Tələbə həyatını asanlaşdıran qaynaqlar

Hər nə qədər internetin ziyanlı tərəflərindən danışılsa da, təbii ki, burada faydalı resurslar da çoxdur. Müasir tələbələrin və bütövlükdə gənclərin həyatını asanlaşdıran yollardan biri də internetin təqdim etdiyi imkanlardan düzgün istifadədir.

Bu məqsədlə yüzlərlə proqram və tətbiqlər işlənib hazırlanıb. Tələbə və gənclər üçün faydalı olacağını düşündüyümüz tətbiqlərin bir neçəsini diqqətinizə çatdırmaq istəyirik.

Ninja Essays

Ev tapşırıqları, esse, məqalə yazmaq kimi məsələlərdə tələbələrin köməyinə çatan bir platformadır. 400-dən çox müəllifi əhatə edən Ninja Essays öyrəndiyiniz və ya araşdırmaq istədiyiniz mövzularda sizə yol göstərə bilər. Saytda elmin müxtəlif sahələri üzrə mütəxəssislər cəmləşib.

Brainly

İmtahanlara hazırlaşmaq üçün çox çalışmaq lazım olduqda, öz beyninizdən başqa Brainly-ə də güvənə bilərsiniz. Burada tarix, riyaziyyat, fizika, kimya və başqa fənlər üzrə təhsil qruplarına qoşulmaqla biliklərinizi artıra, bildiklərinizi də təkrarlaya bilərsiniz.

Koofers

Bir milyondan çox tələbə, yüz minlərlə müəllim və professorun qeydiyyatdan keçdiyi Koofers saytı imtahanlara hazırlıq prosesini asanlaşdıracaq. Saytda tələbələr üçün iş və təcrübə proqramları haqqında da ən son xəbər və elanlar təqdim olunur.

Student Rate

Ailədən kənarda yaşayan bir tələbə üçün ən çətin işlərdən biri büdcəsini düzgün planlaşdırmaqdır. Student Rate büdcə planlamasını öyrətməklə yanaşı, dərsliklərdən texnoloji vasitələrə, səyahət biletlərindən məişət əşyalarına qədər böyük endirim  imkanları təqdim edir. Tələbələr bu endirimlərdən yararlanmaqla büdcələrini daha da qənaətlə xərcləyə bilərlər.

Sworkit

Başınız dərslərə qarışanda bəzən fiziki hərəkətin, idmanın vacibliyini unudursunuz. Sworkit proqramı sizə sağlamlığın qeydinə qalmağın vacibliyini xatırladacaq. Burada sizə müxtəlif fitness proqramları təklif olunur.

Coursera

Dünyanın ən yaxşı onlayn təhsil platformalarından biridir. 200-dən çox universitetlə əməkdaşlıq edən vebsayt tələbələrin təhsilinə fayda verəcək kurslar təqdim edir. Siz bura CV-nizi əlavə etməklə müxtəlif sahələr üzrə sertifikat və diplom verən proqramlara qatıla, yeni peşə və vərdişlər qazana bilərsiniz.

Sleepytime

Sleepyti.me yuxu rejiminə əməl edə bilməyən, gecələr gec yatıb səhərlər oyanmaqda çətinlik çəkənlər üçündür. Tətbiq sizə istədiyiniz vaxtda yuxudan oyanmağa yardım etməklə kifayətlənməyib yatmaq üçün ən münasib vaxtları da xatırladır.

StudentRecipes

Xaricdə təhsil alan tələbələrin dərs və ev tapşırığı qayğıları ilə yanaşı, gündəlik yemək hazırlamaq öhdəliyi də var. Tələbələr üçün nəzərdə tutulan bu platformada 4000-dən çox sürətli və asan başa gələn yemək resepti təqdim olunur. Şorba, qəlyanaltı, salat və desertlər kimi bir çox kateqoriyadan istədiyiniz resepti seçə bilərsiniz.

KeepMeOut

Dərs oxumaq və ya planlaşdırdığınız başqa işlərə fokuslanmaq istədiyiniz zaman bu proqram sizə yardım göstərə bilər. Sosial media da daxil olmaqla diqqətinizi yayındıran saytları bloklamaq üçün KeepMeOut-dan yararlanmaq olar.

Instructables

Boş vaxtlarınızda öz əlinizlə nəsə düzəltməyi sevirsinizsə, bu faydalı platforma sizin üçün əvəzedilməz qaynaq olacaq. Siz bu onlayn təlimatçının köməyi ilə dondurmanın hazırlanmasından tutmuş sınıq rəfin təmirinə qədər çox  şey öyrənə bilərsiniz.

The Ulitimate Health Food Guide

Sağlamlıq üçün qida bələdçisi rolunu oynayan bu tətbiq tələbəlik dövründə stressli, narahat və ya xəstə olduğunuz zamanlarda xilaskarınız ola bilər. Bu bələdçi platforma necə qidalanacağınızı, ya da xəstə dostunuza necə qulluq edəcəyinizi öyrənə biləcəyiniz bir qaynaqdır.