İKİ MÜƏLLİM ARASINDA

Uşaq psixologiyası və yetkin insan xarakterinin formalaşması prosesinə müxtəlif yanaşmalar mövcuddur. “Bronks əhvalatı” filmində rejissor kimi debütünü edən Robert de Niro diqqəti sosial mühitin bir insanın inkişafında nə dərəcədə rol oynamasına yönəldir. Baş qəhrəman Kaloceronun dilindən danışılan hekayədə ziddiyyət təşkil edən iki mövzu qarşılıqlı müzakirə obyektinə çevrilir. Belə ki, hadisələr, əsasən, 2 müəllim və 1 şagirdin iştirakı ilə baş verir.
Qeyri-formal təhsilin önəminin möhtəşəm şəkildə ortaya qoyulduğu Bronksda məktəbi məhəllə əvəz edir, müəllimlər rolunda isə Kaloceronun atası Lorenso (Robert de Niro) və məhəllənin cinayətkar qrupunun lideri Sonni yer alır. Hadisələr 1960-cı illərdə Amerikada etnik qrupların kompakt halda yaşadığı Bronks məhəlləsində cərəyan edir. Səhnələrin böyük əksəriyyəti gerçək yaşayış məntəqələrində lentə alınıb. Filmə baxanda insan özünü həmin məhəllədə hiss edir. Sanki 1960-cı illərdir və italyanlarla qaradərili amerikalıların qruplaşma halında yaşadığı bir məhəllədə Kaloceronun yetkinləşmə macərasına şahidlik edirik.
Filmdə, əsasən, aşağıdakı faktlar üzərində dayanılıb:
- Təhsilin əxlaqın formalaşmasında və gələcəyində rolu;
- Kaloceronun daxili ziddiyyəti;
- Uşaqlar üçün uğurlu müəllim modeli;
- Kaloceronun şəxsiyyət axtarışında sevgi faktoru;
- Uşaqların yaşadığı “Güc və məsuliyyət”, “Qorxu və hörmət” paradoksları.
İlk səhnələr Kaloceronun erkən uşaqlıq illərinə aiddir. Bu dövrdə o özünə rol-model olaraq qəbul edə biləcəyi 2 nümunə ilə üz-üzədir. Hansının qəbul edilməsinin doğru olması ilə bağlı isə tərəddüd edir. Atası Lorenso avtobus sürücüsüdür, məsuliyyətli, qayğıkeşdir və yüksək əxlaqi dəyərlərə malikdir, insanlar ona hörmətlə yanaşır. Mənəvi atası olan Sonni isə təhlükəli adamdır, insanlar ondan qorxduqları üçün hörmət edirlər. Kaloceronun dilemmasının təməli də bundan ibarətdir: insanlar ona çəkindikləri üçün hörmət etsinlər, yoxsa sevdikləri üçün. Bu dilemma ilk dəfə özünü orada göstərir ki, Kalocero Sonni ilə tanış olduqdan sonra məhəllədə hər kəsin ona qarşı münasibəti dəyişir. Bu, Kaloceronun xoşuna gəlir. Bəli, erkən inkişaf dövründə uşaqlar üçün doğru və yanlışdan daha çox fəaliyyətin yaratdığı təsir böyük önəm kəsb edir. Uşaqlar üçün şəxsiyyətlərinin və varlıqlarının formalaşdığı dövrdə görülmək və diqqət edilmək çox böyük rol oynayır. Bu, özünəinamın formalaşması üçün vacib şərtlərdən biridir. Aktivliyi yüksək olan uşaqlarda da bu arzunun təzahürünü görmək mümkündür.
İlk tanışlıqlarından sona qədər Kalocero Sonniyə heyranlıqla baxır, lakin bir yandan da atasına böyük hörmət və sevgi ilə yanaşır. Hər iki müəllimi ona həyatı sözlə deyil, davranışlarla öyrədir. Atasına olan rəğbətinin əsas səbəblərindən biri isə onun məsuliyyəti, danışıq qabiliyyəti və qoruma instinktidir, çünki qoruma instinktinin təməlini sevgi təşkil edir və uşaqlar bunu çox dərindən hiss edə bilir. Lorenso hər kəsin qorxub-çəkindiyi Sonni ilə üz-üzə gəlməkdən çəkinmir və bütün cəhdləri ilə oğlunu ondan uzaq tutmağa çalışır. Son səhnədə görəcəyik ki, Lorenso və Sonni də öz xarakterləri çərçivəsində bir-birlərinə hörmət edirlər, sadəcə onların həyat tərzləri kimi, yanaşma və öyrətmə metodları da fərqlidir. Hər iki müəllimin çox gözəl təlqin etdiyi digər bir fəaliyyət isə ünsiyyətlə bağlıdır. İkisi də Kalocero ilə yüksək səviyyəli bir ünsiyyət qurur və vəziyyət necə olursa-olsun, bu ünsiyyət açıq, şəffaf qalır, qırılmır və tamlığını qoruyur. Hər iki müəllim sözünə sadiq insandır və tərzləri fərqli olsa da, dediklərini yerinə yetirirlər. Bu da hər ikisini Kalocero üçün dəyərli edir.
Kalocero üçün dönüş nöqtəsi ona şəxsiyyətinin formalaşmasını tamamlamağa kömək edən ilk sevgisi ilə qarşılaşmasıdır. Bu qız qaradərilidir və italyanların məhəlləsində qaradərililər sevilmir, eynilə qaradərililərin məhəlləsində də italyanlar qəbul edilmir. Bu məsələ gənc oğlan üçün seçimin yaxınlaşdığını bildirir. O, artıq qorunan rolundan qoruyan roluna doğru keçid ərəfəsindədir və öyrəndiklərinin imtahanı ilə qarşı-qarşıyadır. Dostluq etdiyi italyan gənclər qrup halında hərəkət edir və cinayətkarlığa meyillidir. Özü cinayətkar olsa belə, Sonni də Kaloceronun o gənclərlə birlikdə olmasına qarşı çıxır. Həmin gənclər qaradərililərə hücum etməyi planlaşdırır və Kalocero sevdiyi qızın və ailəsinin hücum ediləcək məhəllədə olduğunu bilir. Əvvəlki səhnələrdən birində Kalocero italyan məhəlləsindən keçən qaradərililərin zərər görməməsinə çalışır, lakin bu kifayət etmir. Anlayır ki, bu qrup daxilində qalsa, istəməsə də, cinayətə qarışmalı olacaq, bunun qarşısını ala bilməyəcək.
Bu imtahanda müəllimlərindən biri ona dəstək olur, digəri isə qoruma instinkti ilə hərəkət edir və beləliklə də, Kalocero seçimini edir. Bu qərar onun həyatında yeni bir dövrün başlandığına işarə edir.
Filmin son səhnəsində ata ilə oğul arasındakı bağı, uşaqların dostluğa yanaşmasını və gözləntilərini, qürur, məğrurluq, uğur qazanmaq arzusu, minnətdarlıq hissi və başqa duyğuları çox real şəkildə hiss etmək mümkündür. Film müəllim və valideynlərə, xüsusilə də övladlarının sosial çevrənin təsirinə düşməsindən ehtiyat edənlərə faydalı ola bilər. Bəzi səhnələr isə valideynlərə uşaqları idarə etməyi və öyrətməyi öyrədə biləcək dərəcədə mükəmməldir.
Qasım Qurbanov

