E-adam




İnternet dövründə böyüyən uşaq və yeniyetmələrin dünyagörüşünün formalaşmasında sosial medianın təsiri olduqca böyükdür.

Son illər pandemiyanın evlərə qapatdığı uşaqlar üçün isə sosial media yeganə ünsiyyət vasitəsi olmuşdu. Əgər 10 il öncə Z nəsli Emo və graffitilərin təsiri altında böyüyürdüsə, bu gün sosial medianın yaratdığı submədəniyyətlərin sayı-hesabı yoxdur.

Bütün başqa mədəniyyətlərdə olduğu kimi, burada da uşaqları elmə, oxumağa yönəldən nümunələrlə yanaşı, mənfi vərdişlər yaratmağı hədəfləyən platformalar da var.

Yeniyetmələr arasında E-qız və E-oğlan tərəfdarları milyonlarladır. Burada E hərfi – elektron mənasında işlənir. E-adam – virtual həyatı realdan üstün tutan və gününü burada keçirən, kompüter oyunları və anime aludəçilərinə deyilir. E-qızlar geyimi, saç düzümü və makiyajları ilə fərqlənir. Oğlanlar isə çox vaxt gender fərqlərini göstərməyən görünüşləri ilə qarşı tərəfin rəğbətini qazanmağa çalışırlar.

Azərbaycanlı yeniyetmələri təsir dairəsinə salan submədəniyyətlər içərisində qonşu ölkələrdən, xüsusilə də Rusiyadan gələnlər az deyil. Və təəssüf ki, şimaldan gələn cərəyanlar uşaqlar üçün həm fiziki, həm də mənəvi təhlükə yaradır.

Bir neçə il öncə uşaq və yeniyetmələr arasında “Mavi kit” adlı oyun geniş yayılmışdı. Oyunun yaradıcıları bura qoşulan uşaqlara 50 gün ərzində 50 tapşırıq verirdilər. Bu tapşırıqların əksəriyyəti uşaqları özünə zərər verməyə və sonda intihara sövq etməyə yönəlmişdi. Uşaqlar arasında tapşırıqlardan imtina edənlərə yaxınlarının öldürüləcəyi ilə bağlı hədə-qorxu gəlinirdi. Rusiyada özünü qatarın altına atan yeniyetmə qız bu sektadakıların kumirinə çevrilmişdi. Qruplaşma üzvləri sosial media paylaşımlarını özlərinə məxsus həştəqlərlə paylaşırdılar. Bu oyunların azərbaycanlı məktəblilər arasında yayıldığı söylənsə də, ölkədəki uşaq intiharları ilə oyunların əlaqəsini təsdiqləyən faktlar açıqlanmadı.

Rusiyadan gələn başqa bir təhlükə cinayətkar avtoritetlərin həyatına rəğbət yaradan cərəyandır.

Sosial şəbəkələrin yerli seqmentində bu ilin son zəng buraxılışında məktəblilərin AUE qışqırıqları, məktəbli köynəklərinin üstünə bu abreviaturanın yazılması ilə bağlı videoların paylaşılması problemin ciddiliyindən xəbər verir.

Bəs AUE nədir?

Rusiyanın kriminal avroritetlərinin birinin saxlanılması zamanı onun “AUE” (Arestantskiy Uklad Yedin- Məhkumun Həyat Tərzi) qışqırığı ilə abreviatura bütün ölkəyə, oradan da qonşu dövlətlərə yayıldı. Ekspertlərin fikrincə, sosial mediadakı yüz minlərlə rusiyalı yeniyetmə özünü AUE üzvü sayır.  Oğru dünyasının romantikası məktəblilərə elm və təhsildən daha cəlbedici görünür. 2016-cı ildən bəri Rusiyada yetkinlik yaşına çatmayanlar arasında cinayətlərin artması ciddi problem kimi qəbul olunur. Uşaqları həbsxana submədəniyyətinin təsirindən qorumaq üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir.

Yeniyetmələr bu təhlükəli hərəkata zorakılıqla cəlb edilirlər. Yuxarı sinif şagirdləri kiçiklərə fiziki və mənəvi təzyiq göstərir və cinayətə sövq edirlər. Bu hərəkatın üzvləri arasında təhsil almaq, kitab oxumaq, yaxşı davranış və qiymətlər xoş qarşılanmır. Təbii ki, burada da pis oxuyan və nəzarətsiz uşaqlar tez təsir altına düşür və ova çevrilirlər. Sosial şəbəkələrdəki bir çox qruplar oğru anlayışlarını və AUE mədəniyyətini fəal şəkildə təbliğ edirlər. Bu tendensiyaların Azərbaycan məktəblərində nə qədər geniş yayılması ilə bağlı araşdırmalar olmasa da, problemin mövcudluğu və ciddiliyi faktdır.İstər TikTok, istərsə də başqa sosial media platformalarında azərbaycanlı məktəblilərin oğru dünyası, tanınmış kriminal avtoritetlərə simpatiyasını göstərən, məktəblərdə müəllimə qarşı sayğısızlığı qəhrəmanlıq kimi təqdim etməyə çalışan çoxsaylı paylaşımlar var. Onlar özlərini yaşıdlarından xüsusi saç düzümü, qara geyimi, kriminal jarqonlar, üstlərində gəzdirdikləri bıçaq və ya başqa kəsici alətlərlə fərqləndirməyə çalışırlar. Ekspert və psixoloqların gəldiyi əsas nəticələrdən biri budur ki, uşaqların istər sosial media fəaliyyəti, istərsə də internetdə keçirdiyi zamanı valideynlərin ciddi nəzarətində olmalıdır. Problemli situasiyalarda valideyn uşaqla bərabər məktəb psixoloquna müraciət etməlidir.Saytımızda uşaqlar və sosial şəbəkədə davranış qaydaları, internet təhlükəsizliyi  ilə bağlı mövzu ayrıca işıqlandırılacaq.