SİNİF ROLUNDA REAL HƏYAT HADİSƏLƏRİ




Bu dəfə 2014-cü ildə İordaniyada istehsal olunan, baş qəhrəmanın adı ilə “Theeb” adlanan filmdən söhbət açacağıq. Fərqli həyat şərtlərində uşaqların yaşamağı və öyrənməyi necə öyrənməsindən bəhs edən bu əsərdə bolluca metaforalardan istifadə olunub. Buna sadəcə film deyil, elmi əsər kimi də baxmaq olar. Çünki burada bir uşağın təbiətin qanunlarına uyğun olaraq necə instinktiv və şüurlu şəkildə hərəkət etməsi açıqlanır. Filmin qısa məzmunu belədir: səhrada adi həya tərzi keçirən Theeb və Hüseynin həyatı qəbilələrinə qonaq gələn bir ərəb və bir ingilis əsgərin yardım istəməsilə dəyişir. Hüseyn qəbilə başçılarının qərarına uyğun olaraq qonaqlara gedəcəkləri yerə qədər bələdçilik etməlidir. Theeb isə gizlicə Hüseyni təqib edir və bunun üstü açılanda artıq Theebin geri qayıtması imkansız olur və o bu səyahətin bir parçasına çevrilir. Lakin bu təhlükəli yolda qonaqların düşmənləri sadəcə onların özlərini deyil, Hüseyni də öldürürlər. Müəllimini itirən, səhrada yalqız qalan Theeb özünün müəllimi olmalı olur. İngilis əsgərin onun diqqətini çəkən sandığı isə sonda verəcəyi qərarın əsas obyekti olur.

Rejissorun və süjet xəttinin toxunduğu əsas nöqtələr isə bunlardır:

  • John Deveyin “Təcrübə ilə öyrənmə” və Paulo Freirenin “Problem əsaslı tədris” yanaşmalarına bənzər istiqamətlər,
  • Təhsilin yalnız bilik deyil, insani dəyərlərin formalaşmasının təməli olması,
  • Tədris mühitini səhra təmsil edir: sinif rolunda real həyat hadisələri, kitab əvəzinə təcrübə, imtahan əvəzinə sağ qalmaq səyləri,
  • Müşahidə bacarıqlarının uşaqların təhsili prosesində yeri və rolu,
  • Travmatik öyrənmə, onun müsbət və mənfi tərəfləri.

Filmdə baş qəhrəman olan Theebdən sonra əsas xarakterlər onun böyük qardaşı Hüseyn, ingilis hərbçi, səhradakı quyu kənarında təkbətək qaldığı həm Həcc bələdçiliyi, həm də quldurluqla məşğul olan personajdır.

Theeb bədəvi ərəb şeyxinin üçüncü və ən kiçik oğludur. Atası dünyadan köçüb, özünə ən yaxın hesab etdiyi şəxs qardaşı Hüseyn eyni zamanda onun ilk müəllimidir. Theeb bacarıqlı və hər şeyə maraq göstərən bir uşaqdır.

Hüseyn ortancıl oğuldur və atalarının ölümündən sonra Theebə həm qardaş, həm ata əvəzi, həm də yol göstərəndir. Hüseynin səhrada etdiyi seçim onun ölümünə, Theebin isə imtahanına çevrilir. Rejissor bu məqamda uşaqlarda təbiət qanunlarına uyğun formalaşan həyat instinkti və yetkinlərin əxlaqi dəyərlərinin bir-biri ilə ziddiyyət təşkil etməsinə eyham vurur.

Devey və Freirenin yanaşmalarına görə, öyrənməyin əsas şərtlərindən biri onun qalıcı olmasıdır və bunun ən mümkün yolu bir problem vasitəsilə təcrübə edilməsidir. Nəzəri olaraq qazanılan bilik təcrübə ilə dəstəklənmədikdə onun qalıcı olmaq ehtimalı cüzidir və bu da təhsilin və tədrisin effektivliyini azaldır. Rejissor da məsələlərə bu yöndən yanaşır. Theeb qardaşından öyrəndiklərini real həyatda tətbiq edir və tədrisin “keyfiyyəti” istənilən səviyyəyə çatır – Theeb yetkinləşir.

Təhsil insana sadəcə bilik vermir, eyni zamanda, bilikdən istifadə etməyi də öyrədir. Bunun yollarından biri də əxlaqi dəyərlər formalaşdırmasıdır. Sonda Theebin əsgərin sandığının quldur tərəfindən açılaraq zabitə satılmasına görə onu öldürməsi də formalaşan əxlaqi normaların göstəricisidir. Həmin quldur Theebin qardaşını öldürmüşdü, buna baxmayaraq daha əvvəl Theebin fürsəti olsa da, qulduru öldürmür, əksinə onu başa düşməyə çalışır və onlar bir-birinə güvənməyə başlayır. Sandığın uşaq üçün önəmini dərk etməyən quldur isə bu səhvini həyatı bahasına ödəyir. Çünki bu sandığın gizliliyinin qorunması uşağın bütün öyrəndiyi əxlaq normalarının təzahürü idi. Sandıq açılanda isə Theeb uşaqlıqdan yetkinliyə, öyrənəndən öyrədənə keçid edir.

Filmdə birbaşa məktəb və rəsmi müəllim obrazları yoxdur. Rejissor bu mövhumların əksik olduğu mühitlərdə tədrisin və yetişməyin hansı formada gerçəkləşdiyinə işarə etməyə çalışır. Səhra biliyin sonsuzluğu metaforu ilə ötürülür, sandıq əxlaqi dəyər və normaların həyati əhəmiyyətini və onlara toxunulmazlığı ifadə edir, əks təqdirdə baş verə biləcəklərə ən kəskin cavabı verir.

Müşahidə öyrənməyin effektivliyi üçün ən azı təcrübə qədər önəmlidir. Filmdə də baş qəhrəmanımız çox güclü müşahidə qabiliyyətinə sahibdir. O, sadəcə hərəkətləri və sözləri deyil, bədən dili və mimikaları ilə də çox yaxşı izləyir və bəzi anlarda bunları təkrarlayır. Rejissor bu detallarla uşaqların hərəkətlərinin bir növ yetkinlərin hərəkətlərinin təzahürü olduğunu anlatmağa çalışır. Hadisələrin sonlarına doğru Theebin Hüseynə necə bənzədiyini sezmək çətin deyil. Bu hal bir uşağın təhsilində və xarakterinin yetişməsində həm genetika faktoruna, həm də ətraf mühit amilinə diqqət çəkir.

Qasım Qurbanov