İnteraktiv təhsil: istənilən zaman istənilən mövzunu araşdır
21-ci əsrin yeni öyrənmə metod və vasitələri içərisində interaktiv təhsil xüsusi yer tutur. Bu, kompüter və internet texnologiyalarından istifadə etməklə müəyyən bilik və bacarıqları öyrənmə texnikasıdır.
İnteraktiv təhsilə qoşulanlar özlərini təkcə məktəb və özəl tədris müəssisələri, onların proqramları ilə məhdudlaşdırmır, eyni zamanda internet üzərindən aktiv təhsil saytları vasitəsilə inkişaf etdirə bilirlər. İnteraktiv təhsil öyrənmə prosesini birbaşa iştirakla gücləndirməyə yönəlmiş aktiv təlim üsullarını dəstəkləyir. Beləliklə, burada yalnız müəllimlərlə deyil, dost və həmfikirlərlə də qarşılıqlı əlaqədə olmaq və birlikdə işləmək imkanı yaranır.
Mütəxəssislərin qənaətinə görə, interaktiv təhsil məktəbdə müəllim və şagird arasında effektiv təlim mühiti yaradır. Bura həmçinin məktəbdə öyrəndiyi bilikləri möhkəmləndirmək üçün həvəsləndirici fəaliyyətlər də daxildir. İnteraktiv təhsildə müəllim öyrənməni təşviq edir. Mütəxəssislər interaktiv şəkildə öyrənilən məlumatların daha qalıcı olduğunu söyləyirlər.
Ənənəvi və interaktiv təhsilin fərqləri
İnteraktiv təhsil yalnız təhsil müəssisəsində deyil, evdə də əldə edə biləcəyiniz təhsil növüdür. İnternet bağlantısı ilə bir çox interaktiv təlimlərə qoşulmaq mümkündür. Burada uşaqlar ənənəvi dərslərdə başa düşmədiyi mövzuları təkrar izləməklə biliklərini möhkəmləndirmək imkanı qazanırlar. Sosial və emosional bacarıqları artırmaq üçün keçirilən təlimlərdə isə hər yaşa və səviyyəyə uyğun biliklər əldə etmək mümkündür.
İnteraktiv təhsil virtual mühitdə tədris videoları və təqdimatlarla, təhsil və istiqamətləndirici fəaliyyətlərlə öyrənməyi dəstəkləyən təhsil sistemidir. Gündəlik öyrənmə prosesi məktəb dərsləri ilə məhdudlaşmır və bu vaxtı iştirakçı özü tənzimləyə bilir. Ənənəvi təhsil dərslərində iştirak canlı öyrənmə imkanı yaratsa da, uşaqların diqqəti asanlıqla yayına bilir. İnteraktiv təhsil isə öyrənmə prosesi zamanı diqqəti mövzuya yönəltmək üçün müxtəlif imkanlar təklif edir.
İnteraktiv təhsilin üstünlükləri nələrdir?
- İnteraktiv təhsil dərsə marağı qorumağa kömək edir.
- Müstəqil öyrənmə imkanları ilə istənilən sahədə inkişaf etmək mümkündür.
- İnteraktiv təlimdə istənilən zaman və istənilən mövzunu araşdırmaq, bu yolla mövzunu daha yaxşı mənimsəmək olar.
- Mövzunun öyrənilmə müddətini, xüsusi təlim planını yaratmaq imkanı təklif edir.
Təhsil texnologiyaları araşdırmaçıları və ekspertlərin rəyinə görə, interaktiv təhsil bütövlükdə təhsil sisteminə böyük töhfə verir. Bu sistem təklif etdiyi yeni təlim üsulları ilə ardıcıl və asan öyrənmə imkanlarını artırır.