KORNEL METODU ÖYRƏNMƏYİ ÖYRƏDİR
Öyrənməyi öyrətmək üçün Sokrat zamanından bəri saysız-hesabsız metod və texnikalar düşünülüb. Effektli sayılan üsullar bu günədək təhsilalanlara xidmət edir, özünü təsdiqləməyənlər isə unudulub. XX əsrin 40-50-ci illərində dünyanın bir çox ölkələrində pedaqoqlar təhsilalanlara fərqli öyrətmə yolları təqdim etmək üçün araşdırmalar aparıblar. “Öyrənməyi öyrətmək” məqsədi güdən belə araşdırmalar Azərbaycandan da yan keçməyib. Ötən əsrin 50-ci illərində “Azərbaycan məktəbi” jurnalında da bu məsələyə xüsusi diqqət yetirilib. Məsələn, tanınmış pedaqoq, professor Mərdan Muradxanovun jurnalın 1952-ci ildəki 3-cü sayında “Dərs öyrətməyin yollarının şagirdlərə öyrədilməsi” adlı məqaləsi də bu məqsədə xidmət edib.
Öyrənməyi öyrətmək prosesini asanlaşdırmaq üçün aparılan araşdırmalar ayrıca texnikaların yaradılması ilə nəticələnib. Həmin ərəfədə yaradılan və böyük populyarlıq qazanan texnikalardan biri Kornel metodudur.
Bu metod 1949-cu ildə ABŞ-nin Kornel Universitetinin professoru Uolter Paukun tədqiqatları nəticəsində yaranıb. Olduqca sadə görünən bu texnika qeydlərin aparılması üsuludur. Əslində təhsilalanlar üçün hazırlansa da, qeydləri daha sürətli, səmərəli və effektiv şəkildə aparmağa imkan verdiyinə görə bu üsul onilliklər ərzində müxtəlif sahələrdə tətbiq olunub.
Beləliklə, Kornel metodu nə edir?
Təsəvvür edək ki, təhsil aldığınız sinifdə və ya çox darıxdırıcı bir görüşdəsiniz. Sizdən sinifdə baş verənləri yaxşı anlamaq, qeydlər aparmaq və orada müzakirə olunan mövzularla tanış olmaq tələb edilir. Həmin gün etdiyiniz qeydlərə bir neçə gün sonra baxanda heç nə anlamırsınız. Bu təhsil alan və ya hansısa tədbirdə qeydlər aparan hər kəsin başına gələn tipik hadisədir. Kornel bu vəziyyətə düşməməyin yollarını işləyib hazırlayıb. Burada dinləyiciyə yalnız kağız və qələm lazım olur.
Mühazirə və ya görüşlər zamanı baş verənləri qeyd etmək və daha sonra onun üzərində işləmək üçün qeydlər aparılması vacibdir. Ancaq səliqəsiz qeydlər anlaşılmaz cızma-qaradan başqa bir şey olmayacaq. Odur ki, daha sürətli, səmərəli və təsirli qeydlər aparmaq üçün Kornel metodunu bilmək lazımdır.
Professor U.Pauk işlədiyi Kornel Universitetinin adını verdiyi metodda 7 addım müəyyənləşdirib:
- Kağızın yuxarı hissəsindən iki barmaq aşağıda üfüqi xətt çəkin.
- Kağızın aşağı hissəsindən üç barmaq məsafə saxlamaqla üfüqi xətt çəkin.
- Kağızın sol tərəfində vərəqin dörddə birini ayıran şaquli xətt çəkməklə bir sahə yaradın.
- Dərsin və ya görüşün başlığını, tarixini və digər təfərrüatlarını yuxarıdakı boşluğa yazın.
- Qeydlərinizin xülasəsini isə vərəqin alt hissəsindəki boşluğa yazmalı olacaqsınız.
- Kağızın sol tərəfində mövzu ilə bağlı qısa suallar və açar sözlər yazın.
- Kağızın sağ tərəfinin dörddə üçünə isə qeydlərinizi yazın.
Kornel metodundan istifadə edərək qeydlər aparmaq üçün etməli olduqlarımız bu qədər sadədir. Diqqətlə baxanda görürük ki, bu qeyd aparmaq texnikasının əsasını səhifə və onun üzərindəki sahələr təşkil edir. Yuxarıdakı hissə dərs, tədbir və ya görüşün təfərrüatları ilə bağlı qeydləri asanlıqla tapmağa kömək edir. Aşağıda nəzərdə tutulan hissədə yazılan qısa xülasə öyrənmə prosesini sürətləndirir, yaddaşı aktivləşdirir. Vərəqin sol tərəfindəki sual və açar sözlər mövzunu tez başa düşməyə imkan verir, sağ tərəfdəki qeydlər isə mövzunu tam mənimsəməyə və yadda saxlamağa təsir göstərir.
Əlbəttə ki, hər kəs öz yazı üslubuna və ya xəttinə uyğun olaraq vərəqdəki vacib sahələrin ölçülərini dəyişə bilər.
Kornel metodunu unikal qeydalma texnikasına çevirən 6 proses aşağıdakı kimi verilib:
- Yazı
- Abbreviatura və ya qısaltmalar
- Təkrar
- Proyeksiya
- Nəzərdən keçirmək
- Nümunə götürmək
Yazı:
Bu metodu unikal qeyd aparmaq üsuluna çevirən ilk addım yazı prosesidir. Bu prosesdə dərs və ya görüş zamanı dinlədiyiniz cümlələrdən ən faydalılarını seçib yazmaq vacibdir.
Abbreviatura:
Bir saatlıq dərsin çox hissəsi vacib olsa da, hər şeyi yazmaq mümkün deyil. Buna görə abbreviaturalardan istifadə etmək vacibdir. Təhsilalanlar hətta ən çox istifadə olunan abbreviaturaların siyahısını əvvəlcədən yaratmaqla öz işlərini asanlaşdıra bilərlər. Sol sütununda açar sözlər yazmaqla da prosesi daha sürətli və asan yerinə yetirmək olar.
Təkrar:
Burada “təkrar” dedikdə qeydləri təkrar oxumaq nəzərdə tutulmur. Bu, Kornel metodundan istifadə edərək hazırlanan qeydin sol sütunundakı açar sözləri və sualları oxumaq və onların nə demək olduğunu anlamaq prosesidir. Beləliklə, mövzunu nə qədər yaxşı başa düşdüyünüzü asanlıqla biləcəksiniz.
Proyeksiya:
Bu, hər kəs üçün fərqli olan bir prosesdir. Bu mərhələdə qeydlərin düzgünlüyü mühazirə və ya görüşdə söylənənlərin mənalandırılması ilə ölçülür. Beləliklə, sizin öyrəndiyiniz məlumatın beyninizdə əks etdirilməsi proyeksiya sayılır.
Nəzərdən keçirmək:
Professor U.Paukun hazırladığı metodda ən vacib proseslərdən biri qeydlərin təkrar nəzərdən keçirilməsidir. Bu prosesdə qeydləri oxumaqla məlumatlar yenilənir və onlardan yadınızda qalanları xatırlayırsınız.
Nümunə:
Nümunə göstərmə prosesi insanın yazdığı qeydlərə əsasən mövzunu öyrənib-öyrənmədiyini ortaya qoyur. Əgər mövzu mənimsənilibsə, məlumatı qarşı tərəfə çatdırmaq üçün müxtəlif misallar çəkmək mümkündür. Bütün bu proseslər uğurla tamamlanarsa, təhsilalanın istədiyi fənn və ya işdə uğur əldə edəcəyi şübhəsizdir.
Kornel metodu və başqa qeyd aparmaq texnikalarının təhsilalanlara faydası ilə bağlı müxtəlif araşdırmalar aparılıb. Psychological Science vebsaytı bu mövzuda aparılan tədqiqatların nəticəsini təhlil edərək belə nəticəyə gəlib ki, dərs zamanı qeyd aparan təhsilalanlar mövzunu daha yaxşı mənimsəyir. Təhlillər göstərib ki, bu kateqoriyadan olanlar dostlarının və ya müəllimin verdiyi qeydlərdən istifadə edərək oxuyanlara nisbətən daha yüksək nəticə göstəriblər. Beləliklə, Kornel metodunun təhsilalanlara fayda və uğur gətirdiyi elmi cəhətdən sübut edilib.
Zemfira Məmmədqızı