MƏKTƏB FOBİYASI
Hər il ölkədə140 minə yaxın şagird birinci sinfə qədəm qoyur. Uşaqların bəziləri ilk gündən məktəbə çox həvəslə gedir və mühitə uyğunlaşırlar. Bəziləri isə ilk vaxtlar həvəsli olsalar da, sonrakı günlərdə istəkləri qorxu ilə əvəz oluna bilər.
Dərs ilinin ilk günlərində valideynlər uşaqların bu davranışını ciddi qəbul etməyə, bunu şıltaqlıq kimi yoza bilərlər. Mütəxəssislər hesab edirlər ki, əslində məsələ daha ciddidir.
Məktəb fobiyası olan uşaq məktəbə getməyə ciddi müqavimət göstərir, narahatlıq və təşviş içərisində olur. Psixoloqlar bu hallarda uşaqlarda qarın ağrısı, qusma, yuxu pozğunluğu kimi əlamətlərin müşahidə olunduğunu bildirirlər.
Mütəxəssislərin rəyinə görə, məktəb fobiyası, adətən bağçadan məktəbə keçən, yeni kollektivlə tanış olan uşaqlarda özünü göstərir. Ancaq bəzən həmin mərhələdə heç bir problem yaşamayan uşaq da gələcəkdə məktəb fobiyası ilə üzləşə bilər. Bu, buraxılış imtahanlarına hazırlaşan və öz gələcəyi ilə bağlı mühüm qərarlar vermək mərhələsində olan abituriyentlərdə özünü daha çox göstərir.
Azyaşlı uşaqlarda məktəb fobiyasının yaranmasının bir çox səbəbi olsa da, bu vəziyyəti yaradan amillərdən biri uşağı tərbiyə edən şəxslə (ana, nənə, dayə və s.) arasında qurulmuş əlaqə və onların davranışlarıdır. Uşağa baxan və tərbiyə edən şəxsin onun hər bir istəyini yerinə yetirməsi, davranışlarında çərçivə qoymaması, xarici mühit faktorlarını (yad insanlar, heyvanlar və s.) uşağa təhlükə mənbəyi kimi təqdim etməsi azyaşlılarda məktəb fobiyası riskini artıra bilər.
Mükəmməllik ardınca qaçan ailələrin uşaqdan daha böyük nailiyyətlər gözləməsi, məişət zorakılığı, ailədaxili problemlər, boşanma, xəstəlik kimi hallar da məktəb fobiyasını yarada biləcək amillər sırasındadır.
Belə fobiyası olan uşaqlarla necə davranmalı?
Bunula bağlı mütəxəssislərin ilk təklifi, fobiyası olan uşaqları məktəbə zorla aparmamaq, onlara əsəbiləşməməkdir. Bu halda uşağın iradəsini zorlamaq problemi həll etməz, əksinə onu daha da çətin vəziyyətə sala bilər. Uşağı hər səhər zorla məktəbə aparmaq problemdən çıxış yolu deyil. Başqa tərəfdən, problemə əhəmiyyət verməmək uşağın narahatlığının valideynləri tərəfindən ciddi qəbul olunmadığını düşünməsinə səbəb ola bilər.
Belə hallarda başqa bir yanlış davranış uşağı mühitə uyğunlaşmağa zorla məcbur etməkdir. Nəzərə almaq lazımdır ki, vaxtında həll edilməyən problem uşaqların akademik uğurlarına və psixikasına mənfi təsir göstərə bilər. Odur ki, uşağın məktəbə uyğunlaşması prosesində həm müəllimlər, həm də valideynlər səbrli və anlayışlı olmalıdırlar. Psixoloqlar bu prosesin planlı şəkildə həllini təklif edir.
Məktəb fobiyası olan uşaqla valideyn arasında “ayrılma” prosesi tədricən olmalıdır. Bunun üçün ən yaxşı həll yolu uşağı bütün günü məktəbdə tək qalmağa məcbur etməməkdir. Onu məktəbdə etibar etdiyi yaxınlarından biri gözləyə bilər. Valideyn və ya ailə üzvlərindən kimsə uşağın onu görə biləcəyi yerdə, məsələn, sinfin qarşısında dayana bilər. Sonrakı günlərdə sinfin qarşısından yavaş-yavaş uzaqlaşa, sonra isə məktəbdən kənarda gözləyə bilər. Amma bu zaman mütləq uşaqla danışmaq, onun razılığını almaq lazımdır. Uşaq tək qalmağa tam hazır olandan sonra məktəbin ətrafından tamamilə uzaqlaşmaq olar.
Bu prosesdə uşağa qarşı dürüst davranmaq çox vacib şərtdir. Valideyn heç vaxt yalan danışmamalıdır. Məsələn, əgər uşağa “səni məktəbin həyətində gözləyəcəm” vədi verilirsə, bunu mütləq yerinə yetirmək lazımdır. Sonra yavaş-yavaş “ayrılığ”a başlamaq olar.
Məktəb fobiyasının həllində əsas məqamlardan biri də proses zamanı müəllimlər, məktəb rəhbərliyi və valideynlər arasında əməkdaşlıq və düzgün yanaşmanın təmin edilməsidir.
Yanlış rəftarlar problemin daha da dərinləşməsinə, uşaqda həm sosial, həm də təhsil problemlərinin artmasına səbəb ola bilər. Odur ki, valideynlər problemin həllinə öz bildikləri yolla deyil, məhz psixoloq və pedaqoqlarla birgə müzakirədən sonra vahid yanaşma ilə başlamalıdırlar.