KUÇURADİ FƏLSƏFƏSİ




Müasir dünyada təhsil sistemləri sürətlə texnoloji bacarıqlara və informasiya emalına yönəlir. “İnsan necə yetişməlidir?”, “etik dəyər nədir?” və “azad düşüncə necə formalaşır?” kimi təməl suallar çox vaxt arxa plana keçir.

Dünya fəlsəfi fikrinin görkəmli nümayəndələrindən biri, Türkiyə Fəlsəfə Cəmiyyətinin sədri və UNESCO-nun fəlsəfə kafedrasının rəhbəri professor İoanna Kuçuradi (bu günlərdə vəfat edib) bu problemlərin həllini uşaqların və gənclərin kiçik yaşlardan fəlsəfi düşüncə ilə tanış edilməsində görürdü. Kuçuradinin uşaqlar və gənclər üçün qoyub getdiyi fəlsəfi miras, sadəcə nəzəri fəlsəfə tarixini məktəb proqramlarına daxil etməkdən ibarət deyil, bu miras insanın öz ləyaqətini dərk etməsi, etik qiymətləndirmə bacarığı qazanması və insan hüquqlarını gündəlik həyatın yaşamaq prinsipinə çevirməsi üçün hazırlanmış konseptual çərçivədir.

Kuçuradinin uşaq təhsilinə ən fundamental töhfələrindən biri onun “dəyər” və “dəyər mühakiməsi” arasında qoyduğu kəskin fərqdir. Ənənəvi pedaqogika və sosial tərbiyə modelləri uşaqlara müəyyən davranış qaydalarını hazır şablonlar kimi ötürməyə çalışır: “Doğru danışmaq yaxşıdır”, “Yalan danışmaq pisdir”, “Oğurluq etmək cinayətdir”.

Kuçuradiyə görə, uşaqlara bu cür düsturlar əzbərlətmək onlarda etik şüur formalaşdırmır. Ailədən və ya məktəbdən yalnız “yaxşı” və “pis” etiketlərini mənimsəyən yeniyetmə gözlənilməz, mürəkkəb situasiya ilə qarşılaşdıqda mühakimə yürütmək bacarığından məhrum olur.

Kuçuradinin fəlsəfi metodologiyasına əsasən əsl dəyər təhsili uşaqlara “doğru qiymətləndirmə” aparmağı öyrətməkdir. Onun yanaşmasına görə, bu proses üç mərhələdən ibarətdir:

  1. Konkret situasiyanın təhlili: Uşaq hər bir hadisəni özünəxas şərait daxilində görməlidir. Hər əməl müəyyən şərtlər altında baş verir və onu ümumi şablonlarla mühakimə etmək olmaz.
  2. Ehtiyac və niyyətin dərki: Münaqişə və ya qərar anında tərəflərin hansı insani ehtiyacdan və ya niyyətdən çıxış etdiyini anlamaq.
  3. Ehtimal olunan nəticələrin dəyərləndirilməsi: Verilən qərarın başqa bir insanın ləyaqətinə, azadlığına və hüquqlarına necə təsir edəcəyini qabaqcadan görmək.

Uşaq hazır qaydanı tətbiq edən icraçı deyil, situasiyanı etik baxımdan təhlil edən subyektə çevrildikdə həqiqi mənada mənəvi müstəqillik qazanır. Onun müsahibələrində açıqladığı belə bir fikri var: “Mənə iki sinifdə fəlsəfə dərsi verin, iki il dərs keçək, iyirmi il sonra fərqi özünüz ölçün. Mən təhsili belə görürəm: “Ora bax”deyəcəksən, amma orada nə görəcəyini deməyəcəksən. Özü görsün, çünki mən desəm, əzbərçilik olar”.

İoanna Kuçuradi Beynəlxalq Fəlsəfə Cəmiyyətləri Federasiyasının baş katibi və prezidenti olduğu dövrlərdə humanitar təhsilin mərkəzinə insan hüquqları təhsilini gətirib. Lakin onun bu sahədəki yanaşması hüquqşünasların və ya siyasətçilərin yanaşmasından köklü şəkildə fərqlənirdi. Kuçuradi üçün insan hüquqları sadəcə dövlətlərin imzaladığı beynəlxalq konvensiyalar və ya hüquqi maddələr toplusu deyil, o, insan hüquqlarını etik prinsiplər kimi xarakterizə edir.

Gənclərə insan hüquqlarını öyrədərkən Kuçuradi “İnsan ləyaqəti” anlayışına söykənir. Məktəblilər kiçik yaşlarından öyrənməlidirlər ki, fərqli irqə, dinə, sosial statusa, genderə və ya düşüncəyə mənsub olmaq insanlıq dəyərini dəyişmir.

Bu məqamda Kuçuradinin uşaqlar və gənclər üçün irəli sürdüyü çox mühüm bir xəbərdarlıq var: “Fikirlərə hörmət” illüziyası. O, tez-tez vurğulayırdı ki, gündəlik dildə işlədilən “Hər bir fikrə hörmət etmək lazımdır” ifadəsi fəlsəfi baxımdan yanlışdır və gənclərin təfəkkürünü dolaşdırır. Fikirlər hörmət obyekti deyil, qiymətləndirmə və tənqid obyektidir. Bir fikir irqçi, zorakılığı təbliğ edən və ya elmi həqiqətlərə zidd ola bilər. Bu halda həmin fikrə hörmət etmək fəlsəfi cəhalətdir. Kuçuradiyə görə, hörmətin yeganə obyekti insanın özüdür. Uşaqlar və gənclər öyrənməlidirlər ki, qarşıdakı insanın fikri ilə kəskin razılaşmamaq, onu tənqid etmək olar, lakin həmin fikrin sahibinə insan olduğu üçün hörmətlə yanaşmaq, onun şərəf və ləyaqətini alçaltmamaq mütləq etik borcdur. Bu incə fərq gənclər arasında demokratik müzakirə mədəniyyətinin və sosial tolerantlığın təməl daşıdır.

Uşaqların fəlsəfə ilə necə tanış olması məsələsində Kuçuradi mücərrəd fəlsəfi terminologiyanın və ya akademik mətnlərin uşaqlara yüklənməsinin tərəfdarı deyildi. O, məktəblilər üçün fəlsəfi düşüncəyə yiyələnməyin ən təbii və effektiv körpüsü kimi bədii ədəbiyyatı görürdü.

Onun fikrincə, ədəbiyyat uşaq üçün “etik laboratoriya” rolunu oynayır. Nağıllarda, hekayələrdə və romanlarda qoyulan süjetlər uşağa real həyatda qarşılaşa biləcəyi mənəvi dilemmaları təhlükəsiz mühitdə yaşamaq və təhlil etmək imkanı verir. Kuçuradinin təklif etdiyi metodda müəllim və ya valideyn uşaqla birlikdə hansısa əsəri oxuyarkən aşağıdakı suallar ətrafında fəlsəfi dialoq qurmalıdır:

  • Bu personaj niyə belə bir seçim etdi?
  • O, bu addımı atarkən başqa bir insanın hüququnu pozdumu?
  • Onun yerində olsaydın, situasiyanı necə qiymətləndirərdin?
  • Bu qərarın uzunmüddətli nəticəsi nə oldu?

Uşaq ədəbi qəhrəmanın davranışını təhlil edərkən, əslində, öz daxili dəyərlər sistemini qurur. O, müşahidəçi mövqeyindən çıxaraq mühakimə yürüdən, səbəb-nəticə əlaqələri quran və emosional reaksiyalarını rasionallaşdıran fərdə çevrilir.

İ.Kuçuradinin uşaqlar və gənclər üçün miras qoyduğu fəlsəfi yanaşma müasir məktəb təhsilinə köklü dəyişikliklər təklif edir. O, fəlsəfənin yalnız liseylərin son siniflərində həftədə bir-iki saatlıq nəzəri fənn kimi keçilməsini qeyri-qənaətbəxş sayır. Kuçuradiyə görə, fəlsəfi düşüncə təhsilin bütün pillələrinə və bütün fənlərinə nüfuz etməlidir.

Kuçuradi məktəblərdə texniki və peşə biliklərindən əvvəl mənəvi formalaşmanın vacibliyini vurğulayaraq qeyd edirdi: “İxtisas təhsilindən əvvəl insanlaşma təhsili verilməlidir. Bu gün biz cəhalətin yaratdığı nəticələrə görə əzab çəkirik”.

Zemfira Məmmədqızı