UŞAQ VƏ YENİYETMƏLƏR KİMİ DİNLƏMƏLİDİR?




Uşaqlar həyat haqqında öz təsəvvürlərini, prioritetlərini formalaşdırmağa, gördüklərindən, eşitdiklərindən və öyrəndiklərindən nəticə çıxarmağa başlayanda artıq yeniyetməlik dövrü başlayır. Bu dövrdə valideynlər və müəllimlərlə yanaşı, müxtəlif qohumların, yaxınların da məsləhətləri baş alıb gedir. Sosial media da bu sahədə geri qalmır. Hər kəs yeniyetmənin həyatına öz məsləhət və tövsiyələri ilə fayda verdiyini düşünür. Məsləhət verənlərin əksəriyyəti də eşidilmədiklərindən şikayətlənir. Bəs uşaq və yeniyetmələr kimi dinləməlidir?

Mütəxəssislərin yanaşmasına görə, uşaq və yeniyetmələrə məsləhət verən və eşidilmək istəyən şəxs ilk növbədə özünə həmin uşağın gözü ilə baxmağı bacarmalıdır. Bu yaşdakı uşaqların böyüklərin bütün tövsiyələrinə öz dəyərlər prizmasından yanaşmasını nəzərə almaq lazımdır.

Sadə dildə desək,  əgər yeniyetmə sizin xarici görünüşünüzü, ünsiyyət tərzinizi və həyatdakı nailiyyətlərinizi və ya tutduğunuz mövqeni bəyənmirsə, məsləhətlərinizə əməl etməyəcək. Üstəlik, böyüklərin özlərinin gündəlik davranış və dil qəlibləri yeniyetmələrin onları dinləməməsinə kifayət edir. Necə? Məsələn, daim işindən, müdirindən, həyatından şikayətlənən valideynlərin  peşə seçimi ilə bağlı məsləhətləri uşaq üçün mənasız olacaq. Uşaq fikirləşəcək ki, valideynlər özlərinə normal peşə seçib iş tapa bilmirlər. Ona görə də onların məsləhətlərinə əməl etməmək daha yaxşıdır. Əks halda o da işindən və qazancından ömür boyu narazı olacaq.

Ailədə valideynlərarası gərgin münasibətlər və uşaqların yanında səslənən şikayətlər onların psixika və davranış alqoritmlərinin formalaşmasına olduqca mənfi təsir göstərir. Bu halda kiminlə dost olmaq, kiminlə görüşmək və ya gələcəkdə kiminlə evlənmək barədə valideynin məsləhətlərinə uşaq skeptik yanaşacaq. Uşaq valideynlərinin bir-birini sevmədiyinə və hörmət etmədiyinə inandığına görə, fikirləşəcək ki, tərəfdaş seçmək üçün onların tövsiyələri yanlışdır. Burada məşhur "mənim səhvlərimi təkrarlama" nəsihəti çətin ki, işləsin. Uşaq fikirləşə bilər ki, həqiqətən səhvlərinizi başa düşmüsünüzsə, niyə hələ də onları düzəltmək üçün heç nə etmirsiniz?

Övladınızın gələcəyi üçün təşviş və həyəcan keçirirsinizsə, ən yaxşı yollardan biri ona mütaliə sevgisini aşılamaqdır. Bu halda kitablar onun yolgöstərəni və ən yaxşı məsləhətçisi olacaq. Ancaq bunun üçün siz də oxumalısınız. Uşaq ata və ya ananı əlində kitabla görməyibsə, onu mütaliənin faydalarına inandırmaq çətindir.

Uşaqlara faydalı fikir və məsləhətləri necə çatdıracağınızı anlamaqla yanaşı, gənc nəslin hansı fikir və məsləhətləri eşitmək istədiyini də anlamaq lazımdır. Yeniyetməliyinizdə həqiqətən kiminsə məsləhətinə ehtiyac duyurdunuzmu? Kimsə sizə ağlabatan, xeyirxah bir şey tövsiyə etmək qərarına gələndə həmişə adekvat reaksiya verirdinizmi?

Psixoloqlar deyir ki, indi nə cavab verəcəyinizdən asılı olmayaraq, yəqin ki, illər sonra böyüklərin bir çox məsləhətlərinin olduqca məntiqli göründüyü ilə razılaşacaqsınız. Məktəbdə yaxşı oxumadığınıza, həyatınızdakı asılılıqlara, hətta şaxtalı havada papaq geyinmək tövsiyələrinə məhəl qoymadığınıza və indi xroniki baş ağrısından əziyyət çəkdiyinizə görə təəssüflənə bilərsiniz.

Bəs indi nə etməliyik: gənc nəslə məsləhət verək, ya yox? Şəxsi təcrübəniz övladlarınıza, şagirdlərinizə və ya yaxınlarınıza hər hansı bir mövzuda məsləhət vermək üçün kifayət olmaya bilər. Ya da sizin təcrübəniz indiki halda faydalı olmaya bilər.

Odur ki, mütəxəssislər dünyada tanınmış və uğur qazanmış məşhurların məsləhət və tövsiyələrini dinləməyi təklif edirlər:

  • Arnold Şvartzneger (Schwarzenegger) deyir ki, “uğursuzluqdan qorxmayın, çünki əks halda özünüzü motivasiya edə bilməzsiniz”.
  • Stiv Jobs başqasının həyatını yaşamağı vaxt itkisi hesab edir.
  • JK Roulinq heç nədən qorxmamağı tövsiyə edir, çünki “biz bütün çətinliklərin öhdəsindən gəlmək üçün yaradılmışıq”.
  • Judi Foster “həqiqətən olmadığınız biri olmaq üçün həyatınızı boş yerə sərf etməməyi, əsl özünüzü cilalamağı tövsiyə edir”. Bu Cəlaləddin Ruminin məşhur “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol” fikri ilə üst-üstə düşür.
  • Oprah Vinfrey tövsiyə edir ki, “CV-nin sadəcə titul və ya vəzifələr toplusu olmadığını, məqsədiniz haqqında hekayə olduğunu xatırlayın”.
  • Con Legend deyir ki, “həyatınızdakı boşluqları dolduran və şübhə etməyi dayandıran ilham mənbəyi axtarın”.
  • Emy Pohler təklif edir ki, “qorxduğunuz zaman sadəcə sevdiyiniz insanın əlindən tutun və gözlərinizi yumun. Özünüzü cəsarətli hiss etdikdə, eyni şeyi təkrarlayın”.
  • Denzel Vaşinqton heç vaxt ümidsiz olmamağı və əlindən gələni etməyi, hətta bir az da çox etməyi məsləhət görür.
  • Helen DeGeneres “xəyalınızın arxasınca getməyi, özünüzə sadiq qalmağı və yaxşı insan olmağı” vacib sayır .

Bunlar yeniyetmələrin uğura doğru irəliləməsinə təsir edəcək məsləhətlərin yalnız kiçik bir hissəsidir. Kimin məsləhətini dinləmək isə insanın öz seçimi olmalıdır. Müasir dövrdə təhlil və tənqidi düşüncə bacarıqları da hamı üçün vacibdir.