UŞAQLARI TEATRA NİYƏ APARMALIYIQ?




Azyaşlıların dünyagörüşünün formalaşmasında uşaq teatrlarının əvəzsiz rolu var. Uşaq teatrı dedikdə uşaqlar üçün yazılan, maarifləndirici, əyləncəli, mahnı və rəqslərlə müşayiət olunan tamaşaların səhnələşdirildiyi yerlər başa düşülür. Bu teatrlarda hər bir detal uşaqların rahatlığı, onların əylənə bilməsi üçün hesablanıb.

Pedaqoqların yazdığına görə, uşaqları 2,5-3 yaşından tamaşalara aparmaq olar. Bəzi valideynlər bu yaşda onların heç nə anlamayacağını, darıxacağını, bir yerdə qərar tuta bilməyəcəyini düşünsə də, əslində belə deyil.

Övladınızı ən kiçik yaşlarından teatra aparmağınız, onun zehni inkişafına müsbət təsir edər və hətta sonrakı həyatını yaxşılaşdıra bilər.

Teatrın uşaqlara verdiyi ən böyük fayda onları cəmiyyətlə daha yaxından tanış etməsindən, ictimai məlumatlılığını artırmasından, düşüncə azadlığını öyrətməsindən ibarətdir.

Odur ki, teatr tamaşalarının məzmunu uşaqların yaşına görə fərqlənir. Uşaq teatrında 7 yaşadək olan uşaqlar üçün rəng, işıq və musiqi kimi elementlərlə zəngin, təqlidedici və aktiv olan tamaşalar yer almalıdır. Sosial xarakter daşıyan, əxlaq və ictimai qaydaların, doğrunun, yaxşılığın göstərildiyi tamaşalar 7-11 yaşlılar üçün uyğundur.

Ekspertlər teatrın uşağa bir çox faydalarını sadalayırlar:

  • Səhnədən ötürülən mesajlar uşaqlara problemləri dərk etməyi, onlara obyektiv yanaşmağı öyrədən ən yaxşı variantdır.
  • Teatr cəmiyyətə sağlam və faydalı şəxsiyyətlər qazandırır. Onlara yaşadıqları cəmiyyətin üzvü olmaq şüurunu aşılayır. Bu isə hadisələrə müxtəlif rakurslardan baxmaq imkanı verir.
  • Əməkdaşlıq və həmrəyliyi öyrədir.
  • Estetik qavrayışı təkmilləşdirir və sənətə marağı artırır.

Bunlardan savayı, teatr həm də uşaqların diqqətini cəmləmək, dinləmək, bədən dilindən istifadə və ünsiyyət bacarıqlarını artırır. Teatr həmçinin mücərrəd anlayışları konkretləşdirməyə imkan verir, duyğuları ayırd edib anlamağı asanlaşdırır.

Azyaşlıların inkişafını araşdıran psixoloqların fikrincə, teatr uşaq təxəyyülünün genişlənməsinə böyük təkan verir. Məsələn, onlar səhnədə gördüyü sevimli personajları üçün geyim hazırlamaqla, və ya eşitdikləri mahnıları hansısa alətdə ifa etməyi öyrənməklə maraqlana bilərlər. Teatr uşaqlarda aktyorluq peşəsinə maraq yarada bilər.

Teatr həm də valideynlə övlad arasındakı  bağın möhkəmləndirilməsində böyük rol oynaya bilər.

Gərgin iş qrafiki üzündən övladlarımızla istədiyimiz qədər vaxt keçirə bilmirik. Teatra ziyarətlər isə ünsiyyət üçün əla fürsətdir. Tamaşanı birlikdə izləməklə yanaşı, tamaşadan sonra proqram, aktyorlar haqqında danışmaq, onların ifasını, tamaşanın mövzusunu, verdiyi mesajları müzakirə etmək də faydalı ola bilər.

Uşaqları teatra aparmaq onların həm də sosial bacarıqlarını inkişaf etdirir.

Səhnədən eşitdiyi hekayələr vasitəsilə onlar insan duyğularını anlamağı öyrənir, empatiya qabiliyyətlərini inkişaf etdirirlər. Sevgi, dostluq, eləcə də zorakılıq, ölüm hissi kimi real həyatda heç vaxt qarşılaşmadıqları duyğularla burada qarşılaşa bilərlər.

Teatr həm də dil, ünsiyyət bacarıqlarını inkişaf etdirən bir məkandır. Teatr uşaqlara nağıllar vasitəsilə daha yaxşı ünsiyyət qurmağa və dilini zənginlşdirməyə kömək edir.

Uşaqları teatra aparmaq onun zehnini sakitləşdirmək üçün əla yoldur. Övladınızın hansı yaşda olmasından asılı olmayaraq, onun dincəlmək və hər gün yaşadığı həyatdan qısa müddətli də olsa uzaqlaşmasına ehtiyac var.

Uşaqları teatra aparmaq həm də onlarda fərqli davranış mədəniyyəti yaradacaq.

Şübhəsiz ki, teatra gedərkən tətbiq olunan bəzi etiket qaydaları var. Məsələn, tamaşaçılar tamaşa zamanı danışmaqdan, mobil telefon istifadəsindən qaçmalı, hərəkətlərilə başqalarına mane olmamağa çalışmalıdırlar.

Bunlar hər bir valideynin övladına öyrətməli olduğu davranışlardır. Teatr isə bunu həyata keçirmək üçün mükəmməl məkandır. Uşaq ətrafındakı insanların düzgün davranışını gördükdən sonra bu hərəkətləri təqlid etməyə çalışacaq.

novakdjokovicfoundation.org saytının materialları əsasında hazırlanıb.