TƏHSİL VƏ İQLİM DƏYİŞİKLİYİ: HANSI ÜSTÜN GƏLƏCƏK?




Dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur.

“Global partnership” təşkilatının araşdırmasında qeyd olunur ki, “Dünyanın bir çox yerlərində, xüsusən də aşağı və orta gəlirli ölkələrdəki məktəblərdə lazımi havalandırma, soyutma sistemləri və təhlükəsiz içməli su əlçatan deyil. Bu, həddindən artıq isti havalarda sinif otaqlarını dözülməz edə və potensial təhlükə mənbəyinə çevirə bilər”. Temperatur yüksəldikdə hökumətlər məktəblərdə dərsləri dayandırmaq dilemması ilə üzləşirlər – bu da tədris prosesinin davamlılığını pozur.

Bu ilin mayında Pakistanda davam edən normadan yüksək isti günlərdə hökumət dərsləri dayandırmağa məcbur olub. Nəticədə 26 milyon, yəni ölkədəki məktəb yaşlı uşaqların yarıdan çoxu sinifdən kənarda qalıb. Aprel ayında havanın temperaturunun 45 dərəcəyə yüksəlməsilə Cənubi Sudanda 2,2 milyon şagird təhsil ilini başa vura bilməyib. Banqladeş, Hindistan və Filippində də minlərlə məktəb həddindən artıq isti havalara görə fəaliyyətini dayandırmalı olub.

Ekspertlərin proqnozlarına görə, 2050-ci ilə qədər dünyada demək olar ki, 2,2 milyard uşaq istinin təsirinə məruz qalacaq.

Şagirdlər həmin müddətdə dərslərə davam etsələr belə, onların aldığı təhsilin keyfiyyəti aşağı olacaq. Havanın yüksək temperaturu və aşağı nəmləndirmə səviyyələrinin uşaqların diqqəti cəmləmək, məlumatı yadda saxlamaq və emal etmək qabiliyyətinə, nəticədə isə ümumi göstəricilərinə mənfi təsir etdiyi təsdiq olunub.

Cənubi Asiyada bununla bağlı sorğuda iştirak edən şagirdlərin 78 faizi iqlim dəyişikliyinin təhsillərinə təsir etdiyini bildirib. Onların əksəriyyəti ya isti havada diqqətini cəmləyə bilməməsini, ya məktəb binalarının zədələnməsini, ya da məktəbdə davamiyyətin pozulmasını qeyd edib.

Son məlumatlar göstərir ki, təhsil sistemlərinin iqlim dəyişiklikləri qarşısında davam gətirməsi üçün təcili tədbirlər görülməlidir: 2023-cü ildə UNICEF-in keçirdiyi sorğunun nəticələrinə görə, uşaqların iqlim dəyişikliyinin təsirlərinə məruz qalma riski, həssaslığı yüksək və ya həddindən artıq yüksək kimi qiymətləndirilən 40 ölkənin yalnız üçdə birində təhsilin yaşıllaşdırılması ilə bağlı hökumətin konkret addımlar atdığı bildirilib.

İqlim dəyişikliyinin təhsilə böyük təsirlərini dərk edən hökumətlər UNICEF, Təhsil üzrə Qlobal Tərəfdaşlıq və digər təşkilatların dəstəyi ilə uşaqların, təhsil işçilərinin, məktəblərin və təhsil sistemlərinin iqlimə müqavimətini gücləndirmək üçün çalışırlar. Hazırlıq səyləri daha çox marjinal əhali qruplarını, xüsusən də uşaqları qorumağı hədəfləyib. Buraya təhsil müəssisələrinin ekstremal hava şəraitinə və fəlakətlərə tab gətirə bilməsini təmin etmək üçün məktəb infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən daha yaxşı havalandırma və soyutma sistemləri kimi strukturların qurulması daxildir.

Müəllimlərin iqlimə davamlı təcrübələr və fövqəladə vəziyyətə hazırlıq üzrə bacarıqlarını artırmaq üçün səylər davam etdirilir.

Bundan əlavə, hökumətlər təhsil sektorunun planlaşdırılmasında iqlimə müqaviməti inteqrasiya edən siyasi islahatlar həyata keçirirlər. Bu təşəbbüslər yaşıllaşdırma bacarıqlarını təşviq edir, uşaqları və gəncləri iqlimə uyğun ağıllı həll yolları və yerli iqlimin qorunması təbliğatına cəlb edir. UNICEF-in sorğusu göstərir ki, bu səylər təxirəsalınmazdır. Çünki ölkələrin yalnız 8 faizi uşaqların ən azı 70 faizinə iqlim təhsili verdiyini və iqlim təhsili üzrə müəllimlərə peşəkar inkişaf imkanları yaratdığını bildirir.

İqlimə tab gətirən məktəblərə və təhsil sistemlərinə sərmayə qoymaq harada yaşamasından asılı olmayaraq, hər bir uşağın iqlim dəyişikliyinin yaratdığı təhlükələrdən azad, təhlükəsiz və əlverişli mühitdə təhsil almaq hüququnun təmin olunmasına kömək edəcək.

Məcburi Köçkünlüyün Monitorinqi Mərkəzinin məlumatına görə, 2018-ci ildə 17,2 milyon insan təbii fəlakətlər üzündən məcburi köçkün vəziyyətinə düşüb. 2020-ci ildə təbii fəlakətlər və ekstremal hava didərgin düşənlərin sayının 30,7 milyon nəfərə yüksəlməsinə səbəb olub. Bu insanlar təhsilin əlçatanlığı ilə bağlı ciddi problemlərlə üzləşirlər - zəbt olunmuş məktəb binaları, dağılmış infrastruktur, dillə bağlı maneələr, kəskinləşən yoxsulluq və məktəbi tərk etmək, keçmiş ixtisasların tanınması ilə bağlı çətinliklər, ayrı-seçkilik və s.

UNESCO iqlim dəyişikliyinin qlobal miqyasda təhsil hüququna təsirlərini araşdıraraq bu nəticəyə gəlib ki, iqlim məktəbləri və tədris materiallarını məhv edir. Məktəblərdən sığınacaq kimi istifadə olunması təhsilin davam etdirilməsinə imkan vermir. İqlim fəlakətləri yoxsulluğa səbəb olduğu üçün bu, təhsildə daha çox maneələrə səbəb olur.

“Nature Climate Change” jurnalında dərc olunan məqalədə iqlim dəyişikliyinin akademik göstəricilərə təsiri araşdırılıb. ABŞ-də yeniyetmələrin riyaziyyat ballarının havanın temperaturunun 26 dərəcədən yuxarı olduğu günlərdə əhəmiyyətli dərəcədə azaldığı müəyyənləşib. Çində isti havalarda keçirilən imtahanların nəticələri də sərin havalarda keçirilən imtahanların nəticələrindən çox aşağı olub.

Təhlillər göstərir ki, iqlim dəyişikliyi qlobal təhsilə çıxış və nailiyyətlərdə mövcud bərabərsizlikləri gücləndirəcək.

Qlobal miqyasda insanların iqlim dəyişikliyinin təsirlərinə qarşı daha həssas olduğu regionlar həm də uşaqların daha az məktəb təhsili aldığı bölgələrdir.

İqlim dəyişikliyinin təhsilə təsirlərinin miqyası qorxulu olsa da, tədbir görməyin bir çox yolu var. Ən vacibi isə, istixana qazlarının emissiyalarını azaltmaqla qlobal istiləşməni məhdudlaşdırmaqdır.

Eyni zamanda, uşaqların təhsili artıq baş verən iqlim dəyişikliyi stresslərindən qorunmalıdır. Mümkün tədbirlərə soyutma texnologiyalarının quraşdırılması, təbii fəlakətə davamlı məktəblərin inşası və sosial-iqtisadi, gender və irqi ayrı-seçkiliklə bağlı sistemli qlobal bərabərsizliklərin aradan qaldırılması daxildir. Uşaqların təhsilinə zərərin qarşısının alınması özlüyündə ali məqsəddir. Lakin təhsilin təkmilləşdirilməsi həm daha çox məlumatlılığa və iqlim savadlılığına töhfə verə bilər, həm də uşaqları iqlim stressləri qarşısında daha dözümlü edə bilər.

Mütəxəssislərin rəyində deyilir ki, təhsil iqlim dəyişikliyi ilə mübarizəyə kömək edə bilər. Ancaq təhsilə zərər verməmək üçün də iqlim dəyişikliyi ilə mübarizə aparmalıyıq.