AZ ÖYRƏT, ÇOX ÖYRƏN




“…bu ölkədə təhsil Qərbin, demək olar ki, hiss etmədiyi sakit bir inqilabdan keçdi. Hazırda ölkə təhsil müəssisələrinin keyfiyyəti, təhsil işçilərinin innovativ təhsil siyasətinin hazırlanmasındakı və həyata keçirilməsindəki iştirak dərəcəsi ilə liderdir”.

PİSA (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) direktoru Andreas Şleyxer “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabında Sinqapur haqqında belə yazır.

 

Sinqapur təhsilinin təməl prinsiplərini oxucularımıza təqdim edirik. 

1991-ci ildə Sinqapur Təhsil Nazirliyi təhsilin əsas məqsədləri ilə bağlı böyük araşdırmalar təşkil edib və onların nəticələri əsasında xüsusi proqram hazırlayıb. Proqramın əsas hədəfi hər bir uşağın öz potensialına uyğun yetişdirilməsi, yaradıcı və düşünən fərdlər, liderlik və işgüzar etika haqqında məlumatlılığın artırılması, mənəvi dəyərlərin qazanılması və s. kimi məsələlər olub. Sinqapur o vaxtdan bəri həmin proqramı reallaşdırmaqdadır. 

2004-cü ildən ölkədə “Az öyrət, çox öyrən” şüarlı təhsil modelinin tətbiqinə başlanıb. Şagirdlər əzbərçilik yolu ilə öyrədən təhsil sistemindən problemin qavranılması, onun həlli və həyata keçirilməsi yollarını araşdıran və öyrədən sistemə keçiblər. Bu sistemdə 3 müxtəlif sahə yaradılıb və şagirdlər təhsil məqsədlərinə, maraq və istəklərinə uyğun olaraq bu sahələrə yönəldiliblər. Uşaqların öz maraqlarına uyğun olaraq bu sahələrdən kənarda da əlavə kurslara qoşulmaq haqqı var. 

Sinqapur təhsil sisteminin əsas məqsədlərindən biri “Hər bir məktəbi yaxşı məktəbə çevirmək”dir. Bunun üçün ölkədəki məktəblər şagird və müəllimlərə istifadə edə biləcəyi bütün imkanları yaratmağa çalışır. Bununla belə, sinqapurlu şagirdlərin beynəlxalq imtahanlarda aldığı yüksək qiymətlərlə aşağı qiymətlər arasında fərq yetərincə böyükdür. Sinqapurda 6 illik ibtidai təhsil məcburidir. Uşaqlar 15 yaşınadək icbari təhsil almasalar onların ailələri cərimə ödəməli olur. İbtidai təhsildən sonra 4-6 illik orta təhsil və sonra 1-3 illik yüksək təhsil var. İlk dörd ildə bütün şagirdlər eyni təhsili alırlar, 5-6-cı siniflərdə isə əsas bilikləri və ya standart təhsili təkrarlayan təhsilə üstünlük verilir. Məktəblilər ibtidai təhsildən sonra verdikləri imtahanın nəticələrinə və seçimlərinə görə üç fərqli yönə yerləşdirilirlər -  ekspress, akademik və texniki. Express təhsil sürətləndirilmiş, akademik təhsil nəzəri, texniki isə təcrübə yönümlüdür. Normal təhsil 5 il, ekspress isə 4 ildir. 

Təhsilini universitetdə davam etdirmək istəyənlər üçün daha iki il ikinci səviyyəli təhsil nəzərdə tutulur. Onlar “A Level” adlanan bu təhsildən sonra eyni adlı imtahanla universitetə ​​daxil olub bakalavr təhsilinə başlaya bilərlər. 

Sinqapurda ali təhsil almaq istəməyənlər üçün bir çox variantlar var. Bunlardan ən əsası çoxsaylı texniki və tam orta ixtisas təhsilidir. Birincisi üç illik təhsil təklif edir və məzunlarına “A Level” imtahanına qoşulmadan əlaqəli fənlər üzrə universitet təhsili almaq hüququ, ikincisi isə daha qısa təhsil verir. Tam orta ixtisas təhsili alan tələbələr peşə təhsillərinə multitexniki təhsil verən müəssisələrdə, universitetlərdə və ya hazırda oxuduqları yerlərdə davam edə bilərlər. 

Sinqapurda bakalavr təhsili adətən 3-4 il çəkir. Yalnız  tibb təhsili 5 illikdir. 

Bu ölkədə təhsilin bütün səviyyələrində özəl təhsil verən qurumlar var. Bununla belə, bu qurumlardan alınan sertifikat və ya diplomların milli səviyyədə akkreditasiyası və ya etibarlılığı olmaya bilər. 

2020-ci ildə bir çox ölkələr kimi, Sinqapur da onlayn təhsili ümumi təhsilin daimi hissəsinə çevirmək qərarına gəlib. Buna görə də ikinci səviyyəli təhsildə onlayn və üzbəüz təhsilin hibrid proqramının həyata keçirilməsi, ikinci səviyyənin bütün şagirdlərinin onlayn təhsilə qoşulmaq üçün texnoloji vasitələrlə təminatı həyata keçirilib. Yeni proqramda ibtidai sinif şagirdlərinin ən rahat və ən yaxşı şəkildə öyrənə biləcəyi formanı yaradaraq bu təhsil modelinin genişləndirilməsi nəzərdə tutulur. 

Sinqapurda xüsusi qayğıya ehtiyacı olan şagirdlərin mümkün qədər ümumi məktəblərdə təhsil almalarına səy göstərilir. Son məlumatlara görə, bu şagirdlərin 80%-i təhsillərini əsas məktəblərdə davam etdirirlər. Bütün ibtidai təhsil müəssisələrində xüsusi qayğıya ehtiyacı olan şagirdlərə dəstək üçün ən azı bir köməkçi müəllim var. Eyni zamanda, bu uşaqlara yönəlmiş xüsusi təhsil proqramları təklif olunur. 2000-ci ildən etibarən Sinqapurda evdə təhsilə də rəsmi icazə verilib. “Bəzi insanlar iddia edirdilər ki, bizim testlərimiz ədalətsizdir, çünki şagirdləri məktəbdə qarşılaşmadıqları problemlərlə üz-üzə qoyuruq. O zaman bütün həyat ədalətsizdir, çünki həyatda əsl sınaq o deyil ki, dünən məktəbdə öyrəndiklərimizi xatırlaya bilirik, ya yox. Əsl sınaq odur ki, bu gün gözləmədiyimiz problemləri sabah həll edə bilək. Müasir dünya bizi artıq yalnız bildiklərimizə görə mükafatlandırmır, biz həm də öyrəndiklərimizdən necə istifadə edəcəyimizi bilməliyik”.

PİSA  direktoru Andreas Şleyxer “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabından götürülmüş bu fikirlər Sinqapur təhsil sitemində demək olar ki, öz təzahürünü tapır.