ZƏİF RİYAZİ BİLİKLƏR İQTİSADİYYATA MİLYARDLARLA ZİYAN VURUR




Dünyanın ən qədim universitetinə malik İngiltərə təhsil sistemi islahatlar qarşısındadır. Böyük Britaniyanın baş naziri Rişi Sunakın elan etdiyi dəyişikliklərə bəziləri “riyaziyyat”, bəziləri isə “bakalavriat islahatı” adını verib.

Baş nazir ötən il bildirmişdi ki, akademik heyət və biznes nümayəndələrindən ibarət qrup ingilis məktəblilərində tədris olunan riyaziyyat fənninin məzmununu araşdıracaq. Bununla da, İngiltərədə 18 yaşa qədər bütün təhsilalanların bu fənni mənimsəməsinin təmin edilməsi məsələsinə baxılacaq.

Rişi Sunakın sözlərinə görə, “şagird və tələbələrdə riyazi təfəkkürün olmaması” ölkə iqtisadiyyatının inkişafına mane olur. Ölkə əhalisinin zəif riyazi bacarıqları ictimai baxımdan məqbul hesab edilir. Baxmayaraq ki, bu bacarıqların olmaması Böyük Britaniya iqtisadiyyatına “ildə on milyardlarla” funt sterlinqə başa gəlib. Sunak onu da əlavə edib ki, ölkədə yeni iş yerlərinin yaradılması üçün riyazi bacarıqlar həyati əhəmiyyət kəsb edir, ona görə də təhsil islahatına ehtiyac var.

Hökumət məktəb kurikulumunun əsaslı şəkildə yenidən qurulması ilə yanaşı, daha çox riyaziyyat müəllimini işə götürməyi, bu fənn üzrə tədris standartlarını təkmilləşdirmək üçün İngiltərədə riyaziyyat mərkəzləri sistemini genişləndirməyi öhdəsinə götürüb.

2019-cu ildə 15 yaşlı uşaqlar üçün keçirilən testlərdə Böyük Britaniya riyaziyyat fənnindəki nəticələrinə görə dünyada 18-ci yerdədir. İngiltərədə 16 yaşlı gənclərin təxminən üçdə biri hər il GCSE (General Certificate of Secondary Education - Orta Təhsil Haqqında Sertifikat – red.) riyaziyyat testindən birinci dəfədən keçə bilmir və təkrar imtahanlara girmək məcburiyyətində qalır.

Hökumətin açıqlamasında deyilir ki, Böyük Britaniya dünyanın ən yaxşı universitetlərinə sahib olsa da, “minlərlə gənc boş vədlərin qurbanı oluraşağı səviyyəli kurslarda təhsil alır. Bu kursu bitirdikdən sonra isə onlara layiqli iş imkanı verilmir. Ona görə də hökumət saxta universitet kursları ilə mübarizə aparmaq üçün tədbirlər görür.

Bu, daha çox gəncin öz potensialını reallaşdırmasına təsir edəcək və iqtisadiyyatın inkişafına kömək etmək üçün onları düzgün yola yönəldəcək”.

İslahatlar çərçivəsində keyfiyyətsiz kurslar keçən ali təhsil müəssisələrinə qarşı sərt tədbirlər görüləcək və tələbələrin aldadılmasına imkan verilməyəcək.

Hazırda İngiltərədə 18 yaşlı gənclərin təxminən yarısı A səviyyəli imtahanlar verir. Bu imtahanlarda əsas məqsəd ali təhsilin bakalavriat səviyyəsinə qəbulu təmin etməkdir. Britaniya hökumətinin nəzərdə tutduğu islahatlar təkcə riyaziyyat fənnini deyil, həm də bakalavr təhsilinin keyfiyyətini yüksəltməyi planlaşdırıb.

Hökumətin proqramında qeyd olunur ki, harada təhsil almağı seçmələrindən asılı olmayaraq, tələbələrin iqtisadiyyatın inkişafındakı rolunu yüksəltmək, yaxşı iş tapmaq və uğur qazanmaq üçün lazım olan bacarıqları əldə etməsi çox vacibdir. Odur ki, həm gənclərin, həm də böyüklərin daha yaxşı təhsil imkanlarına çıxışını təmin etmək üçün qəti addımlar atılır. Buraya yeni T (Technical education) səviyyələrinin, texnologiya institutu şəbəkələrinin yaradılması və daha çox şagird hazırlaması üçün bütün işəgötürənlərlə əlaqələrin qurulması da daxildir.

Sunak hökuməti A səviyyəli sistemi Böyük Britaniya üçün “beynəlxalq təcrid” adlandırıb.

Hökumət bakalavr səviyyəsində təhsilin keyfiyyətinin yüksəldilməsi üçün elan edilən tədbirlərlə yanaşı, insanlara və işəgötürənlərə pulsuz təlim imkanlarından yararlanmaq, bacarıqlardakı boşluqlarını doldurmaq üçün dəstək proqramları da hazırlayır.

Lakin təhsil ekspertləri xəbərdarlıq ediblər ki, İngiltərə, Uels və Şimali İrlandiyada 1951-ci ildən bəri tətbiq olunan A səviyyələrində aparılacaq dəyişikliklər Böyük Britaniyanın bütün təhsil sistemində əsaslı islahatlar tələb edəcək.