Sənətkarlıq ənənələrindən rəqəmsal gələcəyə

Dünya iqtisadiyyatında baş verən texnoloji dəyişikliklər əmək bazarının tələblərini yenidən formalaşdırır. Süni intellekt, avtomatlaşdırma, yaşıl enerji və rəqəmsallaşma yeni ixtisaslara ehtiyac yaratdığı kimi, ənənəvi peşələrin də məzmununu dəyişir. Belə şəraitdə peşə təhsili yalnız müəyyən sənətə yiyələnmək vasitəsi deyil, ölkələrin iqtisadi rəqabət qabiliyyətini və insan kapitalını müəyyən edən strateji amillərdən birinə çevrilir. Azərbaycanın bu sahədə keçdiyi tarixi yolu, əldə etdiyi təcrübəni və gələcək inkişaf istiqamətlərini əhatə edən yeni nəşr də məhz bu baxımdan diqqət çəkir. Belə ki, bu günlərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabı ictimaiyyətə təqdim olunub. Filologiya üzrə fəlsəfə doktoru, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyevin müəllifi olduğu nəşr ölkədə peşə təhsilinin yaranması və inkişaf mərhələlərini, müasir vəziyyətini, eləcə də gələcək perspektivlərini sistemli şəkildə araşdırır.
Agentliyin direktoru İlqar Bayramlı kitabın hazırlanma məqsədindən və əhəmiyyətindən danışarkən nəşrin Azərbaycanın peşə təhsili tarixinin öyrənilməsi baxımından mühüm mənbə olduğunu vurğulayıb. Kitabda, həmçinin Agentliyin son onillikdəki fəaliyyəti, həyata keçirilən islahatlar və əldə olunan nəticələr öz əksini tapıb.
Həqiqətən də, Azərbaycanın peşə təhsili tarixinin kökləri qədim sənətkarlıq mədəniyyətinə, ustad-şagird münasibətlərinə və şəhərlərdə formalaşmış istehsalat mərkəzlərinə gedib çıxır.

Qədim dövrlərdən başlayaraq Azərbaycan ərazisində metalişləmə, dulusçuluq, toxuculuq, zərgərlik və memarlıq inkişaf etmiş sənət sahələri olub. Qəbələ, Bərdə, Naxçıvan və Şamaxı kimi şəhərlərdə fəaliyyət göstərən emalatxanalar məhsul istehsalı ilə yanaşı, peşə biliklərinin ötürüldüyü məkanlar kimi də əhəmiyyət daşıyıb.
Orta əsrlərdə geniş yayılan qardaşlıq birlikləri sənətkarların həm peşə, həm də mənəvi-əxlaqi hazırlığında mühüm rol oynayıb. Dəmirçilik, misgərlik, xalçaçılıq, dabbaqlıq və başqa sənətlər üzrə yetişən şagirdlər yalnız işin texniki tərəflərini deyil, peşə məsuliyyəti və davranış qaydalarını da öyrənirdilər. Şagirdlikdən köməkçiliyə, oradan ustadlığa keçid müəyyən mərhələlər və sınaqlarla müşayiət olunurdu.
Bu tarixi ənənənin diqqətəlayiq nümunələrindən biri XIII–XIV əsrlərdə Təbriz yaxınlığında yaradılmış Rəbi-Rəşidi şəhərciyidir. Fəzlullah Rəşidəddinin təşəbbüsü ilə qurulan bu kompleks elm, istehsalat və peşə hazırlığını bir araya gətirirdi. Burada xəttatlıq, miniatür sənəti, cildçilik, toxuculuq və başqa tətbiqi sahələr üzrə emalatxanalar fəaliyyət göstərirdi.
Maraqlıdır ki, Fəzlullah Rəşidəddinin hazırladığı “Vəqfname-yi Rəbi-Rəşidi” sənədi UNESCO-nun “Dünyanın yaddaşı” adlı beynəlxalq reyestrinə salınıb. Bu sənəddə ustaların, köməkçilərin və şagirdlərin əməkhaqqı, gündəlik təminatı, iş rejimi və məsuliyyətləri ətraflı təsvir olunub. Sənətkarlara və şagirdlərə ərzaq, mənzil, geyim, tibbi xidmət göstərilməsi, yaşlılıq və əmək qabiliyyətinin itirilməsi zamanı maddi təminatın qorunması nəzərdə tutulub. Bu nümunə göstərir ki, peşə hazırlığı ənənəsi tarixən yalnız bilik və bacarıqların ötürülməsi deyil, həm də əmək münasibətlərinin və sosial təminatın təşkili ilə əlaqəli olub.
XIX əsrdə Bakıda neft sənayesinin inkişafı, dəmir yollarının çəkilməsi və sənayeləşmə prosesləri peşə təhsilində yeni mərhələnin başlanmasına təkan verib. Ənənəvi ustad-şagird modelinin yanında rəsmi sənət və texniki məktəblər formalaşmağa başlayıb. Bakıda mexanika, tornaçılıq, tökməçilik və gəmi təmiri kimi sahələr, regionlarda isə kənd təsərrüfatı, bağçılıq, ipəkçilik və şərabçılıq istiqamətlərində ixtisaslaşan təlim müəssisələrinin yaranması peşə təhsilinin iqtisadiyyatın müxtəlif sahələrinə uyğunlaşdığını göstərirdi.
Bu gün qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, güclü peşə təhsili sistemi qurmaq üçün tədrisi real istehsalatla əlaqələndirmək, işəgötürənləri prosesə cəlb etmək və təhsili ömürboyu davam edən fəaliyyətə çevirmək vacibdir.
Almaniya, İsveçrə və Avstriyada tətbiq olunan dual təhsil modelinin ölkəmizdə də tətbiqi bu baxımdan diqqətəlayiq nümunədir. Burada gənclər təhsillərinin mühüm hissəsini müəssisələrdə praktiki hazırlıq keçməklə tamamlayırlar. Nəzəri biliklərin istehsalat təcrübəsi ilə birləşdirilməsi məzunların əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan verir. Şagirdlərin təhsil müddətində əməkhaqqı alması da bu modelin mühüm xüsusiyyətlərindəndir.
Sinqapurun SkillsFuture proqramı, Cənubi Koreyada fəaliyyət göstərən Meister məktəbləri də sənaye ilə təhsil arasında əməkdaşlığın uğurlu nümunəsidir. Bu müəssisələrin tədris proqramları sənaye şirkətləri ilə əməkdaşlıq çərçivəsində formalaşdırılır.
Dünya İqtisadi Forumunun əmək bazarına dair proqnozlarına görə, 2025-2030-cu illərdə mövcud iş bacarıqlarının təxminən 39 faizinin dəyişəcəyi və ya köhnələcəyi, eyni zamanda, 170 milyon yeni iş yerinin yaradılacağı gözlənilir. Bu dəyişikliklər fonunda işçi qüvvəsinin böyük hissəsinin yenidən ixtisaslaşmasına ehtiyac yaranacaq. Deməli, gələcəyin əmək bazarında üstünlük yalnız nəzəri biliklərə deyil, texniki hazırlığa, rəqəmsal savadlılığa və yeni şəraitə uyğunlaşmaq qabiliyyətinə malik mütəxəssislərə veriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyi də idarəetmənin təkmilləşdirilməsi, tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması və özəl sektorla əməkdaşlığın genişləndirilməsini özünün əsas fəaliyyət istiqamətlərinə çevirib.

Bakı ilə yanaşı, Qəbələ, İsmayıllı, Cəlilabad, Bərdə, Gəncə və Sumqayıtda müasir peşə təhsili mərkəzləri yaradılmaqla maddi-texniki baza yenilənib. CNC avadanlıqları, simulyatorlar və İT laboratoriyaları ilə təchiz olunan müəssisələrdə tələbələr müasir istehsalat mühitinə uyğun bacarıqlar qazanırlar. Turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye və tikinti sahələrində şirkətlərin tədris proqramlarına və istehsalat təcrübəsinə cəlb olunması da təhsil-əmək bazarı əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.
Peşə təhsilinin inkişafında cəmiyyətin bu sahəyə münasibətinin dəyişməsi də xüsusi əhəmiyyət daşıyır. Artıq peşə seçimi ali təhsilə alternativ və ya ikinci dərəcəli yol kimi deyil, fərdin qabiliyyətinə, maraqlarına və əmək bazarının ehtiyaclarına uyğun müstəqil karyera istiqaməti kimi qəbul edilir.
Zemfira Məmmədqızı

