək üçün əsas bacarıqlarını inkişaf etdirə bilməyəcəklər.

Dünyanın aparıcı texniki universitetlərindən olan Massaçusets Texnologiya İnstitutu (MIT) məktəblərdə süni intellekt alətlərinin istifadəsi ilə bağlı araşdırma dərc edib. Mütəxəssislər süni intellektdən məktəb təhsilində hansı vəzifələr üçün istifadə olunduğu, generativ neyron şəbəkələrinin və digər AI texnologiyalarının inkişafının təhsilə necə təsir etdiyi, müəllimlər və məktəb rəhbərlərinin bununla bağlı nə edə biləcəyi ilə bağlı suallara cavab axtarıblar.

MIT Media Laboratoriyası Bostonda 18-39 yaş arasında olan 54 nəfərin iştirakı ilə araşdırma aparıb. Burada insanlar üç qrupa bölünüb: birinci qrup esse yazmaq üçün GPT-dən, ikinci qrup Google axtarış sistemindən istifadə edib. Digər qrup isə esselərini texnologiyanın yardımı olmadan yazıb. Tədqiqatçılar əlaqə və idrak proseslərini qiymətləndirmək üçün EEQ-dən (Elektroensefaloqrafiya və ya EEQ —nevroloji müayinə metodudur-red.) istifadə edərək onların beyin fəaliyyətini izləyiblər.

MIT əməkdaşlarının gəldiyi nəticəyə görə, GPT istifadə edənlərin beyin fəaliyyəti çox aşağı olub. Bu da idrak qabiliyyətinin azaldığını göstərir.

GPT istifadəçiləri süni intellekt alətinə çox etibar etdiklərinə görə təkrarlanan və daha az orijinal məzmun yaradıblar.

Nəticələrə əsaslanan mütəxəssislər deyir ki, esse yazmaq kimi tapşırıqlar üçün süni intellektə etibar etmək tənqidi təfəkkürün və yaddaş inteqrasiyasının inkişafına mane ola bilər.

Tədqiqatçılar son mərhələdə təcrübə iştirakçılarının rollarını dəyişib. Öz beynindən yazan qrup süni intellektdən, AI-dən istifadə edənlər isə öz bacarıqlarını göstərməklə esse yazmalı olublar.

Əvvəcə AI-dən istifadə edib sonra essesini özü yazan qrupun nəticələri olduqca zəif olub. Müəlliflər iddia edirlər ki, bu, süni intellektdən uzun müddət istifadənin iştirakçıların koqnitiv bacarıqlarını zəiflətdiyini nümayiş etdirir.

Aydındır ki, süni intellektdən nə vaxt, harada və necə istifadə olunacağını bilmək uzunmüddətli uğurun və bacarıqların inkişafının açarıdır. İndiki və gələcək nəsillər tənqidi və yaradıcı düşünməyi, problemləri həll etməyi bacarmalıdır. Bununla belə, AI bu anlayışların mənasını dəyişir.

Mütəxəssislərin fikrincə, süni intellekt hazırda ən çox proqram təminatının hazırlanması və dizaynı sahələrində tədris prosesinə yanaşmanı dəyişir, yəni peşəkarlar artıq AI alətlərindən gündəlik istifadə edirlər. MIT mütəxəssisləri əksər məktəb fənləri, xüsusən sosial və humanitar elmlər üçün süni intellektin təsirinin o qədər də güclü olmadığına inanırlar. Müəlliflər vurğulayırlar ki, süni intellekt alətləri hələ də bir çox sahədə, eləcə də tarix və ya ingilis dili sahəsində yüksək keyfiyyətli iş nümayiş etdirməyib. Buna görə də onları bu fənlərin öyrənilməsinə inteqrasiya etməyə ehtiyac yoxdur. Hazırda süni intellekt bu sahələrdə məhdud rol oynayır. Onun geniş şəkildə tətbiqi belə fənlərin tədrisinə effektiv təsir göstərməyəcək.

MIT mütəxəssisləri məktəblərə generativ süni intellektə əsaslanan məhsulları tətbiq edərkən onların effektivliyi ilə bağlı əlavə araşdırmalar aparılana qədər ehtiyatlı olmağı tövsiyə edir. Onlar belə nəticəyə gəliblər ki, indiyə qədər süni intellekt həlləri təhsildə hər hansı inqilabi dəyişiklik potensialını nümayiş etdirməyib. Öyrənmək prosesi ilk növbədə sinif otaqlarında müəllim və şagird arasında baş verir.

Bununla belə, tədqiqat müəllifləri fərdi süni intellekt alətləri ilə eksperimentlərdən imtina etməməyi, onlara müəllim və təhsilalanların marağını təşviq etməyi məsləhət görürlər. Müəllimlərin bu gün məktəblərdə generativ süni intellektdən istifadə etdiyi məqsədlər arasında aşağıdakılar vurğulanır:

  • Tədris materiallarının hazırlanması və fərdiləşdirilməsi. Buraya ev tapşırıqlarının müxtəlif versiyalarının yaradılması, laboratoriya təcrübələri üçün təlimatlar və əyani vəsaitlər daxildir.
  • Sürətli prototipləşdirmə. Bəzi müəllimlər şagirdlərini öz layihə işləri üçün başlanğıc nöqtəsi kimi AI məzmunundan istifadəyə təşviq edirlər. Qeyd etmək lazımdır ki, bu şəbəkənin hazırladığı material yalnız eskiz ola bilər.
  • Təhsilalanları cəlb etmək və icma yaratmaq. Bəzi müəllimlər bildirir ki, onlar şagirdlərlə birlikdə müxtəlif sınaqlarla münasibətlərini gücləndiriblər.
  • Təhsilalanların müstəqil işinə dəstək. Generativ süni intellekt “laboratoriya köməkçisi” kimi fəaliyyət göstərmək üçün təhsilalanlara göstərişlər verə bilər.

Tədqiqat həmçinin AI-nin inkişafı ilə bağlı fırıldaqçılıq və plagiat kimi bəzi çətinlikləri də vurğulayır. Belə problemləri minimuma endirmək və müəllimləri süni intellektdən səmərəli istifadəyə həvəsləndirmək üçün bu sahədə yalnız rəsmi təlimatlardan istifadə olunmalıdır. Bu cür sənədlər AI-nin necə işlədiyini, onun təhsil üçün üstünlük və məhdudiyyətlərini təsvir edir. Amerikalı müəllimlər özləri də işlərində generativ süni intellektə əsaslanan ChatGPT və digər vasitələrdən istifadəyə tələsmirlər.

Araşdırma müəllifləri qeyd edir ki, koqnitiv bacarıqların azalmaması üçün süni intellektə hansı vəzifələrin yüklənə biləcəyinə üstünlük vermək, hansı tapşırıqların əsl yaradıcılıq və tənqidi düşüncə tələb etdiyini anlamaq qədər vacibdir.

Zemfira Məmmədqızı