ƏVƏZEDİCİ MÜƏLLİM

Bu dəfə 2011-ci ildə ABŞ-də istehsal edilən “The Detachment” (“Ayrılma”) filmini təhlil edəcəyik. Bu əsər bir neçə məsələyə fərqli baxmaq imkanı verir. Rejissor film vasitəsilə təhsilə aid 3 xüsusi məsələni bir-biri ilə qarşılıqlı əlaqədə anlatmağa çalışır:
- Uşaqlıq və yetkinlik dövrü arasındakı qırılmaz bağlılıq;
- Ailə münasibətlərinin şagirdlərin və müəllimlərin təhsil həyatında və karyerasında rolu;
- Təhsil sistemindəki boşluq və çatışmazlıqların idarəçilik-şagird-müəllim üçbucağında yeri.
Qəhrəmanların yaşadığı daxili narahatlığı filmin əvvəlindən sonuna kimi ən yüksək səviyyədə hiss etmək mümkündür. Müəllimlərə, adətən, xilaskar, bütün problemləri həll etməli olan qüvvə kimi baxılır. Şagirdlər də, valideynlər də, cəmiyyət də hamılıqla müəllimlərdən möcüzə göstərmələrini gözləyir. Halbuki müəllimlər də digərləri kimi hissləri, emosiyaları, xatirələri, keçmişi və gələcəyi olan, bunlar haqqında düşünə bilən insanlardır.
Film Amerikanın təhsil sistemində kurikulum və texniki standartların insan faktorundan üstün tutulmasını sərt tənqid edir. Burada əsas süjet müəllim Henri və şagirdləri Meredit ilə Erika personajlarının üzərində qurulub. Bu obrazların hər birini psixo-sosial aspektdən təhlil etdikdə, filmin adının niyə “Ayrılma” olduğunu daha yaxşı anlamaq olur.
Film müəllimlik peşəsini seçən insanların bu sahəyə necə yönəldikləri ilə bağlı monoloqları ilə başlayır. Müxtəlif yaşlarda, müxtəlif sahələrdən gələn insanlar danışır. Hər birinin səs tonundan yorğunluq və ruh düşkünlüyü hiss edilir. Baş qəhrəman Henri Bartesin sözlərindən də bunu duymaq olur: bütün müəllimlər bir gün həqiqətən nəyisə dəyişə biləcəklərinə inanaraq başlayır, sonda isə ya bunu edə bilirlər, ya da özləri dəyişir. Sistem boşluqları və çatışmazlıqların çox olduğu mühitlərdə isə dəyişən, adətən, müəllimlərin inam, ümid və motivasiyası olur. Film, eyni zamanda onu da tənqid edir ki, bir nəqliyyat firmasında yük maşını sürən işçi də, əsas işindən sonra qalan vaxtını dəyərləndirməyə çalışan məmur da müəllim olaraq çalışa bilir. Əslində isə müəllimlik elə bir peşə, elə bir sahə deyil ki, orada “işləyəsən”. Müəllimsənsə, özünü fəda edirsən, ömründən verirsən ki, çətinliyi olan bir uşağa dəstək ola biləsən, problem yaşayan uşağın üzünün güldüyünü görə biləsən, əmək sərf edən, çalışan uşağa gələcəkdə uğurlu ola bilməsi üçün yol göstərə biləsən, ailəsində yaşadığı problemləri sinifdə unutdura biləsən, gələcəyə inam üçün motivasiya edə biləsən. Müəllim hətta şagirdlərin məktəbdən sonrakı vaxtda da səmərəli vaxt keçirməsi, daha aktiv olmasına nail olması üçün öz üzərində işləməli, yeni metodlar tapmalı, yeni üsullar kəşf etməyə çalışmalıdır. Filmdə də insan faktoru bu yöndə tənqid edilir, daha doğrusu, insan faktorunu nəzərə almayan təhsil sistemləri.
Bəzi kadrlarda müəllim Henrinin uşaqlıq illəri ilə bağlı xatirələri göstərilir və onun ailəsində yaşadığı neqativ halların yetkinlik halındakı psixalogiyasına təsiri də məhz onun davranışından, fəaliyyət formasından hiss edilir. Henri məktəbdə il boyu fəaliyyət göstərən müəllim deyil, o, əvəzedici müəllimdir, bir müəllimin əvəzinə məktəbə gəlir və əsas müəllim geri qayıtdıqda o gedir. Henrinin insanlarla və keçmişi ilə olan münasibət forması da uzaq durmaqdan ibarətdir. Əslində, Henri filmdə özünü və ailəsini, uşaq ikən yaşadıqlarının yetkinlik halına təsirini tənqid edir. Özünü mental olaraq müəllim hiss edən əksəriyyət kimi o da uşaqlara dəstək olmağa çalışır, onlarla emosional bağ quraraq empatiya ilə yanaşır. Uşaqlar da müəllimlərinin onlara fərd kimi yanaşdığını zaman keçdikcə hiss edir və müəllim-şagird münasibətləri qüvvətlənir. Müasir dövrdə bütün uğurlu tədris sisteminə malik ölkələrdə bu fakt öz təsdiqini tapır. Müəllimin öz motivasiyası nə qədər yüksəkdirsə, şagirdləri ilə nə qədər sağlam ünsiyyət qura bilirsə, müəllimin də, şagirdlərin də uğur qazanması bir o qədər labüddür.
Şagirdlərdən Meredit zorakılığa ən çox məruz qalan və bunun psixoloji tərəfini əks etdirən, sonda intihar edən qızdır. O, müəllimi Henridən dəstək istəyir, istədiyini ala bilməyəcəyini hiss etdikdə isə mənfi tərəfə yönəlir. Burada rejissor intihar ilə gələcəyi uğursuz olacaq şagirdləri metafora edir. Meredit sistemdən dəstək ala bilməyən şagirdləri təmsil edir, təhsil sistemi onların ehtiyaclarını anlamayanda uğursuzluğun məntiqli nəticə olacağı vurğulanır. Erika isə ehtiyaclarının təmin olunmadığı vəziyyətlərdə alınan fiziki zərərin təmsilçisidir. Henri ona evini açsa da, sağalması üçün daha düzgün bir yerə getməsinin lazım olduğunu bilir. Bununla rejissor müəllimlərin təkbaşına bütün uşaqları qurtarmağa çalışdığını, amma bunun kifayət etmədiyini ifadə etməyə çalışır. İstədiyi kimi dəyişikliklər edə bilmədikdə isə müəllimlər də bunun mental və fiziki əziyyətini çəkir, ruh düşkünlüyü yaşayır, motivasiyası itir. Rejissorun diqqət çəkməyə çalışdığı məqamlardan biri də məktəb muxtariyyəti və müəllimləri müvafiq vəsaitlərlə təmin edərək nisbi sərbəstlik vermək kimi müasir tədris metodlarıdır.
Filmdə uşaqlığında, yeniyetməliyində, gəncliyində əziyyət çəkən digər müəllimlərin də səhnələri elə möhtəşəmliklə ifadə edilir ki, onları yalnız izləyərək hiss etmək, dərk etmək mümkündür. Müəllim-şagird-valideyn üçbucağı aspektindən təhlil etdiyimiz bu filmlə bağlı sonda onu qeyd etmək istərdim ki, müəllim və onun daxili motivasiyası təhsil sisteminin mərkəzi faktorudur və təhsil yükünün böyük hissəsi onun çiynindədir. Bir müəllim sadəcə bilik ötürən insan deyil; yeri gəldikdə bir psixoloqun pasientinə verdiyi dəstəyi verir, yeri gəldikdə həkimin xəstəsini müalicə etdiyi kimi şagirdini müalicə edir, yeri gəldikdə beyin cərrahı kimi uşaqların beynini sağlam hala gətirir, həyat müəllimi kimi gələcəyini formalaşdırır, polis kimi təhlükəsizliyini təmin edir, ata kimi qayğı, ana kimi nəvaziş göstərir, dost kimi etibarlı olur. Beləliklə, filmin bu yöndə yanaşması maraqlıdır ki, müəllim sistemin mərkəzi obrazı kimi başa düşülməli, qəbul edilməlidir.
Qasım Qurbanov

