Sertifikatlaşdırma effektiv öyrənmə mühiti yaradacaq




yunun 14-də Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı və Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) mütəxəssislərinin iştirakı ilə “Təhsilverənlərin sertifikatlaşdırılmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda müzakirə keçirilib.  Tədbirdə Təhsil İnstitutunun direktor müavini Könül Abaslı, İnstitutun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov və “Azərbaycan məktəbi” jurnalının redaksiya heyəti iştirak edib.

Jurnalın baş redaktoru Arzu Soltan müzakirə olunacaq mövzunun - müəllimlərin sertifikatlaşdırılmasının təhsildə bir islahat olduğunu, hazırda demək olar ki, bütün dünyada müəllimlərin səriştələrinin inkişaf səviyyəsinin qiymətləndirilməsinin zəruri hesab olunduğunu vurğulayıb. PİSA tədqiqatlarının müəllifi A.Şleyxerin məşhur “heç bir təhsil sisteminin keyfiyyəti onun müəlliminin keyfiyyətindən üstün ola bilməz” fikrini sitat gətirən A.Soltan sertifikatlaşdırmanın da məhz bu fərqi müəyyənləşdirməyə yönəldiyini qeyd edib.  Onun qonaqlara ünvanladığı -“Təhsilverənlərin sertifikasiyadan keçirilməsi təhsil sistemində yeni bir dövrün başlanğıcı olacaq” fikrini təhsil ekspertləri və sertifikasiyanı keçirən qurumların təmsilçiləri tez-tez təkrarlayırlar. Bu yeni dövr bütövlükdə təhsilə nə vəd edir?” sualına  müxtəlif yönlərdən cavablar verilib.

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva Nazirlər Kabinetinin 2020-ci ilin aprelində təsdiqlədiyi “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması qaydaları”nın cəmiyyətdə birmənalı qarşılanmadığını söyləyib. Proses və onun təşkili haqqında danışan mütəxəssis deyib ki, “biz indiyədək təhsilin keyfiyyətini şagird nailiyyətlərilə müəyyən edirdik. Şagird nailiyyətlərinin  analizi  həmin  məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı məlumatlar verirdi.  Müəllimlərin təkmilləşdirilməsindən tutmuş, onların  işə qəbulu da daxil olmaqla bütün məsələlərdə şagird nailiyyətləri əsas meyar sayılırdı. Müəllimlərin sertifikatlaşdırılmasının məzmununu müəyyənləşdirərkən  biz həm də “cəmiyyətin  müəllimdən gözləntisi nədir” sualına  cavab axtarırdıq”.

N.Mehdiyevanın sözlərinə görə, müzakirələr dərinləşdikcə müəllimin məsələnin nəzəri mahiyyətini deyil, onun situasiyada tətbiqini bilməsinin zəruriliyi ortaya çıxıb: “Aydındır ki, 30 il qabaqkı şagird məktəbə sadəcə öyrənmək üçün gəlirdi, bu gün isə şagirdin bunun üçün bir çox qaynaqları var. Günümüzün məktəbində elə mühit yaradılmalıdır ki, şagirdi məktəbə cəlb edə bilsin.

Sertifikasiya təşəbbüsü ortaya çıxandan onun  məzmunu ilə bağlı fərqli fikirlər var idi. Bəziləri elə hesab edirdilər ki, müəllim məzmunu nə qədər çox bilsə, şagird üçün o qədər faydalı olar. Digərləri isə deyirdi ki, müəllim uşağa öyrənməyi öyrədəcək qədər bilməlidir. Bizim də prioritetlərimiz bu istiqamətdə idi. Biz şagirdə öyrənməyi öyrətməyi bacaran müəllimləri axtarırıq”.   

Arzu Soltanın növbəti sualı sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkar inkişafına necə təsir edəcəyi ilə bağlı olub.

N.Mehdiyeva vurğulayıb ki, “bu gün təhsilin əsas məqsədlərindən biri şagirdin özünü məktəbdə xoşbəxt, rahat, komfortlu və təhlükəsiz hiss etməsidir. Təhsilin gələcək üçün əsas hədəfi “xoşbəxt şagird” yetişdirmək olmalıdır. Şagirddə belə bir duyğunun olması üçün  onu yaxşı öyrədə bilən, şagirdlə ünsiyyət qurmağı bacaran müəllimlərə ehtiyac olduğunu aşkarladıq. Bununla da sertifikatlaşdırmanın məzmunu müəyyənləşdi”.

Nazirlər Kabinetinin qərarına əsasən sertifikatlaşdırmanın birinci mərhələsi 2026-cı ildə  başa çatacaq və o vaxtadək ölkədəki 137 min müəllim sertifikatlaşdırmadan keçəcək, deyən N.Mehdiyeva onu da qeyd edib ki, sertifikatlaşdırmadan sonra tədqiqatlar aparılacaq və həmin tədqiqatlara əsasən Azərbaycan müəlliminin peşə fəaliyyətinin  standartları da ortaya çıxacaq.

Müzakirələrdə vurğulanıb ki, sertifikatlaşdırma bir müəllimin peşəkar karyerası boyu bir neçə dəfə qoşulacağı prosesdir. Müəllim 3 dəfə sertifikatlaşdırmadan keçdikdən sonra bu prosesdən azad olunacaq.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Könül Abaslı bildirib ki, “biz şagirdlərdə XXI əsr bacarıqlarının formalaşdırılmasını istəyiriksə, müəllimlərdə də bu bacarıqlar mütləq olmalıdır. İstənilən cəmiyyətdə keyfiyyətli insan kapitalı dedikdə,  keyfiyyətli təhsilə malik insan resursları başa düşülür. Bu insan qaynaqlarını da  məktəbəqədər dövrdən başlamış ali məktəbədək təhsil sistemi yetişdirir.

Təhsilverənlər düşünməməlidir ki, sertifikasiyanın məqsədi ancaq onları işdən çıxartmaq, yaxud da müəllimin dərs saatlarını azaltmaqdır”.
K.Abaslı vurğulayıb ki, dünyada “ömürboyu təhsil” deyə bir anlayış var. Təhsilverənlər də 4 illik universitet təhsili ilə kifayətlənməməli, daim professional biliklərini artırmalıdırlar.

Təhsil İnstitutunun Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı xarici ölkələrdə müəllimlərin sertifikasiyası təcrübəsindən danışıb. O, xaricdə bu prosesin bir neçə məqsəd daşıdığını – müəllimlərin peşəkarlığının artırılması və karyera yüksəlişi ilə əlaqəli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, beynəlxalq təcrübədə sertifikatlaşdırma konkret bir vaxtla bağlı olmur və müəllim həmin prosesdə özünü hazır hiss etdiyi və arzuladığı vaxt iştirak edə bilər.

L.Sultanlının dediyinə görə, dünya təcrübəsində müəllim portfoliosunu Azərbaycan kimi “test-müsahibə” yolu ilə  qiymətləndirən ölkələr də var. Həmin ölkələrdə  müəllimin  fəaliyyətini qiymətləndirmək üçün qazandığı uğurlar və göstərdiyi professionallıq nəzərə alınır.

Tədbirdə həm müəllim, həm də jurnalist kimi iştirak etdiyini vurğulayan “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov sertifikatlaşdırmanın gedişi ilə bağlı maarifləndirmənin əhəmiyyətindən, çalışdığı qəzetin bu yöndə gördüyü işlərdən danışıb. Ş.Cəfərov “sertifikasiyanın təhsilverənlərlə yanaşı, onları işə götürən qurumların əməkdaşlarına da tətbiq olunmasının vacibliyini” vurğulayıb.

Jurnalın əməkdaşı Zemfira Məmmədqızının “Sertifikasiya sualları arasında  müəllimlərin psixoloji durumunu müəyyənləşdirməyə yönəlmiş testlər varmı” sualına cavabında N.Mehdiyeva bildirib ki, “suallar içərisində  psixoloji testlərə yer verilməsə də, müsahibə mərhələsində psixoloqların iştirakı nəzərdə tutulub. Onlar öz müşahidələri əsasında namizədlər haqqında fikirlərini qeyd edirlər”.

“Xoşbəxt şagird yetişdirmək üçün öncə xoşbəxt müəllimin olması vacib deyilmi” sualına cavabında ARTİ əməkdaşı qeyd edib ki, əslində sertifikatlaşdırmanın keçirilməsi, onun nəticələri əsasında müəllimin maddi vəziyyətinin, sosial durumunun yaxşılaşdırılması, dolayısı ilə həm də onun xoşbəxtliyinə aparacaq yolun başlanğıcıdır. 

Tədbirin sonunda “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan  müəllimlərin sertifikatlaşdırılması və təhsil islahatları ilə bağlı  məsələlərin müzakirəsinin jurnalın səhifələrində də davam etdiriləcəyini bildirib.

 

Zemfira Məmmədqızı