Minlərlə gəncə xaricdə təhsil imkanı




Dövlət Proqramının açdığı üfüqlər

Azərbaycan  gələcək inkişaf naminə təhsil sistemində islahat və dəyişiklikləri davam etdirir. Bu inkişafa xidmət edəcək təsirli addımlardan   biri də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”dır.  Həmin proqramın fəaliyyəti, planları, görülən işlərin analizi və yeniliklərlə bağlı məlumatları “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova ilə müsahibədə aydınlıq gətirməyə çalışdıq.

  • Turan xanım, bu günlərdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində növbəti tədris ili üçün prioritet ixtisas və universitetlərin siyahısı açıqlandı. Proqram gənclərə hansı perspektivi vəd edir?

 

  • Proqramın məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı yaratmaqla, onları ölkənin gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksək ixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir. Onlara 15 prioritet sahə, 290 universitet və 30 ölkədə dünyanın ən yaxşı universitetlərində bakalavriat və magistratura səviyyəsi üzrə təhsil almaq şansı verilir. Tələbələr təhsil haqqı və başqa xərcləri qarşılanmaqla yanaşı,  aylıq təqaüd də alacaqlar. Onlara dövlət qulluğuna birbaşa qəbul və gələcək iş imkanları da yaradılacaq. Fikrimcə, bu proqram çərçivəsində oxuyacaq gənclər ölkənin kadr petensialını daha da zənginləşdirəcək. Proqram bütövlükdə 400 gəncə xaricdə təhsli almaq imkanı yaradır. Bu yerlərin  80-i bakalavriat, 320-si isə magistratura təhsili üçün ayrılıb.

 

  • Sevindirici haldır ki, prioritet ixtisas və universitetlərin siyahısında astronomiya, kosmos, aerokosmik tədqiqatlar  sahəsi də yer alıb. Bildiyiniz kimi, orta məktəb proqramında astronomiya fənninin tədrisinə yer ayrılmaması cəmiyyətdə birmənalı qarşılanmırdı. Mütəxəssis və ekspertlər uzun müddət idi ki, bu problemi diqqətə çatdırmağa çalışırdılar.  Həmin ixtisasların ölkənin prioritetinə çevrilməsi xarici tendensiya ilə bağlıdır, yoxsa gənclərin marağı ilə?

 

  • Təbii ki, gənclərin bu sahəyə artan marağı onu prioritetlər siyahısına salıb. Proqramda 15 prioritet ixtisas istiqamətindən söhbət gedir.  Burada dövlət proqramının icrası mərhələsində tələbələrin müraciətinin dəyərləndirilməsi həyata keçirilir. Sualınıza buradan baxsaq, deyə bilərik ki, həmin prioritetlər gənclərin marağı nəzərə alınmaqla hazırlanıb. Daha çox müraciət olunan ixtisas istiqamətləri olaraq  mühəndislik, iqtisadiyyat, informasiya texnologiyaları, eyni zamanda arxitektura və dizayn, aviasiya və kosmos sahələrini göstərmək olar.

Həmişə vurğuladığımız kimi, yenə də yalnız kənd təsərrüfatı sahəsinə marağın  azlığını qeyd etmək istərdim. Bu ilki  qəbulda ilkin müraciət olsa da, yekunda kənd təsərrüfatı üzrə təhsil alacaq tələbə olmadı.

 

  • Sizcə gənclərin bu sahəyə marağının olmamasının kökündə nə dayanır?

 

  • Bu problemin nədən qaynaqlandığını deməkdə çətinlik çəkirəm. Çünki bu sahə üzrə mütəxəssis deyiləm. Amma keçmişə qayıtsaq, demək olar ki, müxtəlif illərdə tendensiyalar fərqli olur. Əgər əvvəllər hüquqa, tibbə, biznesin idarə olunmasına maraq güclü idisə, indi prioritetlər daha çox texnologiya və mühəndisliklə bağlıdır. Əminəm ki, ölkədə kənd təsərrüfatının inkişafı gənclərdə bu sahənin perspektivinə inam yaradacaq və onların təşviqinə səbəb olacaq. Məsələn, doktorantura təhsilində ilkin vaxtlarda kənd təsərrüfatı üzrə qəbul az idi. Son vaxtlar isə bu sahə üzrə doktorantların sayında artım hiss olunur və ümid edirik ki, bu, getdikcə artacaq.

 

  • Ötən tədris ilinin statistikasına əsasən müraciətlər və seçilənlərin nisbəti haqqında nə deyə bilərsiniz?

 

  • Bütün istiqamətlər üzrə 800-ə yaxın müraciət var idi. Bunlardan yalnız 353-ü seçilə bildi. Bakalavr təhsil səviyyəsi üzrə nəzərdə tutulan 80 nəfərlik kvota tam dolsa da, magistratura üzrə 273 tələbə təhsil hüququ qazandı.

 

  • Xaricdə təhsil üçün müraciət edənlərin datalarının təhlili nə göstərir? Onların regionlar, məktəblər, ailə vəziyyəti, gender üzrə sayları haqqında məlumatlar emal edilirmi?

 

  • Gənclərin qeydiyyat vaxtı göstərdikləri məlumatlara əsaslanıb demək olar ki, ölkənin 20-yə yaxın regionundan daha çox müraciətlər olur. Müraciətçilər arasında Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlər çoxluq təşkil etsə də, az qala bütün regionlardan müraciət var. Gender bölgüsünə gəldikdə isə hazırda təhsil alan tələbələrin 40 faizi qızlar, 60 faizi isə oğlanlardır.

 

  • Gənclər ən çox hansı ölkələrin universitetlərinə üstünlük verirlər? Səbəbləri necə izah olunur?

 

  • Gənclər üçün ən cəlbedici ölkə Böyük Britaniyadır. Bu ölkəyə həm bakalavriat, həm də magistratura təhsili üçün müraciətlər çoxluq təşkil edir. İlk beşlikdə olan ölkələr Böyük Britaniya, Türkiyə, ABŞ, Kanada və İtaliyadır. Say baxımından Belçikaya da böyük maraq olduğunu deyə bilərik.

 

  • Amma deyəsən növbəti il üçün təsdiqlənən universitetlərin siyahısında bakalavriat səviyyəsində ABŞ və Belçika ali məktəbləri yer almayıb.

 

  • Bəli, indiki mərhələdə bakalavriat təhsili üçün ABŞ universitetləri ilkin siyahıda yer almayıb. Biz növbəti bir siyahı üzərində də çalışırıq. Ehtimal var ki, ABŞ universitetləri həmin siyahıya salınsın.

 

  • 2023-2024-cü təhsil ilində beynəlxalq ikili diplom proqramları ilə bağlı hansı yeniliklər gözlənilir?

 

  • Bizim dövlət proqramı tərəfindən iki layihə idarə olunur. Bunlardan birincisi 2019-2023-cü illəri əhatə edən Ali Təhsil Sistemində Beynəlxalq Rəqabətinin Artırılması Proqramıdır. Bu proqram çərçivəsində 2 komponent yer alıb -  xaricdə doktorantura təhsili və  ikili beynəlxalq diplom proqramlarının təsis olunması.  Beynəlxalq ikili proqramların təsis olunması ölkənin ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi, beynəlxalq təcrübənin yerli ali təhsil müəssisələrinə tətbiqi və proqramda təhsil alan tələbələrimizə hər iki ölkənin təcrübəsindən istifadə edə bilmək imkanlarını təmin edir.  Hazırda  ikili diplom proqramı dünyanın 23 nüfuzlu universiteti ilə dörd yerli universitet arasında həyata keçirilir. Bakalavr və magistratura təhsil səviyyəsinin hər biri üçün ayrıca 2 proqram mövcuddur. 2023-cü ilin yeniliyi kimi beşinci proqramın üzərində işləyirik və onun təsis olunacağını gözləyirik.      Müvafiq proqramlar çərçivəsində ikinci komponent xaricdə doktorantura təhsilidir.  Doktoranturaya qəbul ildə 2 dəfə keçirilir.  Qəbul proqramı çərçivəsində dünyanın  reytinq cədvəli əsas götürülür. Burada dünyadakı ilk 500-lükdə yer alan universitetlərə üstünlük verilir. Və müraciət zamanı doktorantlar mütləq buna fikir verməlidirlər. Burada ölkə üçün yeddi prioritet ixtisas istiqaməti müəyyəlnləşib. Bu proqram çərçivəsində ən son qəbulu da nəzərə almaqla deyə bilərik ki,  dünyanın 20 ölkəsindəki 80-ə yaxın ali təhsil müəssisəsində  207 doktorantımız təhsil alır.

 

  • Bakalavriat və magistratura təhsili ilə bağlı prioritetlər aydındır. Bəs dokorantura təhsilində hansı ixtisaslara müraciət çoxluq təşkil edir?

 

  • Burada iqtisadiyyat və idarəetmə, texniki elmlər, təhsil sahələri üstünlük təşkil edir. Və yenə də ən az müraciət kənd təsərrüfatına olsa da, bütün istiqamətlər üzrə qəbul mövcuddur.
  • Bu gün xarici ölkələrdə oxuyan gənclərin ümumi sayı nə qədərdir?
  • 2022-2026-cı illər proqramında 353 tələbə, doktorantura təhsilində isə 207 doktorant xaricdə təhsil alır.

 

  • Turan xanım, siz də xaricdə təhsil alan kadrlardan birisiniz. Bir vaxtlar tələbə kimi topladığınız təcrübə, rastlaşdığınız problemlər bu gün Dövlət Proqramının rəhbəri kimi köməyinizə çatırmı?

 

  • Mən dövlət sifarişli proqramda təhsil almasam da, istənilən halda topladığım təcrübə oradakı tələbələrin durumunu təsəvvür etməyə, çətinlik və problemlərini anlamağa imkan yaradır. Bu ən çox qəbul olmuş tələbələrin təhsilinin maliyyələşməsi hissəsində, yəni tələbələrin təhsil haqlarının və təqaüdlərinin vaxtında ödənilməsi istiqamətində çox kömək edir. Proqramda beş istiqamət üzrə ödəmə həyata keçirilir.  Bura təhsil haqqı, təqaüd, nəqliyyat, viza və sığorta xərclərinin ödənilməsi daxildir. Proqramda çalışan həmkarlarla birlikdə işə  empatiya hissi ilə yanaşmağa çalışırıq.

 

  • 2022-2026-cı illər qəbulu üzrə ilk qrup artıq xaricdə təhsil alır. Həmin tələbələrlə əlaqələriniz necə qurulub?

 

  • Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyi yanında Dövlət Proqramını İdarəetmə Qrupu yaradılıb. Bu qrupun əsas işi dövlət başçının imzaladlğı hər iki sərəncamın icrasını həyata keçirməkdir. Bu, tələbələrin təşviqi, qəbulu, proqram çərçivəsində təhsil alanların tədrisinə monitorinqin həyata keçirilməsi, onların təhsilinin maliyyələşməsi, təhsil aldıqdan sonra ölkəyə qayıtması, işəgötürənlərlə əməkdaşlıq da daxil olmaqla bir neçə prosesi özündə birləşdirən idarəetmə proqramıdır. Qəbul olunduqdan sonra tələbələrlə kommunikasiyanı bizim qrupun  əməkdaşları qurur.  Ölkələr üzrə müəyyən olunmuş koordinatorlar onlarla davamlı və sıx əlaqədədir. Tələbələrin təqdim etdiyi sənədlər əsasında onların təhsil haqları, təqaüdləri ödənilir. Bildiyinz kimi, proqram Dövlət Neft Fondunun vəsaiti ilə maliyyələşir.

   

  Zemfira Məmmədqızı