Tim Bartonun uşaq filmləri
“Azərbaycan məktəbi” jurnalı ekspertlərin uşaqlar üçün hazırladıqları film siyahısını diqqətinizə çatdırır.
Azyaşlıların dünyagörüşlərinin formalaşmasında oxuduqları bədii ədəbiyyatla yanaşı, baxdıqları film və tamaşaların da böyük əhəmiyyəti var. Uşaq flmləri dedikdə, ilk yada düşən tanınmış rejissor Tim Bartonun filmləri olur.
Ötən əsrin 80-ci illərindən bu günə qədər Hollivudun aparıcı kinorejissorlarından olan Tim Barton uşaqlar üçün simvolik və möcüzə dolu 50-yədək film çəkib. Onun qaranlıq və sirli atmosferə malik filmlərində tamaşaçılar orijinal personajlarla tanış olur. Bartonun filmlərindəki fantaziya elementləri, dekorasiyalar, heyvanlar və superqəhrəmanlar, ağlagəlməz hekayələr onu bu sahənin ən yaxşı rejissorlarından birinə çevirib.
“Bətmen”, “Beetlejuice”, “Alisa möcüzələr diyarında” Bartonun ən məşhur uşaq filmlərindən sayılır.
Burada bir neçə filmin qısa təsvirlərini təqdim edirik.
Barton “Alisa möcüzələr diyarında” filmini Levis Karolun eyni adlı romanı əsasında çəkib. Alisa dovşan yuvasında qəribə bir dünyaya düşür və burada qarşılaşdığı hər şey onu aldadır. Film “möcüzələr diyarı”na illüziyalarla dolu səyahət zamanı Alisanın üzləşdiyi macəralarla zəngindir.
“Edvard Qayçı Əllər” - maraqlı və diqqətçəkən müasir nağıldır. Edvard bir ixtiraçı tərəfindən hazırlanarkən onun yaradıcısı işini bitirməmiş ölür. Filmin qəhrəmanının əl barmaqlarını böyük, qorxulu qayçılar əvəz edir.
“Çarlinin Şokolad Fabriki” filmi Roald Dahlın uşaq romanını daha da məşhurlaşdırıb. Bartonun bütün filmləri kimi bu film də öz tamaşaçısını ovsunlayır. Sakit, ədəbli oğlan Çarli Baket və qəzəbli oğlan Villy Vonkanın səhnələrində kompüter qrafikasından çox real dekorasiyalar və animasiya kuklalarından istifadə olunub. Hətta şokolad çayında belə əsl şokolad axır. Filmdə 40-dan artıq canlı təlim görmüş dələ çəkilib.
“Böyük balıq”
Daniel Uollesin 1998-ci ildə yazdığı eyniadlı romanı əsasında çəkilmiş fantastik filmdir. Uill mərhum atasının həyatı ilə bağlı hansı əhvalatın doğru, hansının uydurma olduğunu öyrənmək istəyir. Fantaziya və reallıq arasındakı xətləri dolaşdıran “Böyük balıq”da da hekayə sehrli səyahət vasitəsilə çatdırılır.
“Ed Vud” Tim Bartonun unikal istedadını vurğulayan ən bariz filmi kimi təqdim olunur. Burada ağ-qara filmi rəngarəng personajlarla təqdim edən rejissor tamaşaçıya qəribəliklərdən həzz almaq fürsəti verir.
Onun orijinal hekayələrində ən dəhşətli personajlar belə sevimli qəhrəmana çevrilir. Bu filmlər öz hekayələri və personajları ilə unikaldır.
Barton karyerasının ən uğurlu filmlərindən olan “Beetlejuice” (Bitilcuus) da fantastik elementlərlə dolu hekayədir. Yeni evə köçən ailəni əvvəllər bu evdə yaşayan mərhum cütlüyün ruhları narahat edir. Cütlüyə kömək etmək üçün kabus “Beetlejuice” personajı çağırılır. Yaranan xaosdan sonra cütlük yeraltı dünyada çılğın bir macəraya başlayır. Film əvvəldən sona qədər həyəcan və gülüş dolu səhnələrlə zəngindir.
İki dəfə “Oskar” mükafatı alan T.Bartonun filmlərinin musiqisindən tutmuş komiksinə qədər hər detalı çox bəyənilir. Onun filmlərində Conni Dep, Helena Bonham Karter, Kristofer Li və Maykl Kiton kimi məşhur aktyor və aktrisalar çəkilib.