TƏHSİLİ SƏNƏTƏ ÇEVİRMƏK




Təhsilə Waldorf baxışı

 

Əsas məqsədi təhsil təcrübələrini araşdırmaqla səmərəli təhsil mühiti yaratmaq olan Waldorf  sistemi və məktəblərinin əsasını ötən əsrin əvvəlində məşhur rəssam, filosof və alim Rudolf Şteyner  qoyub.

Şteynerin bu yanaşması şagirdin bütün təhsil prosesində fəal rol oynamasını tələb edirdi. Bu fəlsəfənin məqsədi təhsili sənətə çevirmək idi.

 

Waldorf yanaşmasına görə, hər bir şagirdin öyrənmək üçün daxili potensialı var. Əsas məsələ odur ki, müəllim şagirdi onun qabiliyyətinə, maraqlarına uyğun motivasiya edə bilsin. Bu istiqamətə yönəldilən şagird təcrübədən keçməklə öyrənmək imkanı tapır. Bu yanaşma təhsil prosesini daha zövqlü edir. Waldorf təhsil sistemində şagird akademik uğurlarına görə kateqoriyalara bölünməyən, rəqabətsiz təhsil mühiti ilə qarşılaşır.

 

Waldorf sisteminin yaradıcıları uşaqmərkəzli bir fəlsəfənin tərəfdarlarıdır. Bu çərçivədə yaradıcılığı əyləncəli şəkildə dəstəklənən uşağın özünə inamı artır. Bu sistemin ən mühüm xüsusiyyəti onun müxtəlif mədəniyyətlərə uyğunlaşdırıla bilməsidir. Odur ki, sistem müxtəlif qitə və regionlarda uğurla tətbiq olunur. Waldorf fəlsəfəsi bütün fərdlərə eyni şərtlərlə yanaşmağı tələb edir. Bu, pedaqogikada uşaqların bir-biri ilə rəqabət aparmasının qarşısını alan mühüm yanaşma sayılır.

Waldorf məktəblərinin ibtidai səviyyəsində akademik bilik minimum səviyyədə verilir. Məsələn, ilk iki ildə hərflərin necə əmələ gəldiyi izah edilsə də, üçüncü sinfə  qədər oxumaq öyrədilmir. Şagirdlər bağçılıq, incəsənət və xarici dil sahələrində təlim alırlar. Bundan əlavə, yazı bacarıqlarının inkişafı uşaqlar hərflərin mənasını dərk etdikcə formalaşır. Bu məşq zamanı uşaqlar sinifdə gəzərək və ya müxtəlif bədii ifadələrlə hərflərin formalarını çəkirlər.

 

Waldorf müəllimləri uşaqları bədii laboratoriyalarda -  qafiyə, şeir və hekayə yaratmağa sövq edirlər. Təbiətin bir parçası sayılan uşaqların fəaliyyətləri yalnız qapalı məkanda deyil, açıq havada da təşkil olunur. Bu fəaliyyətlər uşaqda formalaşan hiss və düşüncələrə uyğun olaraq irəliləyir. Bu yolla uşağın fərdi şüuru da inkişaf etdirilir. Yalnız 12 yaşdan sonra uşaqlar elm və tarixi əhatə edən təhsil sisteminə davam edirlər. Bu zaman  uşaqların yaradıcılıq  elementlərini itirməsinə yol verilmir.

Waldorf yanaşması ilə uşaqlar azad ruhlu böyüyürlər. Şagirdin və tələbənin cəmiyyətin inkişafına öz qabiliyyət və bacarıqlarına uyğun olaraq töhfə verməsi təmin edilir. Təhsil sistemində əsas tədris metodu kimi Ştayner tərəfindən hazırlanmış “euritim” istifadə olunur. Buraya yaradıcı oyun və hekayələr daxildir.  Xüsusi hallar istisna olmaqla, kompüter və başqa  texnoloji qurğular sinfə buraxılmır. Beləliklə, uşaqların hər hansı texnoloji məhsula vaxt sərf etməsinin qarşısı alınır. Uşaqların texnoloji cihazlara belə yanaşmasının evdə də eyni şəkildə davam etdirilməsi  üçün ailələr də maarifləndirilir. Bu təhsilin mühüm və nəzərə çarpacaq xüsusiyyətlərindən biri də məktəblərlə ailələrin sosial əlaqələridir. Odur ki, Waldorf məktəbləri məzunları arasında dost və yaxınlarla ünsiyyət, bədii fəaliyyətə, yaradıcılığa vaxt ayrılması meyilləri daha çox hiss olunur.

 

100 ildən artıq tarixə malik olan bu sistem yeni nəslin düşüncəsində təhsillə incəsənəti birləşdirib. Bu təhsil fəlsəfəsinə görə, incəsənət təkcə kurrikulum fənni deyil. İncəsənət təhsil və təlim proseslərinin bütün mərhələlərinə daxil edilməli olan fundamental komponentdir.

 

Qeyd edildiyi ki, Waldorf yanaşmasında ənənəvi təhsil yanaşmasından fərqli olaraq rəqabətdən uzaq təhsil mühiti yaradılır. Bu sistemdə müəyyən təhsil müəssisəsinə daxil olmaq üçün şagirdlər imtahana cəlb edilmir, uşaqlar dostlarını rəqib kimi görmürlər. Onların dostları əməkdaşlıq etdikləri tərəfdaşlardır. Bütün şagirdlər bir komandadır və ümumi məqsəd üçün oxuyurlar. Onlar həyata belə hazırlanırlar.

 

Mütəxəssislər hesab edir ki, şagird mərkəzli təhsil  sosial yenilənməyə və sosial təkmilləşməyə qapı açır. Waldorf yanaşması bütün bu müsbət inkişafları dəstəkləyə biləcək bir anlayışa malikdir. Waldorf sisteminə görə məktəb təkcə tədris prosesində istifadə olunan simulyasiya olmamalıdır. Məktəb həyatın bir hissəsi kimi görüldükdə, şagirdlərin öyrənmə prosesinə də müsbət təsir göstərəcək. Bu baxımdan tədris prosesində həyata keçirilən tədbirlər uşaqlara real təcrübələr təqdim etməlidir. İncəsənət və təbiət elementləri fəaliyyətlərin əsasına daxil edilməlidir.

 

Bu sistem məktəbəqədər çərçivədə həyata keçirilən fəaliyyətlərlə uşaqların düşüncə və xəyallarını mümkün qədər sərbəst buraxmağın tərəfdarıdır. Beləliklə, uşaq estetik qavrayışa malik olmaqla yanaşı, öz bədii baxışını asanlıqla müəyyən edə bilər. Bu, uşaqlara fərdi bədii estetikanın qavranılmasında öz ideyaları ilə çıxış etməyə imkan verir. Waldorf yanaşması hər bir coğrafiyaya və yerli mədəni quruluşa görə fərqlərə, hər bir uşağın diqqətinə və qəbul etmək qabiliyyətinə  önəm verir.

Burada uşaqlara ən primitiv materiallarla öz oyunlarına başlamaq imkanı verilir.

Bəlkə çoxlarına qəribə gələcək, amma uşaqların ən vacib vəzifəsi oynamaq olmalıdır. Uşağın dünya ilə sağlam ünsiyyət qura bilməsi üçün onun real təcrübələrə fokuslanması təmin edilməlidir. Oyunlar uşaq təxəyyülünün inkişaf etdirilməsi üçün çox önəmlidir. Bu sistemdə də bacarıqları inkişaf etdirmək məqsədilə uşağa əl işi tələb edən oyunlarla öyrənmək imkanları yaradılır.

 

Uşaqların fərdi yaradıcılıqları ilə özlərini kəşf etdikləri bu təhsil sistemi getdikcə daha çox diqqət cəlb edir. Uşaq şəxsiyyət kimi formalaşdıqca özünü tanıyır və bədii qabiliyyətlərini kəşf edir. Waldorf təhsil sisteminin məzunları iş həyatında yaradıcılıqları ilə fərqlənmək üstünlüyü qazanırlar.

 

Təhsil ekspertlərinin qənaətinə görə, təhsil və təbiətin iç-içə olduğu Waldorf məktəblərində uşaqlar kiçik yaşlarından özünə inam qazanmağa başlayırlar. Bu təhsil sistemində uşaqlar istehsal etdikləri  hər kiçik parça sayəsində özlərini fərqli hiss edirlər. Bu o deməkdir ki, sonrakı yaşlarda hər kəsə lazım olan özünü düzgün ifadə etmək bacarığı erkən mənimsənilir.