YER GÜNÜ ÜÇÜN FƏALİYYƏT PLANI
Hər il aprelin 22-si Beynəlxalq Yer Günü kimi qeyd olunur. Bu ənənənin başlanğıcı ХIХ əsrin 40-cı illərinə təsadüf edir. O dövrdə ABŞ-nin Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib. 1882-ci ildə aprelin 22-si Nebraskada "Ağac günü" kimi qeyd olunmağa başlanılıb. Ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə 1970-ci ildən həmin günün adı dəyişdirilərək "Yer günü" olub.
Ekoloqlar və təhsil mütəxəssislərinin fikrincə, Yer günü təhsilalanlara gündəlik hərəkətlərinin planetə necə təsir etdiyini izah etmək üçün gözəl fürsətdir. Onların fikrincə, bu gün sadəcə ekoloji problemləri müzakirə etmək əvəzinə, uşaqlara Yer gününə aid davamlı təcrübələrdə fəal iştirak etməyə və sinifdən kənara çıxan vərdişlər formalaşdırmağa imkan verir.
Yer gününü əyləncəli və cəlbedici şəkildə qeyd etmək üçün təhsilalanlara aşağıdakı məlumatları çatdırmaq zəruridir.
- Sıfır tullantılı nahar
Müəllimlər təhsilalanların tullantı vərdişlərini formalaşdırmağa və gündəlik həyatlarında tullantıları azaltmaq üçün yaradıcı və əyləncəli yollar tapmağa kömək edə bilərlər.
Təhsil işçiləri təhsilalanları Yer gününə, ya da ondan sonrakı həftəyə qədər tullantısız nahar etməyə çağırmalıdırlar. Uşaqlar təkrar istifadə edilə bilən qablardan, parça salfetlərdan istifadəyə, qida qalıqlarını komposta çevirməyə təşviq edilməlidir.
Həftənin sonunda təhsilalanların təcrübələrini müzakirə etmək üçün sinif yığıncağı keçirmək, çətin və faydalı hesab etdikləri mərhələlərlə bağlı fikir mübadiləsi aparmaq lazımdır.
Sinifdə qida qablaşdırmasının ətraf mühitə təsirini müzakirə etmək, məktəbdə və evdə tullantıları azaltmaq üçün beyin fırtınası strategiyalarını nəzərdən keçirmək olar.
- “Yaşıl vərdişlər”in aşılanması
Təhsilalanları “yaşıl vərdişləri” mənimsəməyə təşviq edin. Yer günü fəaliyyəti onlara ekoloji cəhətdən daha sağlam vərdişlər qurmağa kömək edəcək.
Təhsilalanlara otaqdan çıxarkən işıqları söndürmək, kağızın hər iki üzündən istifadə, suya qənaət etmək kimi vərdişlərin siyahısını təqdim edin.
Həftənin sonunda əldə olunan nəticəni siniflə müzakirə edin. Davamlılığa daha yaxşı xidmət edənlərə “Eko-qəhrəman” sertifikatları təqdim edin.
Bu fəaliyyət kiçik hərəkətlərin böyük dəyişikliklərə səbəb ola biləcəyini göstərir. Onlara Yerin qayğısına qalmaqda şəxsi və icma məsuliyyəti hissini aşılayın.
- Təmizlik üçün iməcilik
Yer günündə məktəbin həyətində, parkda və ya yaxınlıqda bir ərazi seçilir. Təmizləmək üçün tarix müəyyənləşdirilir. Sahəyə əlcəklər, zibil torbaları və zibil yığan maşınlar gətirilir.
Şagirdlər zibilləri təmizləyərkən onlarla ictimai yerləri təmiz saxlamağın vacibliyi müzakirə olunur. Məişətdə tullantıları azaltmağın yollarını tapmaq üçün onlara suallar verilir.
Tullantıların ətraf mühitə, təbiətə və ekosistemlərə uzunmüddətli təsiri, bunun qarşısını almağın yolları araşdırılır.
- Ağac əkmək layihəsi
Təhsilalanları təbiətə bağlamaq üçün xüsusi ayrılan yerlərdə ağac əkmək və ya kiçik bağçalar yaratmaq ən faydalı yollardan biridir. Prosesi reallaşdırmaq üçün məktəb ərazisində və ya icmaya aid bir yer ayrılır. Məkan tapmaq çətindirsə, sinifdə kiçik bitkilər və otaq gülləri yetişdirmək də olar. Harada və nə əkməyindən asılı olmayaraq, təhsilalanlar kiçik səylərin böyük faydasının şahidi olacaqlar.
Məktəb təhsilalanları lazımi alətlər, təlimatlar, ting, toxumlar və ya bitkilərlə təmin etməlidir. Proses zamanı uşaqlarla bitki və ağacların faydaları - onların havanı təmizləməyə, qida ilə təmin etməyə və canlılar üçün yaşayış mühiti yaratmağa təsiri ilə bağlı müzakirələr aparılır.
- Sinfin enerji auditləri
Bu fəaliyyət təhsilalanları enerji detektivlərinə çevirir. Şagirdlərə işıqlı vaxtlarda elektrik lampalarını yandırmamaq, istifadə edilməyən cihazları şəbəkəyə qoşulu qoymamaq, isitmə və ya soyutma qurğuları işləyərkən pəncərələrin açıq qalmasına imkan verməmək kimi vərdişlər aşılanır. Hər qrup müzakirəsi zamanı təhsilalanlar beyin fırtınası vasitəsi ilə enerji israfını azaltmaq üçün strategiyalar düşünməyə sövq edilir.
Bu fəaliyyət təhsilalanlara gündəlik seçimlərinin ətraf mühitə necə təsir etdiyini göstərməklə onların problem həlletmə bacarıqlarını gücləndirir. Öyrənməyi genişləndirmək üçün təhsilalanlardən sinif üçün enerjiyə qənaət edən xatırlatma posterləri yaratmaq, əldə etdikləri nəticələri məktəb işçilərinə və yaşıdlarına çatdırmaq xahiş edilir.
Yaşıl məsləhətlər
Su, enerji, bitki və heyvanat aləmini qorumaq istəyən hər kəs bu məsləhətləri sınaya bilər. Tullantıların qarşısını almaq, qlobal istiləşməyə təsir edən zərərli qazları azaltmaq, təkrar emal və təkrar istifadəyə çalışmaq hər kəsin edə biləcəyi işlərdir.
Evdə işlətmək üçün təkrar doldurula bilən batareyaları seçmək, mütaliə üçün yeni kitabı kitabxanadan və ya dostunuzdan götürmək, su içmək üçün təkrar istifadə edilə bilən qablara üstünlük vermək bu istiqamətdə atılan kiçik addımlardır.
Evinizin cənub tərəfində payızda yarpaqlarını tökən ağaclar əkməyə çalışın. Onun kölgəsi yayda sərinliyi, qışda isə yarpaqlarının tökülməsi ilə günəş işığının evinizi isitməsinə kömək edəcək. İcma təşkilatlarının çimərlikdə və ya parkda keçirdikləri təmizlik aksiyalarına qoşulun. Çimərlik və ya meşə yürüşləriniz zamanı zibilləri müvafiq konteynerlərə qoyduğunuzdan əmin olun. Bu sahədə çalışan könüllülərə qoşulmağa çalışın.
Hörümçəyi öldürmə!
Təbiətdə həşəratlarla qidalanan təxminən 40000 növ hörümçək var. Onlar zərərvericilərə təbii nəzarəti təmin edirlər. Hörümçəklərin qırılması bu sistemi pozur.
Yağış drenajlarını qoruyun!
Ehtiyatsızlıqla çölə atılan zibil yağış zamanı drenajlara, oradan da çaylara və daha böyük su hövzələrinə tökülür. Su hövzələrinin çirklənməsi bütövlükdə Yer okeanı və onun canlı aləmi üçün böyük problemdir.
Heyvanlarınızı atmayın!
Ev heyvanının təbiətə buraxılması yolverilməzdir. Əgər ev heyvanınızı saxlaya bilmirsinizsə, ona yeni bir sahib tapın və ya heyvan sığınacağına verin.
www.earth.org saytı 2025-ci ildə Yer gününə hazırlaşarkən bütün dünya üzrə icmaları, təşkilatları və fərdləri hərəkətə keçməyə çağırır.
Onların planına görə, 550 şəhər və qəsəbə icması Yer günü ilə bağlı fəaliyyət tədbirlərinə qoşularaq yerli iqlim fəaliyyətinə təkan verəcək.
ABŞ-də 100 kollec Yer günü ilə bağlı tələbələri səfərbər edəcək.
1 milyon məktəb iqlim təhsilini öz kurikulumlarına inteqrasiya edərək gələcək nəsilləri gücləndirəcək.
Təqribən 4 milyon tona yaxın tullantı təmizlənəcək.
“The Canopy Project” qeyri-hökumət təşkilatı 550000 ağac əkməyi planlaşdırıb.
Göstərilən fəaliyyət planı dünyanın hər yerində məktəb rəhbərliyi və təhsil işçiləri tərəfindən tətbiq edilə bilər.