EVDƏKİ UŞAQ İŞLƏRİ




Psixoloqlar uşaqların zehni inkişafında fiziki işlərin əhəmiyyətli rol oynadığını bildirirlər. Onların fiziki, əqli və sosial bacarıqlarının möhkəmlənməsinə ev işlərinin müsbət təsiri var. Ona görə də ailə daxilində vəzifələrin bölüşdürülməsi tövsiyə olunur.

Uşaqlara tapşırıqlar verilərkən ilk növbədə onların yaşı və fiziki inkişaf səviyyəsi nəzərə alınmalıdır. Azyaşlılara kompleks göstərişlər verilməməlidir. Onlara aydın və səlis dildə eyni vaxtda yalnız bir tapşırıq verilməlidir. Tapşırıqlar istənilən yaşda olan uşaqlar üçün aydın və başa düşülən şəkildə ifadə etmək lazımdır.

Uşaqların vəzifə və öhdəlikləri arasında ən önəmlisi özlərinə aid olan işləri görməkdir. Uşağın özünə qulluq vərdişlərinin formalaşması və inkişafı üçün ona yemək, geyinmək, otağını səliqəyə salmaq, ev tapşırığını yerinə yetirmək kimi tapşırıqlar verilməlidir.

Bunun üçün kiçik yaşlardan uşağın özünün yeməyini yeməsinə, geyinib-soyunmasına, ayaqqabılarını bağlamasına dəstək olmaq vacibdir. Uşaqlar otaqdakı oyuncaqları toplamaq, çirkli paltarları səbətə atmaq kimi kiçik işləri məktəbəqədər dövrdə asanlıqla yerinə yetirə bilərlər.

Ailədə hər kəsin müəyyən vəzifələri yerinə yetirməsi və mütəmadi olaraq üzərinə düşən işləri görməsi uşaqlara yaxşı nümunə göstərmək üçün vacibdir.

Uşaqlarda kiçik yaşlardan məsuliyyət hissinin formalaşması onlarda özlərinə inam yaradır. Otağını səliqəyə salmaq və ya ev heyvanını yemləmək kimi sadə görünən vəzifələr onun özünə əminliyini artırır. Bu yolla uşaqlar özlərinə qayğı göstərməyi öyrənir və daha sərbəst hərəkət edə bilirlər. Fiziki və sosial inkişafa faydalı olan ev işləri uşaqların motor inkişafı üçün də vacibdir.

Uşaqları fiziki və əqli inkişafı ilə bağlı ədəbiyyatda hər yaş qrupunun üzərinə düşən və bacarmalı olduqları işlərlə tanış etmək olar.

2-3 yaşlı uşaqlar üçün vəzifələr:

Oyuncaqları qutuya qoymaq;

Süfrə açmağa kömək etmək (qırılmayan əşyaların - çəngəl, qaşıq, salfetin masaya düzülməsi);

Yeməkdən sonra yüngül və sınmayan əşyaları mətbəxə aparmaq;

Çirkli paltarları səbətə və ya paltaryuyan maşına yığmaq;

Ev heyvanlarının yemlənməsi;

Əli çatan yerlərin tozunu silmək;

Əynini dəyişə bilmək;

 

4-5 yaşlı uşaqlar üçün tapşırıqlar:

 Əvvəlki yaş dövrünün tapşırıqlarını yerinə yetirməklə yanaşı, yatağını qaydaya salmaq;

Yeməklərin süfrəyə düzülməsinə və yığışdırılmasına kömək etmək;

Bitkilərin sulanması;

Ev heyvanlarının yemək və su qablarını doldurmaq;

Yuyulmuş paltarların qatlanması;

Corabların cütlənməsi;

Kiçik bacı-qardaşına qulluq edən valideynə kömək etmək (məsələn, nəm salfet vermək, uşaq bezini zibil qutusuna atmaq);

 

6-8 yaşlı uşaqlar üçün tapşırıqlar:

 Yemək masasını qurmaq;

Nahardan sonra masanın təmizlənməsi;

Öz otağını səliqəyə salmaq, paltarlarını asmaq, iş masasını yığışdırmaq;

Yuyulacaq paltarları rənginə görə ayırmaq (ağlar və rənglilər);

Yuyulmuş paltarların qatlanması;

Bazarlıq siyahısının hazırlanmasına kömək;

Alış-verişdən sonra alınmış əşyaların yerləşdirilməsi;

Məktəb çantasının hazırlanması;

 

9-13 yaşlı uşaqlar üçün vəzifələr:

Səhər yeməyi və asan yeməklərin hazırlanması;

Öz naharını qablaşdırmaq;

Qabları yumaq;

Yuyulmuş paltarların asılması;

Döşəməni süpürmək;

Ev heyvanlarına qulluq (qəfəsin təmizlənməsi, zibilin boşaldılması);

Hamamın təmizlənməsi;

Cib xərcliyini idarə etmək;

 

14 və yuxarı yaşlılar üçün vəzifələr:

Bu yaşda olan uşaqlar demək olar ki, istənilən ev işinin öhdəsindən gələ bilərlər.

Paltaryuyan və qabyuyan maşını müstəqil işlətmək;

Yemək hazırlamaq;

Təkbaşına alış-verişə getmək;

Özündən kiçik bacı-qardaşın qayğısına qalmaq;

Mətbəxin, hamamın təmizlənməsi:

Paltarları ütüləmək.

 

Ev işlərini yerinə yetirən uşaqların zəhmətini və səyini qiymətləndirmək çox vacibdir. Bu, uşağı ev işləri ilə məşğul olmağa həvəsləndirir.

Ev işləri ilə məşğul olmaq istəməyənlərlə “əməkdaşlığa” onun zövq ala biləcəyi tapşırıqlardan başlamaq olar. Bu halda əsəbiləşmək və ya uşağı cəzalandırmaq yolverilməzdir. Uşağın gördüyü işlərdə də mükəmməllik axtarmayın. Əsas odur ki, üzərinə götürdüyü işi bacardığı kimi yerinə yetirməyə çalışsın.

Mütəxəssislər hesab edirlər ki, ev işlərini yerinə yetirmək uşaqlarda ailəyə bağlılıq, məsuliyyət, intizam, vaxtdan və imkanlardan düzgün istifadə etmək, qarşısına çıxan çətinliklərdən çıxış yolu tapmaq bacarıqları da formalaşdırır, onların gələcəkdə öz ayaqları üstündə inamla durmasına xidmət edir. Onu da qeyd etmək lazımdır ki, evdə üzərinə müəyyən vəzifə düşən uşaqlar adətən dərslərini də daha yaxşı oxuyurlar.