ƏL İLƏ GÖRMƏYİ ÖYRƏDƏN YANAŞMA
Eskizlər vasitəsilə öyrənmək (learning through sketching) əl ilə çəkilən şəkil, diaqram, qrafik və sxemlərin istifadəsinə əsaslanan pedaqoji yanaşmadır. Bu üsul həm yaradıcı, həm də analitik düşüncə bacarıqlarını gücləndirmək üçün effektiv sayılır.
“Edutopia” saytında bu mövzuya həsr olunan məqalədə göstərilir ki, yanaşmanın məqsədi təhsilalanlara çəkməyi deyil, görməyi öyrətməkdir. Bu, elmi reallığı dəqiqliklə müşahidə etmək və müşahidə olunanları mümkün qədər aydın şəkildə izah etmək prosesidir.
Gözlərimiz və beynimiz bir şeyə baxarkən bir cür, eskiz çəkərkən başqa cür görür. Əşyalara baxarkən gözlərimiz sürətlə hərəkət edir və ən vacib xüsusiyyətləri axtarır. Beynimiz bu görüntüləri tam emal etmir. Beləliklə, təsvirin təfərrüatlarının 80 faizini biz bir saniyədə görürük, digər 20 faizini görmək üçün isə beyinə 10-15 dəqiqə və ya daha çox vaxt lazım ola bilər.
Təbii ki, müəllimlər təhsilalanlardan bir əşyaya və ya təsvirə 10 dəqiqə baxmağı tələb edə bilməz. Ancaq onlara nəyinsə eskizini çəkməyi və gördüklərini şüurlu şəkildə ifadə etməyi tapşıra bilər. Tapşırıqlardan biri hansısa bitkinin inkişaf mərhələlərinin eskizlərini çəkmək və bunun əsasında flip kitab (flip kitablarda hər səhifədə bir-birindən çox az fərqlənən şəkillər olur və sürətlə çevrildikdə animasiya effekti yaranır) hazırlamaq ola bilər. Bir sıra eskizlərdən hazırlanan flip kitab təkcə obyektin deyil, təhsilalanın da bacarıqlarını dəyişdiyini göstərə bilər.
Düzgün eskiz çəkməyin bir neçə qaydası var:
- Sadəlik prinsipinə əməl etmək
- Eskizlər incəsənət əsəri deyil, ideyanı tez və aydın ifadə etmək vasitəsidir.
- Detallara yox, əsas forma və məntiqi əlaqələrə diqqət yetirilməlidir.
- Məsələn, insan fiquru üçün dairə (baş) və xətlər (əllər, ayaqlar) kifayət edir.
- Simvollar və işarələrdən istifadə
- Müəyyən anlayışları göstərmək üçün tanınan simvol – emojilərdən istifadə etmək lazımdır: ürək (emosiyalar), lampa (ideya), oxlar (səbəb-nəticə və ya istiqamət).
- Bu vizual kodların təkrar istifadəsi məlumatın yaddaşda möhkəmlənməsinə təsir edir.
- Etiketlər və qısa yazılar
- Eskizi müşayiət edən açar sözlər və ya qısa cümlələr onun məzmununu daha aydın izah edir. Yazılar qısa, aydın və konkret olmalıdır.
- Məkan və istiqamətdən düzgün istifadə
- Eskizdə elementlərin yerləşməsi mövzunu daha asan anlamağa kömək edir (məsələn: səbəblər solda, nəticə sağda verilir).
- İdeyalar arasında əlaqələri ox və ya xətlərlə göstərmək lazımdır.
- Rəng və vurğulardan ehtiyatla istifadə etmək
- Əsas ideyaları vurğulamaq üçün rəngdən və ya qalın xətlərdən istifadə etmək olar.
- Ancaq çox rəngli və qarışıq eskizlər diqqəti yayındıra bilər.
- Təkrar və təkmilləşdirmə
- Eskizi birinci dəfədən mükəmməl çəkməyə çalışmaq lazım deyil.
- Sınaq-yanılma üsulu ilə eskizləri düzəldərək öyrənmək daha təsirli olur.
- Öz vizual üslubunu yarat
- Öz simvollarını, yazı tərzini və yanaşma metodunu müəyyən etmək daha yaxşıdır.
- Əsas məqsəd – öyrəndiklərini vizual olaraq yadda saxlamaq və başqasına izah edə bilməkdir.
Tədqiqatlar göstərir ki, eskizlər vasitəsilə öyrənilən vizual məlumatlar yazılı və şifahi məlumatlardan daha uzun müddət qalır. Eskizlər mövzunu strukturlaşdırmağa və daha yaxşı anlamağa kömək etməklə yanaşı, mürəkkəb informasiyanı sadələşdirmək və əlaqələri göstərmək üçün güclü vasitədir. Məsələn, xəritələr, səbəb-nəticə diaqramları və proses sxemləri öyrənilən mövzu arasında əlaqələri aydın şəkildə göstərir.
Eskizlərlə öyrənməyin üstünlükləri:
- Kreativliyi və fəal öyrənmək effektini artırır - təhsilalan eskiz hazırlayarkən sadəcə məlumatı qəbul etmir, onu aktiv şəkildə emal edir, bu da daha dərin öyrənmə ilə nəticələnir.
- İştirakçılığı artırır - təhsilalan öz eskizlərini başqaları ilə paylaşaraq müxtəlif baxış bucaqları qazanır və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir.
Stanford Universitetinin tədqiqatçısı Barbara Tverskiyə görə,
- eskizlər sadəcə vizual yaddaşa kömək etmir, həm də düşünmək və problem həll etmək prosesini dəstəkləyir. O iddia edir ki, eskizlər koqnitiv proseslərin təşkili və başa düşülməsi üçün güclü alətdir.
“Psychological Science” jurnalı da eskiz və əl ilə edilən qeydlərin dərin öyrənməni stimullaşdırdığını bildirir:
- Şagirdlərin elmi anlayışları mənimsəməsində eskizlər böyük rol oynayır.
- Tədqiqat göstərir ki, şagirdlər bir anlayışı vizual şəkildə təqdim etməyə çalışarkən onu daha yaxşı başa düşürlər.
- Rəsmlə ifadə konseptual qavramanı dərinləşdirir.
- Əl ilə (xüsusilə şəkilli və ya sxematik) qeyd aparan təhsilalanlar kompüterdə qeyd aparanlara nisbətən məlumatı daha yaxşı yadda saxlayırlar. Səbəbi odur ki, əl ilə işləyərkən təhsilalan informasiyanı “kopyalamır”, onu emal edir – bu isə anlayışı dərindən mənimsəməyə yardım edir.
- Beyin həm verbal, həm də vizual informasiyanı ayrı-ayrı kodlarla eyni vaxtda emal edir. Əgər eyni məlumat həm söz, həm də eskizlə verilsə, bu, yaddaşda iki fərqli “iz” buraxır və məlumatın “geri çağırılmasını” asanlaşdırır.
ABŞ və Avropada bəzi məktəblər “Sketch-to-Learn” və ya “Visual Thinking Strategies” kimi proqramlar tətbiq edirlər. Bu proqramlar göstərir ki, eskizlərdən istifadə oxu bacarığı yüksək olmayan şagirdlər üçün çox faydalıdır. Proqram STEM fənlərində də anlayışların qavranmasını asanlaşdırır. Eskizlər vasitəsilə öyrənmə xüsusilə fizika, biologiya, coğrafiya və başqa sahələrdə geniş tətbiq olunur.
Eskizlər vasitəsilə öyrənmə ilə bağlı aparılan elmi araşdırmalar bu metodun effektivliyini sübut edib:
- Yadda saxlama qabiliyyətini artırır;
- Analitik və yaradıcı düşüncəni gücləndirir;
- Aktiv və reflektiv öyrənməni stimullaşdırır;
- Müxtəlif öyrənmə tiplərinə (vizual, kinestetik və s.) uyğundur.
Bütün bu göstəricilər onu deməyə əsas verir ki, eskizlər vasitəsilə öyrənmə müasir təhsil mühitində həm fərdi, həm də kollektiv şəkildə tətbiq oluna bilən güclü və çoxşaxəli öyrənmə strategiyasıdır. Bu üsul təhsilalanların dərsi mənimsəmə səviyyəsini artırmaqla yanaşı, onların öyrənməyə marağını da əhəmiyyətli dərəcədə yüksəldir.
Zemfira Məmmədqızı