ÖVLADLARINIZLA BİRLİKDƏ İZLƏYİN
Bayramlarda teatr tamaşaları və kinofilmlər uşaqların istirahətinin bir hissəsinə çevrilir. Adətən hər il televizyalar uşaqlar üçün onilliklərlə məşhur olan, az qala hər epizodu əzbərə çevrilmiş filmləri nümayiş etdirirlər. Bu tətildə uşaqların zamanının daha maraqlı keçməsinə dəstək olmaq üçün dünyada məşhur olan, amma yerli telekanallarda çox göstərilməyən filmlərin siyahısını təqdim edirik.
“Qozqıran və dörd məmləkət"
Film E. Hoffmanın “Qozqıran və siçanlar padşahı” nağılı və P. Çaykovskinin “Qozqıran” (“Şelkunçik”) baleti əsasında çəkilib.
Meri Stahlbaum kiçik qızı Klaraya qeyri-adi hədiyyə miras qoyaraq dünyanı tərk edir. Bu hədiyyə gizli kilidi olan metal yumurtadır. Yumurtanın sehrini öyrənmək və açarını tapmaq üçün Klara Şirniyyatlar, Qar dənələri, Çiçəklər və Əyləncə məmləkətlərinə səyahət edir. Onun macərası hər yerdə sülhün və əmin-amanlığın bərqərar olması ilə tamamlanır.
“Milad salnamələri”
Filmdə Teddi və Keyt adlı kiçik bacı-qardaş Santanın mövcudluğunu sübut etməyə çalışırlar. Bunun üçün onun görüntüsünü video lentə almaq, Milad bayramını xilas etmək, nağıl elfləri və marallar dünyasına səyahətə çıxmaq istəyirlər.
“Şaxta babanın məxfi xidməti”
Şaxta baba bayram qabağı elflər ilə bərabər uşaqlara hədiyyələr çatdırmağa çalışır. Bu zaman onun kiçik oğlu Artur poçt şöbəsində işləyir və uşaqların məktublarını araşdırır. Artur balaca Qlennin məktubunu tapanda məlum olur ki, il boyu özünü yaxşı aparan və Şaxta babadan mükafatını gözləyən bu balaca qıza hədiyyə çatmayacaq. Şaxta babanın məxfi xidmətinin yol verdiyi kiçik səhvə görə qızcığaz hədiyyəsiz qalacaq. Artur bu ədalətsizliyin qarşısını almaq üçün fəaliyyətə başlayır və hər bir uşağın dəyərli olduğunu sübut edir.
"34-cü küçədə möcüzə"
Syuzan bayramdan əvvəl Santaya ünvanlanmış məktubunda ondan özünə oyuncaq deyil, yeni bir ev, ata və kiçik qardaş istəyir. Filmin qəhrəmanı Nyu-Yorkun 34-cü küçəsindəki "Koulda" mağazasında Santa ilə görüşəndə anası ilə birlikdə əsl möcüzələr aləminə düşür.
"Miladı oğurlayan Qrinç"
Məşhur “Kimabad” (Whoville) şəhərinin sakinləri Milad bayramına hazırlaşırlar. Ancaq şəhərdə bu bayrama nifrət edən yaşıl bir məxluq var - Qrinç. Uşaq vaxtından kimsəsiz qalan, sevgi və qayğı görməyən, heç vaxt bayramda iştirak etməyən Qrinç insanların əylənməsinə qarşıdır. O, Milad bayramını oğurlamağa qərar verir. Filmdə tamaşaçılar sevginin və xeyirxahlığın, xoş niyyətin gücünü bir daha kəşf edirlər.
"Elf"
Uşaq evində böyüyən Buddi Hobbs gizlicə Santa Klausun çuvalına girir. Və beləliklə, elflərdən birinin övladına çevrilir. Amma Buddi öz gerçək atasının axtarışlarını davam etdirir.
“Milad üçün şahzadə"
Milad bayramı ərəfəsində Juli bir sıra çətinliklərlə üzləşir: əvvəlcə işindən qovulur, sonra maşını xarab olur, sonra məlum olur ki, kredit kartında pul qalmayıb. Üstəlik qardaşının oğullarının dayəsi yaramaz uşaqların əlindən qaçır. Gözlənilmədən Juli Milad tətilini uzaq bir qohumunun sarayında keçirməyə dəvət olunur. Gənc qız bu sarayda əsl şahzadəyə çevrilir.
“Klaus”
Uzaq Skandinaviya ölkəsinin poçt müdiri tənbəl oğlu Consonu şimaldakı Smeerensburq şəhərinə sürgün edir. Oğlan poçtun məktub dövriyyəsini 6 minə çatdırmalıdır. Əks halda o, mirasdan məhrum ediləcək.
Bu cizgi filmi Şaxta baba haqqında tamamilə fərqli bir hekayə üzərində qurulub.
“Milad adlı oğlan”
Mett Heyqin eyniadlı əsəri əsasında çəkilən filmin rejissoru Gil Keenandır. Filmin qəhrəmanı Elfhelm kəndinə gedən yolda yoxa çıxan atasını axtarır. Yolda onu maral və siçan müşayiət edir. Onlar bir çox macəralarla üzləşib Şaxta babanın sirrini öyrənməyə çalışırlar.