ÖZÜNÜ SEVSƏN, TƏBİƏTƏ QAYĞI GÖSTƏRƏCƏKSƏN




Mütəxəssislər məktəbəqədər təhsil dövrünü uşaqların maarifləndirilməsinin ən mühüm mərhələsi hesab edirlər. Bunun səbəbi uşaqların bu yaşda öyrəndiklərini daha asan mənimsəməsi, yadda saxlaması və vərdişlərin formalaşmasıdır. Kiçik yaşlardan formalaşdırılan ekoloji düşüncə uşaqların təbiətə daha şüurlu yanaşmasına, onun bir parçası olduqlarını anlamalarına kömək edir. Ekoloji maarifçilik uşaqların sağlam və təhlükəsiz təbii mühitdə yaşamasına fayda verə bilər. İndiyədək “Azərbaycan Məktəbi” jurnalının saytında şagirdlərin ekoloji maarifçiliyi ilə bağlı bir neçə məqaləyə yer verilib. Bu dəfə isə məktəbəqədər yaşlı uşaqlara ekoloji təhsilin faydaları araşdırılıb.

Pedaqoqların yanaşmasına görə, erkən yaşda başlayan ekoloji təhsilin uşaqlara bir çox faydası var:

  • Onların empatiya duyğularını inkişaf etdirərək təbiətə sevgi və qayğı ilə yanaşmalarına təkan verir;
  • Təbiətlə əlaqələri sayəsində uşağın biliklərini artırmasına, ətraf mühitə uyğun davranışlarına şərait yaradır;
  • Ətraf mühitin mühafizəsi üçün qazandığı təcrübələr, təbii ehtiyatların qorunmasının vacibliyi, ekoloji problemlərin həlli yollarının tapılması haqqında məlumat əldə edir;
  • Təbiətdə baş verən dəyişiklikləri anlamağa yardım edir;
  • Gələcəkdə ekoloji problemlər üzrə tədqiqatlar aparmasına və ya dəstəklənməsinə zəmin yaradır;
  • Ətraf mühitlə bağlı öyrəndikləri məlumatlardan gündəlik həyatlarında istifadə etməyi, təbiəti və canlıları qorumağın vacibliyini yaşıdlarına çatdırmaqda kömək edir.

Ekoloji təhsil uşaqlara təkcə təbiəti sevməyi öyrətmir, eyni zamanda daha rahat və sağlam yaşaya biləcəyimiz bir dünya qurmağı və onu qorumağı öyrədir.

Bəs azyaşlıların məktəbəqədər dövrdə ətraf mühit haqqında məlumatlılığını necə formalaşdırmaq olar?

Dergi.com saytında bu mövzuda yazılan araşdırmada göstərilir ki, azyaşlılarda ekoloji şüurun formalaşmasında müəllimlər, valideynlər və ətrafındakı bütün insanlar fəal rol oynamalıdır. Uşaqlar həm də onları əhatə edən insanları izləməklə, onlardan nümunə götürərək öyrənirlər.

Həyatının ilk illərində təbiəti tanıyan, ona qoruyucu münasibət bəsləyən uşaqların sonrakı illərdə də bu davranışları davam etdirdiyi müşahidə olunur. Məktəbəqədər dövrdə uşaqların ətraf mühiti dərk etməsi insan-təbiət münasibətlərinin inkişafına təkan verir. Tədqiqatçıların fikrincə, valideynlərin ekoloji təhsildə iştirakı övladları ilə ünsiyyəti gücləndirir. Ekoloji təhsil proqramları valideynlərin də ətraf mühiti tanımalarına, ekoloji şüurlarının formalaşmasına müsbət təsir edir. Bu səbəbdən məktəbəqədər təhsil ocağındakı tərbiyəçilər valideynlərin də prosesin iştirakçısı olmasına çalışmalıdırlar.

Xarici pedaqoji qaynaqlar ekoloji maarifləndirmə zamanı təbiətlə bağlı müxtəlif öyrənmə yolları təklif edirlər.

Bu vasitələr təbiətdə yaşayan canlılar, torpaq, su, hava, tullantıların təkrar emalı, enerjiyə qənaət və ətraf mühit problemləri mövzularına görə qruplaşdırılır. Məsələn, “təbiətdəki canlılar” bölməsində canlı və cansız varlıqları tanımaq, onların bir-biri ilə münasibətlərinə diqqət yetirməyin vacibliyi vurğulanır.

Bu mövzunu uşaqlara daha aydın izah etmək üçün 5-6 yaşlılar qrupuna canlıları yaşadıqları yerə, rənglərinə, qidalanma tərzinə, ölçüləri, səsləri və s. göstəricilərinə görə qruplaşdırmaqla məlumat verilir. Bunun üçün həmin uşaqlarla bərabər qruplara uyğun heyvan şəkilləri çəkmək, həmin heyvanların xüsusiyyətlərindən danışmaq olar.

Başqa bir dərsi bitkilərə həsr etmək olar. Uşaqlar qruplarla işləyərək xəmirdən və ya plastilindən bitki “heykəlləri” hazırlaya bilərlər. Hər qrupun hazırladığı bitkiyə ad qoymaq, xüsusiyyətlərini müzakirə etmək olar. Mütəxəssislər belə qruplarda bir-biri ilə əlaqə saxlamayan, oynamayan və ya yaxşı yola getməyən uşaqları bir yerə toplamağa üstünlük verilməsini təklif edirlər. Onların fikrincə, bu, uşaqlar arasında ünsiyyəti gücləndirmək üçün faydalı ola bilər. Bağçada həyata keçirilən bu fəaliyyətin evdə davam etdirilməsi zəruridir. Valideynlərdən uşaqlarla bərabər müxtəlif materiallardan öz bitkilərini yaratmaq və ona ad verib bağçaya göndərmək xahiş edilir.

Bağça yaşlı uşaqlarda ekoloji şüurun formalaşdırılması yolları bütün hallarda incəsənət və ədəbiyyatla kəsişir.

Mütəxəssislər ekoloji maarifçilikdə aşağıdakı vasitələrdən istifadəni zəruri sayır:

-rəsm, aplikasiya, heykəltəraşlıq vasitəsi ilə öyrənmə;

- ekologiyaya dair kitabların (nağıllar, hekayələr) illüstrasiyaları;

-ekoloji tədbirlər üçün əyani vəsaitlərin, dekorasiyaların, kostyumların hazırlanmasında iştirak;

-qruplarda rəsm qalereyasının, sərgi guşələrinin yaradılmasında iştirak;

-folklor elementlərindən istifadə ilə maarifləndirmə;

Tədqiqatçıların fikrinə görə, ekoloji təhsildə bədii və estetik vasitələrdən istifadə məktəbəqədər yaşlı uşaqlarda təbiətə qayğıkeş münasibət formalaşdırmağa, dünya haqqında əhəmiyyətli biliklər əldə etməyə, ekoloji mədəniyyətin formalaşmasına yardım edir.

Burada həm də estetik tərbiyə formalaşır, uşaqlarda bədii zövq və ədəbi nitq inkişaf edir.

Təsadüfi deyil ki, Dünya Təhsil Forumunun direktoru Dominik Savaj bu günlərdə Bakıda keçirilmiş "Təhsildə yeni çağırışlar" adlı V beynəlxalq forumda çıxışı zamanı ətraf mühitin qorunmasında gənc nəslin rolunun daha önəmli olduğunu, buna görə də ailədə və məktəbdə onların özlərinə dəyər verən şəxsiyyət kimi formalaşdırmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, özünü dəyərli hiss etməyən insan planetə də hörmət etməz və ona dəyər verməz.