FİLM QƏHRƏMANI MÜƏLLİMLƏR
Cəmiyyətin inkişafında, insanların taleyində müəllimin həlledici rolu var. Həyatında və fəaliyyətində müəyyən uğurlar qazanmış insanlar adətən müəllimlərindən bəhs edir, məhz onlara minnətdar olduqlarını bildirirlər. Bununla bağlı müxtəlif əsərləri, müdriklərin sitat və iqtibaslarını da sadalamaq olar. Amma bu dəfə məqsədimiz müəllim rolunun böyüklüyünün kinematoqrafiyadakı əksindən söz açmaqdır. Adətən teatr tamaşaları və filmlər haqqında tövsiyələrimiz məktəblilərə ünvanlanır. Bu dəfəki film siyahısı isə müəllimlər üçün nəzərdə tutulub.
Təqdim etdiyimiz siyahıda müxtəlif zamanlarda və ölkələrdə çəkilmiş, əsas qəhrəmanı müəllim olan filmlər toplanıb.
“Əziz müəllimim” (To Sir, With Love) – 1967
Öz ixtisası üzrə iş tapa bilməyən, Londonun bir məhəlləsində müəllimlik etməyə başlayan mühındis Mark Thekeri intizamsız və başqa məktəblərdən qovulan şagirdlərlə işləməyə başlayır. Gənc və həvəsli olan, eyni zamanda idealist ruhu ilə seçilən Thekeri şagirdlərin problemləri ilə məşğul olmağa, onlarla dostluq etməyə çalışır. Təcrübəsiz müəllimin dəcəl tələbələrlə macərasından bəhs edən bu filmdə baş rolu məşhur aktyor Sidney Poyter canlandırıb.
“Qalx və dirən” (Stand and Deliver) 1988
Latın əsilli Cemi Eskalante riyaziyyat müəllimi kimi karyerasına əsasən ispandilli şagirdlərin təhsil aldığı dövlət liseyində başlayır. Burada şagirdlər təhsildən uzaqlaşıb, onlara əhəmiyyət verməyən məktəb dünyasına qərəzlə yanaşırlar. Ancaq Eskalante şagirdlərin əslində çox ağıllı və perspektivli olduqlarını düşünür. Şagirdlərdəki potensiala diqqət yetirir və məktəbdən uzaqlaşmış dəstə üzvlərini riyaziyyat dahilərinə çevirir. Müəllim zəhməti nəticəsində şagirdlərin böyük uğurlarından bəhs edən filmin adı “ən yaxşı müəllim obrazı” yaratmış filmlər sırasındadır.
“Ölü Şairlər Cəmiyyəti” – (Dead Poets Society) - 1989
Müəllimlik karyerasına nizam-intizamı və ciddi təhsili ilə tanınan Welton Akademiyasında başlayan Con Kitinq uğurlu, lakin fərqli bir tədris yolu ilə gedir. Bu akademiyada təzyiq altında təhsil alan şagirdləri şeir və ədəbiyyat aləminə yönləndirmək, onlara azadlıq və həyata fərqli baxışlar öyrətmək istəyən Kitinqin düşüncə tərzi məktəbin təhsilə yanaşması ilə üst-üstə düşmür. Məktəbdə şagirdlərdən biri intihar edir, məktəb direktoru bu hadisədə Kitinqi günahlandırır və onu məktəbdən uzaqlaşdırmaq istəyir. Lakin şagirdlər cənab Kitinqi çox sevirlər. Baş rolu Robin Uilyamsın canlandırdığı film öz adını kino tarixinə qızıl hərflərlə yazıb.
“Biri də əskik deyil” (Not one less)- 1999
Müəllim bir ay işə gələ bilməyəcək. Çinin ucqar kəndindən olan 13 yaşlı Vei Minzhi bir ay müəllimini əvəz etməlidir. Veinin qarşısına müəllimlik edəcəyi müddətdə heç bir şagirdi itirməməik tələbi qoyulur. Məktəbin şagirdlərindən biri ağır vəziyyətdə olan ailəsinə yardım etmək üçün böyük şəhərdə iş axtarmağa gedir. 13 yaşlı müəllim şagirdini məktəbə qaytarmaq üçün çox səy göstərir. Film XX əsrin sonlarında Çinin təhsil sistemindəki çatışmazlıqlardan, ölkənin iqtisadi vəziyyətindən bəhs edir və o dövrün çətinliklərini böyük emosionallıqla çatdırır.
“İndidən ödə” (Pay It Forward) - 2000
Ailəsindəki çətinliklərə görə içinə qapanan, sosial ünsiyyətdən qaçan Trevor adlı şagird məktəbə yeni gələn məsləhətçinin səyi ilə fərqli bir dünya kəşf edir. Bu müəllimin ona verdiyi ev tapşırıqları sayəsində xəyalındakı dünyanı reallığa çevirməyin mümkün olduğunu anlayır. Trevorun təsəvvüründəki dünyada insan əvvəllər tanımadığı üç nəfərə kömək edir və bu kömək mükafatlandırılır. Dünyanın belə bir yerə çevrilərsə daha yaxşı olacağını düşünən Trevor, hətta məsləhətçisinin həyatında da dəyişikliyə nail olur. Baş rollarda Kevin Speysi və Helen Hantın çəkildiyi film Hollivudun müəllimlər haqqında ən məşhur filmlərindən sayılır.
“Qara” (Black) - 2005
Uşaqlıqda keçirdiyi xəstəlik üzündən görmə və eşitmə qabiliyyətini itirən Mişelin ailəsi övladlarının gələcəyi üçün xüsusi müəllim tutmaqla onun həyatını dəyişə biləcəklərinə ümid edirlər. Mişel müəllimiilə ilk vaxtlar yola getməsə də, zaman keçdikcə birlikdə keyfiyyətli vaxt keçirirlər. Müəllimi sayəsində həyata bağlanan və yaşamaq sevinci qazanan Mişel universitetə daxil olur. Müəllim-şagird münasibətlərindən bəhs edən bu filmi hər bir təhsil işçisi mütləq izləməlidir.
“Yerdəki Ulduzlar kimi” (Like Stars on Earth) - 2007
Hərfləri, rəqəmləri və ona deyilən sözləri qavramaqda çətinlik çəkdiyindən ailəsi, dostları və ətrafındakılar uşağın əqli cəhətdən qüsurlu olduğunu düşünürlər. O, ailəsinin qərarı ilə internat məktəbinə göndərilir. Bu məktəbdə qarşılaşdığı rəsm müəllimi onun həyatını tamamilə dəyişir. Müəllimin ona böyük qayğı və səbrlə yanaşması balacanı həyata qaytarır.
“3 axmaq” (3 İdiots) - 2009
Hindistanda ən yaxşı mühəndislik məktəbində yenicə təhsil almağa başlayan tələbələrin həyatından bəhs edən film təhsil sistemindəki irqçilik, ədalətsizlik və rəqabəti göstərir. Hər kəsin “ən yaxşı” olmağa can atdığı məktəbdə 3 dost bu qaydaları dəyişməyə çalışır. Film dram və komediya janrlarının qarışığından yaranıb.
“Müəllim” (The Teacher) - 2016
Bratislavada ibtidai məktəbə təyin olunan Mariya adlı müəllim həm şagirdlərin, həm də valideynlərin həyatını alt-üst edir. Adətən, müsbət müəllim obrazı yaratmağa çalışan kinematoqrafçılar bu dəfə fərqli qəhrəman yaradıblar. Şagirdlərə təzyiq və sərt münasibət göstərən müəllim uşaqlardan birinin intihara cəhd etməsinə səbəb olur. Amma o bu hadisədən nəticə çıxarmaq əvəzinə daha da azğınlaşır. Müəllimin yeni hədəfi məktəb direktoru və valideynlərdir…
Bunlar müəllim və məktəb həyatı ilə bağlı dünya kinemotoqrafiyasının nümunələri idi. Azərbaycan kinosunda da müəllim obrazına yer ayrılan filmlər çoxdur:
“Bizim Cəbiş müəllim”, "Alma almaya bənzər”, “Musiqi müəllimi”, “Bizi bağışlayın”, “Ad günü”, “Həm ziyarət, həm ticarət”, “Mən mahnı qoşuram” və s. filmlərin adını çəkmək olar.
Bütün bu filmləri birləşdirən ortaq cəhət odur ki, onların hər birində müəllimin insan taleyindəki əvəzsiz rolunu görmək olar.