ƏSAS FƏRQ VALİDEYNLƏRİN MÜNASİBƏTİNDƏDİR




UNICEF son bir neçə ildə keçirdiyi sorğuların nəticələrinə görə belə qənaətə gəlib ki, dünyanın ən xoşbəxt uşaqları Niderlandda yaşayır.

İnkişaf etmiş 29 ölkənin daxil olduğu “xoşbəxt uşaqlar”ın yaşadığı ölkələr reytinqində ilk pillələrdə İslandiya, Norveç və Finlandiyanın adı var. ABŞ bu siyahıda 26-cı yerdədir. Siyahının sonundakı yerləri İspaniya, Portuqaliya və İtaliya tutur.

Niderlandda yaşayan uşaqları başqa ölkələrdəki yaşıdlarından fərqləndirən nədir? Mütəxəssislərin fikrincə, əslində fərq uşaqların valideynlərinin onlara münasibətindədir. Niderlandlı valideynlər uşaqları körpəlikdən azad böyüdürlər. Onlar dörd yaşından yolu tək keçməyi, velosiped sürməyi və üzməyi öyrənməyə başlayırlar. Altı yaşına qədər uşaqlar böyüklərin nəzarəti olmadan, istənilən hava şəraitində gəzintiyə çıxa və səkkiz yaşında məktəbə təkbaşına velosiped sürərək gedə bilərlər. Nəticədə azyaşlılar valideynlərinin daimi diqqətinə ehtiyac duymurlar.

Niderlandlı valideynləri fərqləndirən bir səbəb də onların övladları ilə çox vaxt keçirməsidir. Bu ölkədə valideynlər həftədə orta hesabla 29 saat işləyir və həftənin ən azı bir gününü evdə uşaqları ilə keçirmək hüququna malikdirlər. Niderlandda orta statistik ailə hər gün səhər və şam yeməyini birlikdə yeyir, ildə üç dəfə - hər dəfə bir neçə həftəlik tətilə çıxır.

Niderlandlı valideynlər uşaqların böyüklər kimi davranmasını gözləmir. Burada uşaqların ictimai yerlərdə qaçıb qışqırması, atılıb-düşməsi heç kimi təəccübləndirmir. Niderlandın yerli mədəniyyəti uşaq mərkəzlidir, səs-küy salıb oyuncaqlarını atan uşağı heç kəs qınamır, valideynləri onu danlamır.

Niderlandda mükəmməl deyil, rahat valideyn olmaq adi haldır. Bu ölkədə məktəbdə verilən təhsil də seçilir, uşaqlar dörd yaşından məktəbə gedir və onlara on yaşına qədər ev tapşırığı verilmir. 12 yaşına qədər məktəblilər imtahan və sınaqlardan xəbərsizdirlər. Nəticədə uşaqlar məktəbə getməkdən çəkinmir və başqa uşaqlarla rəqabət aparmırlar. Hollandiyalılar repetitorlarla da işləmirlər. Çünki onlar hesab edirlər ki, insanı nəyəsə məcbur etmək düzgün deyil.

12 yaşında imtahan verəndən sonra uşaq üç yoldan birinə yönləndirilir: VMBO (ən asan öyrənmə səviyyəsi), HAVO (orta səviyyə) və ya VWO (qabaqcıl səviyyə). Təlim planını sonradan dəyişmək mümkündür. VMBO-dan sonra məzunlar peşəyə, HAVO-dan sonra müxtəlif ixtisaslara yiyələnir, VWO-dan sonra isə akademik karyera qururlar.

Ali təhsilə gəlincə, Niderland universitetlərində təhsil Böyük Britaniyadan daha əlçatandır və məzunlara daha perspektivli gələcək vəd edir.