CANVA HƏM DƏ DİL ÖYRƏDİR




İnformasiya texnologiyalarının sürətli inkişafı təhsildə bir çox yeniliklərə yol açır. Xüsusilə dil öyrənmək sahəsində innovativ vasitələrin istifadəsi öyrənənlərin marağını artırır və daha yaxşı nəticə qazanmağa kömək edir. Bu baxımdan, Canva platformasının ingilis dili öyrənənlər üçün istifadəsi diqqətəlayiqdir. Əvvəllər Canva-dan, əsasən, dizayn və təqdimat hazırlamaq üçün istifadə olunsa da, indi ingilis dili öyrənənlər də bu platformadan faydalana bilirlər. Canva təqdimat, afişa, infoqrafika, interaktiv tapşırıqlar və sosial media məzmunları yaratmağa imkan verən onlayn platformadır.

İngilis dili öyrənənlər Canva vasitəsilə yeni sözləri və ifadələri daha yaxşı mənimsəyə, qrammatik qaydaları daha rahat anlaya bilərlər. Məsələn, zamanlar və ya nitq hissələrinin bölgüsü kimi mövzular infoqrafik və cədvəl şəklində hazırlanaraq daha aydın təqdim oluna bilər. Bu isə abstrakt anlayışları vizual şəkildə izah edərək öyrənmək prosesini asanlaşdırır. Canva həm də hazır şablonlar və dizayn elementləri təklif etdiyi üçün öyrənənlər maraqlı və interaktiv materiallar hazırlaya bilirlər. Bu da dərs prosesini daha canlı və əyləncəli edir.

Təhsilalanlar öyrəndikləri mövzulardan təqdimatlar hazırlayaraq həm yazılı, həm də şifahi bacarıqlarını inkişaf etdirə bilərlər. Belə fəaliyyətlər onların tənqidi düşüncə, yaradıcılıq və analiz qabiliyyətlərinə də müsbət təsir göstərir. “Virtual öyrənmə liderliyi alyansı”nın (“Virtual Learning Leadership Alliance”) araşdırması göstərir ki, insanların təxminən 65 faizi məlumatı vizual yolla daha yaxşı yadda saxlayır. Bu araşdırmaya görə, ingilis dili öyrənənlər Canva-dan aşağıdakı formada faydalana bilərlər:

Yeni sözlərin yadda qalması üçün flayerlər və kartlar

Canva ilə interaktiv söz kartları hazırlamaq mümkündür. Məsələn, bir tərəfdə “apple” sözü, digər tərəfdə isə alma şəkli və sözün cümlədə istifadəsi göstərilə bilər. Bu üsul praktiki təlimi dəstəkləyir.

Qrammatikanı vizual izah edən təqdimatlar

Qrammatik qaydalar bəzən quru və çətin görünə bilər. Canva ilə bu qaydaları rəngli sxemlər, qrafiklər və nümunələrlə izah etmək mümkündür. Məsələn, “past simple (sadə keçmiş zaman) və present perfect (indiki bitmiş zaman)” mövzusunu qrafiklərlə müqayisəli şəkildə təqdim etmək öyrənmək prosesini asanlaşdırır.

Sosial media simulyasiyaları ilə danışıq bacarıqlarının inkişafı

Canva üzərində söhbət pəncərələri və çat simulyasiyaları yaradaraq, real həyatda istifadə olunan gündəlik dialoqları canlandırmaq mümkündür. Bu, xüsusilə danışıq bacarıqlarını inkişaf etdirmək üçün effektiv üsuldur.

Layihə əsaslı öyrənmə

Tədqiqatlar göstərir ki, layihə əsaslı öyrənmə (project-based learning) yanaşması öyrənənin həm motivasiyasını artırır, həm də biliklərin daha dərindən mənimsənilməsinə səbəb olur. Məsələn, təhsilalanlardan ingilis dilində bioqrafiya hazırlamaq, sevdiyi filmləri təqdim etmək və ya səyahət broşürü dizayn etmək tələb oluna bilər.

2022-ci ildə Yoqyakarta Dövlət Universitetinin (Universitas Negeri Yogyakarta- İndoneziya) ingilis dili tədrisi üzrə tanınmış professoru Siti Rohmah Nurhayati tərəfindən aparılan araşdırmada müəllim və tələbələr arasında Canva platformasının ingilis dili dərslərində istifadəsinin effektivliyi öyrənilib. Nurhayati qeyd edir ki, Canva-dan istifadə edən tələbələrin söz ehtiyatı, yazı bacarıqları və təqdimat qabiliyyəti əhəmiyyətli dərəcədə artır. Şagirdlərin öyrəndiyi sözləri vizuallaşdıraraq təqdim etməsi onların yaddaşında daha uzun müddət qalmasına və yaradıcı düşüncənin inkişafına səbəb olur.

O, dil öyrənənlər üçün Canva-dan çoxyönlü istifadənin mümkün olduğunu vurğulayır və onun tədris prosesində tətbiq oluna bilən əsas funksiyalarını qeyd edir:

AI əsaslı “Magic Write” (Sehrli yazı) funksiyası

Nurhayati qeyd edir ki, çoxlarımız süni intellekti şagirdlərə tövsiyə etməkdən çəkinirik. Çünki düşünürük ki, AI onlara lazım olandan artıq yardım edər və bu onların təlim prosesinə mənfi təsir edə bilər. Amma Canva Magic Write funksiyasının üstünlüyü ondadır ki, bu tətbiq şagirdin yerinə iş görmür, o sadəcə tövsiyələr verir. Məsələn, siz “İqlim dəyişikliyi haqqında infoqrafika yarat” yazsanız, Magic Write sizə bir plan təqdim edəcək.

“Magic Media” (“Sehrli media”) funksiyası

Canva-nın bu funksiyası şagirdlərə verilən tapşırıq əsasında yaradılmış şəkillərlə dəstək verir. Mətn oxuyarkən şagird tanımadığı bir ifadəyə rast gələ bilər, məsələn, “Günəş batarkən dağ siluetinin şəkilini yaradın”. Bu əmr əsasında bir neçə fərqli şəkil yaranır və şagird onlardan uyğun olanı seçə bilər.

S.Nurhayati bildirir ki, bəzi şəkillərin müxtəlif mədəniyyətlər üçün uyğun olmaması ilə bağlı narahatlıqlar mövcuddur. Əgər siz belə bir görüntü ilə qarşılaşsanız, həmin şəkilə klikləyərək “report” (şikayət et) seçimini edə bilərsiniz. Bu yolla siz Canva-ya şəkil barədə rəy verirsiniz. Eyni zamanda, Canva-nın “elements” (elementlər) bölməsində artıq yaradılmış şəkillərin də uyğun olmadığını düşündüyünüz halda şikayət edə bilərsiniz.

Lüğət kartları (flashcards)

Yeni sözlər öyrənmək və yadda saxlamaq üçün effektiv vizual vasitədir. Canva platformasında müəllimlər və təhsilalanlar bu kartları həm şəkillərlə, həm də tərcümə və nümunələrlə hazırlaya bilərlər. Canva-nın interaktiv dizayn imkanları sayəsində lüğət kartları həm çap olunaraq, həm də rəqəmsal formatda istifadəyə yararlıdır. Məsələn, şagird “butterfly” (kəpənək) sözünü öyrənirsə, kartın bir üzündə kəpənəyin şəkli və butterfly sözü, digər üzündə isə sözün tərcüməsi və nümunə cümlə (“A butterfly is flying in the garden”- “Bağda bir kəpənək uçur”) verilə bilər. Bu yanaşma həm yaddaş, həm də kontekstual anlama bacarığını inkişaf etdirir.

Video və audio əlavə etmək

Canva-nın təqdim etdiyi mühüm funksiyalardan biridir. Bu imkan vasitəsilə təhsilalanlar və müəllimlər slaydlara, afişalara və ya təqdimatlara səs yazısı, video fraqmenti və musiqi əlavə edə bilirlər. Dil öyrənənlər üçün bu xüsusilə faydalıdır, çünki:

  • Şagirdlər öz səslərini yazaraq tələffüz və danışıq bacarıqlarını inkişaf etdirə bilərlər;
  • Müəllimlər tədris materiallarına səsli izahlar və nümunə dialoqlar əlavə edə bilərlər;
  • Video əlavələrlə dinləyib-anlama və vizual yaddaş eyni anda stimullaşdırılır.

Məsələn, şagird “introducing yourself” (özünü tanıtmaq) mövzusunda təqdimat hazırlayarkən, hər slayda öz səsi ilə qısa izah əlavə edə bilər. Bu həm ingilis dilində sərbəst danışma bacarığını artırır, həm də özünü ifadə etməyi öyrədir.

Bütün bu məqamlar nəzərə alındıqda, Canva-nın təhsil prosesinə, xüsusilə də dil öyrənməyə inteqrasiyası yeni dövrün tədris tələblərinə cavab verir. Belə texnoloji vasitələrin tətbiqi, şübhəsiz ki, öyrənmək motivasiyasını artırır, müasir təhsil mühitində təhsilalanların uğur qazanmasına töhfə verir.

Ağca Talıblı