UŞAĞA NİYƏ “YOX” DEDİYİNİZİ İZAH EDİN
Müasir həyat tərzi əksər valideynlərin övladları ilə keçirdiyi vaxtın minimuma enməsinə səbəb olub. Nəticədə onlar özlərini günahkar kimi hiss edirlər. Odur ki, uşaqlarının hər istəyinə “hə” deməklə onlarla keçirə bilmədikləri vaxtı kompensasiya etməyə çalışırlar. Ancaq psixoloqların fikrincə, uşaqların kiçik yaşlarından “yox” cavabına alışması həm xarakterlərinin inkişafı, həm də gələcəyi üçün vacibdir. İstədiyi hər şeyi asanlıqla əldə edən uşaq özünü ətrafındakı hər kəsdən üstün görməyə başlayır. Əslində real qabiliyyət və bacarıqlarına uyğun olmayan, əsassız özünəinam onun sosial münasibətlərinə və inkişafına xələl gətirə bilər.
Mütəxəssislər deyirlər ki, övladınızın bütün istəklərinə “hə” desəniz, onun tələbləri getdikcə artacaq. Valideynlərinin hər istədiyini etməsinə alışmış uşaq zaman keçdikcə eqosentrik düşüncə tərzinə malik olur. Öz məsuliyyətini başqasının üzərinə qoymağa çalışır, ətrafındakılardan öz maraqları üçün istifadəyə meyilli olur.
Bütün istəkləri yerinə yetirilən uşağı müəyyən zamandan sonra məmnun etmək çətinləşir. Onlar istədiyi hər şeyin dərhal olmasını gözləyir və bu olmadıqda sarsıntı keçirirlər.
Uşaqlar valideynlərin zəif nöqtələrini yaxşı bilirlər. Onu əzizləyərkən, alış-veriş zamanı və ya emosional bir vəziyyətinizdə sizi istəkləri ilə sıxışdıra bilərlər. Buna görə də valideyn övladının tərbiyəsində müəyyənləşdirdiyi qaydalara ardıcıl əməl etməklə daha yaxşı nəticələr əldə edə bilər. Qaydalar uşaqların rifahı və inkişafı üçün çox vacibdir. Bu qaydalara əməl etmək üçün davamlı olmaq, nümunəvi davranmaq və birlikdə hərəkət etmək lazımdır. Ailə daxili qaydaların müəyyənləşməsində uşaqların da iştirakına imkan yaradılmalı, onların təklifləri nəzərə alınmalıdır.
Bu halda onların həmin qaydalara riayət etməsi daha asan olur. Uşaqların qaydalara əməl etməsini təmin etmək üçün valideyn şəxsi nümunə göstərməlidir. Övladınız dərs tapşırıqları ilə məşğul olarkən sizin də televizordan, mobil telefondan uzaq durmağınız faydalıdır. Bu onun diqqətinin dağılmasının qarşısını ala bilər. Uşağın sağlam qidalanmasını istəyirsinizsə, ailə olaraq bunu həyat tərzinə çevirməlisiniz. Sizin dediklərinizlə hərəkətləriniz üst-üstə düşməyəndə övladınızda qaydaların zəruriliyinə şübhə yaranacaq. Yaxşı nümunə olmaq üçün hər situasiyada qaydalara əməl etməyə çalışmağınız vacibdir.
Pedaqoq və psixoloqların gəldiyi qənaətə görə, uşaqların fiziki və əqli inkişafını dəstəkləmək üçün onların bəzi istəklərinə “yox” deməyi bacarmaq lazımdır. Bununla yanaşı, ona niyə “yox” dediyinizi mütləq izah etməlisiniz. Bu zaman nəzakətli davranmalı və əmin olmalısınız ki, övladınız sizi başa düşür.