TƏHSİLALANLARIN NARKOTİK VASİTƏLƏRDƏN VƏ PSİXOTROP MADDƏLƏRDƏN QORUNMASI ÜZRƏ İŞİN TƏŞKİLİ




Son vaxtlar dünyada gənc nəsil arasında narkotik vasitə və psixotrop maddələri qəbul edənlərin sayı  getdikcə artmaqdadır. İnzibati qadağa və cəzaların verilməsinə baxmayaraq, bu sahədə müsbət nəticə əldə etmək müşkülə çevrilib. Bu araşdırmada məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasının optimal yollarını tapmaqdan ibarətdir. Bunun üçün ümumtəhsil məktəblərində təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin mövcud vəziyyətini öyrənmək məqsədilə müəllimlər, valideynlər və şagirdlər arasında anket sorğusu keçirilib. Suallar üzrə cavablar ümumiləşdirilib və iştirakçılar maarifləndirmə sahəsində ehtiyaclarına görə qruplaşdırılıb. Məqalədə aparılan araşdırmanın nəticəsi olaraq ümumtəhsil məktəblərində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması üçün hazırlanan və tətbiq olunan maarifləndirici təhsil proqramı üzrə həyata keçirilən məqsədyönlü işlərin müsbət
nəticəsindən bəhs olunur.

GİRİŞ

Müasir dövrdə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri gənclərin narkotik vasitələrdən və  psixotrop maddələrin qəbulundan qorunmasıdır. Dövlət gənc nəslin sağlamlığının qayğısına qalır və bu  məsələnin həllini əks etdirən normativ hüquqi sənədlər qəbul edir. «Azərbaycan Respublikası  Konstitusiyası»nda1, BMT-nin «Uşaq hüquqları haqqında Konvensiyası»nda2, «Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu»nda3, «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nda4, «Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda5, «Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)»nda6, «Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nda7, «Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanunu»nda8, «Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu»nda9 uşaq-gənclərin sağlamlığı məsələsinə geniş yer verilməsinə baxmayaraq, mütəxəssislərin fikrincə, dünya miqyasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin azalması barədə nikbin fikir söyləmək çətindir.

PROBLEMİN TƏDQİQİ VƏZİYYƏTİ

Psixoloji və pedaqoji ədəbiyyatda narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması problemi tam öyrənilməyib, aparılan araşdırmalar isə daha çox tibbi və hüquqi xarakter daşıyır. Son illərdə nəzəri və praktik səviyyədə pedaqogikada gənclər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması sahəsində müəyyən tədqiqatlar aparılsa da (Beloqurov, 1999; Motuqina, 1997; Buyanov, 1990; Qabiani, 1990; Qurski, 1988; Makeyea, 2000; Özden, 1992 və b.), təhsil sistemində bu sahədə pedaqoji maarifləndirici konsepsiyanın olmaması, elm sahələrinin əlaqələndirilməməsi
və mütəxəssislərin profilaktik fəaliyyətinin pedaqoji modellərinin həyata keçirilməsinə praktik yanaşmalar, maliyyələşdirmə məsələləri pedaqoji səylərin cəmləşməsinə ciddi maneə yaradır.

PRAKTİK VƏZİYYƏT

Ümumtəhsil müəssisələrində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması sahəsində müasir pedaqoji vəziyyətin təhlili profilaktikanın real həyatdan təcrid edilməsi ilə bağlı bir sıra  ziddiyyətləri qeyd etməyə imkan verdi: nəzəriyyənin praktikadan geri qalması; bu sahədə sistemsiz təlim və tədris prosesi; müasir reallıqların qarşıya qoyduğu vəzifələri həll etmək üçün müəllimlərin pedaqoji təhsil səviyyəsinin yetərli olmaması. Bundan əlavə, makro-sosiumun gənc nəslə dağıdıcı təsirlərinin genişlənməsi praktik olaraq müəllimlərdən bu təsirlərə qarşı hazır olmalarını, məktəbdə vaxtında, əlaqələndirilmiş və yönəldilmiş tərbiyə işləri aparmaq bacarığı tələb edir. Uşaq və gənclərin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması üzrə vahid tərbiyə konsepsiyasının mövcud olmaması bu sahədə aparılan işi çətinləşdirir və müəyyən nöqsanların olmasına gətirib çıxarır. Mövcud vəziyyəti öyrənmək və maarifləndirmə işində nəticəyə nail olmaq üçün Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun ümumi təhsil müəssisələrində işləyən 156 müəllimlə anket sorğusu təşkil olundu. Sorğu bir neçə parametrlə təhlil olundu. Məlum oldu ki, sorğuda iştirak edən müəllimlərdən yaşca ən kiçiyinin 24, ən böyüyünün isə 67 yaşı olub. Respondentlərin mütləq əksəriyyəti qadın (92,3%), yerdə qalanı isə kişi cinsinə (7,6%) mənsubdur. “Boş vaxtınızda hansı işlə məşğul olursunuz?” sualına “Hər gün ailəmlə ünsiyyət qururam” cavabını seçənlər (87 nəfər) ümumi iştirakçıların 55,7 faizini təşkil edir. “Həyatda sizin üçün dəyərli
olan nədir?” sualına iştirakçıların 41 faizi (64 nəfər)“ailədə sağlam münasibət” cavabını seçib. Digər cavabların dinamikası aşağıdakı diaqramlarda əyani şəkildə göstərilir (Diaqram 1-7).

Diaqram 1 Gənclər narkotik maddələrdən nə səbəbə istifadə edirlər?

Problemə şagirdlərin yanaşmasını öyrənmək üçün Bakının Binəqədi rayonu 100 və 283 nömrəli, Nəsimi rayonu 44 nömrəli, Xətai rayonu 29 nömrəli, Yasamal rayonu 18 nömrəli, Suraxanı rayonu 279 nömrəli, Sabunçu rayonu 72 nömrəli, Nizami rayonu 229 nömrəli, Sumqayıt şəhər 2, 9, 17, 38 nömrəli, Xırdalan şəhər 6 nömrəli, Abşeron rayonu, Saray qəsəbəsinin 3 nömrəli ümumtəhsil məktəbinin şagirdləri arasında aparılıb. Sorğuda, ümumilikdə, VII-XI sinif olmaqla 1045 şagird iştirak edib ki, onlardan 528-i qadın, 521-i isə kişi cinsinin nümayəndəsidir.“BSQ və KSQ-nin nəticələrinə görə təhsil uğurunuzu necə qiymətləndirirsiniz?” sualına şagirdlərin 425-i “orta oxuyuram”, 391-i “yaxşı oxuyuram”, 164-ü “əlaçıyam”, 69-u isə “zəif oxuyuram” cavabını verib. Digər sorğular üzrə dinamika aşağıdakı kimidir (Diaqram 8-14).

Diaqram 2 Zərərli vərdişlər haqqında hansı mənbələrdən öyrənirsiniz?

Valideynlərlə aparılan sorğunun təhlilindən məlum oldu ki, sorğuda iştirak edən 559 valideynin yaş həddi 28-45 arasındadır. Onlardan 175-i ali, 192-si tam orta, 104-ü orta ixtisas, 74-ü ümumi orta və 14-ü ibtidai  təhsillidir. Valideynlərdən 520-si evli, 22-si boşanmış, 12-si dul və 5-i subaydır. Sorğuda iştirak edən valideynlərin 363-ü işsizdir. Sorğu üzrə dinamika aşağıdakı kimidir (Diaqram 15-21).

Diaqram 3 Zərərli vərdişlər haqqında ən etibarlı məlumat mənbəyini qeyd edin

TƏHSİL MÜƏSSİSƏSİNDƏ MÖVCUD VƏZİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİNƏ AİD YANAŞMALAR

Təhsil müəssisələrində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin profilaktikasının mövcud vəziyyətinin təhlili altı əsas yanaşmanın müəyyənləşdirilməsinə imkan verdi:

Diaqram 4 Zərərli vərdişlər haqqında nə bilmək istərdiniz?

Məlumatlandırma – narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin insan orqanizminə mənfi təsirləri haqqında məlumatın verilməsi; ənənəvi yanaşma kimi effektliliyinin xeyli aşağı olması; yəni bu sahədə bilik verilir, ancaq bunlar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə mane olmur.

Diaqram 5 Zərərli vərdişlər haqqında biliklərinizi hansı formada almaq istərdiniz?

Emosional yanaşma – bu zaman fərdin duyğuları, təcrübələri nəzərə alınır. Bu texnika olduqca təsirlidir, lakin yanaşmanı tətbiq edərkən bilmək lazımdır ki, yeniyetmələr artıq psixoaktiv maddələrdən istifadə edirlər.

Diaqram 6 Uşağın sağlamlığını kim qorumalıdır?

Sosial amillərin roluna əsaslanan yanaşma (Bandyra, 1977) – özünü tənzimləməyə və özünü idarə  etməyə böyük əhəmiyyət verir, sosial amillərə həssaslıq uşağın biliyindən, bacarığından, dünyagörüşündən, inanclarından, əqidəsindən və öz gələcəyi ilə bağlı fikirlərindən asılıdır. Uşaqlar gələcək həyatında qarşılarına ciddi məqsədlər qoysalar belə, psixoaktiv maddələrin istifadəsi bu məqsədlərə çatmaqda birbaşa çətinliklər yaradır. Sosial təsirlərə qarşı həssaslıq özünü düzgün qiymətləndirməməkdə, özünə inamsızlıqda və cəmiyyətdə artan sosial ehtiyacları özündə təmin edə bilməməkdə göstərir. Hesab olunur ki, zərərli sosial vərdişlərin qarşısı psixoloji dözümlülüklə alına bilər, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısını isə düzgün təlim-tərbiyə ilə almaq olar. Bir çox gəncin siqaret çəkməyi dayandırması və həmyaşıdları arasında müsbət liderlərin formalaşmasında bu yanaşmanın uğurlu təsiri vurğulanır (Bandyra, 1977).

Diaqram 6 Uşağın sağlamlığını kim qorumalıdır?

Həyati bacarıqların formalaşmasına əsaslanan yanaşma – insanlara fəaliyyətlərini idarə etməyə və istiqamətləndirməyə, başqaları ilə birlikdə yaşamaq qabiliyyətinin inkişafına, davranışı dəyişdirmə üsullarından istifadə edərək xarici mühitə təsir etməyə imkan verir. Yeniyetmələrin müxtəlif sosial təsirlərə, o
cümlədən narkotik istifadəsinə qarşı müqavimətini artırmaq məqsədi daşıyır və tədqiqatçılar tərəfindən perspektivli qiymətləndirilir (Botvin, Schinke, Orlandi, 1988).

Diaqram 7 Uşaqlara zərərli vərdişlər haqqında nə zaman məlumat verilməlidir?

Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisinin fəaliyyətində alternativ davranışa əsaslanan konsepsiya (Allison, 1989). Narkotik istifadəsi riskini azaltmaq üçün xüsusi müsbət fəaliyyətin inkişafına, fərdi şüuru inkişaf etdirməyə, əməkdaşlığa, peşəkar bacarıqların inkişafına, estetik münasibətlərin qurulmasına, yaradıcı və intellektual təcrübənin öyrənilib tətbiq olunmasına, deviant davranış qrupları üçün önləyici strategiyanın funksional ekvivalentliliyinin formalaşmasına yönəldilir (Allison, 1989).

Diaqram 8 Gənclər narkotik maddələrdən nə səbəbə istifadə edirlər?

Sağlam həyat tərzinə əsaslanan yanaşma strategiyası (Belogurov, 1999). Aşağıdakı şəkildə ifadə olunur: “Maksimum dərəcədə sağlam seçim et”. Sağlamlığı möhkəmləndirməyə əsaslanan konsepsiyasının əsasını həyat qabiliyyəti, sağlam şəxsiyyətin inkişafı, sağlam həyat tərzi təşkil edir və burada insan davranışı təcrid olunmuş şəkildə deyil, şəxsiyyətin sosiallaşması ilə birlikdə götürülür (Belogurov, 1999).

Diaqram 9 Zərərli vərdişlər haqqında hansı mənbələrdən öyrənirsiniz?

Uşaq və gənclərin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin qarşısının alınmasına dair  yanaşmaların təhlili göstərir ki, müasir dövrdə onların effektliliyi kifayət qədər aşağıdır. Müəllimlər məktəb çərçivəsində xüsusi hazırlıqlı olmalı, bütün sağlam uşaqlarla sistemli şəkildə səmərəli profilaktik işlər aparmalıdır.

Məqsəddən asılı olaraq profilaktik proqramların aşağıdakı növlərindən istifadə oluna bilər:

Universal yanaşma – narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısını almaq üçün  əhaliyə ümumi xəbərdarlıq edilməsi; bütün iştirakçıların vahid risk faktorları var, fərdi risk faktorları  qiymətləndirilmir, iştirakçılar seçilmir, bir mütəxəssis (hər hansı bir baza təhsili olan) çox sayda iştirakçı ilə işləyir, proqram əziyyətli deyil və maliyyə dəyəri aşağıdır (Kolesov, Turtsevich, 1988).

Diaqram 10 Zərərli vərdişlər haqqında ən etibarlı məlumat mənbəyini qeyd edin

Seçiciyə görə yanaşma – narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin başlanmasının qarşısını almaq məqsədilə xəbərdarlıq. “Risk qrupu”na daxil olanlar və ümumilikdə fərdi risk dərəcəsindən asılı olmayaraq, onun hər bir üzvü üçün nəzərdə tutulub. Qrupa daxil olan uşaq və yeniyetmələrin zərərli maddələrdən istifadə riskini müəyyən edən xüsusi testlərdən istifadə olunur. Testlərdə iştirak etmək istəyənlər könüllü olaraq dəvət edilir.

Diaqram 11 Zərərli vərdişlər haqqında nə bilmək istərdiniz?

Göstəricilərə görə yanaşma (Маkeyeva, 2000) – narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin ilk əlamətləri və bununla əlaqədar digər problemləri olan uşaq və gənclər üçün nəzərdə tutulub; iştirakçılar  xüsusi üsulla seçilir, fərdi olaraq qiymətləndirilir, risk faktorları və davranış pozuntuları olduqda spesifik formada işləyir, təcrübəli heyət xüsusi formada (intensiv, ekstensiv) təlim təklif edir (Makeyeva, 2000).

Diaqram 12 Zərərli vərdişlər haqqında maariflənməni hansı formada almaq istərdiniz?

Azərbaycanın və xarici ölkə alimlərinin əsərlərinin təhlili göstərdi ki, psixoloji asılılığın yaranması və inkişafının qarşısının alınması yollarını göstərən heç bir nəzəriyyəni mükəmməl saymaq olmaz. Uşaq və gənclərin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin qarşısının alınmasında pedaqoji komponentin rolu əsaslandırılmayıb. Ümumbəşəri dəyərlərin (sağlamlıq, sevgi, təhsil) düzgün tərbiyəsi uşaq
şəxsiyyətinin və xarakterinin formalaşmasına əhəmiyyətli təsir göstərir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə səbəb kimi uşaq və gənclərin ətraf mühitlə münasibətlərinin pozulmasını göstərmək olar. Başqa bir səbəb ailədir, bütün hallarda, uğursuz ailələrdə tərbiyə işinin düzgün qurulmaması buna gətirib çıxarır.

Diaqram 13 Uşağın sağlamlığını kim qorumalıdır?

Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə gətirib çıxaran səbəblərdən biri də bu sahədə təhsil müəssisəsinin fəaliyyətinin az öyrənilməsidir. Narkotik istifadəçiləri, narkotiklərin yayılması ilə mübarizə haqqında danışarkən, narkomaniyanın reallıqdan xəyal dünyasına qaçmaq cəhdi olduğunu başa düşürlər. Ona görə də narkomaniya ilə mübarizə əvvəlcə belə bir düşüncənin səhv olmasına yönəldilməlidir. Qarşıya qoyulan problemin həllində tərbiyə işi sistemli, məqsədyönlü olmalıdır. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə probleminin mənəvi tərəfi həm anlayışın özünüdərketmə, həm də qarşısının alınması strategiyasını təyin etmək baxımından çox əhəmiyyətlidir. Tərbiyə prosesində əxlaqın bərpası və dəyərlərin formalaşması bütün arzuolunmaz halların qarşısını ala bilər.

Diaqram 14 Uşaqlara zərərli vərdişlər haqqında nə zaman məlumat verilməlidir?

Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə əleyhinə proqramların (kurikulumların) tərtibində beynəlxalq və yerli təcrübənin təhlilindən belə nəticəyə gəlmək olar ki, deviant davranışın qarşısının alınması
sahəsində bir neçə yenilik təqdim olunub. Bunlardan biri də Həyat bilgisi fənn proqramı (kurikulumu) və dərsliyidir. Bu, hərtərəfli, müasir, geniş, əsaslı metodoloji proqram kimi zərərli xarici təsirlərlə mübarizəyə, uşaqlarda sağlam həyat tərzi formalaşdırmağa imkan verir. Keçən əsrin səksəninci illərinin ortalarından bu proqram ingilisdilli ölkələrdə istifadə edilirdi, sonra altı il ərzində dəyişməmiş və ya qismən uyğunlaşdırılmış bir formada, demək olar, qırx ölkədə, müstəqilliyin bərpasından sonra isə Azərbaycanda tətbiq olundu.

Diaqram 15 Gənclər narkotik maddələrdən nə səbəbə istifadə edirlər?

Həyati bacarıqlar uşaqların bir-biri ilə, onlara bilik, bacarıq və səriştə aşılayanlarla düzgün münasibət qurmasına, öz həyatına məsuliyyətlə yanaşıb sağlam qərarlar verməsinə, arzuolunmaz hallara qarşı yüksək müqavimət göstərmələrinə imkan verərək zərərli davranışları minimuma endirir. Təlim sayəsində insan bu biliyi tətbiq edir, tənqidi düşünməyə başlayır, düzgün qərarlar qəbul edir, özünü və başqalarını başa düşməyə
çalışır, qarşısına məqsəd qoyur, ətrafdakıların ehtiyac və arzularını nəzərə alaraq başqaları ilə necə danışıq aparmağı bilir. Müəyyən edilib ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması ilə məşğul olan müəllimlərin profilaktik işlərə hazırlıqlarının aşağıdakı müddəalar əsasında qurulması tələb olunur:

• narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı müqavimətin formalaşdırılmasına təhsil prosesinin tərkib hissəsi kimi baxılmalıdır;
• narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı maarifləndirici tədbirlər hazırlanmalı və tətbiq olunmalıdır.

Diaqram 16 Zərərli vərdişlər haqqında hansı mənbələrdən öyrənirsiniz?

Pedaqoji profilaktika üç əsas komponenti birləşdirir: uşaq və gənclərin xüsusi təlim və tərbiyəsi; hüquq-mühafizə orqanlarının dəqiq fəaliyyəti; yetkinlik yaşına çatmayanlar tərəfindən narkotik maddələrin  istifadəsinə qarşı müsbət həyat alternativlərinin yaradılması (dövlətin gənclər siyasəti ilə müəyyən edilir).

Diaqram 17 Zərərli vərdişlər haqqında ən etibarlı məlumat mənbəyini qeyd edin 

Pedaqoji maarifləndirmə aşağıdakı prinsiplər əsasında qurulmalıdır:
1) Kompleks yanaşma prinsipi. Bu problemi həll etmək üçün məktəblərin, ailələrin, daxili işlər orqanları və səhiyyə sahəsində mütəxəssislərin, digər hökumət və ictimai təşkilatların birgə səyləri lazımdır;

2) Sosial uyğunluq prinsipi. Təhsildə sosial sifarişlə razılaşdırılmış qarşılıqlı fəaliyyəti əks etdirmək və cəmiyyətin sağlam üzvlərinin tərbiyəsi məqsədini daşıyır;

Diaqram 18 Zərərli vərdişlər haqqında nə bilmək istərdiniz? 

3) Fərqləndirmə prinsipi. Uşaq və gənclərin yaş və şəxsiyyətyönlü təhsili nəzərə alınaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin qarşısının alınmasının məqsədi, vəzifəsi, vasitələri və planlaşdırılan nəticələrinin müəyyənləşdirilməsini təmin edir;
4) Çoxaspektlilik prinsipi. Profilaktik fəaliyyətdə müxtəlif yanaşmaların birləşməsini nəzərdə tutur;

Diaqram 19 Zərərli vərdişlər haqqında maariflənməni hansı formada almaq istərdiniz?

5) Aksioloji prinsip. Yeniyetmələrdə sağlam həyat tərzi, xeyirxahlıq, insanlara, cəmiyyətə, dövlətə və təbiətə hörmət kimi dəyərləri formalaşdırmağa xidmət edir.
Məktəblilərin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsi əleyhinə maarifləndirmə işinin planı  yeddi bloka bölünə bilər, bunların hər biri məqsəd və vəzifələrə, idarəetmə, elmi və metodiki fəaliyyət proqramına malik olmalıdır:

Diaqram 20 Uşağın sağlamlığını kim qorumalıdır?

təşkilati blok – məktəb narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin profilaktikası ilə məşğul olan təşkilatlarla (daxili işlər, səhiyyə, media, digər dövlət və ictimai təşkilatlar) metodik işi əlaqələndirir və  əməkdaşlığı təmin edir;
diaqnostik blok – region məktəblərində narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə ilə bağlı vəziyyəti, uşaq və gənclərin məlumatlılıq səviyyəsini müəyyənləşdirmək üçün ilkin sorğu aparır, uşaqlarla psixodiaqnostik profilaktik iş aparır, narkotikə meyilliliyin mümkün amillərini və «risk qruplarını» aşkar edir;

elmi-metodik blok – müəllimləri profilaktik işlərə hazırlayır, ümumtəhsil müəssisələrinin siniflərinin tərkibində «Bacarıqlı əllər» proqramını, uşaqlara həyati davranış bacarıqlarını və sağlamlıqlarına dəyərli münasibət bəxş etmələrini istiqamətləndirir;
maarifləndirici blok – ailələrə məsləhət verir və bu işə dəstək verən valideyn qrupları ilə mühazirələr, seminarlar və təlimlər təşkil edir, uşağının böyüdüyü mikro-mühitdə valideynlərin uşaqlarının narkotik  vasitələrdən və psixotrop maddələrdən istifadəsinə qarşı dözümsüz halına münasibət formalaşdırır, ailələrin uşaqların erkən alkoqolizmə cəlb olunmasının qarşısını alır, uşaqlarla emosional davranış və onlarla qəddar  rəftar hallarını aradan qaldırır;

Diaqram 21 Uşaqlara zərərli vərdişlər haqqında nə zaman məlumat verilməlidir?

informasiya bloku – məlumatlılığı genişləndirir, bütün müsbət sosial qüvvələri narkotik vasitələrdən və  psixotrop maddələrdən istifadə əleyhinə təbliğata cəlb edir, məktəbdə və rayonda aparılan işləri kütləvi  informasiya vasitələrində əks etdirir, videoçarxlar, şəkillər nümayiş etdirir.

Təcrübə zamanı şagirdlərin yaş və cinsi xüsusiyyətləri nəzərə alınmaqla narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin səbəbləri və dinamikasını müəyyənləşdirmək üçün sosioloji tədqiqatlar aparılmalıdır. Bu zaman diqqət yetirilməsi vacib olan məqamları belə qruplaşdırmaq olar:
• mütəmadi olaraq sağlamlığın, hər bir insanın həyatı üçün vacib olduğunu aşılayan maarifləndirmə işinin  təşkili;

• müəllimlərə elmi və metodik yardım göstərmək; təlimə və seminarlara mütəxəssislər: həkimlər, psixoloqlar, hüquqşünaslar cəlb etmək;

• narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə əleyhinə maarifləndirmə, sosial dəyişikliklərə adekvat münasibət, hər cür mənfi təsirlərin aradan qaldırılması ilə bağlı valideynlərlə işləri genişləndirmək;

• valideyn və müəllimləri uşaq və gənclərin asudə vaxtlarının təşkili işinə cəlb etmək;
• uşaq və gənclərin həyati bacarıqlarını inkişaf etdirməyə yönəlmiş interaktiv iş metodlarına diqqət yetirmək (fikirlərini aqressiv bildirməmək, xarici təsirlərə davamlılıq, sağlamlığa ziyan vurmamaq, konstruktiv tənqidi dinləmək);
• ümumi orta və tam orta təhsil səviyyəsində şagirdlərlə eksperimenti genişləndirmək, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə ilə mübarizə tədbirlərinin əsas, həlledici əlaqəsi olan təhsil müəssisələrində sosial şərait yaratmaq üçün əldə edilmiş eksperiment nəticələrini dərinləşdirmək və nəzəri cəhətdən əsaslandırmaq;
• gənclərlə tütün və alkoqollu içkilər istifadə edən məktəb rəhbərliyini dəyişdirmək və onlara həvalə olunan müəssisələrdə bu halları tamamilə aradan qaldırmaq.

«Faydalı vərdişlər» proqramında istifadə olunan metodik yanaşma ümumtəhsil məktəblərində tədris olunan fənlər üçün ənənəvi metodologiyaya alternativdir; dərslər qurularkən, dialektik «spiralvari yanaşma» ilə didaktikanın eklektik metodlarından istifadə edilib. Bu, müəllimə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısının alınması problemini müvəffəqiyyətlə həll etmək, onu bütün lazımi tədris-metodiki ədəbiyyat kompleksi ilə silahlandırmaq, sosiallaşmanın, özünütərbiyənin və uşağın şəxsiyyətinə xüsusi mütəşəkkil təsir göstərən üç əsas pedaqoji prosesin qarşılıqlı əlaqəsini təmin etməyə imkan verir.

TƏHSİL MÜƏSSİSƏSİNDƏ ANTİ-NARKOTİK TƏBLİĞATIN FORMALARI

Məktəblərdə şagirdlərə seçmə yolla ardıcıl profilaktik baxış keçirmək lazımdır. Profilaktik baxışın məqsədi narkotizmə düçar olan məktəblilərin mümkün qədər erkən müəyyən olunması və davranışlarının tənzimlənməsi üzrə konkret tədbirlərin işlənib hazırlanmasıdır. 
Narkomanlıq tendensiyalarının ilkin profilaktikasının vacib məqsədlərindən biri antinarkotik təbliğatdır.  Seminar, «dəyirmi masa», konfranslar həkim-narkoloq, yaxud həkimlər tərəfindən xüsusi plan üzrə aşağıdakı qaydada aparılmalıdır:

• pedaqoji kollektivlə hər ay bir dəfədən az olmayaraq (məsələn, sinif rəhbərləri üçün keçirilən seminarlar çərçivəsində);
• valideynlərlə hər ay bir dəfədən az olmayaraq (hər ay keçirilən valideyn iclasları çərçivəsində);
• məktəblilərlə 3-4 mühazirə həcmində (xüsusi kurslar çərçivəsində).
Təxmini olaraq effektiv məktəb proqramına üç komponent daxil edilir: narkotiklərin insan orqanizminə ziyanını əks etdirən tədris komponenti; təhlükə ilə qarşılaşan və narkotiklərdən istifadə edən məktəblilərə kömək etmək üçün müdaxilə komponenti; məktəbin nizamnaməsinin və əsasnaməsinin tələblərini pozan uşaqlarla tərbiyəvi iş aparan intizam komponenti.

NARKOTİK VASİTƏLƏRDƏN VƏ PSİXOTROP MADDƏLƏRDƏN İSTİFADƏ ƏLEYHİNƏ VALİDEYN-İCMA
QRUPLARININ İŞİ 

Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin qarşısını almaq məqsədilə dəstək qruplarını  yaratmaqda valideynlər mühüm rol oynayır. Onlar ailələri və ya icmaları narkotiklərin qəbulunun mənfi təsiri barədə məlumatlandıra, uşaqların fərdi və qrupdakı fəaliyyətinə sərhəd qoya, habelə bütün məktəblilərə yaşıdları tərəfindən edilən təzyiqlərə müqavimət göstərmək və müsbət alternativlər təklif etmək üçün birgə işləyə bilərlər. Təəssüflər olsun ki, hazırda belə qruplar azdır. Bir çox valideynlərin isə narkotik qəbulunun fəsadları haqqında elmi məlumatı yoxdur. Onlar narkotik qəbul edənlərin simptomlarını ayırd edə, narkotikləri
fərqləndirə bilmir, narkotiklərin qəbulunu qadağan edən qanunları dərk etmirlər. Bir çoxu əmindir ki, onların uşaqları narkotiklərdən istifadə etmirlər.

NƏTİCƏ

Təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəsinin qarşısının alınması üçün həyata keçirilən pedaqoji-psixoloji profilaktika işi müəllimdən tədris fəaliyyətini optimallaşdırmağı, bu zaman diaqnostikadan, korreksiyadan və sağlam həyat tərzinə yönəlmiş təşkilati-metodik tədbirlərdən kompleks  istifadə etməyi tələb edir.
Şagirdlər arasında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin effektiv pedaqoji profilaktikası məktəbin aparıcı rolunu qoruyub saxlamaqla, müxtəlif təşkilatlarla inteqrasiya olunmuş, çoxölçülü və əlaqəli formada mümkündür. Təhsilalanlar tərəfindən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin effektli profilaktikası, psixoaktiv maddələrin istifadəsinin əhəmiyyətli dərəcədə azaldılması üçün müayinəyə əsaslanan erkən diaqnoz qoyulması əsas şərtdir. Beləliklə, qeyd olunan neqativ hallar üzrə profilaktik tədbirlərin rolu təhlil edilərkən məlum oldu ki: 

1. Ümumtəhsil məktəblərində bütün şagirdlərlə məktəb fənləri çərçivəsində sisemli şəkildə xüsusi hazırlanmış müəllimlər tərəfindən aparılan profilaktik işin effektivliyi müsbət nəticə verir.
2. Müəllimlərin və valideynlərin iştirakı ilə təhsilalanlar üçün həyati bacarıqları formalaşdıran müasir metodologiya ilə ixtisaslaşdırılmış bir proqram əsasında yeni modelin yaradılması
zəruridir.
3. Yaşından və müəyyən sosial qrupa mənsubiyyətindən asılı olmayaraq bütün uşaqlara yönəlmiş pedaqoji profilaktik proqramların əsasını ümumbəşəri dəyərlərin (sağlamlıq, sevgi, təhsil) tərbiyəsi, uşaqlar və gənclər üçün şəxsiyyətin xarakterinin formalaşmasına həlledici təsir göstərən dəyərlər təşkil edir.
4. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə əleyhinə tibbi-pedaqoji profilaktik tədbirlər məktəblilər üçün narkotik maddələrin istifadəsinin real ehtimalını proqnozlaşdıran üç əsas komponentə əsaslanır: təhsilalanların təlim və tərbiyəsi; yetkinlik yaşına çatmayanların narkotik əleyhinə təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanlarının dəqiq fəaliyyəti; yetkinlik yaşına çatmayanlar tərəfindən narkotik maddələrin istifadəsi üçün müsbət həyat alternativlərinin yaradılması (dövlət siyasəti ilə müəyyən edilir).

İstifadə edilmiş ədəbiyyat

1 Allison, F. (1989). Implications of the Ontario Student Drug Survey for School-based Prevention Proqrams. Alcohol and Drug Addiction Research Foundation. Toronto.

2 Azərbaycan Respublikası Konstitusiyası. Bakı, 2014.
3 Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan müəllimi” qəz., 2013, 25 oktyabr.
4 Bandyra, A. (1977). Social Learning Theory Englewood Cliffs. NY Prentice Hall, 66p. 
5 Belogurov, S.V. (1999). Populyarno o narkotikakh i narkomanakh. Kniga dlya vsekh. SPb.; M.: Nevskiy dialekt. Izdatel'stvo BINOM, 128 s.
6 Berezin, S.V., Lisetskiy, K.S., Motygina, I.A. (1997). Psikhologiya ranney narkomanii. Samara, 64s.
7 BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası. Bakı, 1998. 
8 Botvin, G. (1990). et al Addictive Behavijbs, VI5 44-63 p
9 Botvin, G., Schinke, S.P., Orlandi, M.A. (1988). Crissis. V 10 162-77p.