ƏN BÖYÜK HEKAYƏÇİ İLƏ TANIŞ OLUN




Qarşıdan gələn tətil günləri övladlarınızı Roald Dahlın kitabları ilə tanış etmək üçün əlverişli zamandır.

Məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi üçün mütaliə ən yaxşı vasitələrdən biri sayılır. Bu gün sizə təqdim edəcəyimiz yazıçının əsərləri dünyada ən çox satılan və oxunan ədəbiyyat siyahısındadır. Azərbaycanlı uşaqlar isə onun əsərləri əsasında çəkilən uşaq filmlərini daha çox tanıyırlar.

İngiltərə ədəbiyyatının görkəmli nümayəndəsi, şair, ssenarist Roald Dahl "XX əsr uşaqlarının ən böyük hekayəçilərindən biri" adlandırılıb. Onun kitabları dünya üzrə 300 milyon nüsxədən çox satılıb. Dahl 2008-ci ildə “The Times”ın "1945-ci ildən bəri Böyük Britaniyanın 50 yazıçısı" siyahısında 16-cı yeri tutub. 2021-ci ildə “Forbes” onu “ölümündən sonra ən çox qazanan məşhur” adlandırıb.

 

Dahlın qısa hekayələri gözlənilməz sonluqları, uşaq personajlarının qeyri-sentimentallığı, qorxulu, bəzən də qara yumorlu əhvali-ruhiyyəsi ilə fərqlənir. Onun uşaq kitabları insanlar arasında mehribanlığı, ədaləti, xoş ünsiyyəti təbliğ edir. Road Dahlın sehr, yumor, fantastik elementlər, mükəmməl xaos və əyləncə ilə dolu ən məşhur əsərlərindən bir neçəsinə nəzər salaq:

 

  • “Matilda”
  • “Cadugərlər”
  • “Çarli və şokolad fabriki”
  • “Fantastik cənab Foks”
  • “Ceyms və nəhəng şaftalı”
  • “Dünya çempionu Deni”

“Matilda”

 

1988-ci ildə oxuculara təqdim edilən “Matilda” uşaq ədəbiyyatı sahəsində bir neçə mükafat qazanıb. Həm uşaqların, həm də böyüklərin sevə-sevə oxuduğu kitab beş yaşlı dahi Matildanın hekayəsi üzərində qurulub. Xeyirxah və diqqətli Matildanın obyektləri gözləri ilə hərəkət etdirmək qabiliyyəti var. Matilda onu sıxışdırmağa çalışan valideyn və müəllimlərinə xeyirxahlığın, sevgi və diqqətin gücünü göstərir.

 

“Cadugərlər”

 

Cəsur bir gənc oğlanın və onun norveçli nənəsinin İngiltərə cadugərləri ilə sərgüzəştlərindən bəhs edir. Bu hekayədə yetim oğlan Norveçə nənəsi ilə yaşamağa gedir. Cadugərlərin gerçək olduğunu bilən müdrik nənə nəvəsinə onları tanımağı və onlardan uzaq durmağı öyrədir.  Cadugərlər uşaqlara nifrət edir və dünyanı onlardan xilas etmək barədə düşünürlər. Nənə ilə nəvəsi  səyahət edərkən qorxulu ifritə dəstəsi ilə qarşılaşırlar. Buradakı ən qorxulu ifritə dünyanı uşaqlardan xilas etmək istəyən Baş Cadugərdir. Onu yalnız oğlan və nənəsi dayandıra bilər. Onlar buna nail ola biləcəklərmi? “Cadugərlər” Dahlın macəralarla zəngin və ən əyləncəli kitablarından biridir.

 

“Çarli və şokolad fabriki”

 

Yəqin ki, bu əsər haqqında eşitməyən və ya onun filminə baxmayan uşaq yoxdur. Babası ilə bərabər Villi Vonkanın şokalad fabrikinə daxil olan gənc oğlan şokolad və şirniyyatlar, casuslar, nadinc Oompa-Loompalarla dolu bir dünya kəşf edir.

 

Balaca oğlanın qazandığı qızıl biletlə Vonkanın ölkəsinə səyahəti əsər boyu həm də əxlaqi dəyərləri aşılayır. Əksəriyyəti acgöz və ərköyün olan uşaqlar fabrik turunda bəzi dərslər alırlar. “Çarli və şokolad fabriki” bütün dünyada maraqla qarşılanan və sevilən uşaq kitabları arasındadır.

 

“Fantastik cənab Foks”

 

1970-ci ildə nəşr olunan "Fantastik cənab Foks" bir ailənin hekayəsindən bəhs edir. Foks ailəsini ağılsız fermerlərdən qorumalıdır. Amma təəssüf ki, bu fermerlər asanlıqla təslim olmurlar. Adından da göründüyü kimi, bu, son dərəcə fantastik hekayə bəzi fitnə və hiylələrlə zəngindir. Hekayə Bukingemşirdə, Dahlın uşaqlığının keçdiyi evin yaxınlığındakı kənddə baş verir. Burada cənab Foksun heyvan dostları ilə ziyafəti, ailəsi üçün yemək axtaran və vəhşi fermerləri məğlub edən macəraları təsvir olunub. R.Dahlın kitabındakı hadisələr, danışan heyvanlar qəribə və uşaqcasına görünə bilər. Lakin bu bütün yaşlarda olan oxucular üçün maraqlıdır.

“Ceyms və nəhəng şaftalı”

Əsər valideynlərinin ölümündən sonra iki xalası ilə yaşayan və az qala qul kimi işlədilən baş qəhrəman Ceymsin həyatından bəhs edir. Dünyada heç dostu olmadığını hiss edən Ceyms sehrli nəhəng şaftalıda yaşayan köhnə yaşıl çəyirtkə və böcəklərlə dostlaşır. Ceyms bağda böyüyən bu nəhəng şaftalıda gözlənilmədən bir qrup həşərat aşkarlayır. Bu yeddi fövqəladə həşərat şaftalının gövdəsini dişləyir və meyvələri təpədən aşağı yuvarlatmağa başlayırlar. Yolda Ceyms və böcəklər fərqləri qəbul etməyin vacibliyini öyrənirlər. Hər bir uşağın oxumalı olduğu, ümidin gücünü göstərən kitab Roald Dahlın qızları Oliviya və Tessaya həsr olunub.

 

“Dünya çempionu Deni”

 

Gənc yaşda anasını itirən Denni ilə atası Uilyam birlikdə sevimli karavanda (çarpayı, mətbəx, duş, tualet və oturacaqlarla təchiz edilən avtomobil-red.) yaşayırlar. Vaxtını özlərinə məxsus yanacaqdoldurma məntəqəsində keçirən Denni bir gün atasının əslində brakonyer olduğunu öyrənir. Əvvəlcə buna kədərlənən Denni sonradan brakonyerliyi sənət və atasını da sənətkar kimi qəbul edir. Beləliklə, yeni bir macəra başlayır…

1975-ci ildə çap olunan əsər əsasında 1989-cu ildə Britaniyanın “Thames Television” şirkəti “Dünya çempionu” adlı film çəkib.

Əgər siz də müxtəlif dünyalara səyahət etməkdən zövq alırsınızsa, Road Dahlın kitabları bu ehtiyacınızı ödəyəcək.