Fuad Qarayev: “İstedadın erkən yaşda aşkarlanması çox vacibdir”
Azərbaycanlı şagirdlərin beynəlxalq və respublika olimpiadalarındakı uğurları son illərdə xüsusilə çoxalıb. Nəticələri təhlil edərkən görmək olar ki, beynəlxalq fənn olimpiadalarında uğur əldə edən şagirdlərin əksəriyyəti paytaxtda və bölgələrdə yerləşən lisey və gimnaziyaların şagirdləridir. Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayevlə söhbətimiz bu məktəblər, onların şagirdləri və ölkə təhsilinin gələcək perspektivi ilə bağlıdır.
- Fuad müəllim, sizcə istedadlı uşaq kimdir?
- Tədqiqatlar göstərir ki, dahi dediyimiz insanların cəmiyyətdə 2, xüsusi istedadlıların isə 7-8 faiz civarında çəkisi var. Bununla belə, əslində istedadsız uşaq yoxdur. Burada ən böyük problem onların öz istedadlarının fərqində olmamaları və ətrafındakı insanlar tərəfindən düzgün qiymətləndirilməmələridir. İstedadın erkən yaşda aşkarlanması çox vacibdir. Əminik ki, bölgələrdəki məktəblərimizdə kifayət qədər istedadlı və bacarıqlı şagirdlər var. Biz həmin şagirdlərin dəqiqləşmiş proqram çərçivəsində, tədris proqramları kifayət qədər zəngin olan təhsil müəssisələrində oxumağının tərəfdarıyıq.
- Sizcə bütün istedadlıları və güclüləri bir yerə yığmaq adi məktəblərin bazasını zəiflətmirmi?
- Hazırda bu məsələyə iki fərqli baxış var. Bəziləri deyirlər ki, istedadlı uşaqları məktəblərdən çıxarıb başqa liseylərə aparmaq həmin kənddəki uşaqların səviyyəsinə təsir edir. Bununla onların istedadlı uşaqlarla bir yerdə oxumaq və rəqabət aparmaq imkanlarının əlindən alındığı bildirilir. Onların fikrincə, bütün istedadlıları bir yerə toplamaq düzgün deyil.
Məsələyə ikinci baxış isə bundan ibarətdir ki, istedadlı uşaqlar onunla rəqabət aparmaq qabiliyyəti olmayanlarla bir yerdə oxuyanda öz səviyyələri ilə razılaşmış olur və inkişafa can atmırlar.
2015-ci ildən bəri Bakı fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü və daha bir çox lisey və gimnaziyalara mərkəzləşmiş qaydada aparılan qəbul vasitəsilə xeyli istedadlı uşaq aşkarlamışıq. Bu məktəblərin çox güclü pedaqoji heyəti və çox istedadlı şagird bazası var. Bu lisey və gimnaziyalardan məzun olan şagirdlər ölkənin və dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar. İngiltərədə, Kanadada, Almaniyada, Koreyada, Yaponiyada, Sinqapurda, Türkiyədə və bir çox başqa ölkələrdə təhsillərini davam etdirirlər. Son 4 ildə bu məktəblərin düz 4 məzunu dünyanın ən nüfuzlu ali məktəbi olan Massaçusets Texnologiya İnstitutuna (ABŞ) qəbul alıb. Məktəblərdə həmin ab-havanın yaranmasına səbəb o qədər istedadlı uşağın bir yerə toplanmasıdır. Bir-biri ilə yarışan, rəqabət aparan uşaqlar tədris üçün əlverişli mühit yaradırlar. Şagird təkcə müəllimdən deyil, eyni zamanda savadlı sinif yoldaşından da çox şey öyrənir. Bir pedaqoq kimi fikirləşirəm ki, bu, düzgün yanaşmadır.
- Artıq bölgələrdə də müxtəlif təmayüllü lisey və gimnaziyaların əhatə dairsəi genişləndirilir. Bu məktəblərin başqalarından üstünlüyü nədir?
- Azərbaycanın bütün bölgələrində yanaşmaları, təhsil planları, proqramları fərqli olan lisey və gimnaziyaların açılmasını istəyirik. Fikrimcə, təhsil proqramlarının hazırlanmasında onlara müəyyən muxtariyyət verilməli, məktəbin proqram, nizamnamə və təmayülünə uyğun olaraq tədris planı hazırlamasına imkan yaradılmalıdır.
Ölkənin ucqar kəndlərində, qəsəbələrində savadlı uşaqlar çoxdur. Onlara yol göstərən olmadığı üçün parlaya bilmirlər. Oxuduqlarıma görə, Osmanlı İmperiyasındakı məktəblərdə dərs ili başa çatanda müəllimlərə sual verirlərmiş ki, “bu il neçə şagirdi itirdiniz”. Yəni neçə uşağı üzə çıxara bilmədiniz və onların ulduzu parlamadı. İndi biz hər tədris ilinin sonunda özümüzdən soruşmalıyıq ki, Gədəbəydə, Daşkəsəndə, Qubada, Lerikdə, Astarada və s. nə qədər istedadlı uşağı üzə çıxara bilmədik. Nəzərə alsaq ki, bölgələrin sosial vəziyyəti Bakı şəhəri ilə eyni deyil, həmin uşaqların müxtəlif təmayüllər üzrə liseylərə qəbul olunub orada oxuması, həm də onların valideynlərinə bir növ dəstək deməkdir.
Mənim fikrimcə, ölkənin hər bölgəsində yataqxana ilə təmin edilmiş təmayüllü lisey və gimnaziyalar olmalıdır. Həmin məktəblərə şəhər və rayon mərkəzlərindən uzaq, əlçatmayan kəndlərdə fərqlənən şagirdlər cəlb edilməlidir. Kənddə oxuyan zaman aldığı beşlərlə kifayətlənən şagird burada anlayır ki, onun kənddə aldığı “5” əslində “5” deyil. Ciddi rəqabət onları daha ciddi oxumağa sövq edir.
- Bir valideyn olaraq necə düşünürsünüz, uşaqların zəif olduqları fənlərdən repetitorla hazırlaşması düzgündürmü?
- Türkiyənin keçmiş təhsil naziri Ziya Səlcuqun bununla bağlı çox maraqlı yanaşması var. O deyir ki, “valideynlər uşaqlarının hansısa fəndən zəif olduğunu görəndə həmin fənn üzrə xüsusi müəllim tuturlar. Bu həm müəllimlərin, həm də valideynlərin böyük xətasıdır. Uşağı sevmədiyi fənlə təkrar məşğul olmağa məcbur etmək ona əziyyət verməkdir. Həmin vaxtı sevdiyi fənnə ayırsa daha böyük uğurlar qazanar”. Mən də bu fikirlə razıyam. Aydın məsələdir ki, icbari təhsildə minimum standartlar var və şagirdlər onları bilməlidirlər. Amma şagirdlərin bu standartlara uyğun bilikləri öyrənməsi üçün məktəblərdə bütün imkanlar var.
- Regionlarda lisey və gimnaziyaların açılması prosesi necə gedir?
- Regionlardakı fəaliyyət göstərən ən güclü məktəblərdən biri kimi Gəncə FRİTL-i (Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi) göstərə bilərəm. Əminliklə deyirəm ki, bu məktəbin öz göstəriciləri ilə Bakıdakı eyniadlı liseylə ayaqlaşacağı günlər çox uzaqda deyil.
Hazırda Gəncə, Şəmkir, Şəki, Quba, Şirvanda fəaliyyət göstərən və nəticələri olduqca yaxşı olan 5 təmayüllü liseyimiz var. Ağdaş, Qobustan, Mingəçevir, Şamaxı, Sumqayıt, Biləsuvar, Lənkəran, Masallı və Ağstafada belə liseylər fəaliyyətə başlayıb və onların təlim-tədris prosesinin arzu edilən səviyyədə olması üçün müəyyən işlər görülür. Hər regionda yataqxanası olan texniki-təbiət və humanitar təmayüllü lisey və gimnaziyaların açılmasına çox ehtiyac var. Əminəm ki, hər rayonda belə bir məktəbin mövcudluğu bütövlükdə rayonun təhsil ab-havasını dəyişəcək. Bu istiqamətdə işlər gedir, ancaq bu sürətlə həyata keçiriləcək bir iş deyil. Prosesə təkcə Elm və Təhsil Nazirliyi deyil, başqa qurumlar da cəlb olunub. Həmin məktəblərin güclü maddi-texniki bazası, laboratoriyaları, yataqxanası, gündə 3 dəfə isti yemək verən yeməkxanası, çamaşırxanası olmalıdır. Burada müəllimlərin maaşlarına 15 faiz əlavələr hesablanır. Görülən işin miqyası çox böyükdür.
Hazırda regionlardakı məktəblərdən çox gözəl nəticələr alınır. Bu nəticələr məktəblərin öz pedaqoji kollektivi hesabına əldə olunub. Məsələn, ötən il Şəki kimya təmayüllü liseyindən respublika olimpiadalarının 14 qalibi olub.
- Sizcə, olimpiada nəticələri göstəricidirmi?
- Bəli, göstəricidir. Düşünürəm ki, istedadlı şagirdlərin təhsil aldığı lisey və gimnaziyalar üçün olimpiada göstəriciləri, müxtəlif müsabiqələrdən olan nəticələr göstəricidir. Daha əvvəl dediklərimizə qüvvət olaraq məhz olimpiadalara çalışma, fənləri dərindən öyrənmə prosesi uşaqların ən yaxşı bildikləri və ən çox sevdikləri fənlər üzrə əlavə hazırlıqlara üz tutmalarına səbəb olur, bu isə onların elmi potensialların inkişafına xidmət edir. Söhbət sadəcə olimpiadadan getmir. Məktəblərin həm 9, həm də 11-ci sinif üzrə yekun nəticələri də çox yüksəkdir. Məktəb uşaqlara təkcə akademik bilik verən yer olmamalıdır. Məktəb şagirdin xoşbəxt olduğu, sevdiyi, səhər çantasını götürüb həvəslə getdiyi yer olmalıdır. Bu gün bizim məktəblərin sinif otaqlarının qapı dəstəkləri içəridən daha çox xarab olur. Çünki uşaqların sinifdən bayıra çıxmaq həvəsi, sinfə daxil olmaq həvəsindən daha böyükdür. Biz bunu dəyişməliyik. Uşaqlar sinfə o vaxt həvəslə girəcək ki, şagird müəllimi sevəcək, müəlliminə görə onun tədris etdiyi fənni oxuyacaq. Müəllim özünü sevdirə bilsə, tədris etdiyi fənni də sevdirə biləcək. Valideyn özünü o vaxt xoşbəxt sayır ki, uşağı məktəbdə özünü məmnun hiss edir. Valideynin xoşbəxtliyi məktəb rəhbərliyini, müəllimi xoşbəxt edir. Müəllim xoşbəxt olanda şagird, şagird xoşbəxt olanda valideyn, valideyn xoşbəxt olanda isə artıq cəmiyyət xoşbəxt olur.
Şagirdin, elə problemləri olur ki, valideyn bunu təkbaşına həll edə bilmir. Bu halda məktəbdən yardım istəyə bilər. Məktəb təkcə müəllimdən ibarət deyil. Hər uşağın məktəbdə özünə yaxın bildiyi, etimad etdiyi, sirrini payalasa biləcəyi bir nəfər mütləq var. Bu, sinif rəhbəri, qapıdakı gözətçi, bufetdəki xala, sinfi təmizləyən xadimə ola bilər. Lazım gələndə uşağın problemini gözətçi ilə, bufetçi xala ilə də həll etmək olar. Bəlkə onlar uşağın qəlbinə müəllimdən və valideyndən daha tez yol tapa biləcəklər.
- Bu sistemi bütün bölgələrdə görmək üçün bizə nə qədər zaman lazımdır?
- Bunun üçün çox vaxt lazım deyil. Məktəbləri qurmağa 3, istədiyimiz təhsil sistemini formalaşdırmağa da 3 il kifayətdir. Bu mənim subyektiv yanaşmamdır. Təhsil ilə bağlı məsələlərdə cəld olmalıyıq, ancaq tələsməməliyik. İndi 5-11-ci siniflərdəki istedadlı uşaqları aşkarlamaq, onları fənlərin mənimsənməsinə maraqlandırmaq üçün müxtəlif müsabiqələr, olmpiadalar təşkil olunur. 6-7-ci siniflər üçün fənn müsabiqəsi, 8-11-cilər üçün respublika fənn olimpiadaları və 5-ci siniflər üçün Lütfizadə adına məntiq olimpiadaları keçiririk. Bütövlükdə bu olimpiadalarda 100 minə yaxın şagird iştirak edir. Bu proses təkcə 100 minin iştirakı ilə bitmir. Hər uşaq sual kitabçasını sinfə aparanda ora ətrafındakı 3-4 yoldaşı, müəllimləri, valideynləri baxanda artıq onun əhatə dairəsi böyüyür. Bu olimpiadalar 500 mindən çox insanı əhatə edir. Bu proses 10 il ardıcıl davam etdikdə ölkə təhsili çox böyük uğurlar qazanacaq. 2014-cü ildə respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarını beynəlxalq standartlara uyğunlaşdırdıq. Respublika fənn olimpiadası çox şəffaf və obyektiv keçirilir. Olimpiadaların keçirilməsinə dövlətin çox böyük dəstəyi var. Respublika və beynəlxalq olimpiada qalibləri ali məktəblərə ödənişsiz və imtahansız qəbul olunur, Xaricdə Təhsil Proqramında müsabiqədənkənar iştirak edə bilirlər.
Həmin olimpiadaların qalibi, bu gün xaricdə təhsil alan Abutalıb Namazov, Abbas Məmmədov, Murad Ağazadə, Nəriman Şirinli, Cəlil Hüseynov, Dəniz Səttarlı, Fidan Qarayeva və daha bir çoxu tələbə olmalarına baxmayaraq bu gün Azərbaycan təhsilinə çox böyük töhfə verirlər. Onlar olimpiadaçılara onlayn dərslər keçir, suallar hazırlayırlar. Bu kiçik görünən, ancaq olduqca böyük işdir.
Cəmiyyətin sadə və ya orta səviyyəli problemlərini elə orta səviyyəli insanların həll etməsi mümkündür. Ancaq cəmiyyətin ciddi problemlərinin həlli üçün iti zəkalı insanlara, fərqli düşünən, fərqli yanaşma irəli sürən, təhlil apara bilən insanlara ehtiyac vardır. Ona görə də düşünürəm ki, istedadlı uşaqlarla iş olduqca önəmli və daima diqqət mərkəzində qalmalı olan bir prosesdir.
- Bu liseylərə qəbul necə keçirilir?
- Tədris ili ərzində ölkə üzrə 32 müxtəlif lisey və gimnaziyaya şagird qəbulu mərkəzləşdirilmiş qaydada keçirilir. Valideyn onlayn qeydiyyatdan keçir, imtahana yazılır. Şagirdlərin yalnız ana dilində oxuyub-anlama bacarıqları və riyazi bilikləri yoxlanılır. İmtahan Azərbaycanın bütün regionlarında keçirilir. Müvafiq bal toplamış şagirdə 3 məktəb seçmək imkanı verilir. Onu da xüsusi vurğulayım ki, lisey-gimnaziyalarda şəhid övladları, onların bacı-qardaşları üçün səviyyəsindən və topladığı baldan asılı olmayaraq bütün qapılar açıqdır. Onlar bizə şəhidlərimizin əmanətidir, bu uşaqlara xüsusi qayğı və dəstək göstərmək borcumuzdur.