TƏTİLİ KOSMOSDA KEÇİRMƏK

Yay tətili uşaqlar üçün yalnız dincəlmək vaxtı deyil, həm də dünyagörüşlərinin formalaşdığı, təxəyyül sərhədlərinin genişləndiyi qiymətli zamandır. Bu dövrdə doğru seçilən film və animasiyalar uşağın emosional, sosial və akademik inkişafına birbaşa təsir edən güclü pedaqoji alətə çevrilə bilər.
Böyük Britaniyanın The Guardian nəşrinin uşaq psixologiyası və media üzrə apardığı təhlillərdə qeyd olunur ki, keyfiyyətli kinematoqrafiya uşaqlarda empatiya hissini formalaşdıran və mürəkkəb sosial davranışları izah edən ən təsirli vizual vasitədir. Məqalədə vurğulanır ki, düzgün seçilmiş filmlər uşaqların məktəbdə qazandığı nəzəri bilikləri həyatla əlaqələndirməyə, onların təhlil və məntiqi təfəkkür bacarıqlarını gücləndirməyə kömək edir.
Bu məqsədlə uşaqların yay tətilini həm əyləncəli, həm də mənəvi baxımdan zəngin keçirməsi üçün hazırladığımız siyahıya premyeraları böyük hadisəyə çevrilən və illərin sınağından çıxmış klassik nümunələr daxil edilib.
- Axın (Flow): Latviya, Fransa və Belçikanın birgə istehsalı olan filmdə balaca qara pişiyin başına gələn macəralar təsvir edilir. Gözlənilmədən böyük təbii fəlakətlə – dünyanın su altında qalması ilə qarşılaşan pişik canını qurtarmaq üçün kiçik bir qayığa sığınır. Qayıqda onunla birlikdə kapibara, meymun, quş və lemur kimi fərqli xasiyyətli heyvanlar da olur. Filmdə heç bir dialoq yoxdur; bütün hekayə heyvanların emosiyaları, hərəkətləri və musiqi vasitəsilə ötürülür. Burada sözlərin olmaması uşaqlarda vizual qavrayışı, diqqəti və emosional intellekti inkişaf etdirir. Əsas mesaj: bir-birindən tamamilə fərqli fərdlər təhlükə zamanı eqolarını kənara qoyub əməkdaşlıq etməyi öyrənməlidirlər.
“Oskar” mükafatına layiq görülən bu ekran əsəri uşaqlara təbiətin gücünü və kollektiv uyğunlaşma bacarığını nümayiş etdirir.

- “Paddinqton Peruda” (Paddington in Peru): Londonda Braunlar ailəsi ilə yaşayan sevimli ayı Paddinqton doğulub boya-başa çatdığı Peruya qayıdır. Məqsəd təqaüdçü ayılar evində yaşayan Lüsi xalasını ziyarət etməkdir. Lakin məlum olur ki, Lüsi xala sirli şəkildə meşənin dərinliklərində itkin düşüb. Paddinqton və Braunlar ailəsi Amazon cəngəlliklərində və And dağlarının zirvələrində həm təhlükəli, həm də məzəli anlarla dolu axtarışa başlayırlar.
Paddinqton obrazı uşaqlara hər zaman nəzakətli olmağı, öz köklərini unutmamağı və ailə üzvlərinin bir-birinə dəstək olmasının vacibliyini xatırladır.

- “Elio”: ABŞ-də çəkilmiş elmi-fantastika animasiya filmidir. Zəngin təxəyyülə malik, lakin məktəbdə özünə dost tapmaqda çətinlik çəkən 11 yaşlı Elio təsadüfən kosmosa aparılır. Qalaktikalararası təşkilatın nümayəndələri yanlışlıqla Elionu Yer kürəsinin rəsmi səfiri hesab edirlər. Balaca Elio nəinki planetimizi təmsil etməli, həm də kosmik diplomatların mürəkkəb dünyasında özünü sübut etməli olur.
Film uşaqlarda özünəinam hissi aşılamaqla yanaşı, kosmos mövzusuna marağı olan uşaqlar üçün yaradıcılıq sərhədlərini genişləndirən maraqlı vizual təcrübədir.
- “İt adam” (Dog Man): Komediya janrında çəkilib. Rejissor Peter Hastinqs filmi eyni adlı məşhur uşaq kitabları seriyası əsasında çəkib. Bir polis və onun iti ağır yaralandıqdan sonra qeyri-adi cərrahiyyə əməliyyatı keçirilir: it başı ilə insan bədəni birləşdirilir. Beləliklə, şəhərdə cinayətkarlığa qarşı mübarizə aparan “İt adam” yaranır. O, şəhəri pis niyyətli pişik Pitdən qorumalıdır.
Film uşaqlara xeyirxahlığın, sədaqətin və bağışlamağın gücünü göstərir. Filmdə “pis” xarakterlərin belə sevgi və diqqət gördükdə dəyişə biləcəyi vurğulanır.
- “Vəhşi robot” (The Wild Robot): elmi-fantastika janrında çəkilib. Tufan nəticəsində kimsəsiz adaya düşən ROZZUM 7134 (“Roz”) adlı müasir köməkçi robot proqramından kənara çıxmalı olur. O, adadakı vəhşi heyvanlarla dil tapmağı və təbiətin sərt qanunlarına uyğunlaşmağı öyrənir. Bədbəxt hadisə nəticəsində yetim qalmış kiçik bir qaz balasını (Braytbill) övladlığa götürən Roz ona analıq edir, yeməyi, gəzməyi və uçmağı öyrədir.
Filmin verdiyi mesaj valideyn sevgisi, fədakarlıq, emosional inkişaf və təbiətlə texnologiyanın harmoniyası ilə bağlıdır. Roz öz analoq proqramını sevgi vasitəsilə “yenidən kodlayır”.

- “Luka” (Luca) da komediya janrında çəkilmiş animasiyadır. İtaliyanın Portorosso sahil qəsəbəsinin sularında yaşayan dəniz canavarı Luka suyun üzünə çıxdıqda insan cildinə düşə bilir. O, yeni dostu Alberto ilə birlikdə öz şəxsiyyətini gizlədərək insanlarla unudulmaz bir yay keçirir. Onlar xəyal etdikləri “Vespa” skuterini almaq üçün uşaq yarışında iştirak edirlər.
Filmin çatdırmaq istədiyi mesaj özünü olduğun kimi qəbul etmək, qorxulara qalib gəlmək və sosial stereotipləri sındırmaqdır.
- “Tərs üz” (Inside Out): insan psixologiyası və ailə münasibətləri mövzusunda çəkilib. Film 11-13 yaşlı Riley adlı qızın beyninin idarəetmə mərkəzində baş verənlərdən bəhs edir. Birinci hissədə sevinc və kədər başda olmaqla emosiyaların balansı göstərilirsə, ikinci hissədə yeniyetməlik dövrünə qədəm qoyan Rileynin beyninə yeni mürəkkəb emosiyalar gəlir: təşviş, həsəd, utancaqlıq və laqeydlik. Təşviş idarəetməni ələ keçirərək Rileynin özünəinamını sarsıdır.
Film uşaqlara və yeniyetmələrə öz mənfi emosiyalarını (qorxu, təşviş, kədər) gizlətməyi deyil, onları anlamağı və idarə etməyi öyrədir. Təşvişin də müəyyən həddə qədər insanı qoruduğu, lakin həddini aşdıqda zərər verdiyi elmi-psixoloji baxımdan sadə dillə izah edilir.
Film məktəb başlamazdan əvvəl uşaqların psixoloji hazırlığı və emosional intellektinin inkişafı üçün mükəmməl vasitədir.

- “Wall-E”: burada ekoloji problemlər elmi-fantastik dildə izah edilir. Yüz illər əvvəl insanlığın tullantılarla çirkləndirib tərk etdiyi Yer kürəsində zibilləri sıxlaşdıran kiçik robot Wall-E yaşayır. O, təkliyinə baxmayaraq topladığı əşyalarla özünə balaca bir dünya yaradır. Günlərin bir günü Yerdə həyat əlaməti axtarmaq üçün kosmosdan EVE adlı müasir robot göndərilir. Wall-E Yerdə bitən kiçik bir yaşıl cücərtini EVE-yə göstərir və bu tapıntı insanlığın taleyini kökündən dəyişdirəcək kosmik macəranın təməlini qoyur.
Film uşaqlara ətraf mühiti qorumağı, ekoloji məsuliyyəti dərk etməyi, texnologiya və ekran asılılığından uzaqlaşıb fiziki aktivliyi artırmağın vacibliyini aşılayır.
Mütəxəssislər vurğulayırlar ki, filmləri izlədikdən sonra övladınızla “Baş qəhrəmanın yerində olsaydın, nə edərdin?” və ya “Səncə, bu filmin verdiyi ən böyük dərs nə idi?” kimi suallarla qısa müzakirə aparmaq onların analitik təfəkkürünü və ifadə qabiliyyətini gücləndirə bilər.

