VALİDEYNİN DƏ VALİDEYNİ VAR
Stress yaşlılar kimi uşaqların da xolesterol, qan təzyiqi, diabet və s. kimi sağlamlıq riskləri ilə üzləşməsi ehtimalını artırır. ABŞ-nin Kaliforniya Universitetində (UCLA) aparılan araşdırma bu faktı təsdiqləyib.
UNICEF-ə görə, “Uşaqlara hörmətlə yanaşmaq, zorakılıq və xəcalət qorxusu yükləmədən tərbiyə etmək, onları ruhlandırmaq hər bir valideynin borcudur. Valideynliyin yalnız bir qayda, üsul və ya üslubu yoxdur. Bu, etiqad və həyat tərzidir". Uşaq Fondu müşahidələr zamanı tez-tez “zəhərli valideynlik” halları ilə rastlaşdıqlarını da vurğulayır.
Bəs “zəhərli valideynlik” nədir?
Mütəxəssislərə görə, “zəhərli valideynlik” anlayışının rəsmi tərifi olmasa da, ümumiyyətlə “müsbət valideynliy”ə zidd olan bir sıra mənfi xüsusiyyətləri təsvir etmək üçün bu termindən istifadə olunur.
Həyatımızın ilk illəri, valideynlərimizlə keçirdiyimiz vaxt və qarşılıqlı əlaqə, doğulduğumuz mühit, yaşadığımız cəmiyyət xarakterimizə və özünüinkişafa təsir edir. Bu prosesdə bizim əsas qayğı göstərənlərimiz olan valideynlərin bizimlə qurduğu münasibət xoş olmaya, rifahımıza və xoşbəxtliyimizə mənfi təsir göstərə bilər.
Ailədaxili zorakılıq üzrə ekspertlər bildirir ki, “bəzən valideynlər özlərinin, biliyi, təhsili və məlumatı olmadığından uşaqlarına qarşı “zəhərli” davranırlar. Böyük Britaniyanın Milli Sağlamlıq Xidmətində çalışmış A.Korner zəhərli valideynlik növlərini aşağıdakı kimi qruplaşdırıb:
- Övladlarından soruşmadan onların yerinə qərar qəbul edən dominant analar onların həqiqi ehtiyac, maraq və qabiliyyətlərini nəzərə almadan yalnız öz planlarına uyğun olaraq uşaqların böyük stress altında yaşamasına və bədbəxtliyinə səbəb ola bilər. Bu cür valideynlik yanaşmasının nəticəsi olaraq, məsələn, uşaqlar ali təhsil üçün istədikləri ixtisası seçməkdənsə, valideynlərinin istədikləri bölmədə oxumaq məcburiyyəti hiss edə bilərlər.
- Övladlarının hər işində nöqsan tapıb dilə gətirən əsəbi analar;
- Öz həyatında əksik qalmış şeyləri uşaqları vasitəsilə yaşamaq istəyən qısqanc analar;
- Övladları onlardan daha uğurlu olduqda qəbul etməyib hər şeyi tənqid edən rəqabətçi atalar;
- Aqressiv olan və özünə nəzarət edə bilməyən qəzəbli atalar;
- Hər qərarı və məsuliyyəti analara həvalə edən müti atalar;
Valideynlərin uşaqlarını “düzgün” davranışa yönləndirərkən istifadə etdikləri dil qəlibləri də çox vacibdir. Dərs oxumaq əvəzinə oynamaq istəyən uşağa “dərsini oxu, yoxsa cəza alacaqsan”, “sən axmaqsan, kütbeyinsən, oxuya bilmirsən” kimi alçaldıcı ifadələrin deyilməsi onun psixikasına zərər vurur. Digər tərəfdən, valideyn bu cür ifadələr söyləməsə belə, övladını çox tənqid etmək, uğurlarını qiymətləndirməmək toksik xüsusiyyətlərdəndir. Bu cür “zəhərli valideynlikdə "onsuz da heç nə edə bilməyəcəksən", "yenə nə etdin?", "sən həmişə beləsən" kimi qəliblər özünəinam və özünəhörmətin yaranmasına imkan vermir.
Honq-Konq Universitetinin sosioloqu professor Ç.Çan BBC-nin əməkdaşı ilə söhbətində bildirib ki, “zəhərli valideynlik” fenomeninə müxtəlif sosial-iqtisadi amillər də təsir edə bilər. O, Çindəki “tək uşaq” siyasətini misal gətirərək bunun uşaqları təzyiq altında saxladığını göstərir. "Bu uşaqlar əslində valideynlərinin ümidlərini doğrultmaq üçün daha böyük təzyiq altındadırlar, çünki valideynləri həqiqətən onlar üçün çoxlu qurbanlar veriblər." Onun sözlərinə görə, bir çox valideynlər, xüsusən də evlilikləri uğursuz olanlar övladlarının daim onlar üçün narahat olmasını və emosional şəkildə bağlanmasını istəyir: "Bu şəraitdə bəzi uşaqlar analarının psixoloqu rolunu öz üzərinə götürürlər".
Ekspertlər deyir ki, uşaqlıq dövründə valideynlərinin zəhərli davranışları ilə böyüyənlər sonradan xroniki utancaqlıq, özünütənqid və özünə qarşı mərhəmətsizlik kimi təsirlərlə yaşamalı olurlar. Mütəxəssislər bu insanların davamlı olaraq başqalarını razı salmaq ehtiyacı hiss etdiklərini, kömək istəməkdə çətinlik çəkdiklərini və ikili münasibətlərdə özlərini təhlükəsiz hiss edə bilmədiklərini vurğulayırlar.
Böyük Britaniyada uşaqlar və gənclərə psixoloji dəstək verən Innovating Minds şirkətinin təsisçisi Aşa Patelin fikrincə, “zəhərli valideynlər”ə sahib olanların özünü günahkar hiss etməsi normaldır, lakin insanların öz psixi sağlamlıqlarına üstünlük vermələri və gələcəyə fokuslanmaları vacibdir.
Uşaqların həyatına birbaşa təsir edən hadisələrə və ya vəziyyətlərə görə məsuliyyəti öz üzərinə götürməmək də “zəhərli valideynliy”in başqa bir xüsusiyyəti hesab olunur. Belə valideynlər üçün məruz qaldıqları hər hansı bir hadisədə başqalarını günahlandırmaq çox asan ola bilər. Onlar digər ailə üzvləri və öz övladları ilə empatiya qurmaqda çətinlik çəkə bilərlər. Belə insanlar ailə daxilində və ya qohumlar arasında düşmənçilik, narazılıq və ya fikir ayrılıqları yaratmağa meyilli ola bilərlər. Bu vəziyyət uşağın rifahına, ailədə əmin-amanlığa xələl gətirir. Zəhərli münasibətdə olduğumuz insanlar yaxınlarımızdırsa, o insanların bizim üçün çox dəyərli olması, onlardan keçə bilməyəcəyimizi hiss etmək, yaşadıqlarımızı anlaya bilməmək kimi səbəblər bu zəhərli əlaqəni aşkarlamağa mane ola bilər. Bu mövzuda ən çətin məsələlərdən biri, bəzən qəbul etmək çətin olsa da, valideynlərimizlə olan əlaqəmizin zəhərli olmasıdır.
Psixoloqlar valideynlərə öz hərəkətlərini analiz etməyi, övladlarına qarşı daha diqqətli və həssas olmağı tövsiyə edirlər. İlkin şərt onlarla empatiya qurmaqdır. Uşaqlarla münasibətdə sərhədlər qoyulmalı və bu sərhədlər ailə üzvlərinin iştirakı ilə müəyyənləşməlidir. Ailə uşağa öz hiss, düşüncə və fikirlərini açıq bildirməkdə kömək etməlidir. Uşaqla daha aydın ünsiyyət dili istifadə edilməlidir. Səhvlər olduqda kəskin reaksiyalar vermək yox, uşağı anlamağa çalışmaq lazımdır.
Yetkin övladlar isə artıq uşaq olmadıqlarını xatırlamalı, keçmişi araşdırmadan və valideynləri ilə lazımsız mübahisələrə girmədən onlarla aralarında dəqiq sərhədlər qoymalıdırlar.