KODLAŞDIRMANI KÖRPƏLƏR ÖYRƏNİR




Dünya rəqəmsallaşdıqca həyat tərzimiz də dəyişir. Bu dəyişiklik ilk növbədə uşaqlara və onların vərdişlərinə təsir edir. Kiçik yaşlarından texnoloji yeniliklərlə böyüyən uşaqların rəqəmsallaşma ilə ayaqlaşa bilməsinin yolu həm də kodlaşdırma təhsilindən keçir.

Uşaqların kodlaşmanı erkən yaşlarından öyrənməsi çox vacibdir.

Kodlaşdırma nədir?

Kodlaşdırma müəyyən əməliyyatları yerinə yetirmək üçün kompüter sistemlərinə daxil edilən əmrlər, riyazi əməliyyatlar toplusudur. Kodlaşdırma proqram tərtibatçıları tərəfindən istifadə olunur. Onların bəziləri işə hobbi kimi yanaşsa da, təşkilat və ya şəxslərin proqram təminatı ehtiyaclarını ödəyənlər peşəkar proqramçılardır.

Hər yaşda və fərqli maraqlara malik uşaqlar üçün müxtəlif kodlaşdırma oyunları var. Odur ki, uşaqların kodlaşdırma məntiqini, alqoritmini anlamalarını və kodlaşdırmağı öyrənmələrini təmin etmək çox asandır.  

Proqramlaşdırma sənayesindəki sürətli dəyişiklik insanlara yeni iş imkanları da yaradır. Bu bazarda rəqabət aparmaq üçün texnoloji savad mütləq lazımdır. Əslində yaxın gələcəkdə kod yaza bilməmək insanın oxuya bilməməsi ilə eyniləşdirilə bilər. Çünki müasir peşələrin əksəriyyəti İT bilikləri tələb edir. Analitik kompüter modelləri və proqramlaşdırma proqramları artıq demək olar ki, bütün məşğulluq sahələrində öz yerini tutub. Buna görə də, uşaqlara kiçik yaşdan kodlamanı öyrətmək onların gələcək bacarıqlarına yardım etmək deməkdir. Proqnozlaşdırmaq olar ki, gələcəkdəki bütün peşə və ixtisasların, istər kompüter mühəndisi, istər musiqiçi, istərsə də bioloq olsun, yolları mütləq kodlaşdırma ilə kəsişəcək.

Kodlaşdırmaya həvəsi, təcrübəsi və biliyi olan gənclər hər gün yeni karyera imkanları yaradan proqramlaşdırma sənayesinin gələcəyidir.

Kodlaşdırma uşaqlar üçün tənqidi düşünmə bacarıqlarını inkişaf etdirmək və diqqətini cəmləmək baxımından çox əhəmiyyətlidir. Bu yolla uşaqlar rəqəmsal dünyanı daha dərindən kəşf edə bilərlər. Uşaqların kodlaşdırma öyrənməsi yeni dünyalar kəşf etməsi deməkdir. Bu yolla onlar daha yaradıcı ola bilərlər. Kodlaşdırmanı öyrənmək onların özünə inamını artırır, ünsiyyət bacarıqlarını və problem həll etmə qabiliyyətlərini gücləndirir. Bundan əlavə, kodlaşdırma riyaziyyat və dil bacarıqlarının inkişafına kömək edə bilər.

Uşaqlarda kodlaşdırmaya maraq yaratmaq üçün düzgün yaş dövrü nəzərə alınmalıdır. Proqramlaşdırmanın geniş yayıldığı Hindistanda uşaqların az qala 3 yaşdan kompüter arxasında oturdulduğu ilə bağlı çoxlu faktlar var. Ümumi statistika isə uşaqların təhsilə başladıqları dövrdə, yəni 5-7 yaşlarında həm də kodlaşdırma ilə tanışlıqlarını göstərir.

Erkən yaşda uşaqlara kodlaşdırmanı necə sevdirmək və öyrətmək olar?

Xarici ölkələrdə bir çox məktəblərdə xüsusi kodlaşdırma dərnəkləri fəaliyyət göstərir. Şagirdlər həmin dərnəklər, xüsusi təlimlər, kodlaşdırma düşərgələri, fərdi dərslər vasitəsi ilə bu vərdişlərə yiyələnə bilərlər.  Xüsusi kodlaşdırma oyunları və onlayn proqramlar da onların bu bacarıqlarının inkişafına yardım edə bilər.

Eyni yaş qrupundan olan uşaqları bir yerə toplamaqla kodlaşdırma təlimini sosial fəaliyyətə çevirmək olar. Dostları ilə birlikdə öyrənən uşağın motivasiyası arta və öyrənməyə daha həvəsli ola bilər. Bu oyunlar əslində proqramlaşdırmanı daha asan qavramağa təkan verir. Kodlaşdırmanı öyrənmək yeni bir dil öyrənmək qədər vacibdir.

Gəlin, indi də uşaqlar üçün faydalı ola biləcək kodlaşdırma oyunlarını araşdıraq.

GoldieBlox məktəbəqədər yaşdakı uşaqlara kodlaşdırmanı öyrədən hekayə əsaslı oyundur. Şəhərdə keks paylayan uşaqlar bunu daha geniş çevrəyə yaymağın yolları tapmalıdırlar. Oyun dörd yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

 

Code Cards-da əsas hədəf avtomobili finiş xəttinə aparmaqdır. Buradakı məntiq tapşırıqlarının köməyi ilə uşaqlar kiçik yaşlardan kodlaşdırmanın alqoritmini anlamağa başlayırlar.

 

Think & Learn Code-da (Kodlaşdırmanı düşün və öyrən) uşaqlar kiçik tırtılların köməyilə məntiq, ardıcıllıq və problem həlli kimi bacarıqlarını təkmilləşdirirlər. Kiçik tırtılla oynanılan bu oyunda fəaliyyətlər asandan çətinə doğru irəliləyir. Tırtılı hərəkət etdirmək üçün istiqamət və işarələrdən istifadə etmək lazımdır. Bu oyunda övladınız kodlaşdırma ilə yanaşı, rəng və rəqəmləri də öyrənir.

LightBot

Bu kodlaşdırma oyununu mobil telefona da yükləmək olar. LightBot kodlaşdırmanı pazllarla öyrədir.

Crunchzilla və ya Code Monster oyunu uşaqlara məşq, sınaq və səhvlər vasitəsilə kodlaşdırmağı öyrədir. Oyun uşaqları kəşfiyyat və təcrübə vasitəsi ilə öyrənməyə sövq edir.

Bunlardan əlavə, uşaqların kodlaşdırma öyrənə biləcəyi oyunlar və veb saytlar arasında “Codecombat”, “Scratch”,  “Algo”, “Digital”,  Code.org və s. var.

Mütəxəssislər “Kodlaşdırma gələcəyin dilidir” deyirlər. Bu dili bilmək daha uğurlu karyera qurmağın və inkişafın əsasıdır.

 

Vəfa Əlibəyova,

ELTE Kompüter elmləri fakültəsinin tələbəsi