"OTBİÇƏN" VALİDEYNLƏR




Müasir dünyada valideynlik bəlkə də tarixin heç bir dövründə olmadığı qədər mürəkkəb və stressli prosesə çevrilib. İnformasiya bolluğu, sosial şəbəkələrin yaratdığı “mükəmməl ailə” obrazının təzyiqi və gələcəklə bağlı qeyri-müəyyənliklər valideynləri uşaqlarının həyatına daha çox müdaxiləyə vadar edir.

Uzun illər psixologiya və pedaqogikada "helikopter valideynlik" termini dominantlıq edirdi. Lakin son illərdə, xüsusilə pandemiyadan sonra daha təhlükəli yanaşma ortaya çıxdı – “otbiçən valideynlik” (lawnmower parenting). Bəzən “qar təmizləyən” (snowplow) və ya “bulldozer” (bulldozer) valideynlik adlandırılan bu yeni trendi mütəxəssislər uşaqların inkişafına ciddi təhdid kimi qiymətləndirir.

İlk dəfə 1990-cı illərdə psixoloq Foster Klayn və pedaqoq Cim Fayın işlətdiyi “helikopter valideyn” termini övladının başı üstündə helikopter kimi fırlanan, onun hər addımını nəzarətdə saxlayan valideynləri təsvir etmək üçün işlənib.

Belə valideynlər övladlarının təhlükəsizliyindən, təhsil və sosial həyatından həddindən artıq narahat olurlar. Onlar uşağın nə yediyindən tutmuş, kiminlə dostluq etdiyinə, dərslərini necə hazırladığına qədər hər şeyə çox ciddi yanaşırlar. Belə valideynlik çox vaxt xoş niyyətdən, uşağı qorumaq, onun uğur qazanmasını təmin etmək istəyindən qaynaqlansa da, nəticədə uşağa "sən bunu təkbaşına edə bilməzsən, sənin nəzarətə ehtiyacın var" gizli mesajını verir.

Əgər “helikopter valideyn” uşağın başı üzərində fırlanıb “Ehtiyatlı ol, qarşıda daş var!” deyə qışqırırsa, “otbiçən” valideyn uşaq hələ o daşı görməmiş gedib onu yoldan götürüb kənara atır. “Otbiçən valideynlik” uşağın qarşısına çıxa biləcək istənilən çətinlik, narahatlıq, diskomfort və ya uğursuzluğu proqnozlaşdırıb onları aradan qaldırmaqdır. Onlar övladlarının heç vaxt məyus olmasını, çətinlik çəkməsini və ya səhv etməsini istəmir, sanki bir otbiçən və ya buldozer kimi uşağın gedəcəyi yolu əvvəlcədən təmizləyirlər. Belə valideynin tipik davranışlarına aşağıdakılar daxildir:

  • Uşaq evdə məktəb layihəsini və ya idman formasını unudubsa, valideyn dərhal işini atıb onu məktəbə çatdırır.
  • Uşaq aşağı qiymət aldıqda, övladı ilə yox, birbaşa müəllimlə əlaqə saxlayır, mübahisə edir və qiymətin düzəldilməsinə çalışır.
  • Uşaq dostları ilə münaqişə etdikdə, dərhal digər uşağın valideyninə zəng edərək məsələni “həll edir”.
  • Hətta uşaq böyüyüb universitetə qəbul olduqda belə, professorlara zəng edir və ya iş müsahibələrinə müdaxilə edirlər.

2024-cü ildə müxtəlif jurnallarda “otbiçən” və “helikopter”liyin fəsadları ilə bağlı genişmiqyaslı araşdırmalar dərc edilib. Mütəxəssislər valideynliyin yeni növünün psixoloji, sosioloji və linqvistik tərəflərini analiz ediblər.

  1. Maşınlaşmış valideynlik: 2024-cü ildə Polşanın A.Mitskeviç adına universitetinin “Studia Anglica Posnaniensia” elmi jurnalında dərc edilən araşdırmada tədqiqatçılar Robert Kieltika və Aqnieszka Grzasko “Valideynlər maşındır/alətdir” (Parents are machines/tools) metaforasını araşdırıblar. Araşdırmada valideynlərə aid edilən “helikopter”, “otbiçən”, “bulldozer” və “dron” kimi terminlərin niyə məhz mexaniki alətlərdən götürüldüyü təhlil edilib. Nəticələrə görə, bu sözlərin seçilməsi təsadüfi deyil; müasir intensiv valideynlik uşaq böyütməyi təbii prosesdən çıxararaq, maneələri aradan qaldıran mexaniki, emosiyasız və idarəedici formaya salıb. Bu yanaşma valideynlərin həddindən artıq nəzarətini və qoruyuculuğunu sübut edən psixoloji güzgüdür.
  2. Gənclər arasında depressiya və özünəinam əksikliyi: 2024-cü ildə “Frontiers in Psychiatry” jurnalında dərc edilən başqa tədqiqat ekstremal valideynlik üslublarının universitet tələbələri üzərindəki təsirini ölçüb. Məlum olub ki, “helikopter” və “otbiçən” valideynlərin böyütdüyü gənclərdə depressiya səviyyəsi digərlərinə nisbətən xeyli yüksəkdir. Həmçinin bu gənclərdə özünəinam və həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparmaq bacarığı kəskin dərəcədə aşağıdır. Onlar hər hansı kiçik stress amili ilə qarşılaşdıqda, dərhal kənarda kömək axtarır və ya panikaya düşürlər.
  3. Maliyyə asılılığının davam etməsi: 2024-cü ildə ABŞ-nin tanınmış beyin mərkəzlərindən olan Pew Research Centerin apardığı sorğunun nəticələri “otbiçən valideynliy”in övladların yetkinlik yaşına qədər uzandığını göstərib. Araşdırmaya görə, 18-34 yaş arası yetkin övladı olan valideynlərin 59 faizi son bir ildə övladlarına maliyyə yardımı edib. Ən pisi də odur ki, bu valideynlərin 36 faizi övladlarına etdiyi yardımın onların şəxsi büdcəsinə zərər vurduğunu etiraf edib. Gənclərin ən çox kömək aldığı sahələr isə mobil telefon və Netflix kimi yayım xidmətlərinin hesablarının ödənməsi olub. Bu, “otbiçən” yanaşmasının uşaqları kiçik yaşlarda büdcə planlaması, məsuliyyət və çətinliklərlə üzləşmə kimi həyati vərdişlərdən necə məhrum etdiyinin aydın göstəricisidir.
  4. Valideyn tükənməsi: “PLOS One” jurnalının 2024-cü il buraxılışında yayımlanan başqa tədqiqat “otbiçən” və “intensive” valideynliyin təkcə uşaqlara deyil, valideynlərə də vurduğu zərəri araşdırıb. Bütün gününü uşağın problemlərini həll etməyə, qarşısındakı hər tikanı təmizləməyə, müəllimlərə mesaj yazmağa həsr edən valideynlər “tükənmişlik” sindromu yaşayırlar. Belə valideynlərin üçdə biri öz valideynlik bacarıqlarına şübhə ilə yanaşır və daimi narahatlıq içində olurlar.

Valideynlər niyə “otbiçən”ə çevrilir?

Heç bir valideyn bilərəkdən övladına zərər vermək istəmir. “Otbiçən” valideynlik, əslində, dərin sevgi, lakin yanlış istiqamətləndirilən qorxu üzərində qurulub.

Bəzən valideynlər öz uşaqlıqlarında yaşadıqları çətinlikləri xatırlayaraq “övladım mənim çəkdiyim əziyyətləri çəkməsin” düşüncəsi ilə hərəkət edirlər. Lakin unudurlar ki, onları bu gün güclü və xarakterli fərdə çevirən məhz o vaxtkı çətinliklər olub.

Çətinlik əzələ kimidir. Uşaq kiçik problemlərlə üzləşib onları həll etmədikcə, o əzələ inkişaf etmir. Nəticədə, uşaq böyüdükdə və valideynin müdaxilə edə bilməyəcəyi problemlərlə qarşılaşdıqda tamamilə özünü itirir.

Valideynliyin son məqsədi ayaqları üzərində sərbəst dayanan, problemlərini təkbaşına həll edən insan yetişdirməkdir. Hər dəfə uşağın əvəzinə nəsə etmək istədikdə özünüzə bu sualı verin: “Mən indi ona kömək etməklə gələcəkdə onu hansı bacarıqdan məhrum edirəm?”

Araşdırmalar təsdiqləyir ki, maneələri buldozerlə təmizləmək əvəzinə, övladımıza o maneələrin üzərindən tullanmağı, yıxıldıqda isə ayağa qalxıb üst-başını çırparaq yoluna davam etməyi öyrətməliyik. Əsl sevgi uşağı heç vaxt büdrəməməsi üçün qucaqda gəzdirmək yox, büdrəyəndə ona qalxmaq gücü verə bilməkdir.

Zemfira Məmmədqızı