VALİDEYN DİQQƏTİ QANUNDAN GÜCLÜ OLMALIDIR
Son zamanlar azyaşlıların nikaha salınmasına cəhd, evdən qaçma, itkin düşmə faktları, şagirdlər arasında yaşlarına uyğun olmayan video görüntülərin yayılması kimi hallar cəmiyyətdə geniş müzakirə olunur. Bu məsələlər beynəlxalq qurum və institutların da tədqiqat mövzusudur.
UNICEF araşdırmalarında bildirilir ki, uşaqların asudə vaxtını əyləncəli keçirdiyi əsas məkanlardan biri və bəlkə birincisi onlayn oyun platformalarıdır. Statistikaya görə, dünyada 1,7 milyard insan müntəzəm olaraq onlayn oyun oynayır. Onu da vurğulamaq lazımdır ki, oyun platformaları təkcə əyləncə deyil, eyni zamanda ünsiyyət məkanına çevrilib. Gündə vaxtının bir neçə saatını onlayn oyunlarla keçirən bir uşağın ekranın əks tərəfindəki tanımadığı komanda yoldaşı və ya rəqibi ilə virtual münasibəti, söhbəti adi hal kimi görünsə də, əslində onu kiber və cinsi istismar təhlükəsi ilə üz-üzə qoyur.
UNICEF araşdırmalarında onlayn istismarın məzmunu belə açıqlanıb: buraya uşaqlarla bağlı cinsi istismar məzmunlu yazılar hazırlamaq, almaq, satmaq, sahib olmaq, yaymaq və ya ötürmək üçün proqramlar, vebsaytlar, oyunlar və ya digər texnologiyalardan istifadə daxildir. Azyaşlılara pul, maddi yardım, hədiyyə, himayə və ya sevgi kimi qeyri-maddi təkliflər də bu sıraya aid edilir.
Gender əsaslı araşdırmalardan görünür ki, əvvəllər onlayn platformanın əsas oyunçuları daha çox kişi cinsini əhatə edirdisə, indi qadın və qız oyunçuların sayında kəskin artım var. Bu isə onları cinayətkarlar üçün daha cəlbedici hala gətirir.
Onlayn oyunlar oyunçuların bir-biri ilə ünsiyyətinə, dostluğuna, əməkdaşlığına və ya rəqabətinə imkan verən xüsusiyyətlərə malikdir. Oyunçular səs, mətn və ya emoji mesajları ilə ünsiyyət qururlar. Belə müntəzəm qarşılıqlı əlaqələr onların bir-birini daha yaxından tanımaq marağını gücləndirir. Beynəlxalq qurumlar “baxma” (grooming) adlanan bu prosesi “uşaqları istismar etmək niyyəti ilə münasibət qurmaq” kimi xarakterizə edirlər. Bu, münasibət birbaşa və ya onlayn baş verə bilər. UNICEF-in ASEAN (Cənub Şərqi Asiya Ölkələri Assosiasiyası) üzv dövlətlərdən toplanmış məlumatları göstərir ki, internetdən istifadə edən uşaqların 20 faizə qədəri seksual məzmunlu paylaşımlar, cinsi əlaqə üçün görüş təklifi, razılığı olmadan şəkillərinin paylaşılması və ya onlayn hədə-qorxu ilə üzləşirlər. Bu hadisələrin əksəriyyəti sosial mediada baş versə də, bir neçə ölkədə oyun platformaları da belə hadisələrin meydanına çevrilib. Cinayətkarlar, hətta oflayn dünyada belə uşaqlarla əlaqə saxlamaq, onları manipulyasiya və istismar etmək üçün yollar tapırlar. Təəssüf ki, cinayətkarlar onlayn platformaların onlara qarşı qurduğu bir çox qoruyucu mexanizmlərdən qaçmağı bacarırlar.
Oyun platformalarının məxfilik siyasətlərinin təhlili onlayn cinsi istismara qarşı qoruma mexanizmində əhəmiyyətli boşluqlar aşkarlayıb. 40 məşhur oyun platformasından 29-u oyunçuya anonim qeydiyyatdan keçməyə və yaşını gizlətməyə icazə verir ki, bu da böyüklərin onlarla əlaqə saxlamasını asanlaşdırır, uşaqların qorunmasında isə çətinliklər yaradır. Oyunçuların İP ünvanlarını qeyd edən 34 platformadan 27-sinin dataların toplanması və saxlanması siyasətləri də problemlidir. Bu məhdud məlumatlar hüquq-mühafizə orqanlarının cinayətkarları təqib etmək və cinayətləri araşdırmaq imkanlarını azaldır.
Oyun şirkətləri və sənaye assosiasiyaları oyunlarda uşaqların cinsi istismarı probleminin qarşısını almağa çalışsalar da onların fəaliyyətləri ardıcıl deyil. Bundan əlavə, bir çox ölkələrin qanunvericilik sistemi bu təhlükə ilə mübarizədə acizdir.
İtkin düşən və istismara məruz qalan uşaqlar üçün Beynəlxalq Mərkəzin araşdırmalarına görə, 196 ölkədən yalnız 63-də onlayn platformalarda uşaqların cinsi zorakılıq və təqibinin qarşısını almağa yönələn xüsusi qanunlar var.
Azərbaycan qanunvericiliyi bu sahədə uşaqların müdafiəsini təmin edə bilirmi? Bu sualı araşdırmaq üçün Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadəyə müraciət etdik. Onun dediyinə görə, ölkə qanunvericiliyi bu sahədə uşaq hüquqlarının qorunması üçün vacib olan həm dövlətdaxili qanunvericilik, həm də beynəlxalq aktları imzalayıb. Həmin sənədlər azyaşlıları cinsi istismar və zorakılığın bütün formalarından müdafiəyə imkan verir.
Qanunlarda onlayn platformalarda uşaqlara qarşı cinsi zorakılıq və təqibin qarşısının alınması da nəzərdə tutulub. Məsələn, Cinayət Məcəlləsində (CM) yetkin yaşlı birisinin azyaşlıya qarşı seksual xarakterli hərəkətləri, uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin azyaşlı olduğunu bilərək ona texnologiyalar vasitəsilə görüş təklif etmək, bu görüşün baş tutması üçün praktiki hərəkətlər etmək cinayət sayılır. Bundan başqa uşaq pornoqrafiyasını yaymaq, reklam etmək, satmaq, başqasına göndərmək, təklif etmək, əldə edilməsinə şərait yaratmaq, və ya reklam məqsədilə hazırlamaq, əldə etmək, saxlamaq da cinayətdir.
L.Hüseynzadənin dediyinə görə, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” AR Qanunu uşaqlar üçün zərərli informasiya kateqoriyalarının müəyyənləşdirilməsi, informasiya məhsullarının yaşa görə təsnifləşdirilməsi, ekspertizası kimi qoruyucu mexanizmləri də nəzərdə tutur. Ölkə ərazisində media, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan materiallarda uşaqların zərərli məzmundan qorunması məcburidir.
L.Hüseynzadənin sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” AR Qanununu uşaq pornoqrafiyasına dair informasiyanın yayılmasını qadağan etməklə kifayətlənmir, belə hallar aşkarlandıqda həmin məlumatların internet informasiya ehtiyatından çıxarılması və məhdudlaşdırılması üçün tədbirlər nəzərdə tutur.
Bu sahəni araşdıran vətəndaş cəmiyyəti üzvlərinin fikrincə, uşaqları belə hallardan qorumaq üçün təkcə qanunların mövcudluğu kifayət deyil. Həm də valideynlərin internet və sosial media savadlılığı, dünyagörüşü və ciddi nəzarəti olmalıdır.